Heydər Əliyev və Azərbaycanın
milli təhlükəsizlik siyasəti: əsas məqsədi,
vəzifələri və icra mexanizmləri
XX əsrin sonunda
müstəqillik əldə etməsi Azərbaycanın həm dövlət quruluşunda əsaslı dəyişikliklərin
həyata keçirilməsini, yeni sosial-iqtisadi və ictimai-siyasi
münasibətlərin formalaşmasını şərtləndirdi,
həm də ona, davamlı olaraq, öz təhlükəsizliyinin
qayğısına qalmaq kimi daimi bir məsuliyyət bəxş
etdi. Milli Təhlükəsizlik Konsepsiyasının qəbul
olunmasından öncə Milli Məclis tərəfindən
2004-cü ildə "Milli təhlükəsizlik
haqqında" Qanun qəbul olunmuş və respublika
Prezidentinin 2004-cü il 29 iyun tarixli Sərəncamı ilə
təsdiq olunmuşdur. Bu qanun özündə Azərbaycan
xalqının ümummillı lideri, müstəqil Azərbaycan
dövlətinin banisi Heydər Əliyevin milli təhlükəsizlk
təliminin və siyasətinin əsas prinsiplərini, məqsəd və vəzifələrini
əks etdirmiş və gələcək MTK-nın
yaradılmasını şərtləndirmişdir.
Milli Təhlükəsizlik
Konsepsiyası ölkənin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində
uzunmüddətli strateji vəzifə və prioritetləri
özündə əks etdirən konseptual sənəd hesab
olunur. Konsepsiya Azərbaycan Prezidentinin 2007-ci il 23 may tarixli Sərəncamı ilə
təsdiq olunmuş və fəaliyyət üçün əsas
götürülmüşdür. Girişdən, dörd bölmədən
və yekun müddəalardan ibarət olan MTK XXI əsrdə ölkənin milli
maraqların təmin olunması ilə bağlı hakimiyyət strukturlarının bəzi
fəaliyyət istiqamətlərini
müəyyən edilir və milli təhlükəsizlik sahəsində
dövlət siyasətinin normativ-hüquqi bazasını təkmilləşdirilir.
Təhlükəsizlik
siyasətinin əsas məqsəd
və vəzifələri
Azərbaycan dövlət
müstəqilliyinin, ərazi bütövlüyünün,
konstitusiya quruluşunun, vətəndaşlarının
hüquqlarının, cəmiyyətinin milli və vətəndaş
birliyinin, ölkənin sabit inkişafının tələb
etdiyi ən ümdə dövləti
vəzifələr və onların təminatı yolları,
mövcud milli resursların bu işə səfərbər
edilməsi proqramı və bəhs olunan sahədə məsuliyyətli
dövlət idarəçilinin yaradılması onun milli təhlükəsizlik
siyasətinin ən ali məqsədini təşkil edir.
Mürəkkəb
geosiyasi məkanda yerləşən Azərbaycan
Respublikası müstəqilliyə qovuşduğu andan hüquqi və dünyəvi dövlət, demokratik cəmiyyət
və siyasi plüralizm yolunu öz inkişafının və
konstitusiya quruluşunun əsası elan edərək, bölgə
ölkələri ilə sülh və mehriban qonşuluq
şəraitində, dünyanın qabaqcıl siyasi, iqtisadi və
təhlükəsizlik sistemləri ilə bərabərhüquqlu
əməkdaşlıq etmək və bu strukturlara inteqrasiya
olunmaq xətti yürüdür.
Azərbaycan hesab edir ki, XXI əsrdə
beynəlxalq münasibətlərin tənzimlənməsinin və
münaqişələrin həllinin koordinasiya mərkəzi BMT
olmalıdır. Odur ki, beynəlxalq aləmdə baş verən siyasi və
iqtisadi dəyişikliklərə məqsədyönlü
şəkildə adaptasiya
olunması məqsədilə, BMT-də rasional
islahatların aparılmasını ölkəmiz daim dəstəkləməlidir.
