Heydər Əliyev və Azərbaycan Konstitusiyasında insan hüquqları

 

İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. İnsan hüquqları ciddi elmi araşdırmaların predmetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkələrin Konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı, insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır.

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Olduqca qısa zaman kəsiyində müdrik rəhbərimizin dəmir məntiqi, silinməz dəsti xəttinin, zəngin həya təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünyn standarlarının tələblərinə tam dolğunluğu ilə cavab verən konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi- referendum yolu ilə qəbul olundu.

Konstitusiyanın qəbul ediməsi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmasında yeri bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı.

Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməsi olan, habelə, cəmiyyət üzvləri tərəfindən etibar edilən və etibar edilməsi mümkün sayılan bütün hüquqların, azadlıqların və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasıdır. Konstitusiyanın ən üstün və fərqli cəhətlərindən digəri budur ki, orada ictimai quruluş haqqında konkret müddəa yoxdur, iqtisadi münasibətlərin forma və inkişafını məhdudlaşdıran heç bir sədd müəyyən edilməmişdir. Bu da iqtisadi sahədə insan azadlığı və onun fəaliyyətinin sərbəstliyinə tam təminat verir.

Bu sənədin əsas dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövləti idarəetmənin prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir.

Azərbaycan Respublikası Konstitusiyasının təxminən üçdə biri (24-71-ci maddələr) məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur. “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan III fəsil məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və azadlıqların hər biri ətraflı şərh edir, onların reallaşdırılmasına təminat verir, müdafiəsi təsbit olunur. Yeni Konstitusiyamız hüquqları və azadlıqları pozulan insanları süründürməçilikdən, ötür-ötür oyunundan xilas edərək, 71-ci maddənin 7-ci bəndində, hüquqi dövlətin təbiətinə uyğun olaraq göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Bu o deməkdir ki, məhkəmədən başqa heç bir orqan həmin hüquqların pozulması ilə əlaqədar mübahisəni həll edə bilməz.

II Dünya müharibəsi başa çatdıqdan sonra qalib dövlətlər ABŞ prezidenti Ruzveltin təşəbbüsü ilə dövlətlər arasında sülh və bütün dünyada insan hüquqlarını təmin edə biləcək daimi beynəlxalq təşkilatı - Birləşmiş Millətlər Təşkilatını yaratmaq qərarına gəldilər. BMT-yə daxil olan ölkələr 10 dekabr 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdi (o vaxtdan 10 dekabr dünyada insan hüquqları günü kimi qeyd olunur). İnsan hüquqlarını dövlət mənafeyindən üstün tutan bu bəyannamə dünya dövlətlərini insan hüquqlarına görə cavabdehlik daşımağa çağırdı. Bəyannamədə ədalətli məhkəmə təhqiqatı hüququ, dövlət təqiblərindən gizlənmək, ölkəni tərk etmək, ölkəyə qayıtmaq, ailə qurmaq hüquqları, vicdan, söz, yığıncaq və şəxsi həyat azadlıqları; bərabər zəhmətə görə bərabər ödəniş hüququ, layiqli yaşayış səviyyəsi hüququ, cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ öz əksini tapmışdır.

BMT-yə daxil olan ölkələrin növbəti addımı bəyannamənin müddəalarının beynəlxalq sazişin müddəalarına çevrilməsindən ibarət olmuşdur. Beynəlxalq sazişlərin qəbul olunması sahəsindəki təşəbbüslər ancaq 18 il sonra “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt”ın imzalanması ilə nəticələndi. Bu paktları imzalayan ölkələrin sayı bu gün artıq 100-ü keçmişdir. Bir çox ölkələr hələ də bəyannamənin ayrı-ayrı maddələrini pozmaqda davam etsə də, açıq şəkildə ona qarşı çıxmağa heç kəs cəsarət göstərmir.

Bəyannamədə yazılmış olan və Azərbaycan Konstitusiyasında əksini tapan insan hüquqlarını təxminən bir neçə qrupa bölmək olar:

* Fərdi hüquqlar

* Prosessual

* hüquqlar

* Vətəndaş azadlıqları

* Siyasi hüquqlar

* Yaşamaq (ömür sürmək) hüququ

* İqtisadi hüquqlar 

* Sosial hüquqlar Mədəni hüquqlar

1966-cı ildə BMT Qərb ölkələrinin təşəbbüsü ilə insanların “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” və “Mülki və siyasi hüquqlar haqqında” Ümumdünya Bəyannaməsinin müddəalarını inkişaf etdirən paktları qəbul edir. Bu paktların artıq beynəlxalq müqavilə statusu var idi. İnsanların “Mülki və siyasi hüquqlar haqqında Pakt”da, bu sənədi imzalamış ölkələrdə insan hüquqları üzərində beynəlxalq nəzarət mexanizmi müəyyən edilmişdi. Bu paktlardan sonra BMT qadınların, uşaqların, dini azlıqların və b. hüquqlarının tapdalanması hallarının kökünün kəsilməsinə yönəldilmiş külli miqdarda paktlar və konvensiyalar qəbul edir. Bütün bu sənədləri Azərbaycan da imzalamışdır.

