Demokratik inkişafın Heydər Əliyev modeli

 

Yüksək siyasi təvəkkür və vətəndaş üçün layiqli həyat tərzi bu modelin təməl prinsipidir

 

"Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini qazandıqdan sonra, bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin".

 

Heydər Əliyev

 

XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyət - müstəqil respublikamızın banisi ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq, praktik surətdə gerçəkləşdirmiş dahi strateq kimi xalqımızın əbədi və tükənməz sevgisini qazanmışdır. Ümummilli liderə layiq olduğu qiyməti vermək, onun vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri və fədakarlıqları obyektiv dəyərləndirmək böyük məsuliyyət tələb edən məsələdir.

Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə mərdliklə sinə gərən Millət Atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddət xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə yönələn real hüquqi, siyasi və iqtisadi əsasların yaradılmasını, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsini, xalqın konstitusion hüquqlarına sahib çıxmasını, milli-mənəvi yüksəlişə nail olmasını, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran tarixi prosesi əhatələyir. Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri, məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək, dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir. Ulu öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaqla, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir.

3 oktyabr 1993-cü ildə xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində ölkədə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, cinayətkarlığın qarşısı tamamilə alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuş, bununla da, Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması  üçün  əlverişli şərait yaradılmışdır. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı, məhz Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilən  Azərbaycan Respublikasının  ilk Konstitusiyası, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesinə böyük  vüsət  vermişdir. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi, ölkəmizin Avropa Şurasına inteqrasiyasını sürətləndirmək məqsədilə ulu öndərimiz tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalanmışdır, hüquqi və demokratik islahatların həyata keçirilməsi üçün "Azərbaycan Respublikası Prezidentinin yanında hüquqi islahat komissiyasının yaradılması haqqında" Sərəncam imzalanmışdır. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi demokratik islahatların nəticəsi olaraq, Azərbaycanda Milli Məclisə seçkilər keçirilmiş, müstəqil bələdiyyə institutları formalaşmışdır.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları  yaratmaqdan ibarət olmuşdur.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı  zəmin yaratmışdır.

İnsan hüquqları və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü, məhz yaşamaq hüququnun təmin edilməsi olmuşdur. 1993-cü ildə ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da, Şərqdə ilk dəfə olaraq, ölkəmizdə ölüm  cəzası ləğv edilmişdir.

Ümummilli liderin 2002-ci il 22 iyun tarixli fərmanı ilə Konstitusiyada dəyişikliklər edilməsi üçün referendum təyin olunmuş və bununla da ölkəmizdə demokratik islahatlar yeni vüsət almışdır.  Daha sonra ölkəmiz "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulmuş, məhkəmə islahatları həyata keçirilmiş, seçki sistemi təkmilləşdirilmiş,  mətbuat və söz azadlığının daha etibarlı müdafiəsi  təmin olunmuşdur.

Aparılan uğurlu demokratik islahatlar nəticəsində Azərbaycan 2001-ci ilin yanvar ayında Avropa Şurasına qəbul edilmişdir. Ölkəmizin Avropaya inteqrasiyasını reallığa çevirmiş bu hadisə, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsində görülən nəhəng işlərin məntiqi nəticəsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin ölkəmizin demokratik inkişafı və tərəqqisi naminə həyata keçirdiyi demokratik islahatlar Azərbaycanın Avropaya inteqrasiyasına etibarlı zəmin yaratmışıdır. 

Müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli liderimiz Heydər  Əliyevin müəllifi olduğu inkişaf strategiyası bugünkü və gələcək nəsillər üçün örnəkdir. Bu strategiya ölkəmizin hərtərəfli inkişafını və tərəqqisini təmin etmiş, müstəqil, demokratik və hüquqi dövlətin yaradılması ilə nəticələnmişdir. Qəti əminliklə deyə bilərik ki, ulu öndərimizin siyasi kursu yaradıcılıqla davam etdirilir, xüsusilə demokratik inkişaf sahəsində bu kurs təkamül prinsipinə əsaslanır.

 Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, hazırda Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş iqtisadi modelini özünəməxsus uzaqgörənliklə əsaslandırmış, eyni zamanda, bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini vurğulamışdır. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır.