Azərbaycan bir çox nüfuzlu beynəlxalq və regional
təşkilatların üzvü kimi dünyanın aparıcı
dövlətləri ilə münasibətləri inkişaf
etdirir, dünya iqtisadiyyatına və siyasətinə sürətlə
inteqrasiya olunur, Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq münasibətlərin
arxitekturasının formalaşmasına həlledici təsir
göstərir. Eyni zamanda,
ölkəmiz həm milli, həm də beynəlxalq təhlükəsizliyin
təmin olunması üçün bərabərhüquqlu qarşılıqlı hörmət və faydalı əməkdaşlıq
prinsiplərinə əsaslanan sabit dünya nizamının
mövcud olmasına çalışır.
Milli təhlükəsizliyin əsasları
Azərbaycanın milli təhlükəsizliyinin
əsasını dövlətin müstəqilliyinin,
suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya
quruluşunun, milli maraqlarının, vətəndaşlarının
hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən
qorunması və təmin edilməsi təşkil edir.
Milli təhlükəsizliyin əsas
obyektlərinə vətəndaş- onun hüquq və
azadlıqları, cəmiyyət-
onun maddi və mənəvi dəyərləri, dövlət- onun müstəqilliyi,
suverenliyi, konstitusiya quruluşu
və
ərazi bütövlüyü daxildir.
Milli təhlükəsizliyin əsas
subyektlərinə isə insanların, cəmiyyətin
və dövlətin təhlükəsizliyi maraqlarının
və tələbatlarının təmin edilməsi məqsədilə
yaradılmış dövlət hakimiyyəti orqanları və
diğər təhlükəsizlik institutlarını aid
edilir.
Təhlükəsizlik mühiti və beynəlxalq imic
Hər bir
ölkənin milli təhlükəsizlik siyasətinin
effektivliyi və uğuru ölkənin təhlükəsizlik
mühiti və beynəlxalq imicindən asılıdır. Dövlətin
suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin
toxunulmazlığı, milli maraqlarının təminatı,
davamlı inkişafı, vətəndaşlarının
sosial-siyasi hüquqlarının və rifah halının təmin
olunması və milli-mənəvi dəyərlərinin
qorunmasına təsir edən əsas amillər məhz təhlükəsizlik
mühiti və beynəlxalq imicdir.
Azərbaycan müstəqil
bir dövlət olaraq beynəlxalq hüququn subyekti kimi, müasir
dünyanın bir hissəsidir;
BMT, ATƏT, Avropa
Şurası, İKT, MDB,
Azərbaycan
mühüm coğrafi və geosiyasi önəmi olan bir
regionda yerləşir. Onun tutduğu geosiyasi, geoiqtisadi və geostrateji
mövqe, yürütdüyü daxili və xarici siyasət
dünyanın və regionun aparıcı dövlətlərinin
maraqlarına toxunur və onların diqqətindən kənarda
qalmır. Bu reallıq həm bölgənin, həm
də ölkənin daxili təhlükəsizlik mühitinə
birbaşa təsir göstərir. ABŞ və Qərbi
Avropanın böyük ölkələri, regionun Rusiya,
Çin, Türkiyə, İran kimi böyük dövlətləri
və b. geosiyasi oyunçular Cənubi Qafqazda, Orta Asiya və
bütövlükdə Avrasiyada öz maraqları çərçivəsində
fəal geosiyasət reallaşdırır ki, bu da Azərbaycanın
həm regional, həm də beynəlxalq maraqlarından yan
keçmir.
Azərbaycanın hərbi-geostrateji
durumu, bu sahədə yürütdüyü siyasət və
atdığı addımlar həm Qərbin, xüsusilə,
ABŞ, AB və NATO-nun, həm də Rusia, İran və
Çin kimi region ölkələrinin diqqət mərkəzində
dayanır. Regionun
Rusiya, İran və Türkiyə kimi güclü
ölkələri ilə həmsərhəd olması,
dünyada və bölgədə
balanslı, tarazlaşdırılmış xarici siyasət
aparması, heç bir hərbi-strateji bloka üzv olmaması,
əksər ölkələrlə tərəfsiz əməkdaşlıq
etməsi və s. geosiyasi addımları onun təhlükəsizlik
mühitinə və beynəlxalq imicinə təsirsiz
ötüşmür. Bu mənada,
Azərbaycanın davamlı olaraq müstəqillik illərində
yürütdüyü dinc tərəfdaşlıq və
qarşılıqlı faydalı əməkdaşlıq
siyasəti ona "regionda geosiyasi gərginliyi azaldan və bərabərhüquqlu əməkdaşlıq
mühiti yaradan konstruktiv dövlət" imici
qazandırmışdır. Bu amil dünya birliyində ölkəmizə
etibarlı və sözübütün tərəfdaş
imici qazandırmış, Xəzər hövzəsi və Cənubi
Qafqazda onun reallaşdırdığı transmilli layihələrə
diqqəti artırmış və bölgədəki geosiyasi
roluna ciddi maraq yaratmışdır.
Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına
malik olması və öz milli sərvətlərini
insanların rifahı, dünyada sülhün və iqtisadi
inkişafın təmin olunması naminə istifadə etməsi,
bəşəriyyətin XX əsrdə artan enerji və nəqliyyat-kommunikasiya
ehtiyaclarını təmin etmək məqsədi güdən
nəhəng transmilli enerji layihələrinin əsas təşəbbüskarı
olması onun müsbət imcini yüksəltmiş və
dünyanın əsas güc mərkəzlərinin diqqətini
ona cəlb etmişdir.
Lakin ölkəmizin yerləşdiyi
önəmli coğrafi və geomühit ona mühüm
geosiyasi üstünlüklər və arzu olunan tərəfdaş
imici qazandırmaqla yanaşı, həm də ona
ciddi rəqiblər qazandırdı, bir sıra özünəməxsus
təhlükəsizlik problemləri və təhdidləri ilə
üzləşdirmişdir.
Azərbaycanın milli maraqları və onun çərçivəsi
Respublikasın əsas
inkişaf prioritetləri, ilk növbədə, onun milli
maraqlarının
formalaşması və təmin olunması ilə bağlıdır. Milli maraqlar öz məzmununa görə
ictimai maraqlardan bir qədər fərqlənir. Belə ki,
ictimai maraqlar
dövlətin daxili siyasətini müəyyənləşdirən
qanunlar sistemi ilə bağlıdır və onunla tənzimlənir.
Milli maraqlar isə
əsasən dövlətin
xarici siyasət sahəsinə aiddir və beynəlxalq aləmlə
təmasda onun rəsmi fəaliyyətinin əsasını təşkil
edir.
Azərbaycanın daxili siyasətində vətəndaşların
əsas maraqlarını hakimiyyət qurumları, ictimai-siyasi
təşkilatlar və digər yerli strukturlar ifadə edirsə,
milli maraqları beynəlxalq aləmdə və ölkə
daxilində əsasən Azərbaycan dövləti və onun
müvəkkil etdiyi qurumlar həyata keçirir.
Azərbaycanın milli təhlükəsizliyinin bu
gün üçün ən əsas problemi və hərbi-geostrateji
vəzifəsi illərdir uzanan və sonu görünməyən
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə
nail olmaq, ölkənin pozulmuş ərazi
bütövlüyünü və suveren dövlət
hüquqlarını bərpa etmək və bu fonda regonda
sülhü və dinc əməkdaşlıq mühitini təmin
etməkdən ibarətdir. Ölkənin xarici aləmlə
bütün təmaslarında, ikitərəfli və çoxtərəfli
münasibətlərində bu problemin müzakirəsi və
beynəlxalq hüquq normaları çərçivəsində
həlli məsələsi daim diqqət mərkəzində
saxlanılır. Bu problem həm də, nəinki təkcə
Azərbaycana, onun müstəqil dövlət quruculuğu
prosesinə, vətəndaşlarının sabit həyat
şəraitinə ciddi zərbə vurmuş, eyni zamanda, həm
də 20 ilə yaxın bir dövrdə regionda (Qafqaz, Xəzər-Qara
dəniz hövzəsində) dövlətlərarası
iqtisadi, siyasi və mədəni əlaqələri pozmuş,
ölkələri və xalqları qarşıdurmaya
sürükləmiş, onların bir-biri və beynəlxalq
aləmlə münasibətlərinə, regional və beynəlxalq inteqrasiya
proseslərinə çox ciddi mənfi təsir göstərmişdir.
Hazırda Ermənistan-Azərbaycan
münaqişəsi- Dağlıq Qarabağ problemi dünyada
həllini gözləyən ən çətin və mürəkkəb
problemlərdən biri hesab olunur.
