“AZƏRBAYCANIN BU GÜNÜ VƏ
GƏLƏCƏYİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN
ADI İLƏ BAĞLIDIR"
"SƏS" QƏZETİ ÜMUMMİLLİ
LİDER HEYDƏR ƏLİYEVİN 87-Cİ
İLDÖNÜMÜ İLƏ BAĞLI DƏYİRMİ
MASA KEÇİRİB
(Əvvəli ötən
sayımızda)
Bu gün ölkəmizin bütün
kənd və qəsəbələrində, rayon və şəhərlərində
xalqımızın ümummilli lideri Heydər Əliyevin 87-ci
ildönümü ilə bağlı tədbirlər
keçirilir. Bu tədbirlərdə
müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu
öndər Heydər Əliyevin xalq və dövlət
üçün gördüyü əvəzsiz işlər
bir daha faktlar və sənədlərlə qeyd olunur, Onunla
bağlı xatirələr səsləndirilir. “Səs” qəzeti mənim üçün ən əziz
qəzetdir” - deyən ümummilli liderimiz Heydər Əliyevin
tarixi müdrik etimadını qəzet bütün fəaliyyəti
ilə nümayiş etdirməyə çalışır.
Vaxtaşırı olaraq ulu öndərin ideyaları və fəaliyyəti
ilə bağlı müxtəlif səpgili tədbirlər
keçirir, dəyirmi masalar təşkil edir. Dahi
öndərin 87-ci ildönümü ilə bağlı “Azərbaycanın
bugünü və gələcəyi ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır” mövzusunda
keçirdiyi dəyirmi masa da ənənəvi tədbirlərin
davamı hesab olunur. Budəfəki dəyirmi masada Azərbaycan
Prezidenti Administrasiyasının Beynəlxalq Əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin
komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP)
İdarə Heyətinin üzvü Eldar İbrahimov, millət
vəkilləri Məlahət İbrahimqızı, Gülər
Əhmədova, YAP İdarə Heyətinin üzvü Kərim
Kərimov, YAP Siyasi Şurasının üzvləri Aydın
Hüseynov, Vilayət Əliyev, “Yeni Azərbaycan” qəzetinin
baş redaktoru Hikmət Babaoğlu, “Azərbaycan fermeri” qəzetinin
baş redaktoru Nuhəli Kərimov iştirak edirdilər.
Dəyirmi
masanı giriş sözü ilə açan “Səs” qəzetinin
baş redaktoru Bəhruz Quliyev ulu öndər Heydər Əliyevin
1969-cu ildən Azərbaycana rəhbərliyə gəldiyi
dövrdən həyatının sonuna qədər millət və
dövlət üçün gördüyü xeyirli, gərəkli
işlərdən konkret faktlarla çıxış etdi. Baş redaktor ulu öndərin
hakimiyyətdə olduğu illəri müxtəlif dövrlərə
ayıraraq, bu dövrlərin hər biri haqqında geniş və
əhatəli məlumatlar verdi. Bildirdi ki,
ümummilli liderimiz Heydər Əliyevin müstəqil
respublikamıza rəhbərliyi dövründə Azərbaycanda
dövlət idarəçiliyi sistemi tamamilə yenidən
qurulmuş, vətəndaş cəmiyyəti quruculuğunda,
demokratik proseslərin sürətlənməsi istiqamətində,
əhalinin sosial-rifah halının
yaxşılaşmasında, ordu quruculuğunda, təhsil, səhiyyə,
mədəniyyət və digər sahələrdə inqilaba
bərabər islahatlar həyata keçirilmişdir. Azərbaycanın dünya xəritəsində yeri və
rolu möhkəmlənmiş, beynəlxalq aləmdə
nüfuzlu aparıcı dövlətlərdən birinə
çevrilmişdir. B.Quliyev dəyirmi masa
iştirakçılarına ulu öndər Heydər Əliyevin
87-ci ildönümü ilə bağlı diskussiya xarakterli
müzakirələrin aparılmasının vacibliyini söylədi.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV BİZƏ
MÜDRİK SİYASƏTÇİ OBRAZINI XATIRLADIR
Aydın Hüseynov:
Ulu öndər
Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Ən zəngin və ən
mürəkkəb elmləri öyrənəndə, o elmi
müəyyən fəsillərə, hissələrə
bölürlər. Onun bütün həyatı,
addımları Azərbaycan xalqı üçün örnəkdir,
tarixdir və bütöv bir həyatdır. Heydər Əliyevin
həyatda və tarixdə qalacağı ən böyük
hadisə məhz müstəqil Azərbaycan dövlətini
qurmasıdır. Bu, Heydər Əliyevin fəaliyyətindəki
zirvədir. Həmin zirvəyə gələnə qədər
çox böyük keşməkeşli yollar keçib. Burada iki faktı qeyd etmək istərdim. 1993-1994-ci
illəri müqayisə etsək, görərik ki, həmin
vaxtlar ölkə büdcəsi tamamilə
boşaldılmışdı. Ölkədə
inflyasiyanın həddi keçmiş SSRİ məkanında ən
yüksək həddə çatmışdı. Ölkənin
ümumi daxili məhsulunun artım tempindən söhbət belə gedə bilməzdi. Ölkənin
əsas mikroiqtisadi göstəricilərinin hesablanması
çətinliklər yaradırdı. Onların hansı baza
üstündə ölçülməsi, hansı statistik məlumatların
ardıcıllaşdırılması və sistemləşdirilməsi
barədə problemlər var idi. İndi isə vəziyyət
tamamilə fərqlidir. Belə ki, dünyada iqtisadi
böhranın hökm sürməsinə baxmayaraq, Azərbaycanda
iqtisadi artım tempində 9,4 faiz qeydə alınıb. Digər
iqtisadi nailiyyətlərimiz də bunun fonunda daha qabarıq
görünür. Bu, nədən və haradan qaynaqlandı?
