Ümummilli lider Heydər Əliyevin 87-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

 

Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən,  ömrünün mənasını canından artıq sevdiyi xalqına xidmətdə görən ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə YAP   Xətai rayon təşkilatı qadınlar şurası və gənclər birliyinin birgə  keçirdikləri  mərasimdə də ulu öndərin iqtisadi inkişafımızı şərtləndirən xidmətləri, Azərbaycanın beynəlxalq sahədə əməkdaşlığını genişləndirən  neft strategiyasının uğurları barədə ətraflı danışıldı. Müasir Azərbaycanın yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Xətai

 

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirdi ki,  zəngin mənəviyyata, böyük dövlətçilik təcrübəsinə malik ümummilli lider Heydər Əliyev irsi və əməlləri Azərbaycan xalqının qəlbində müstəqilliymizin əbədiyyət simvolu kimi daim yaşayacaq. Ulu öndər Heydər Əliyev həqiqi mənada ideal şəxsiyyət idi. O, bütün varlığını, həyatını və hamı üçün örnək olan siyasi fəaliyyətinin mənasını xalqına xidmətdə görürüdü. Bu müdrik şəxsiyyətin yaratdığı ideoloji, siyasi və əxlaqi sistemin Prezident İlham Əliyev tərəfindən bu gün layiqincə davam etdirilməsinin özü belə ulu öndərin xalqı qarşısında göstərdiyi xidmətlərin davamı kimi qiymətli və əvəzedilməzdir.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı  GB-nin sədri Könül Abbasova ulu öndərin gənclər siyasətinin səmərəsi və əhəmiyyəti barədə  danışaraq, bu istiqamətdə görülən işlərin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini respublikanın gələcək inkişafı  üçün nəzərdə tutulan uğurlu perspektiv  adlandırdı. Çıxışında özünütərbiyə, özünüqiymətləndirmə və özünü təkmilləşdirmədə Heydər Əliyev  məktəbinin əvəzsiz olduğunu vurğulayan K. Abbasova hələ sovetlər birliyinin tərkibində olarkən Azərbaycanın ixtisaslı kadrlarla təminatı  məsələsinə diqqəti artıran və bu istiqamətdə tarixi xidmətlər göstərən ulu öndərin azərbaycanlı oğlan və qızların keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasının təmin edilməsi sahəsində gördüyü işləri uzaqgörən, bugünümüz və gələcəyimiz  üçün hesablanmış siyasətin bəhrəsi adlandırdı "Dövlətçilik  təcrübəsinin,  irsinin, dərin sistemli şəkildə tədqiqi üçün gərəkli mənbə olan Heydər Əliyev  siyasi məktəbi  indiki və gələcək nəsillər üçün örnəkdir."

YAP Xətai rayon təşkilatı qadınlar şurasının sədri Aidə  Hüseynzadə tədbirdə çıxış edərək, bildirdi ki, uzun illər təhlükəsizlik sistemində çalışan,  siyasi fəaliyyətinin bütün dövrlərində Azərbaycana əsil lider  kimi rəhbərlik edən Heydər Əliyevin bir amalı var idi: Azərbaycanı müstəqil, qüdrətli dövlət kimi daim ön sıralarda görmək. İndi bütün Azərbaycan xalqı ölkəmizi  dünya birliyində iqtisadi inkişaf səviyyəsinə görə  tanıdan və liderlik zirvəsinə yüksəldən Heydər Əliyev siyasətinin təntənəsi ilə qürur duyur.  Ulu öndərin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası  ölkədə  siyasi davranış, demokratiya mədəniyyətinin nümunəsidir.

Tədbirdə Xətai rayonundakı 56 saylı məktəbin direktoru Hicran Qarayeva, partiya fəallarından Elnur Hüseynov, Arzu Quliyeva, Anar Tağıyev və başqaları çıxış edərək, ulu öndərin  "Mən fəxr edirəm ki, azərbaycanlıyam" sözlərinin  gənclər üçün örnək olduğunu vurğuladılar.  Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin neft strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gənclərinin dünyanın nüfuzlu  ali məktəblərində dövlətin dəstəyi ilə təhsil alması üçün yaradılan şərait,  idman və bədən tərbiyəsinin  geniş miqyasda inkişafı,  gənclərin dövlət qulluğunda işlə təmin olunması üçün yaradılan şəraitin əsasında  ulu öndərin gənclər siyasəti dayanır. 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında ulu öndərin dövlətçilik təcrübəsi, dünyanın ən tanınmış siyasətçiləri tərəfindən daim örnək kimi göstərilən  siyasi fəaliyyəti barədə ətraflı danışdı: "Siyasi və iqtisadi münasibətlərdə mütərəqqi təcrübənin tətbiqi ilə ölkəni xaos və böhran vəziyyətindən çıxaran ulu öndər haqqında  söylənilən hər söz onun əbədiyyət simvoludur: " Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq."  Bu kəlamlar hər kəsin qəlbində yaşayan ulu  öndərə məhəbbət rəmzidir.  O, elə bir dahi idi ki, həmişə  xalqa məxsus zəngin dəyərləri, milli -mənəvi keyfiyyətləri qoruyur, təbliğ edir, mentalitetimizə uyğun islahatlar aparırdı. Buna görə də, "xalq-Heydər, Heydər-xalq" deyimi bir aforizm kimi inkişafımızın bütün mərhələrində birlik, həmrəylik nümünəsi kimi bu gün də diqqətdə saxlanılır. Göstərdiyi böyük xidmətlərinə, daxili və xarici siyasətdə qazandığı uğurlara görə ümummilli lider Heydər Əliyev və onun Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası ümumxalq məhəbbəti qazanmışdır. Müəllifi olduğu Azərbaycanın siyasi mənzərəsi çox müsbət, stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa bu yalnız ulu öndər Heydər Əliyevin gərgin zəmətinin bəhrəsi, Prezident İlham Əliyevin bu irsə sadiqliyinin rəmzidir. "Bizim hakimiyyətin  yeganə mənbəyi xalqdır"  söyləyən ulu öndər mənsub olduğu millətin milli- mənəvi zənginliyinə, daim hörmətlə yanaşır, adət-ənənələrin  qorunub saxlanılmasına, islamı  dəyərlərə  hörmətlə yanaşılmasına çalışırdı".