Azərbaycanın milli təhlükəsizliyinin
həyati əhəmiyyət kəsb edən ikinci əsas məsələləsi
malik olduğu təbii sərvətləri, respublikanın
karbohidrogen və enerji
ehtiyatlarını xarici müdaxilə olmadan,
özünün müəyyən etdiyi xarici tərəfdaşlarla birgə
işləmək, heç kimdən asılı olmayan, təhlükəsiz və əlverişli
yollarla dünya bazarlarına çıxarmaq və əldə
olunan gəliri ölkənin inkişafına və digər
ehtiyaclarına yönəltməkdən ibarətdir.
Bundan başqa, Azərbaycanın milli maraq
çərçivəsinə həm də:
* Ermənistanın
işğalının nəticələrinin aradan
qaldırılması, öz yurdundan didərgin
salınmış qaçqın və köçkünlərin
geri qaytarılması və məskunlaşdırılması;
* işğalın
bir daha təkrarlanmaması üçün zəruri təhlükəsizlik
tədbirlərinin görülməsi, o cümlədən, milli
ordunun lazımi hərbi hazırlıq vəziyyətinə gətirilməsi;
* Azərbaycan xalqının
milli birliyinin və varlığının, bu xalqa məxsus əsrlər
boyu formalaşmış adət-ənənələrin,
milli-mənəvi dəyərlərin, dilin, dinin qorunması, yaşadılması
və ümumbəşəri dəyərlər hesabına zənginləşdirilməsi;
* ölkədə
hüquq normaları və qanunçuluğun, şəxsiyyət
azadlığı və hüquqlarının dönmədən
təmin olunması, mövcud
ictimai-siyasi sabitliyin, vətəndaş cəmiyyəti
normalarının, tolerant etnik və dini mühitin qorunması
və inkişafı, separatçılıq, siyasi, etnik və
dini ekstremizmin aradan qaldırılması;
* dünya
azərbaycanlılarının birlik və həmrəyliyinin
təmin edilməsi, onların vətənpərvərlik hisslərinin
gücləndirilməsi, azərbaycançılıq
ideyası ətrafında onların birləşdirilməsi,
dünyada yaşayan soydaşlarımızın milli və vətəndaş
hüquqlarının təmin edilməsi və s. problemlər
də Azərbaycanın milli təhlükəsizliyini təhdid
edən spesifik faktorlar hesab oluna bilər.
Məkan əlamətlərinə
görə Azərbaycanın milli maraq çərçivəsi:
1.
Ölkənin öz ərazisi daxilində təzahür
edən;
2. Regional münasibətlərdə,
yaxud beynəlxalq
məkanda, qonşu ölkələrlə təmasda,
hər hansı hökumətlərarası təşkilatlar
çərçivəsində və s. şəklində təmsil
olunan maraqlar kimi qruplaşdırmaq olar.
Milli maraqlar əsas və yaxud ikinci dərəcəli,
daimi, yaxud əvəzlənən, uzunmüddətli, yaxud
qısamüddətli maraqlara ayrılır.
Əsas və daimi milli
maraqlar bir çox mühüm geosiyasi parametrlərinə-
dövlətin beynəlxalq münasibətlər sistemindəki
yeri və roluna,
nüfuzu və hərbi gücünə, özünün suverenliyini qoruyub
saxlamaq və vətəndaşlarının təhlükəsizliyini
təmin etmək qabiliyyətinə və s. görə müəyyənləşir.
Azərbaycan Respublikasının milli təhlükəsizliyinə
təhdidlər
Milli təhlükəsizlik
sistemi ilə milli təhlükəsizliyin təmin olunması
sistemi öz məzmununa görə bir-birindən fərqlənir. Birincisi, maraq və təhdidlərin
qarşılıqlı təsiri prosesini əks etdirən
funksional nəzəri (konseptual) sistemdirsə, ikincisi milli təhlükəsizliyin təmin
olunmasının praktiki məsələlərini həll etməyi
nəzərdə tutan orqanlar,
vasitələr, müxtəlif təşkilatlar (institusional)
sistemidir.
Qeyd edək ki, maraqların həyata
keçirilməsi ilə bağlı fəaliyyət
zamanı geosiyasi aktyorlar- fərdlər, sosial qruplar və
dövlətlər arasında bəzi obyektiv ziddiyyətlər
meydana çıxır. Lakin maraqların üst-üstə
düşən və paralellik təşkil edən digər
növləri də olur ki, bunlar öz məzmununa görə
pozitiv münasibətlərin yaranmasına şərait yaradır, ictimai
və beynəlxalq münasibətlərdə
qarşılıqlı anlaşmaya
nail olmaq üçün baza rolunu oynayır.
