Ümummilli liderimiz Heydər Əliyev Müasir Azərbaycan"

 

Şamaxı rayon icra hakimiyyəti ilə YAP Şamaxı rayon təşkilatının keçirdiyi tədbir ulu öndər Heydər Əliyevin 87-ci ildönümünə həsr edilmişdir

 

Dünən ümummilli liderimiz Heydər Əliyevin 87-ci ildönümü münasibətilə Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələrinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov dahi öndərimizin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışdı.

 Yeni Azərbaycan Partiyasının memarı olan ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın ətrafında yüz minlərlə insanın birləşdiyini qeyd edən rayon təşkilatının sədri, onu da bildirdi ki, bu gün xalq fəxr edir ki, Azərbaycana İlham Əliyev kimi böyük siyasətçi lider rəhbərlik edir: "Xalq şəxsiyyətlər ətrafında birləşir və ona inanır. Ölkəmiz ağır şəraitdə olarkən, Azərbaycanın böyük şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevə üz tutdu. Çünki Azərbaycanı düşdüyü bu çətin vəziyyətdən ancaq və ancaq Heydər Əliyev siyasəti qurtara bilərdi. Xalqımızın taleyində həlledici rol oynayan ulu öndər Heydər Əliyev, bütün ömrünü doğma vətənin xoşbəxtliyinə həsr etməklə, Azərbaycana sonsuz məhəbbət bəsləyirdi. İllər, qərinələr keçsə də, ümummilli liderimiz Heydər Əliyevə xalqımızın  sevgisi sonsuz olacaq. Nə qədər müstəqil Azərbaycan var, qədirbilən xalqımız var, Heydər Əliyevin də adı, ideyaları, siyasəti yaşayacaqdır. Çünki Heydər Əliyev şəxsiyyəti hələ zaman-zaman öyrənilməmiş bir dünyadır. Bu dahi insanın həyatının, siyasi fəaliyyətinin, vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərinin daha dərindən öyrənilməsinə ciddi ehtiyac vardır və zaman keçdikcə, bu barədə cild-cild kitablar yazılacaqdır."

Tədbirdə çıxış edən Şamaxı gənclər və idman idarəsinin rəisi Samir Hüseynov XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanın son dərəcə ağır, mürəkkəb və ziddiyyətli dövrünü xarakterizə edən Ş.Hüseynov belə bir vaxtda, böyük dövlət və siyasi xadim Heydər Əliyevin vətənə dönərək öz xilaskarlıq missiyasını üzərinə götürməsini, tariximizin ən parlaq səhifəsi kimi səciyyələndirdi: "1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev gücü, qətiyyəti, qüdrəti, iradəsi, zəkası və yenilməzliyi, ən başlıcası isə zəngin dövlətçilik bacarığı çox keçmədən Azərbaycanı müstəqil bir dövlət kimi formalaşdırdı, dünyaya tanıtdı və bütün sahələri də inkişaf yoluna çıxardı."

S.Hüseynov onu da vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkədə idmana münasibət dəyişdi: "Ulu öndər müxtəlif görüş və çıxışlarında idmanın xalqın və dövlətin həyatında necə böyük əhəmiyyət kəsb etdiyini diqqət mərkəzinə çəkərək bu istiqamətdə iş görməyin vacibliyini daim xatırlatmışdır. Azərbaycan Prezidenti idmanın inkişaf etdirilməsini həmişə dövlətin mühüm vəzifələri sırasına daxil etmişdir. Biz respublikamızda əhalimizin, millətimizin sağlamlığı haqqında düşünürük. Bu gündə düşünürük, xalqımızın gələcəyi üçündə düşünməliyik. Bu, bizim vəzifələrimizin içərisində ən böyük, ən əhəmiyyətli vəzifədir".

Tədbirdə YAP Şamaxı rayon təşkilatının təlimatçısı Zaur Hüseynov, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbəsi Kamil Səbzallıyev və başqaları Azərbaycan təhsilinin inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən, Onun milli təhsilimizin inkişafına verdiyi  tarixi töhfələrdən danışdılar: "Ümummilli liderimiz Heydər Əliyev təhsilin Azərbaycan cəmiyyətinin inkişafındakı rolundan danışarkən demişdir: "Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyatı inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq".

Sonda YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov partiya fəallarını, eləcə də, bütün gəncləri ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev ətrafında sıx birləşməyə çağırdı.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2010.- 6 may.- S. 10.