"Bəşəriyyət tarixində II Dünya müharibəsi dağıdıcı xüsusiyyətə malik olan dəhşətli bir müharibə idi"

 

"Səs" qəzeti Böyük Vətən müharibəsinin 65-ci ildönümü ilə bağlı dəyirmi masa keçirib

 

Ənənəvi olaraq, "Səs" qəzetinin keçirdiyi dəyirmi masanın budəfəki mövzusu Böyük Vətən müharibəsi ilə bağlı oldu. Dəyirmi masada Böyük Vətən müharibəsi iştirakçıları bombardmançı təyyarəçi Damət Nəbiyev, ehtiyatda olan baş leytenant, piyada qoşunlar bölmə komandiri Əbdülağa Cavadov, piyada qoşunlar tərkibində pulemyotçu olmuş Bəkir Məmmədov iştirak edirdi.

 

Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin şöbə müdiri İlham  Əliyev Böyük Vətən müharibəsində Azərbaycanın mühüm rola malik olduğunu və aparılan döyüş əməliyyatlarında igid oğul və qızlarımızın şücaətindən bəhs etdi. Qeyd etdi ki, bütün dünyanı lərzəyə salan II Dünya müharibəsinin başlanması və onun acı nəticələri bəşəriyyət üçün böyük fəlakətlər yaratmışdır. 1941-ci ilin iyun ayının 22-də Hitler Almaniyasının SSRİ üzərinə  hücumu nəticəsində Böyük Vətən müharibəsi adlandırdığımız müharibənin başlanğıcı oldu. Məhz bu müharibədə 600 mindən artıq Azərbaycan vətəndaşı cəbhəyə yollandı və müharibə qurtardıqdan sonra onlardan cəmi 300 minə yaxın vətəndaş vətənə qayıtdı. İstərdik ki, burada iştirak edən və o müharibənin bütün məşəqqətlərini öz gözləri ilə görmüş veteranlarımız döyüş təəssüratlarını, keçdikləri ağır və iztirablı döyüş yollarını bizimlə bölüşsünlər.

 

Damət Nəbiyev:

 

- Bəşəriyyət tarixində II Dünya müharibəsi, o cümlədən də, Böyük Vətən müharibəsi çox dağıdıcı xüsusiyyətə malik olan böyük və dəhşətli bir müharibə idi. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq, bütün sovet vətəndaşları, o cümlədən də, gənclər çox narahat olmuşdu. Çünki müharibənin sonu yaxşılıqla bitən və müsbət istiqamətə aparan bir məhfum deyil. Müharibə insanları yalnız ölümə şəhərlərin, kəndlərin dağıdılması ilə nəticələnən bir prosesdir. Adolf Hitler o dövrlər Avropanın iqtisadi, hərbi potensialını öz əlində cəmləmişdi. Məhz bütün bu malik olduğu imkanlara arxalanan A.Hitler Almaniyası 1941-ci ilin iyun ayının 22-də SSSR-yə hücüm etdi. Doğrudur, ilk əvvəl, heç kim Almaniyanın  belə bir hücumuna inanmırdı. Eyni zamanda, sovet hakimiyyətinin rəhbərliyində olan şəxslər də, bu hücumun doğruluğuna inanmaq  istəmirdilər.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Siz o zaman harada nə işlə məşğul olurdunuz?

 

Damət Nəbiyev:

 

- O vaxt Yevlax rayonundakı orta məktəbin 9-cu sinifində oxuyurdum. Bütün sovet vətəndaşları kimi mən də bu müharibənin başlamasından narahat oldum. Ancaq 1943-cü ilin fevral ayında komsomolun çağırışı ilə ordu sıralarına çağırıldım. Həmin vaxt bizim təhsil aldığımız məktəbdə artıq 10-cu sinif buraxılmışdı və mənimlə oxuyan 9 oğlan və 3 nəfər də qız cəbhəyə göndərildi. Həmin vaxt Gürcüstanın Qori şəhərindəki təyyarəçilik məktəbində oxumağa göndərildim. 1944-cü ilin sentyabr ayında həmin təyyarəçilik məktəbini bitirərək, Gəncə şəhərinə gətirildik və burada təlim uçuşları keçirməyə başladıq. Biz Gəncə şəhərindəki hərbi aerodroma gədəndə, orada sovet təyyarələri yox idi. Burada daha çox Amerika təyyarələri vardı. Üç ay da biz bu təyyarələrlə təlim uçuşları keçirdikdən sonra qaynar döyüş nöqtələrinə yollandıq.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Döyüş yolunuz nə vaxt hansı cəbhədən başladı?

 

Damət Nəbiyev:

 

- İlk döyüş uçuşumuz 1944-cü ilin sentyabar ayının axırlarından Polşanın Varşava şəhərinə olub. O vaxt Varşava Almaniyanın işğalı altında idi. Bir neçə uçuş həyata keçirdikdən sonra 8-ci döyüş uçuşumuzda bizim təyyarə almanlar tərəfindən vuruldu. Yanan təyyarədən paraşütlə də olsa, özümüzü xilas edə bildik. Sonra buna oxşar bir neçə hadisələr oldu ki, məcburi eniş etməklə özümüzü qoruya bildik. Bütün bunlara rəğmən isə Varşava, Lorsk, Poznan və Krakov şəhərlərini almanlardan azad etməyə nail olduq.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Siz döyüş əməliyyatları başlayan zamanı harada idiniz və bu xəbəri necə qarşıladınız?