Ölkənin iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda
Heydər Əliyev belə bir devizlə çıxış
etdi: “İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir”. Həmin ərəfədə
bu məsələnin reallaşacağı çox paradoksal
görünürdü. Çünki biz iqtisadiyyatın güclü
olmasından yox, zəif iqtisadiyyatdan və onun aradan
qaldırılmasından danışa bilərdik. Lakin Heydər Əliyev dövlət idarəçiliyində
daim bir prinsipi üstün tutmuşdu ki, iqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir.
Çünki həmin dövrdə, O, Azərbaycanın gələcək
inkişaf perspektivlərini çox dəqiq şəkildə
müəyyənləşdirdi. Ölkənin gələcəyinin,
dövlətimizin inkişafının məhz iqtisadiyyatın
inkişafından asılı olduğunu önə çəkirdi.
Bizim hər birimiz Heydər Əliyevi mahir siyasətçi
kimi qəbul edirik və bu, belədir. Eyni zamanda,
iqtisadiyyatı təhlil etdikdə, görürük ki, Heydər
Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi,
onu proqnozlaşdırmağı və bütün
potensialları işə salmağı bacaran siyasətçi
obrazını xatırladır.
Şərqi Avropada birinci dəfə
olaraq, torpağın özəlləşdirilməsi porsesi
getdi. Sonra neft strategiyasının düzgün şəkildə
müəyyənləşdirilməsi və nəhayət,
bugünkü iqtisadi uğurlarımızın əsasında
məhz Heydər Əliyevin islahatlarının
dayandığı görünür. Bu gün neft sənayesindən
və neft strategiyasından danışarkən, aydın olur
ki, Onun apardığı fəaliyyət tamdır. Bir sözlə,
Onun Aəzərbaycan üçün etdiklərini
bütün detallarına qədər bilirik. Daha konkret desək,
Heydər Əliyev dünya səviyyəli siyasətçi
idi.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN
DÖVLƏTÇİLİK MƏKTƏBİ
BÜTÖVLÜKDƏ BİR AĞACDIR
Hikmət Babaoğlu:
- “Səs” qəzeti mənə doğma qəzetdir. Gözəl deyirlər ki, tarix keçmiş siyasət, siyasət bugünkü tarixdir. Biz tarixi öyrənib, əslində, o dövrdəki siyasəti öyrənirik. Tarixə diqqət yetirəndə, görürük ki, siyasi proseslər hərbi münaqişələrin, yəni siyasətin nəticəsi olaraq, baş vermiş hadisələrin xronologiyasıdır. İstər tarixi münaqişədən, istərsə də, siyasi kontekstdən yanaşanda, gözümüzün qabağında era canlanır. Bu, Heydər Əliyev erasıdır. Ən başlıcası ondadır ki, bu era bu gün də davam edir. Fiziki baxımdan Heydər Əliyev aramızda yoxdur, amma Onun qurduğu era davam edir. Hesab edirəm ki, bu, Azərbaycanda minlərlə illər boyunca davam edəcək. Çünki Azərbaycanın müstəqil dövlətçiliyinin əsaslarının, ideoloji prinsiplərinin yaranması, Azərbaycan cəmiyyətinin formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edək ki, dövlət qurmaq üçün, əlbəttə, ideoloji konsepsiya, elmi əsaslar lazımdır. Bu gün elan edirik ki, müstəqil dövlətimizin ən aparıcı, birləşdirici konsepsiyası Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq konsepsiyasıdır. Azərbaycançılıq konsepsiyası isə müstəqillik dövründən başlamayıb. Bu, 1969-cu ildən, ulu öndərin Azərbaycana hakimiyyətə gəldiyi illərdən başlayıb. Azərbaycançılıq imperiya şəhərinin azərbaycanlaşdırılması, neft sənayesi, digər sənaye müəssisələrinin qurulması və azərbaycanlı gənclərin əyalətlərdən Bakıya daşınması ilə başlayıb. Ən nəhayət, azərbaycançılıq konsepsiyası 1978-ci ildə, Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasından başlayıb. Bu amillər milli, siyasi, etnik münasibətlərimizin aparıcı, birləşdirici üzvü olan Azərbaycançılıq ideologiyasının əsasları və kökləridir. Heydər Əliyevin dövlətçilik məktəbi bütövlükdə bir ağacdır. Bunun kökləri dərinliklərə gedir.