Ümummilli liderimiz dəfələrlə bildirmişdir ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf strategiyası hesab edir. Eyni zamanda, ulu öndər tətbiq olunan hər hansı demokratik yeniliklərin xalqın milli xüsusiyyətləri, dünyagörüşü, ictimai şüur səviyyəsi ilə səsləşməsini vacib sayırdı: "Demokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə inqilabi yolla yox, təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir".

Hələ ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə prezident seçkiləri ərəfəsində öz proqramında bəyan etmişdi ki, "Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyanın yolu ilə gedəcək". Həqiqətən də, Heydər Əliyevin hakimiyyətə qayıtdığı ilk vaxtlardan başlayaraq, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, demokratik fikrin inkişafı və demokratik dəyərlərin cəmiyyətdə öz yerini tutması sahəsində böyük işlər görüldü. 1993-cü il sentyabrın 29-da keçirilmiş prezident seçkiləri ərəfəsində Milli Məclisin Sədri kimi həm də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev öz proqramını belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik-hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur".

Sözsüz ki, qısa bir vaxt ərzində ümummilli lider Heydər Əliyev öz müdrik rəhbərliyi ilə xalqın ümidlərini doğrultduğunu, ölkəni bütün dünyada tanıtdığını, müstəqil Azərbaycan dövlətini beynəlxalq birliyin nüfuzlu, sözükeçən subyektlərindən birinə çevirdiyini göstərdi. Ən əsası isə Heydər Əliyev Azərbaycan xalqının illərlə can atdığı azadlıq, demokratiya yolunu gerçəkləşdirməsinə, ölkədə sosial-iqtisadi böhranı aradan qaldırmağa, doğma vətəninin bütün dünyada layiqli yerini tutmasına imkan yaratmağa qadir lider olduğunu nümayiş etdirdi.

1993-cü ildən ötən müddətdə Azərbaycanda demokratik dəyərlərin bərqərar edilməsi, vətəndaşın cəmiyyətdə özünü azad hiss etməsi, hüquq və azadlıqlarını müdafiə etməsi üçün bütün zəruri addımlar atıldı və sözsüz ki, bundan sonra da atılacaqdır. Bu gün Azərbaycan hüquqi dövlət ideyasının reallaşdığı, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant ölkə kimi tanınır. Hər ötən illə müqayisədə ölkəmizdə demokratik dəyişikliklərin həyatımıza tətbiq olunma tempi yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan Respublikası 19 illik müstəqillik dövründə bir çox sahələrlə yanaşı, demokratik inkişafda da həm regionda, həm də ki, keçmiş postsovet məkanında nümunə ola biləcək işlərə imza atmışdır. Lakin bu, asan başa gəlməmişdir. Belə ki, 1993-cü ilin iyun ayında-ölkədə ciddi siyasi böhranın, xaos və anarxiyanın hökm sürdüyü bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyət sükanı arxasına keçmiş ulu öndərimiz Heydər Əliyev cəmiyyətdə demokratiyaya münasibətdə formalaşmış yanlış təsəvvürləri dəyişmək üçün, ilk növbədə, xalqla əl-ələ verərək, ictimai-siyasi böhranı aradan qaldırmış, cəmiyyətdə yeni mübariz əhval-ruhiyyə yaratmağa nail olmuş, milli birlik yolu ilə dövləti parçalanmadan xilas etmişdir. Xalqın milli-mənəvi sərvətinə çevrilmiş bu birlik sayəsində hazırda respublikamızda demokratik dəyərlər qanunların və milli-mənəvi dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir. Azərbaycanda həqiqi demokratiya, məhz ulu öndər Heydər Əliyevin milli dövlətçilik irsinin təcəssümü kimi formalaşmışdır və bu irs demokratiyanın özbaşınalıq kimi başa düşülməsinə, yaxud da ifrat Qərb demokratiyasının neqativ cəhətlərini özündə ehtiva etməsinə yol vermir. Faktiki olaraq, bu kursun bütün sahələrdəki tənzimləmə missiyası ideoloji müstəvidə də özünü doğrultmuşdur.

