“AZƏRBAYCANIN BU GÜNÜ VƏ GƏLƏCƏYİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR"

 

"SƏS" QƏZETİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 87-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİB

 

(Əvvəli ötən sayımızda)

 

Bu gün ölkəmizin bütün kənd və qəsəbələrində, rayon və şəhərlərində xalqımızın ümummilli lideri Heydər Əliyevin 87-ci ildönümü ilə bağlı tədbirlər keçirilir. Bu tədbirlərdə müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin xalq və dövlət üçün gördüyü əvəzsiz işlər bir daha faktlar və sənədlərlə qeyd olunur, Onunla bağlı xatirələr səsləndirilir. "Səs" qəzeti mənim üçün ən əziz qəzetdir" - deyən ümummilli liderimiz Heydər Əliyevin tarixi müdrik etimadını qəzet bütün fəaliyyəti ilə nümayiş etdirməyə çalışır. Vaxtaşırı olaraq ulu öndərin ideyaları və fəaliyyəti ilə bağlı müxtəlif səpgili tədbirlər keçirir, dəyirmi masalar təşkil edir. Dahi öndərin 87-ci ildönümü ilə bağlı "Azərbaycanın bugünü və gələcəyi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır" mövzusunda keçirdiyi dəyirmi masa da ənənəvi tədbirlərin davamı hesab olunur. Budəfəki dəyirmi masada Azərbaycan Prezidenti Administrasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov, millət vəkilləri Məlahət İbrahimqızı, Gülər Əhmədova, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Siyasi Şurasının üzvləri Aydın Hüseynov, Vilayət Əliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev ulu öndər Heydər Əliyevin 1969-cu ildən Azərbaycana rəhbərliyə gəldiyi dövrdən həyatının sonuna qədər millət və dövlət üçün gördüyü xeyirli, gərəkli işlərdən konkret faktlarla çıxış etdi. Baş redaktor ulu öndərin hakimiyyətdə olduğu illəri müxtəlif dövrlərə ayıraraq, bu dövrlərin hər biri haqqında geniş və əhatəli məlumatlar verdi. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə Azərbaycanda dövlət idarəçiliyi sistemi tamamilə yenidən qurulmuş, vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin sürətlənməsi istiqamətində, əhalinin sosial-rifah halının yaxşılaşmasında, ordu quruculuğunda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inqilaba bərabər islahatlar həyata keçirilmişdir. Azərbaycanın dünya xəritəsində yeri və rolu möhkəmlənmiş, beynəlxalq aləmdə nüfuzlu aparıcı dövlətlərdən birinə çevrilmişdir. B.Quliyev dəyirmi masa iştirakçılarına ulu öndər Heydər Əliyevin 87-ci ildönümü ilə bağlı diskussiya xarakterli müzakirələrin aparılmasının vacibliyini söylədi.

 

BÜTÜN XALQ VƏ ZİYALILAR ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ARXASINDA İDİ

 

Novruz Məmmədov:

 

- Ulu öndər Heydər Əliyev şəxsiyyətinin müdrikliyi onda idi ki, O, SSRİ dövründə belə xalqına xidmət etmişdi. Həmin dövrdə Azərbaycanı, sanki özünə qaytarıb, millət kimi şüurunun formalaşmasına kömək etdi. Mən 1980-ci ildə Əlcəzairdə oldum. Biz orada futbol oynayan uşaqlarla söhbətləşdik. Biri yanımdakından soruşdu ki, bu, hardandır? Dedi ki, SSRİ-dəndir. O, iki söz - "Lövişik" və "Aliyov"  işlətdi. Yanımda olan məni başa saldı ki, o, futbolçu Lev Yaşin və Əliyev demək istəyir. Mənim üçün, həqiqətən, bu qəribə bir təəssürat oldu ki, bu adam SSRİ-dən olan iki nüfuzlu şəxsi tanıyır. Heydər Əliyevin o dövrdəki fəaliyyətini xalq görürdü. SSRİ dağılandan sonra onun tərkibində olan respublikaların rəhbərlərindən heç biri Heydər Əliyevin yolunu keçə bilmədi. Yalnız Heydər Əliyev kimi xalqına bağlı olan bir insan öz ölkəsində ikinci dəfə siyasi hakimiyyətə qayıda bildi.

