XALQININ MƏNAFEYİNİ DÜŞÜNƏN LİDER

 

Rəna Mirzəzadə: " Ümummilli liderimiz cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamışdır"

 

Müsahibimiz AMEA-nın fəlsəfə, sosiologiya və hüquq institutu, Qloballaşma və İnformasiya Cəmiyyətinin Problemləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, genderşünas, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadədir

- Rəna xanım, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsindəyik. Ulu öndərimizin Azərbaycan tarixində rolu və yeri barədə nə deyə bilərsiniz?

- Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu kifayət qədər böyük və əhatəlidir. Dahi öndərin xalqımız və dövlətimiz  qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti Azərbaycanın dünəni, bugünü və gələcəyinə hesablanmış fəaliyyətdir. O mənada ki, Azərbaycan xalqının hansı tarixi mərhələlərdən keçib gəldiyini, dövlət qurmaq istiqamətində apardığı mübarizənin də hansı çətinliklərlə üzləşdiyini insanlara nümayiş etdirdi. Ulu öndərimiz keçmişə istinad edərək, bugünümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi.

- Bu gün o tarixin o keşməkeşi məqamlarına nəzər yetirdikdə qarşımızda hansı mənzərə canlanır?

- Ulu öndərimizin bu günə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verib. Yaxın tariximizə nəzər salsaq, bu tarixə münasibətin özünü də aydın şəkildə dərk edirik. Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə Onun Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ulu öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı Onu təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və vətəninə həsr etmiş ümummilli lidermizi Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək.

- Rəna xanım, gender bərabərliyi, Azərbaycan qadınlarının ölkə həyatında mövqeyi haqqında nə deyə bilərsiniz?

- Azərbaycan qadınına həmişə hörmət, diqqət və qayğı olub. Azərbaycan qadını bu gün, üçüncü minilliyin ilk onilliyində dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub yaradırlar. Çünki bu gün onların yaşadığı ölkədə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurub yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb. Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtsiadi inkişafın vüsət alması, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması, təhsilə yeni yanaşmanın təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün 1995-1996-ci illərdə Azərbaycanda qadın hərəkatı getdikcə çox yüksək bir xəttlə formalaşdı. Qadın hərəkatının yüksək formalaşdığı bir dövrdə ümummilli liderimiz Heydər Əliyev qadınlara qarşı ayrıseçkiliyin aradan götürülməsi haqqında konvensiyanın Milli Məclis tərəfindən təsdiqlənməsi haqqında fərmanı imzaladı. Bu fərmanın imzalanması artıq Azərbaycan qadınlarına qarşı olan ayrıseçkiliyin dövlət səviyyəsində ölkə rəhbərliyi tərəfindən aradan götürülməsi üçün bir addım idi. Ümummilli dider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır. 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" Sərəncam imzalanmışdır. Bu Sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir.

- Qadınların dövlət idarəetməsində rolunu qənaətbəxş hesab etmək olarmı?

- Azərbaycan Respublikası Konstitusiyasının 55-56-ci maddəsində qadınlar da daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyri-şərtsiz iştirak etmək hüququna malikdirlər. Ulu öndər  Heydər Əliyevin 6 mart 2000-ci il tarixdə "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" verilən 289 saylı Fərmanı respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə oldu. Fərmanda AR-in bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə standartlara cavab verən statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər verilməsi haqqında tapşırıqlar verilməsi ümummilli liderimiz Heydər Əliyevin respublika əhalisinin yarıdan çoxunu təşkil edən qadınlara böyük diqqəti idi. 2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlanmışdır. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edilmişdir. Plan problemlərin beynəlxalq standartlara uyğun şəkildə həllinə yönəldilmiş nazirlik, komitə, qeyri-dövlət və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış və bütün problemli sahələrdə gender bərabərliyinə yönəldilmiş dövlət sənədidir. "Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı" adlanan bu sənədi Azərbaycan Respublikası Nazirlər Kabineti 6 mart 2000-ci il tarixli, 33 saylı qərarı ilə təsdiq etmişdir. Bu sənəd dövlət proqramlarının hazırlanmasını, habelə, qadın problemləri ilə əlaqədar konkret təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. Bu Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti, istismarı, fahişəliyin qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edilmişdir. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb etmə də daxil olmaqla, müvafiq ölçülərin götürülməsi nəzərdə tutulur.

1998-ci ildə vətəndaş cəmiyyətinin formalaşmasında böyük rolu olan qeyri-hökumət təşkilatının fəallığı artdı. Hal-hazırda 2000-dən artıq ictimai birlik, 50 siyasi partiya və 67-yə yaxın qadın problemləri ilə məşğul olan təşkilat fəaliyyət göstərir. "Gender və İnsan Hüququ" Araşdırma Birliyi demokratik inkişafda gender münasibətləri və insan hüquqları problemlərinin qarşılıqlı elmi-tədqiqini aparmaqla fəaliyyətini genişləndirdi. Bu məqsədlə birlik: insan hüquqlarının gender balansı baxımından tədqiqi; insan hüququ və gender istiqaməti ilə əlaqədar sosial-fəlsəfi və hüquqi konsepsiyaların öyrənilməsi; ictimai-siyasi-hüquqi institutların insan hüququ və genderin inkişafına təsirini; insan hüququ və genderin seçki sistemində realizə edilməsi vəziyyətinin təhlili, demokratik proseslərin inkişafı üçün insan hüququ və gender münasibətləri informasiya şəbəkəsinin yaradılması vəzifəsini həyata keçirir.

"Gender İnkişafda" layihəsinin fəaliyyətdə olduğu müddətdə ölkə Prezidentinin 14 yanvar 1998-ci il tarixdə, "Azərbaycan qadınlarının rolunun artırılması haqqında" Sərəncamı dərc edildi. Sərəncamda dövlət strukturları tərəfindən daha çox diqqət tələb edən qabaqcıl sahələr müəyyənləşdirildi. Heydər Əliyevin digər bir Fərmanı ilə (14 yanvar 1998-ci il) ölkəmizdə qadınların problemlərini həllinə yönəldilmiş qadın siyasətini həyata keçirmək məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Nazirlər Kabinetinə ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq məqsədi ilə müvafiq təkliflər hazırlamaq tapşırıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin məqsədi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun öz işlərini quraraq fəaliyyət göstərdiyi müddətdə qadın hərəkatı sahəsində demokratik siyasətin həyata keçirilməsi, qadınların respublikanın həyatında aktiv iştirakını təmin etmək, Azərbaycan dövlətçiliyinin, iqtisadiyyatının və suverenliyinin möhkəmləndirilməsi üçün qadınların yaradıcı, intellektual potensialından istifadə etmək, siyasi, iqtisadi, sosial, məişət və s. sahələrdə qadınların hüquqlarını müdafiə etmək olmuşdur.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 7 may.- S. 13.