Azərbaycanın milli təhlükəsizliyinə qarşı yönəlmiş
təhdidlər müəyyən
təsnifat üzrə qruplaşdırılır. Bu təsnifat
təhdidlərə qarşı, onların konkret xüsusiyyətlərini nəzərə
almaqla təşkilati tədbirlər görməyə
lazımi imkanlar yaradır. Təsnifatın
əsasında təhlükə
mənbəyinin yerləşdiyi yer, təhdidin formalaşma səviyyəsi, xarakteri və s. dayanır.
Təhdidlər
təhlükə mənbəyinin harada yerləşməsindən
asılı olaraq daxili və xarici təhdidlərə
bölünür. Əgər təhdidlər xarici dövlətdən və
onun vətəndaşlarından
gəlirsə, onlar xarici təhdidlər adlanır. Təhdidlərin
mənbəyi dövlətin öz daxilində və onun vətəndaşları
ilə bağlıdırsa onlara daxili təhdidlər deyilir.
Formalaşma səviyyəsinə
görə təhdidlər potensial və real təhdidlərə
ayrılır. Potensial təhdidlər
özündə təhlükənin yaranmasını, onun
ilkin şərtlərinin formalaşmasını, zərər
yetirmək imkanlarını ehtiva edir. Real təhdidlər isə artıq
formalaşmış hadisədir və onun zərər yetirməsi
üçün bir və yaxud bir neçə faktor
çatışmır. Real təhdidlərin təzahür
etdiyi zaman milli təhlükəsizliyi təmin etmək sisteminin qarşısında təhdidin
kəskinliyini azaltmaq və onu aradan qaldırmaq üçün lazımi tədbirlər
görmək vəzifəsi dayanır.
Təhdidlər
xarakterindən asılı olaraq təbii, antropogen və sosial
təhdidlərə bölünür. Təhdidlərin
bu cür növlərə ayrılması daha kəskin təhdidləri
məqsədyönlü şəkildə aşkarlamağa,
onların qarşısını vaxtında almağa, milli təhlükəsizliklə
bağlı fəaliyyətin effektivliyini artırmağa imkan
verir.
Ümumi təhlükəsizlik
prinsiplərinə və təhdidlərin növünə,
miqyasına, onların təhlükəsizlik obyektlərinə
təsir vasitələrinə görə müasir dövrdə
Azərbaycanın milli təhlükəsizliyinin üzləşdiyi
təhdidlər sırasına təhlükəsizlik
konsepsiyasında aşağıdakı məsələlər
aid edilir:
* Azərbaycan Respublikasının
müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və
konstitusiya quruluşu əleyhinə qəsdlər;
* qanunun
aliliyinə nail olunması, ictimai asayişin qorunması, insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində dövlət
funksiyalarını yerinə yetirməyə qarşı
yönəlmiş fəaliyyət;
* separatçılıq,
etnik, siyasi və dini ekstremizm;
* terrorçuluq
və kütləvi qırğın silahlarının
yayılması;
* regional
münaqişələr və transmilli mütəşəkkil
cinayətkarlıq;
* ölkəmizin
enerji infrastrukturuna qarşı fəaliyyət;
* xarici
siyasi, hərbi və ya iqtisadi asılılıq;
* iqtisadi
qeyri-sabitlik ;
* peşəkar
insan ehtiyatlarının
çatışmazlığı;
* regional
hərbiləşdirmə;
* ekoloji
problemlər.
Təhdidlərin
bu cür bölgüsü milli təhlükəsizliyin təmin
olunması sisteminin təşkilində və onun əsas fəaliyyət
istiqamətlərinin müəyyənləşməsində
mühüm rol oynayır.
Milli maraq və milli
təhlükəsizlik ölçüləri
Azərbaycanın milli maraq və
milli təhlükəsizliyinin təmin edilməsi bilavasitə
onun daxili və xarici maraqlarının düzgün müəyyənləşdirilməsi
və onların təmin olunması mexanizmlərinin yaradılmasından
asılıdır. Milli maraqların məzmunu,
çərçivəsi və parametrləri cəmiyyətin
dəyərlərini özündə əks etdirən "milli idealla" müəyyənləşir.