İnanın, həmin proseslərdə təkcə "91-lər" deyil, bütün xalq və ziyalılar ulu öndər Heydər Əliyevin arxasında idi. O zaman Xarici Dillər İnstitutunda Onun hakimiyyətə qayıtması ilə bağlı böyük bir siyahı tutmuşduq. Doğrudan da, çox çətin proseslər gedirdi. Xalqın şüurunda yalnız bir şey var idi ki, çətin dövrdə bizə yalnız Heydər Əliyev rəhbərlik edə bilər. 1991-cı ildə 250 nəfərlə Səttərxan adına Mədəniyyət Sarayından Azadlıq meydanına gəldik. Bizi orada tutdular. Kimi bir gün, kimisini 15 gün nəzarət altında saxladılar. Hətta iclas zamanı İsgəndər Həmidovun adamları stol-stullarımızı qırıb-dağıdırdılar. Hətta bir-iki nəfəri də döydülər. Bütün bunları xalq yaşayırdı. Yəni, biz də xalqın bir hissəsi kimi düşünürdük ki, çətin vəziyyətdəyik. Heydər Əliyev təəssüf edirdi ki, niyə mənim məhəbbətimin, iradəmin, sevgimin, istedadımın kiçik bir hissəsi Sovet İttifaqı çərçivəsində keçdi. Bunu Onun özü etiraf edib. Amma buna baxmayaraq, O, həmin dövrdə xalqı üçün bacardıqlarını maksimum dərəcədə yerinə yetirdi.

 

AZƏRBAYCANDA İKİNCİ DƏFƏ MÜSTƏQİLLİYİN ƏSASINI ULU ÖNDƏR

 

HEYDƏR ƏLİYEV QOYDU

 

Eldar İbrahimov:

 

-  Bu günlərdə ulu öndər Heydər Əliyevin 87-ci ildönümünü qeyd edirik. O, Azərbaycanı qurub, yaratdı. Bu ölkəni Xalq Cəbhəsi nə qədər dağıtmağa çalışsa da, buna nail ola bilmədi. Mən o vaxtı Naxçıvanda işləyirdim. Həmin vaxt Heydər Əliyevi Bakıya qoymadılar. O, Naxçıvana gəldi. Baxmayaraq ki, Naxçıvanda Nazirlər Soveti sədrinin birinci müavini işləyirdim. Demək olar ki, bir aydan sonra mən Onun yanına getdim və söhbət etdik. Qismət elə gətirdi ki, 1990-cı ilin oktyabr ayında mən Babəkdən, O isə Nehrəmdən Azərbaycan Ali Sovetinin deputatı seçildik. Ondan sonra parlamentdə iş fəaliyyətimiz başladı. Bunlar hamısı tarixi faktlardır. Ən önəmli hadisə o idi ki, 1990-cı ildə Heydər Əliyev Naxçıvan Ali Sovetinin sessiyasını çağırdı. Ali Soveti Ali Məclis etdi və üçrəngli bayrağı qaldırdı. Həmin vaxt o bayrağı heç kim tanımırdı. Bakıya gələndə, məndən soruşurdular ki, Naxçıvan özü üçün üçrəngli bayraq düzəldib? Həmin bayrağı qaldırandan sonra Ayaz Mütəllibov rejimi Heydər Əliyevə daha çox təzyiq göstərməyə başladı. Hətta 1991-ci ilin martın 17-də sovet hökumətini saxlamaq üçün referendum keçirdilər. Amma Naxçıvan buna getmədi. 1991-ci ilin sentyabrın 3-də Heydər Əliyevi məcburən Naxçıvan Ali Məclisinə sədr seçdik. Həqiqətən də, O, bunu istəmirdi.

