Günəşin hörükləri

 

(Əvvəli ötən sayımızda) 

 

Qonşuları Zeynal kişi də gəlmişdi. Mərkəz qağa milisioner dayının qoluna girib kənara çəkdi. Nə danışdılar, nə danışmadılar özləri bildi. Günəşin mitil-mütəkkəsini, palaz-paltarını arabaya yığdılar. Özünü də arabadakı (furqondakı) mitil-şiltijir üstünə mindirib apardılar. Milisioner dayı nə onun gözləri yaşlı kiçik qızlarının, nə də qoca anasının ağlamasına məhəl qoymadan Günəş minən arabanı qabağına salıb apardı.

Qafar irəli gəlib milisionerin atının cilovundan tutub:

- Bura bax, - dedi-bu tifillərin günahı nədi ki, onların anasını hara aparırsan? Onları niyə ağlar qoyursan?

- Ağsaqqal, tapşırıq belədir,-dedi, - mənlik deyil...

   At arabası rayon mərkəzinə gedən yolla uzaqlaşdı. Heç kəs heç nə anlaya bilmirdi, hamı suya-buza dönmüşdü. Aralıqda xısın-xısın pıçıltılar yayılırdı. Kimi deyirdi ki, burda Mərkəz qağanın əli var. Kimi də deyirdi ki, hər şey zəhrimar su borusundan başlayıb... Digəri də deyirdi ki, gecə səhərəcən it əl-ayağı yemiş kimi yatmayan Nofəl hər şeyi bilir...

Nofəl ağzına su alıb dinmirdi, bircə söz deyirdi:

- Bilmirəm, heç nə bilmirəm... Əl çəkin məndən.

Beləcə, üç gün keçdi. Nofəlin atası Qafar kişi artıq dözməyib, getdi kolxoz sədri Mərkəz qağanın yanına...

- Ay Mərkəz hey, dedi-bir anlat görək, bu nə hoqqadı, nətəri, ayə, bir milis gəlsin, bu boyda kəndin içində bir əsgər  ailəsinin şələ -şüləsini yığsın furqona, götürüb aparsın?! Uşaqlarını da, qoca anasını da qoysun ağlar... Bə sən kəndin sədrisən, niyə ağzına su alıb dinmirsən, hey?!

Sədr əlindəki papirosdan bir qullab vurub, tüstüsünü sinəsinə sümürüb dilləndi:

- Vallah, Qafar kişi, mən də anlamıram, məndən soruşmurlar ki, ayın neçəsidi?..

- Ayə, soruşmurlar, sən soruş, get deynən, ay hökumət, bu adam əri frontda, uşaqları da ləm yesir sifətdə ağlar qoyubsuz, bunu Allah götürməz axı...?!

Sədr udqundu.

  -  Qafar kişi dedi, doğru deyirsən, amma birini bilirsən, birini yox. Ağsaqqalsan, özün get rayona, rəhbərlərlə görüş...

- Ay Mərkəz, piyadayam, bir yabam vardı, onu da apardılar müharibəyə...

- At mən verərəm, özüm o gönü qalın, yekəpər, boynu yoğun enkevedenin gözünə görünmək istəmirəm. Köpəyoğlu məni görən kimi, salır çənəsinin altına. Gərək əlin cibində ola, nəyin varsa boşaldasan onun ovcuna.

- Cəhənnəm olsun, boşaltsana, bir xəbər gətirsənə.

- Vallah, üzüm qaradı. Köpəyoğlunu görəndə, elə bil, qutuda ilan görürəm. Kəndin ağsaqqalısan. At verirəm sənə, odey, mən minən qara ürgəni yəhərlə, min belinə, get rayona, bir xəbər gətir...

Sonra da mehtər İslamı səslədi:

- Ayə , ay İslam, get qara atı yəhərlə gətir, ver Qafar kişiyə...

-  Bıy. Sədr, başına dönüm, qara at yerlə-göylə əlləşir, Qafar onun belində dura bilər?

- Cəhənnəmə, İslam, söz güləşdirmə, nə deyirəm, onu da elə!

-   Baş üstə sədr - deyib İslam səsini uddu içinə...

Qafar kişi qara atın üstündə özünü çox rahat hiss edirdi. Qara at rayon mərkəzinə tərəf dördnala götürüldü.