Mərasimin sonunda YAP Xətai rayon təşkilatının sədri, millət vəkili H.Mirələmovun "Tanınmış adamların həyatı silsiləsindən" olan "Zərifə Əliyeva" adlı kitabı tədbir iştirakçılarına təqdim olundu.

 

*  *  *

 

Tərtər

 

Ümummilli lider Heydər Əliyevin 87-ci ildönümü ilə əlaqədar YAP Tərtər rayon təşkilatı qadınlar şurasının növbəti yığıncağı keçirildi. Tədbir iştirakçıları, ilk öncə, ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçəklər düzərək, Onun xatirəsini yad etdilər. Sonra YAP Tərtər rayon təşkilatının qərargahında keçirilən yığıncaqda rayon təşkilatının sədri Ramiz Şabanov qadınlar şurasının rayon təşkilatının keçdiyi yoldan, ulu öndər Heydər Əliyevin qadınlara həmişə qayğı ilə yanaşdığını dedi. R.Şabanov bildirdi ki, bu gün ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən qadınlara yüksək diqqqət və qayğı göstərilmişdir: "Qadınların cəmiyyətdəki rolu daima dövlətin və Yeni Azərbaycan Partiyasının diqqətində olmuşdur. Ona görə də, həmişə olduğu kimi, yenə də qadınlarımız öz iş fəaliyyətləri ilə cəmiyyətdə nüfuz qazanırlar. Çünki həyatı, cəmiyyəti qadınsız təsəvvür etmək mümkün deyil".

YAP Tərtər rayon təşkilatının qadınlar şurasının sədri Xatirə Məmmədova ulu öndər Heydər Əliyev şəxsiyyətinin bir kəlamını diqqətə çatdırdı: "Azərbaycan qadınları özlərinin ağlı, biliyi, bacarığı və əxlaqı ilə dünya qadınlarının önündə gedirlər".

X.Məməmdova Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm dəyişikliklərin, gözəçarpan yüksəlişlərin baş verdiyini dedi: "Azərbaycan dövlətinin inkişafı məhz ulu öndər Heydər Əliyevlə bağlıdır. Bu gün bu siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün qadınlarımız ölkənin ictimai-siyasi həyatında fəallıq nümayiş etdirməklə yanaşı, həm də dövlət vəzifələrində irəli çəkilirlər: "1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ilin martında isə "Dövlət, qadın siyasəti haqında" fərman imzalanmışdır. Elə ona görə də, bizim hər birimiz bundan sonra da dövlətimizin başçısı cənab İlham Əliyev ətrafında sıx birləşməliyik.Çünki Onun apardığı daxili və xarici siyasət hər bir Azərbaycan qadını kimi bizləri də çox sevindirir".

Tədbirdə YAP Tərtər rayon qadınlar şurasının üzvü Mərziyyə  Qəndilova, Qapanlı kənd orta məktəbinin direktoru Fitat  Əliyeva, rayon ağbirçəklər şurasının üzvü, YAP  Tərtər rayon  təşkilatı nəzarət-təftiş qrupunun sədri Xeyri Həcər,  Qaradağlı kənd ərazi ilk partiya təşkilatının sədri Tacirə İlyasova və başqaları  çıxış etdilər. Çıxış edənlər bildirdilər ki, bu gün Azərbaycan cəmiyyətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidməti danılmazdır. Onun səyi nəticəsində ölkəmizdə təhsil inkişaf etmiş, bir sıra müasir tələblərə cavab verən məktəblər tikilmişdir. Onun fəaliyyəti bizim hər birimiz üçün örnəkdir: "Bu gün hər birimiz ölkədə gedən ictimai-siyasi hadisələrdə fəal olmalı və ulu öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri    İlham Əliyevin uğurlu siyasəti ətrafında daha sıx birləşməliyik, necə ki, bu birliyimizi həmişə nümayiş etdirmişik".

 

 

Rəfiqə HÜSEYNOVA

 

Səs.- 2010.- 7 may.- S. 3.