1991-ci il oktyabrın 18-də Azərbaycanın milli müstəqilliyinin davamı olaraq, Konstitusiya Aktı qəbul olundu. Xalq Cəbhəsi deyirdi ki, bunu biz etdik. Necə etdiniz ki, Özbəkistan, Qazaxıstan və s. kimi keçmiş sovet respublikaları bizdən qabaq Konstitusiya Aktını qəbul etmişdi. Amma Heydər Əliyev 1990-cı il noyabrın 17-də bizə başa salırdı ki, SSRİ-nin axırı yoxdur. Məhz Azərbaycanda ikinci dəfə müstəqilliyin əsasını Heydər Əliyev qoydu və onu qorudu və özü dediyi kimi, dönməz, əbədi və sarsılmaz etdi. Onu da qeyd edim ki, yüz minlərlə insan ürəyində Heydər Əliyevi sevirdi. Amma ortalığa çıxan yalnız "91-lər" oldu. Həmin "91-lər" İsgəndər Həmidovun gülləsindən qaçıblar. Həmin ağırlığı öz üzərlərinə götürüblər. Bugünkü müstəqil Azərbaycanın qurulmasında Yeni Azərbaycan Partiyasının yaradılması çox önəmli idi.

 

HEYDƏR ƏLİYEV XALQIMIZI OLUM-ÖLUM SİTUASİYASINDAN ÇIXARDI

 

Məlahət İbrahimqızı:

 

- Bizim həyatımızın elə bir günü yoxdur ki, ulu öndər Heydər Əliyev haqqında danışmayaq. Bu, onunla izah olunur ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olmuşdur. Bu xidmətlər təkcə doğum günü ərəfəsində deyil, il boyu danışılır və danışılacaq. Həmçinin, Onu hər zaman ehtiramla, hörmətlə yad edəcəyik. Heydər Əliyev dünyanın nadir şəxsiyyətlərdəndir ki, Onun fəaliyyəti ilə bağlı böyük elmi mənbə yarandı. Burada Onun haqqında fikirlər səsləndikcə, gözümüzün önünə  Əliyevşünaslıq elmi gəlir. Onun Milli Məclisə gəldiyi qısa müddət böyük bir elmi mənbə kimi araşdırma tələb edir. Biz ondan hələ çox şey öyrənəcəyik. Ona görə, xatirə günündə ürəyimizin dolu olması da məhz bununla əlaqədardır. Ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin birinci dövründə özünə o dərəcədə inam yaratmışdı ki, xalq ən çətin günündə, 20 Yanvar gecəsində Allaha dua edərək, Heydər Əliyevi imdada çağırırdı.

Sovet dövründə Heydər Əliyev Aşıq Ələsgərin yubileyinin doğulduğu Ağkilsə kəndində keçirilməsinə böyük israrla nail oldu. Özü də həmin tədbirdə iştirak etdi. Heydər Əliyevin oraya gəlişi həmin torpaqların Azərbaycanın qədim, ulu, əzəli türk torpaqları olmasının sübutu idi. Ən başlıcası orada olan azırbaycanlılara qayğısı idi. Mənim atamın işlədiyi məktəb Molla Pənah Vaqifin adını daşıyırdı. O zaman Viktor Ambarsumyanın böyük erməniləşmə siyasətinin başladığı dövr idi. Ermənistanda nə qədər türk adı var idisə, 1970-ci illərdə, kütləvi adlarına erməni adına keçilirdi. Molla Pənah Vaqif adına olan məktəbə də V.Ambarsumyanın adını vermək istəyirdilər. Bununla bağlı atam Ağstafadan Heydər Əliyevə teleqram vurmuşdu. Çünki Basarkeçər rayonunun adını da dəyişdirib, Vardenis qoymuşdular. O da bir tarixi faktdır ki, Heydər Əliyev böyük nüfuza malik olduğu üçün bu məsələlər bir gün ərzində həll olundu. Yəni, demək istəyirəm ki, Heydər Əliyev o dövrdə də xalqına, millətinə sadiq olub.

