"Ulu öndər Heydər Əliyevi düşünərkən..."

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Dünən "Gülüstan" sarayında ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının, Təhsil Nazirliyinin, Respublika  Həmkarlar İttifaqı Konfederasiyasının və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə dəstəyi ilə tədbirlər çərçivəsində VII-XI sinif şagirdləri arasında inşa-yazı müsabiqəsinin respublika mərhələsinin yekun nəticələrinə həsr olunmuş tədbir keçirildi. 

 

Mərasim iştirakçıları, ilk öncə, Fəxri Xiyabana gedərək, ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və tər gül dəstələri düzdülər. Eyni zamanda, böyük oftalmoloq akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək, gül dəstələri qoydular. Tədbir iştirakçıları, həmçinin, Şəhidlər Xiyabanına gedərək vətən yolunda canlarından keçən oğul və qızlarımızın məzarlarını ziyarət etdilər.

Sonra "Gülüstan" sarayında davam edən tədbiri təhsil naziri Misir Mərdanov açaraq bildirdi ki, "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında" Təhsil Nazirliyinin  əmrinə əsasən, aprelin 25-də Bakı şəhərində akademik Zərifə Əliyeva adına orta məktəbdə inşa müsabiqəsinin yekun mərhələsi keçirildi.

M.Mərdanov müsabiqənin respublika mərhələsinin açılışında  YAP İcra katibi, millət vəkili Əli Əhmədov, Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının, Təhsil Nazirliyinin nümayəndələrinin iştirak etdiyini dedi. Bildirdi ki, müsabiqə iştirakçıları "Ulu öndər Heydər Əliyevi düşünərkən..." mövzusunda inşa yazıb. Onu da qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu il iştirakçılara məhz inşa müsabiqəsi üçün xüsusi tərtibatla hazırlanmış dəftər, qələm və üzərində ulu öndərin şəkli olan döş nişanı təqdim edildi. Müsabiqənin yekun mərhələsinin nəticəsinə görə 5 nəfər I, 5 nəfər II, 11 nəfər III yerə layiq görülüb, 56 nəfər isə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. Qaliblərin inşa yazıları "Heydər Əliyev məktəblilərin gözü ilə" adlı kitab halında dərc edilib.

M.Mərdanov bildirdi ki, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi, respublika Həmkarlar İttifaqı Konfederasiyası və  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin iştirakı ilə artıq ənənə şəkilində hər il məktəblilər arasında ulu öndər Heydər Əliyevin adı ilə bağlı inşa-yazı müsabiqəsi keçirilir: "Artıq dördüncü ildir ki, belə bir müsabiqənin son mərhələsinə toplaşırıq. Onu da diqqətə çatdırmaq istərdik ki, bu, ölkədə ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlər arasında ən kütləvisidir. Bu tədbirin iştirakçılarının sayı 600 mindən artıqdır."  Nazir bildirdi ki, bu il keçirilən tədbirin əvvəlkilərdən fərqi ondan ibarətdir ki, sonuncu müsabiqə aprelin 20-də ümumilli liderin ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın adını daşıyan  məktəbdə keçirildi. İkinci fərqləndirən cəhət son tədbirdə 96 şagirdin iştirak etməsidir.

Təhsil naziri  qeyd etdi ki, digər əlamətdar hadisə bu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan hakimiyyətinə ilk gəlişinin 41 illini qeyd edəcəyik: "Ulu öndər Heydər Əliyev sovet dövründə Azərbaycanı möhkəmləndirdi, bugünkü inkişafının əsasını qoydu. Heydər Əliyev Azərbaycan dilini azərbaycanlılara qaytardı. Ümummilli lider Azərbaycanın əsil tarixinin yaradılması haqqında qərarlar verdi. Ulu öndər ölkəmizi parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyev Azərbaycanı özü qədər inandığı,  Onun ideyalarını bu gün uğurla həyata keçirən Prezident İlham Əliyevə etibar elədi. Bu gün Azərbaycan xalqı ulu öndər Heydər Əliyevə hörmət və ehtiramlarını bildirir,  Fəxri Xiyabana gələrək, məzarını ziyarət edir".  Qalibləri təbrik edən YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov bildirdi ki, hər bir cəmiyyətin gələcəyi gənclərlə bağlıdır: "Məmnunluq hissi ilə qeyd etmək olar ki, Azərbaycan cəmiyyətinin parlaq gələcəyi var. Ona görə ki, Azərbaycanın müstəqilliyini qoruyub saxlaya biləcək gənclər  formalaşıb. Ulu öndər Heydər Əliyev bildirirdi ki, gənclər Azərbaycanın gələcəyidir."