Azərbaycanda demokratik dövlətçilik ənənələri formalaşdıran Heydər Əliyev dühasının xalq qarşısındakı ən mühüm xidmətlərindən biri də, məhz bundan ibarətdir ki, ümummilli liderimiz müəllifi olduğu siyasi kursun davamlılığını təmin etmiş, dərin zəkası hesabına onun gələcək uğurlarına etibarlı təminat yaratmışdır. Ulu öndərimizin hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Mən ona özüm qədər inanıram"- deməklə özünün layiqli davamçısı kimi cəmiyyətə təqdim etdiyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər Azərbaycan xalqının seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir. Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsindən bəhrələnən cənab İlham Əliyev ulu öndərimizin möhkəm təməllər üzərində formalaşdırdığı idarəçilik ənənələrini davam etdirir.

Ulu öndər Heydər Əliyevin demokratik inkişafla bağlı müəyyənləşdirdiyi yol, onun fikirləri, ideyaları dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla və böyük yaradıcılıqla davam etdirilir. Əgər biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışlarını nəzərdən keçirsək, onun demokratiya barəsində fikirlərində çox maraqlı məqamların, yeniliklərin olduğunu, demokratik proseslərə baxışının dünyanın tələblərilə tam uzlaşdığını görərik. Cənab Prezident göstərir ki, əsil demokratik cəmiyyət formalaşdırmaq üçün, birinci növbədə, maddi baza olmalıdır. Yəni, demokratik inkişaf möhkəm iqtisadi təmələ əsaslanmalıdır. Güclü iqtisadiyyat olmasa, səmərəli iqtisadi islahatlar keçirilməsə, şübhəsiz, demokratiyanın inkişafı üçün lazımi şərait ola bilməz. Çünki iqtisadiyyatı zəif olan ölkələrdə demokratiya da zəifdir. İqtisadi cəhətdən inkişaf edən ölkələrdə isə demokratik proseslər sürətlə gedir. Prezident İlham Əliyevin fikirlərindəki bir cəhət də çox maraqlıdır. Cənab Prezident doğru olaraq qeyd edir ki, iqtisadi islahatlar siyasi islahatlarla paralel getməlidir və bu iki amil bir-birini tamamlamalıdır. Əgər iqtisadi islahatlarla siyasi islahatlar bir-birinə paralel getməsə, əldə olunan uğurlar da müvəqqəti olacaq. Ölkəmizdə çox böyük iqtisadi islahatlar həyata keçirilir. Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə dünyanın ən qabaqcıl dövlətlərindəndir. Sözsüz ki, hazırda aparılan və uğurla davam etdirilən demokratikləşmə xətti, məhz ümummilli lider Heydər Əliyev siyasi irsinə, düşüncə və baxışlarına əsaslanır.

Təsadüfi deyil ki, son illər əldə edilən sosial-iqtisadi nailiyyətlər ölkəmizin müdafiə potensialını da artırmış,  ulu öndərimiz Heydər Əliyevin qurduğu milli ordumuz daha da güclənmişdir. Bu gün Azərbaycanın təkcə hərbi büdcəsinin işğalçı Ermənistanın ümumilikdə dövlət büdcəsinə bərabər olması faktı  Azərbaycanın hərbi üstünlükləri  haqqında  tam təsəvvür yaradır. Cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, Qarabağsız Azərbaycan olmayacaqdır. Bu münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, habelə, beynəlxalq hüqüq norma və prinsipləri çərçivəsində öz həllini tapacağı dövlət rəhbərimizin birmənalı mövqeyidir. Azərbaycan Prezidenti qətiyyətlə bəyan etmişdir: "...Nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol verməyəcəyəm". Sözsüz ki, bu qətiyyət, təbii ki, xalqın iradəsindən, əldə edilmiş sosial-iqtisadi nailiyyətlərin dövlətimiz üçün yaratdığı imkanlardan, Azərbaycanın beynəlxalq aləmdə ildən-ilə daha da güclənməkdə olan mövqeyindən, ən əsası isə, cəmiyyətimizdəki sosial-siyasi durumdan irəli gəlir.

Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu daha ardıcıl xarakter daşımağa başlamış, ölkədə milli həmrəylik əldə olunmuşdur. Ümummilli maraqlara uyğun məsələlərlə bağlı ölkə daxilindəki siyasi qüvvələr arasında normal dialoqun alınması, Azərbaycan siyasətində radikalizm təzahürlərinin getdikcə öz yerini liberalizmə verməsi xalqımızın son illərdə əldə etdiyi ən ciddi uğurlardan biridir. Prezident ölkədə demokratik vətəndaş cəmiyyətinin qurulması, söz azadlığının, fikir müxtəlifliyinin təmin olunması üçün öz səylərini əsirgəmir.