 

Bəkir Məmmədov:

 

- 1941-ci ilin aprel ayının 17-də hərbi xidmətə getmişəm. Müharibə başlayan müddətdən artıq 2 ay yarım idi ki, hərbi xidmətdə qulluq edirdim. Amma II Dünya müharibəsi ilə Böyük Vətən müharibəsi arasında böyük bir fərq var idi. Böyük Vətən müharibəsi 1941-ci ilin iyun ayının 22-də alman qoşunlarının sovet ərazilərinə hücumu nəticəsində başlayıb. Həmin vaxt acgöz Hitler Finlandiyanı və Qərbi Belorusiyanı işğal etməklə, sovet sərhədlərinə yaxınlaşmışdı. Hərbi xidmətə getməmişdən Göyçay rayonunda pedaqoji texnikumda təhsil alırdım. Həmin dövrlərdə Hitler Polşanı, Qərbi Ukraynanı və Qərbi Belorusiyanı işğal etməklə, öz ordu birləşmələrini SSRİ sərhədlərinə cəmləmişdi. 1941-ci ilin iyun ayının 18-də bizi atəş təliminə aparmışdılar. Oradan qayıtdıqdan sonra ukraynalılar ordunun dislokasiya olunduğu yerə qaçırdı. Məhz o zaman biz bildik ki, müharibə başlayıb. Bizə rəhbərlik edən gürcü polkovnik bildirdi ki, müharibə bizsiz uğurla başa çatmayacaq. Elə oradan da bizi təcili olaraq Ukraynanın Sumsk şəhərinə qaytardılar. Bir müddət orada təlim keçdikdən sonra cəbhəyə yollandıq.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Döyüş yolunuz haradan başladı?

 

Bəkir Məmmədov:

 

- İlk döyüş əməliyyatlarına Belorusiyanın Qomel şəhərindən ikinci cinahdan başlamışam. Sovet komandanlığı tərəfindən bizə əmr verilmişdi ki, Minsk şəhəri azad edilsin. Amma almanlar isə qısa müddət ərzində sovet imperiyasını işğal etməyi planlaşdırırdılar. Bunun üçün almanlar böyük hazırlıq işləri görmüş, aparılacaq döyüş əməliyyatları üçün öncədən zəruri tədbirləri həyata keçirmişdilər. Çünki 1939-cu ilin avqust ayında Almaniya ilə SSRİ, Ribbentrop-Molotov müqaviləsini imzalamışdılar ki, burada da 10 il bir-biri ilə müharibə etməmək barəsində şərtlər öz əksini tapmışdı. Məhz bu müqaviləyə görə iki ölkə arasında müharibə olmamalı idi. Müharibənin qəflətən başlanması, sovet ordusunun isə hazırlıqsız olması, yetərincə silah-sursat olmaması SSRİ rəhbərliyini çaşdırmışdı.

 İştirak etdiyimiz döyüş əməliyyatlarında biz döyüşə-döyüşə     geri çəkilərək, səhra şəraitindəki hərbi hissələrdə lövbər saldıq. Məhz Stalinqrad ətrafında döyüş əməliyyatları gedəndə, bizim qoşun birləşmələrimiz hələ ora gəlib çatmamışdı.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Bildiyimizə görə, Berlinə qədər döyüş yolu keçmisiniz. O anları necə xarakterizə edirsiniz?

 

Əbdülağa Cavadov:

 

- II Dünya müharibəsinin başlanması sovet rəhbərliyinin səhvi ucbatından baş verdi. Səhv ondan ibarət idi ki, ilk dəfə A.Hitler Finlandiyada müharibə başlayanda, sovetlər buna hazır olmalı idi. Hətta Rixard Zorge Yaponiyadan xəbər verirdi ki, almanlar Sovet İttifaqı ilə müharibəyə hazırlaşır. Sovet rəhbərliyi isə əmin idi ki, onların almanlarla 10 il ərzində müharibə etməmək haqda müqaviləsi var. Eyni zamanda, SSRİ bu müddət ərzində Almaniyaya xeyli köməklik göstərdi. Həmçinin, 1941-ci ilin iyun ayının 22-də də Hitler SSRİ-yə hücum edəndə, buna inanmaq istəmirdilər. R.Zorge Yaponiyadan SSRİ-yə hücum ediləcəyi gün haqqında da məlumat göndərmişdi. Hitler ordusu Avropanın yarısını işğal etmiş, 47 günə Fransanı diz çökdürmüşdü. Çünki Hitlerin çox güclü formada təşkil olunmuş ordusu var idi. Sadəcə olaraq, bir məqamı qeyd edək ki, başda Hitler olmaqla, onun ətrafında olanların heç birinin ali savadı yox idi. Elə bu səbəbdən də, onlar başa düşmürdülər ki, SSRİ ilə müharibə etmək elə də asan bir iş deyil.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Cəbhədə döyüşlər başlayan zaman siz harada yaşayırdınız və ilk döyüş əməliyyatlarınız necə olub?

 

Əbdülağa Cavadov:

 

- Həmin vaxt ailəmizlə Bakıda Pirallahı adasında yaşayırdım. 1941-ci ildə ordu sıralarına çağırıldım və Krımda gedən qızğın döyüşlərdə iştirak etmişəm. Biz ora gedəndə, heç bir alman təyyarəsi gəmiyə atəş açmadı. Bir neçə gündən sonra, sovet orduları tərəfindən Krım almanlardan azad edildi və həmin döyüşlərdə başımdan yaralandım.

 

 

(Ardı var)

 

Tapdıq QURBANLI

 

Səs.- 2010.- 7 may.- S. 7.