 

* * *

 

Axşam toran qarışanda, qayıtdı Qafar kişi kəndə. Qafar kişi qara atın üstündə papağının dalını qaldırıb, gözünün üstünə çəkmişdi. Kolxoz idarəsinin qabağında atın başını yığdı. Mehtər İslamı çağırıb atın cilovunu verdi ona:

- Ehtiyatlı ol, dedi, at səni tapdalayar. Mərkəz qağa irəli gəlib soruşdu:

- Nə oldu, nə xəbərlə qayıdıbsan?

Qafar kişi papağını çıxardıb başının tərini silib, dilləndi:

- Bir o tərəfə bax, görürsən, o gələn furqonu?-dedi.

Sədr dönüb rayona gedən yola baxdı.

- Görürsən, o furqonu-deyən, Qafar kişi gülümsədi.-Günəşi necə aparmışdısa, eləcə də qaytarıb gətirir. O enkevedi deyilən adam çox yaxşı adammış, məni çox hörmətlə qəbul etdi. Dilimdən kağız verdim, Günəşi zamına   götürdüm. Sağlıq olsun, arxasını görərik.

Günəşin uşaqları da, qoca anası da sevinirdilər...

 

* * *

 

Aylar, illər keçdi. Müharibə qurtardı. Sağ qalanlar, yaralılar qayıtdılar. Gəlməyənlər də vardı. Bu günə qədər əlini üzməyib yolunu gözləyənlər də vardı. Saçının bir tərəfi ağ, bir tərəfi ağlı-qaralı dən düşmüş gəlinlər arasında Günəş də vardı.

Düz iyirmi ildən çox keçmişdi müharibənin qurtarmasından. Dedilər qonşu kənddən Çərkəzqulu adlı bir nəfər gəlib çıxıb. Dedilər ki, soraqlaşa-soraqlaşa Günəşgilin evini tapıb. Qonum-qonşular, eşidən-bilən axışıb Günəşgilə gəlirdi. Çərkəzqulunu tanımaq olmurdu. Adamlıq sifətini itirmişdi. Sifətinin rəngi mis kimiydi. Gözləri sanki quyunun dibinə düşmüşdü. Ağır-ağır nəfəs alırdı. Kösöy kimi qaralmış əlləri-ayaqları vardı.

- Xəbər gətirmişəm-dedi-Günəş sənin ərin Məhiş, Aynagülün əri Korca, bir də sizin kənddə Münəvvər kimdi, onun əri Vəliş, üçü də qaçmışdılar frontdan, yolda onları yaxalayıb, geri qaytarmışdılar. Hərbi tribunal tərəfindən işlərinə baxıldı. Vətənə dönük çıxdıqlarına görə, üçünü də göndərdilər cərimə batalyonuna. Mən də komandirimə bir sillə vurmuşdum (erməni komandirim vardı).Məni də cərimə batalyonuna göndərdilər. Cərimə batalyonunu"gedər-gəlməz" adlandırırdılar döyüşçülər arasında. Öz günahını öz qanınla yuyaydın gərək... Onların üçü də həlak oldular. Mən əsir düşdüm. Əsir düşərgəsində nə zülmlər çəkmişəm. Bizi amerikalılar əsirlikdən azad etdilər. Sonra da sovetlərə verdilər. Sovet rejimi bizi basdı Sibirə-daş kömür mədənlərinə. Ən ağır yerdi, daş kömür mədəni. Quruca cəsədin qalır. Görürsünüz, nə gündəyəm...

Haşiyə. Mərkəz qağa, Qafar kişi dünyasını dəyişdilər...

Nofəl institutu bitirib, mühəndis işləyir. Deyirlər ki, Nofəl bir dəfə şəhərdən kəndlərinə gəlibmiş, gedir Günəş xalagilə. Günəş xala yarı ağ, yarı dən düşmüş hörüklərini ayranla yuyub, darayıb, hörürmüş. Uşaq vaxtı etdikləri Nofəlin yadına düşür. O vaxtı kəsdiyi hörükləri sən demə, qalın bir parçaya büküb həyətlərində kolun dibində basdırıbmış. Onları qazıyıb oradan götürər, gətirər Günəşin yanına. Xəcalətindən əyilib Günəşin ağarmış saçlarından öpər...

- Xoşum gəlmişdi, deyər,-bağışla, ona görə eləmişəm, gərək məni bağışlayasan. İndiyə qədər onları saxlayıram. Günəş gülümsəyib deyər:

-  Verdim onları sənə, qoy məndən sənə yadigar qalsın...

 

 

Nurəddin Qənbər

 

Səs.- 2010.- 6 may.- S. 16.