Cənab İlham Əliyev dövlət rəhbəri kimi çox qısa zaman kəsiyində  ulu öndərimiz Heydər Əliyev ənənələrinə sadiq qalaraq, dünya azərbaycanlılarının həmrəyliyi xəttini kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldıra bildi və artıq Azərbaycan diasporu dünyanın əksər ölkələrində proseslərə əhəmiyyətli şəkildə təsir göstərə biləcək real güc mərkəzinə çevirmişdir. Bu gün planetin hansı qütbündə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı dövlətin ona dəstəyini yaxından hiss edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində  Avratlantik məkana geniş inteqrasiya yolu tutmuş Azərbaycan öz iqtisadi, demokratik, mədəni və mənəvi nailiyyətləri ilə bu gün də sivilizasiyalararası dialoqun fəal iştirakçısıdır. Ulu öndərimiz Heydər Əliyevin müəllifliyi ilə artıq reallaşan Bakı-Tbilisi-Ceyhan əsas-ixrac boru kəməri layihəsi, bu gün qlobal proseslərin ən əhəmiyyətli tərəflərindən biri kimi, Azərbaycanın dünya üçün əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü lider dövlətinə çevirmiş, ölkəmiz iqtisadi inkişaf tempinə görə bütün dünyada rekord göstəricilərə sahib olmuşdur. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu prosesinin bu gün İlham Əliyev tərəfindən daha böyük dinamizm, yüksək əzmkarlıqla davam etdirilməsi vətəndaşlarımızın sabaha inamını artırır.

 Fərəhlə etiraf olunmalıdır ki, ölkəmizin birinci xanımı, Prezidentin həyat yoldaşı və yaxın silahdaşı, əqidə və məslək dostu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da öz fəaliyyəti ilə Azərbaycanda gedən inkişaf prosesinin ən fəal iştirakçısıdır. Azərbaycan mədəniyyətinin inkişafı, milli irsimizinin bütün dünyada təbliği, bir sıra əhəmiyyətli və vacib sosial problemlərin həlli yönündə həyata keçirdiyi layihələrə görə, onu xalqın qürur mənbəyinə çevirmişdir. 

Bütün bunları nəzərdən keçirdikdə, bir daha məmin olursan ki, bu gün Prezident İlham Əliyevin daşıdığı missiya olduqca məsuliyyətlidir, ağırdır, lakin keçdiyi siyasi məktəb, söykəndiyi siyasi dəyərlər onu dözümlü və iradəli edib. Cənab İlham Əliyevin siyasi gücü qabaqcıl dünyagörüşə sahibi olmasında, intellektual imkanlarında, idarəetmənin müxtəlif sahələrində topladığı təcrübədə və bütövlükdə,  istedadındadır. O, addım-addım böyük siyasət dünyasının ən mürəkkəb sirlərinə bələdçilik imkanı qazanıb, yetkinlik məktəbi keçib, zirvəyə qalxıb, zirvələrə doğru böyük yola çıxıb.

Beləliklə, etiraf etməliyik ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlanmış iqtisadi islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Dövlət başçısı İlham Əliyev hələ birinci  andiçmə mərasimindəki çıxışı zamanı ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda sosial, iqtisadi, siyasi, hüquqi, hərbi, mədəni, humanitar və digər sahələrdə başlanmış fundamental islahatları davam etdirəcəyini, ölkənin hər bir vətəndaşının Prezidenti  olacağını bəyan etmişdi.

Ötən hər bir il dövlət başçısının verdiyi bütün vədlərin sırf əməli fəaliyyətə və praqmatizmə söykəndiyini bir  daha təsdiqləyir. İlk növbədə, bəlli oldu ki, cənab İlham Əliyev ölkənin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, mobil, peşəkar, yüksək iş qabiliyyətli komandaya malikdir. Ən başlıcası, "Əsil siyasət real, konkret iş görməkdən ibarətdir" - deyən Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradəyə, qətiyyətə və əzmkarlığa malikdir.  Eyni  zamanda, belə bir reallıq da öz əksini tapdı ki, cənab İlham Əliyev öz dövlətçilik konsepsiyasını ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu dövlətçilik kursu üzərində formalaşdırır. Azərbaycan Prezidentinin istər ölkədə, istərsə də respublikamızın hüdudlarından kənarda baş verən hadisə və proseslərə münasibəti birmənalı və dəqiqdir.