Ümumi şəkildə
götürdükdə millətin və xalqın ən
mühüm "idealını" ilk növbədə
özünüqoruma, özünüyaşatma və
davamlı inkişaf (yeniləşmə, təkmilləşmə
və s.) maraqları təşkil edir. Məsələn, Azərbaycan
öz milli təhlükəsizliyinin çərçivəsini
və təmin edilməsi mexanizmlərini 1992-1995-ci illərin
"özünüqoruma və özünüyaşatma"
durumundan, 1996-cı ildən başlanan və 2010-cu ilə sona
çatan "davamlı inkişafa qədərki"
keçid dövrünün
dinamikasında yarada bilmişdir.
Milli maraq çərçivəsi
milli vəzifələrin əhəmiyyətinə və dərəcəsinə
görə sıralanır və tez-tez istifadə olunan "həyati
əhəmiyyətli maraqlar"
ifadəsi ilə ifadə
olunur. Azərbaycanın "Milli Təhlükəsizlik
Konsepsiyası"nda "həyati əhəmiyyətli
mühüm maraqlar" anlayışı öz əksini
tapmışdır.
Azərbaycan
Respublikasının milli təhlükəsizlik
konsepsiyasında göstərilir ki, milli maraqlar
xalqımızın fundamental dəyər
və məqsədlərini, habelə, insan, cəmiyyət və
dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi,
sosial və digər tələbatların məcmusudur və aşağıdakılardan ibarətdir:
* dövlətin
müstəqilliyinin və ərazi bütövlüyünün
qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığının təmin edilməsi;
* Azərbaycan xalqının
vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq
ideyasının təşviqi;
* vətəndaş
cəmiyyətinin formalaşdırılması, insan hüquq
və əsas azadlıqlarının təmin olunması;
* demokratik
və vətəndaş cəmiyyəti təsisatlarının
inkişafı, qanunun aliliyi, asayişin təmini yolu ilə
dövlətin funksiyalarının yerinə yetirilməsinin
gücləndirilməsi, əhalinin təhlükəsizliyinin
qorunması;
* beynəlxalq
öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizliyə, sabitliyə töhfə vermək
üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın
inkişaf etdirilməsi;
* bazar
iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının
təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması
məqsədi ilə daxili və xarici sərmayələr
üçün əlverişli şəraitin
yaradılması;
* təbii
sərvətlərdən tam səmərəli istifadə
edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin
qorunması, təhsil, elmi və texnoloji potensialın
artırılması yolu ilə xalqımızın gələcək
inkişafının, əhalinin layiqli həyat səviyyəsinin
və fiziki sağlamlığının təmin edilməsi;
* milli
özünəməxsusluğun və dünya azərbaycanlılarının
həmrəyliyin möhkəmləndirilməsi;
* xalqımızın mədəni-tarixi irsinin və
mənəvi dəyərlərinin qorunması, ümumbəşəri
dəyərlərlə zənginləşdirilməsi;
* özünüdərk,
vətənpərvərlik və milli iftixar hissinin, intellektual
potensialın inkişaf etdirilməsi.
Milli təhlükəsizlik
ölçüləri
Milli təhlükəsizliyin
təmin olunması müasir dövrdə istənilən
dövlətin daxili və xarici siyasətinin ən prioritet vəzifəsi
hesab olunur. Milli təhlükəsizlik ölçüləri
və milli maraq çərçivəsi dünyada texniki
nailiyyətlərin zəfər çaldığı və
qlobal inkişafın dönməz xarakter aldığı XX əsrin
sonlarına qədər daha çox ölkələrin
müstəqilliyinin, ərazi bütövlüyünün,
konstitusiya quruluşunun və suveren dövlət idarəçiliyinin
birbaşa xarici hücumlardan, hərbi müdaxilələrdən, cəmiyyət həyatı və
şəxsiyyətə qarşı qəsdlərdən, xəfiyyə
fəaliyyətindən və s. təhdidlərdən
qorunması kimi başa düşülürdüsə, qloballaşmanın
vüsət aldığı və ölkələrarası
sərhədlərin şəffaflaşdığı
müasir dövrdə bu anlayışa həm də:
* Regional münaqişə və
transmilli mütəşəkkillik cinayətkarlığı,
nəzarətsiz ərazi və silahlı və mütəşəkkil
silahlı dəstələrdən qaynaqlanan təhlükəsizlik
təhdidlərini;
* dövlətdaxili
ictimai həyatın (cəmiyyətin) milli, dini, sosial balansının, ölkənin
demoqrafik mühitinin pozulmasını və qanunsuz
miqrasiyanı;
* dövlətlərin
iqtisadi, siyasi, sosial, ərzaq,
enerji, ekoloji, nəqliyyat,
maliyyə və milli valyuta təhlükəsizliyinə
və makroiqtisadi mühitinə müdaxilə və xarici
aktorlardan asılı vəziyyətə salmanı;
* ölkələrin
informasiya-kommunikasiya sistemlərinə, ictimai rəyyaratma,
ideoloji və mətbuat vasitələrinə total xarici,
transmilli müdaxiləni və
geosiyasi təsiretməni;
* transmilli
beynəlxalq terrorizmi, kütləvi qırğın və digər
silahların nəzarətdən kənar yayılması,
narkotik maddələrin ticarəti və s. kimi milli təhlükəsizlik
sahələrini və s. aid edirlər.