Dövlətə (adətən, bizim hüquqlarımızı pozan dövlət məmurlarına) etiraz etmək haqqı insan hüquqları ideyasının əsas müddəalarından biridir. İnsan hüquqları ictimaiyyət yox, fərdiyyət məsələsidir. Ona görə də insan hüququ anlayışı altında azlığın hüquqları yox, bu azlığa daxil olan konkret şəxsin hüquqları nəzərdə tutulur.

İnsan hüquqları iki əsas qrupa ayrılır: maddi hüquqlar və prosessual hüquqlar. Maddi hüquqlar insana məxsus olan bir çox hüquq və azadlıqlardır ki, buraya fikir azadlığı, vicdan azadlığı və seçki azadlığı daxildir. Prosessual hüquqlar insana məxsus hərəkət üsullarını və onlarla bağlı olan məhkəmə, prokurorluq institutlarını əhatə edir ki, həmin institutların köməyi ilə insan ədalətin bərpasına nail olur, cinayət törətməkdə ittiham olunarkən hakimiyyət qarşısında öz hüquqlarını müdafiə edir. Maddi hüquqlara hüquq və azadliqlar daxildir. Vətəndaş hüquqları dövlətin hər bir insan qarşısında eyni dərəcədə daşıdığı vəzifələrdir.

Vətəndaş azadlıqları şəxsi həyatımızla (məsələn, fikir azadlığı, vicdan azadlığı ilə, yığıncaq keçirmək, yer dəyişmək və ailə qurmaq hüququ ilə) bağlı olaraq, dövlət qarşısında qoyulmuş qadağalardır.

İnsan hüquqları hökumətin mənafeyi, ənəvi əxlaq anlayışı, cəmiyyətin iqtisadi maraqları ilə tez-tez toqquşur, amma hər dəfə insan hüquqları ilə digər dəyərlər arasında toqquşmalar baş verəndə üstünlük insan hüquqlarına verilir. Məhz buna görə, deyirlər ki, insan hüquqları digər dəyərlərdən daha üstün və əsasdır. Digər dəyərlərlə müqayisədə insan hüquqlarının bəziləri daha vacib və üstün sayılsa da, onlar hər halda mütləq hüquqlar hesab edilmir və başqa hüquqlarla toqquşmada olan müəyyən məhdudiyyət qoymaq olar.

Azərbaycan Respublikası öz dövlətdaxili hüquq normalarını beynəlxalq hüquq normalarına hörmət prinsipi üzərində qurmuşdur. Hələ 18 oktyabr 1991-ci il tarixli “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 19-cu maddəsində Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan etdi. Bu sonradan 12 noyabr 1995-ci il tarixli ümumxalq səsverməsi (referendumu) yolu ilə qəbul edilmiş, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində ümumxalq səsvermələri (referendumu) yolu ilə bir sıra dəyişiliklər edilmiş Azərbaycan Respublikası Konstitusiyasında daha da inkişaf etdirilmişdir. Bununla da, Azərbaycan Respublikasında dövlət tərəfindən öz üzərinə götürülmüş beynəlxalq öhdəliklərin milli hüquqi implementasiyası üçün adekvat konstitusiyon əsas yaradılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsində birbaşa göstərilir ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası ilə və referendumu qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Lakin qeyd etmək lazımdır ki, bu zaman məsələ beynəlxalq müqavilənin müddəaları ilə Azərbaycan Respublikasının normativ hüquqi aktları arasında mülkün ziddiyətləri həll etmək rolunu oynayır.

Hazırda müstəqil Azərbaycan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda aparılan hüquqi islahatlar da ölkəmizin regional lider imicinə uyğun şəkildə mühüm tərəqqiyə nail olur. Bütün bu nailiyyətlərin təməlində isə gələcəyə yönələn hüquqi “çərçivə” və ya “layihə” potensialı yüksək olan 1995-ci ilin “Heydər Əliyev Konstitusiyası” dayanır və hələ uzun illər boyu uğurla dayanacaqdır.

 

 

Siyavuş Novruzov

 

Səs.- 2010.- 8 may.- S. 6.