Ə.Əhmədov onu da qeyd edərək, vurğuladı ki, bugünkü tədbir Azərbaycan gəncliyinin Heydər Əliyev şəxsiyyətinə, ideyalarına dərin hörmət və məhəbbəti ifadə edir: "Gənclər həyatı daha dərindən öyrənirlər. Təbii ki, onların öyrəndikləri arasında mənəviyyatlarının zənginləşiməsinə, dünya görüşlərinin genişlənməsinə təsir edəcək Heydər Əliyevin ideyalarının öyrənilməsi kimi çox əhəmiyyətli bir məsələ xüsusilə  önəmlidir.  Onlar Heydər Əliyevin ideyalarını öyrənməklə həm Azərbaycanı dərk edir, həm  həyatı öyrənir, eyni zamanda, dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən Heydər Əliyev irsini mənimsəyərək, həyata hazırlanmış olurlar. Düşünürəm ki, dördüncü dəfə keçirilən məktəblilərin Heydər Əliyev olimpiadası həm Azərbaycan cəmiyyətinin ulu öndər ideyalarına, irsinə hörmətini ifadə etmək, həm də xalqımızın gələcəyinin təmin edilməsi məqsədilə bu ideyaların həyata keçirilməsi baxımından ən  genişmiqyaslı, kütləvi tədbirlərdən biridir. Gənclər həyatı dərk edərək, öyrənirlər. Bu tədbirin həyata keçirilməsində iştirak edən məktəblilər də Heydər Əliyevin ideyalarını duyaraq, mənimsəyirlər. Bu, Azərbaycanın bu gününə və gələcəyinə hörmət və inamdır ki, Azərbaycan dövlətçiliyi bu inamın əsasında möhkəmlənir,  parlaq gələcəyini təmin edir".

Ə.Əhmədov onu da bildirdi ki, müsabiqə qalibləri Yeni Azərbaycan Partiyası tərəfindən təqaüdlə təmin edilirlər: "YAP-ın İdarə Heyətinin müəyyənləşdirdiyi qərara uyğun olaraq, Heydər Əliyev müsabiqəsinin qalibləri ali məktəblərə daxil olduqda onların hər birinə Yeni Azərbaycan Partiyası tərəfindən oxuduqları 4 il ərzində təqaüdlə təmin edilir. Bu gün bu olimpiadanın 12 nəfər qalibi Yeni Azərbaycan Partiyasının təqaüdlərini alırlar. Bu, Heydər Əliyev ideyalarının, Heydər Əliyev irsinin gənc nəsil tərəfindən daha dərindən dərk etməsi deməkdir".     

Respublika  Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qalibləri təbrik edərək, onlara uğurlar arzuladılar. Natiqlər Heydər Əliyev irsinin öyrənilməsinə məktəblilərin göstərdiyi diqqəti alqışladı, bu fikri xüsusi vurğuladılar ki, Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider uğurlu  daxili və xarici siyasəti ilə Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Bu gün Prezident İlham Əliyev bu kursu  davam etdirərək, uğurların bir-birini əvəzləməsinə geniş imkanlar açır.  Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın tədbir iştirakçılarını təbrik etdiyini bildirdi. A.Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən lıyihələr barədə geniş məlumat verdi: "Yalnız "Yeniləşən Azərbaycanda yeni məktəb" layihəsi çərçivəsində ölkəmizdə 310-a yaxın məktəb inşa olunub, onlarla məktəb yeni avadanlıqlarla təmin edilib, həmçinin, yüzlərlə məktəb əsaslı təmir edilibdir. Uşaq evləri və internat məktəblərin inkişafı çərçivəsində 31 uşaq müəssisəsi əsaslı yenidən qurularaq təhvil verilibdir. Bu gün də bu işlər davam etdirilir".   A.Ələkbərov Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın qərarının da tədbir iştirakçılarına çatdırdı: "Heydər Əliyev Fondu tərəfindən müsabiqə qaliblərindən 21 nəfərin xaricə - Belçika, Fransa və Almaniyaya səfərini təşkil edəcək. Səfər iyul ayında bir həftəlik olacaq".  

Tədbirin sonunda müsabiqənin 56 nəfər iştirakçısına Təhsil Nazirliyinin fəxri fərmanları təqdim olundu. I, II və III yerlərin qaliblərinə həddiyyə olaraq  kompüter verildi.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 7 may.- S. 4.