Qloballaşmanın
dövlətlərin milli maraqlarının təmin olunması
yolunda yaratdığı müasir problemlər hər bir
ölkədən öz milli maraqlarını və milli təhlükəsizliyini
təmin etmənin xüsusi strategiyasını
yaratmağı və onu dönmədən həyata
keçirməyi tələb edir.
Milli təhlükəsizliyin təmin olunmasının əsas
vasitələri və resursları
Milli təhlükəsizliyinin
təmin olunması üçün dövlət
özünün həm daxili resurslarından, hən də,
xarici siyasət vasitələrindən- siyasi, iqtisadi, hərbi, təbliğat
və informasiya və s. istifadə
edir. Xarici siyasi fəaliyyətin
əsas vasitəsi ilk növbədə rəsmi diplomatiyaya qurumları hesab
olunur. Diplomatiya xüsusi institutların
timsalında və beynəlxalq hüquqa uyğun olan
çoxsaylı metod və vasitələrin köməyi ilə
dövlətin rəsmi xarici fəaliyyətini təşkil
edir və ona rəhbərlik edir.
Dövlətin malik olduğu iqtisadi
vasitələr qarşıya qoyulan məqsədlərə
nail olmaq üçün iqtisadi resurslardan istifadə etməyi
və xarici iqtisadi imkanlardan bəhrələnməyi nəzərdə
tutur. Çünki güclü iqtisadiyyata və maliyyə mənbələrinə
malik olmaqla dövlətin beynəlxalq aləmdə
öz mövqeyini möhkəmləndirməsi
mümkündür.
Hərbi vasitələr
özündə ordunu, onun sayını, silahlanmanın keyfiyyətini
birləşdirən
və silahlı qüvvələrdə mənəvi əhval-ruhiyyəni əks
etdirən dövlətin hərbi gücü aiddir.
Xarici siyasətin təbliğat və
informasiya vasitələrinə isə bütün müasir informasiya vasitələrinin
fəaliyyəti və xarici diaspora qurumlarının
imkanları daxildir.
Təhlükəsizliyin təmin
edilməsində ən çox istifadə olunan daxili resurs və
siyasət vasitələri dövlət orqanları və
qeyri-hökumət strukturları, siyasi partiyalar, vətəndaş
cəmiyyəti institutları, kütləvi informasiya vasitələti,
milli elita və s.-dir. Dövlət bu qurumların hər biri
ilə milli təhlükəsizlik naminə xüsusi iş
aparır və onların bəzi şərtlərini təmin
etməklə, imkanlarından milli təhlükəsizliyin təmin
olunması istiqamətində istifadə edir.
Azərbaycanın təhlükəsizlik
siyasətində daxili sabitlik və sərhəd təhlükəsizliyinin
təmin olunması, ölkədaxili miqrasiya, enerji,
nəqliyyat təhlükəsizliyi, fövqəladə idarəetmə,
ətraf mühitin və əhalinin
sağlamlığının mühafizəsi, informasiya təhlükəsizliyi
və s. məsələlərin də daim diqqətdə
saxlanılmasını tələb edir.
Əli Həsənov
Səs.- 2010.- 8 may.- S. 4-5.