Orta Asiyada ən ciddi problemlərdən biri də orta və yaşlı nəsil, eləcə də, yetişməkdə olan nəsilin qarşılıqlı ünsiyyətə girə bilməməsi idi. Çünki o zaman Orta Asiyada orta məktəblərdə oxuyan şagirdlər 8-ci sinifə qədər öz ana dilində, sonra isə rus dilində təhsil alırdılar. O dövrdə Heydər Əliyevin böyüklüyü sayəsində Azərbaycanda bu problem baş vermədi. O, hər zaman deyirdi: "Dil bizim etnik kimliyimizi təsdiq edən vacib bir məqamdır". O, nadir şəxsiyyətlərdəndir ki, iki sistemin ən yüksək zirvəsini fəth etdi. Bilirdi ki, SSRİ dağılacaq, Azərbaycan nə zamansa müstəqil olacaq. Bu gün, sevindirici haldır ki, Azərbaycanımızda dil problemi yoxdur.

Heydər Əliyev orta məktəbdə oxuyanda, teatrda rollarda oynamağı çox sevərdi.  Ən çox sevdiyi rol "Hamlet" əsərində eyniadlı rol olmuşdu. Viktor Hüqo Hamlet roluna verdiyi qiymətində qeyd etmişdi ki, Hamlet dibçəkdə bitən palıddır. Palıd böyüdükcə, dibçəyi dağıtmalıdır. Görünür, Allah-Taala Heydər Əliyevin alın yazısına Hamleti oynamağı ona görə yazmışdı ki, gələcəkdə xalqımızın taleyində olum-ölüm məqamları çox olacaq. Heydər Əliyev olum-ölüm məqamlarında xalqı situasiyadan çıxartmağa qadir şəxsiyyət və böyük lider idi. Bu gün Azərbaycan xalqı dünya, bəşər mədəniyyətinə, Nizami, Füzuli, Nəsimi, Kitabi-Dədə Qorqud, muğam aşıq musiqisi və s. kimi nümunələr bəxş edib. Biz öyünən xalqlardanıq, Allah-Taala dünya siyasətinə Heydər Əliyev kimi böyük şəxsiyyət bəxş edib. Nə qədər ki, xalqımız var, bu millət, dövlət hər zaman Onun ruhu, xidmətləri qarşısında minnətdar olacaq. Ən böyük xidmətlərindən biri isə ulu öndər Heydər Əliyevin məktəb yaratmasıdır. Bu gün Prezident İlham Əliyevin bu məktəbin başında ləyaqətlə durması və ölkəyə rəhbərlik etməsi də Heydər Əliyevin ən böyük xidmətlərindəndir.

 

Vilayət Əliyev:

 

- Heydər Əliyev bəşər dünyasına məxsus olan dahilərdəndir. Zaman keçdikcə bu cür şəxslər əfsanəyə dönür, lakin əməlləri və ideyaları reallığa çevrilir. Ulu öndərimiz Heydər Əliyevin fəaliyyətində ən önəmli məsələlərdən biri təhsilə diqqət və qayğı göstərməsi idi. İstər sovetlər sistemində, istərsə də, müstəqillik əldə etdiyimiz illərdə dövlətçiliyimizin formalaşmasında, sabitləşməsində, mənəvi və iqtisadi yüksəklişimizdə, o cümlədən, təhsil sisteminin yenidən qurulmasında, yüksək ixtisaslı kadrların hazırlanmasında ulu öndərimizin zəhməti əvəzsiz olmuşdur. Onun dövlət quruculuğu, yürütdüyü daxili və xarici siyasət, ölkənin iqtisadi inkişafı, xalqımızın milli-mənəvi dəyərləri, təhsilin, elmin və səhiyyənin yüksəlməsi istiqamətində apardığı işlər bu gün etibarlı əllərdədir. Azərbaycan xalqının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Azərbaycan xalqının dahi rəhbərinin ideyalarını şərəflə davam etdirir. Bu işdə Azərbaycan xalqı İlham Əliyevi tam dəstəkləyir.

 

 

(Ardı var)

 

SEVİNC NƏZƏROVA,

 

KÜBRA ƏLİYARLI

 

Səs.- 2010.- 7 may.- S. 8-9.