Etiraf olunmalıdır ki, XX əsrin sonunda və XXI əsrin başlanğıcında ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında dünya ölkələrinin təcrübəsi nəzərə alınmaqla və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində ölkənin sosial-iqtisadi inkişaf strategiyası müəyyən edilmiş və bu, müvəffəqiyyətlə həyata keçirilməkdədir. Bu strategiyanın əsas mahiyyəti bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə sabit sosial-iqtisadi inkişafın təmin olunmasından, əhalinin həyat səviyyəsinin ilbəil yaxşılaşdırılmasından ibarətdir. Uğurla həyata keçirilən bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi və dövlət-idarəetmə orqanı ləğv edilmiş, digərlərinin ancaq tənzimləmə funksiyaları saxlanılmaqla təsərrüfat funksiyaları tamamilə dayandırılmışdır. Məlumdur ki, Azərbaycanın iqtisadi inikşafının səviyyəsi onun beynəlxalq aləmdə yerini müəyyən edir və ölkənin müstəqil xarici siyasətinin həyata keçirilməsinə təsir göstərir.

Keçən əsrin sonunda güclənən qloballaşma prosesi informasiya, texnologiya, işçi qüvvəsi və kapitalın hərəkəti sahəsində ölkələr arasında mövcud maneələrin azaldılmasına şərait yaratmışdır. Əlbəttə, belə bir şəraitdə ehtiyatların artırılması və eləcə də, dünyanın iqtisadi ehtiyatlarının cəlb olunması məqsədilə milli rəqabət qabiliyyətliliyin gücləndirilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də, ölkədə investisiya mühitinin yaxşılaşdırılması və yüksək texnologiyaları mənimsəməyə qadir olan iqtisadi sistemin formalaşdırılması sahəsində işlər daha fəal şəkildə davam etdirilməkdədir.

Məlumdur ki, vətəndaş cəmiyyətinin mühüm göstəricilərindən biri də, məhz ölkədə müstəqil demokratik institutların formalaşması və azad sahibkarlıq subyektlərinin fəaliyyəti üçün normal şəraitin yaradılmasıdır. Özəl sektorun dinamik inkişafı təkcə sosial-iqtisadi yüksəlişi deyil, həm də demokratikləşmə prosesini və vətəndaş hüquqlarının etibarlı qorunmasını təmin edir.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də sahibkarlıq sektorunun səmərəli və rəqabətqabiliyyətli fəaliyyətinin təmin olunmasıdır. Bu sferanın sahibkarlığın inkişaf tələblərinə uyğun təkmilləşdirilməsi işgüzar mühitin əlverişliliyini şərtləndirən başlıca amil kimi çıxış edir. Son illər sahibkarların vergi yükünün azaldılması, daxili investisiyaların stimullaşdırılması istiqamətində görülmüş tədbirlər daxili mənbələrdən istifadənin genişlənməsinə gətirib çıxarıb. Ötən müddət ərzində sahibkarlığın inkişafına dövlət yardımı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olaraq qalmışdır. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramları çərçivəsində ölkə iqtisadiyyatının tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə köməyi sistemi təkmilləşdirilir. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Sahibkarlara zəruri hüquqi-texniki yardım, informasiya və digər xidmətlər göstərən strukturlar formalaşdırılır.

Etiraf olunmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət quruculuğu, güclü iqtisadiyyatın yaradılması, cəmiyyətin demokratikləşməsi, əhalinin rifahının yüksəldilməsinin təmin edilməsi istiqamətlərində çoxşaxəli fəaliyyət həyata keçirir. Görülən işlər, eyni zamanda, Azərbaycanın siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrinin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bütün bunlar isə  ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik irsinə ən layiqli töhfələrdir...

 

 

Ağabəy Əsgərov

 

Səs.- 2010.- 7 may.- S. 5-6.