Ulu
öndərin fəaliyyətindən danışarkən, onu
bütöv, tam şəkildə danışmaq
lazımdır. Bu dövrü üç yerə, 1969-1982-ci
illər, 1982-1987-ci illər, hətta yarımdövr kimi
ortadakı dövrü də xarakterizə etmək olar. Ən
nəhayət, müstəqillik dövrünə bölmək
olar. Lazım gələrsə, müstəqillik
dövrünün özünü bir neçə yerə -
1993-1995-ci illərə, 1995-ci ildən sonrakı dövrə
ayırmaq olar. Bu tarixi dövrlər Azərbaycan
xalqının möhtəşəm tarixidir.
Qeyd olunduğu
kimi, ulu öndər Heydər Əliyev, ilk növbədə,
Azərbaycanı sənaye ölkəsinə çevirməyə
başladı.
Azərbaycanı sənaye ölkəsinə
çevirməsi üçün məxsusi, məqsədyönlü
siyasət həyata keçirməyə başladı. O
dövrdə SSRİ büdcəsindən Azərbaycana
ayrılan vəsaitin məbləği çox kiçik həcmdə
idi. Heydər Əliyev Azərbaycan Mərkəzi
Komitəsinin birinci katibi seçildikdən sonra
respublikamıza ittifaq büdcəsindən ayrılan vəsait
dəfələrlə artırıldı. Bütün bunların hər birinin arxasında Heydər
Əliyevin titanik fəaliyyəti, rus şovinizmləri ilə
mübarizəsi dururdu. Ona görə də,
o dövr haqqında çəkinmədən, qətiyyətlə
danışmaq lazımdır.
Hərb olmasa,
dövlət olmaz. Bu baxımdan, Azərbaycanda hərbi
kadrların hazırlanması ilə bağlı ulu öndərin
xüsusi siyasəti var idi. Sovet hərbi sisteminin tərkibində
bu ali məktəblərin qurulmasına
baxmayaraq, onlar milliləşirdi. Bütün
bunlar ulu öndərin o dövrdəki fəaliyyətinin nəticəsi
idi. Yəni, müstəqilliyimiz birbaşa
ulu öndərin adı ilə bağlıdır. Dövlət yaratmaq, qurmaq olar, amma bu dövlətin
varisliyini təmin etmək çətin məsələdir.
Dövlətçiliyi ideoloji əsaslarla,
müvafiq struktur ilə təmin etmək olduqca mürəkkəb
məsələdir. Teymurləng də
dövlət qurmuşdu. O, ölmünə yaxın
üzünü Allaha tutub dedi ki, mən nə günah
etmişdim ki, mənə fərsiz övladlar verdin? O,
imperiyasının çökəcəyini əvvəlcədən
görürdü. Amma Heydər Əliyev elə
bir dövlət sistem qurdu ki, bu sistemin başında duran
siyasi varis Azərbaycan dövlətinin gələcəyini təmin
etdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli, iqtisadiyyatın inkişafı, Azərbaycan cəmiyyətinin sosial-siyasi strukturunun
formalaşması, etnik siyasi vasitəçiləri birləşdirəcək proseslərlə bağlı verilən qərarlar Onun uzaqgörənliyindən xəbər verir. Balanslaşdırılmış
siyasət sözünə hər kəs qəribə bir hiss
ilə baxırdı. Lakin 2008-ci ilin avqust ayının 7-də
Gürcüstan hadisələrinə baş verənə qədər.
Bu müharibədən sonra hamıya aydın oldu ki,
balanslaşdırılmış siyasət nə deməkdir.
Dahilik, uzaqgörənlik, xarizma, böyüklük, siyasi
liderlik məhz Onun yürütdüyü siyasətdə və
onun bariz nümunələrində özünü göstərir.
Hesab edirəm ki, xalqımız hələ uzun müddət
ulu öndərin Azərbaycan üçün etdiklərinin bəhrəsini
görəcək.
AZƏRBAYCAN YAŞADIQCA, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN
İDEYALARI DA YAŞAYACAQ
Gülər Əhmədova:
- Heydər Əliyev demişdi: “Mən sosialist ideologiyasına çox səmimiyyətlə inanırdım. Fikirləşirdim ki, doğrudan da, bütün yer üzündə olan insanlar üçün ən doğru və düzgün quruluşdu. Təəssüf ki, “KQB”-də işlədiyim dövrlərdə başa düşdüm ki, bu, heç də belə deyil. O zamandan etibarən Azərbaycanla bağlı fikirlərim tamam başqa istiqamətdə inkişaf etdi. Fəaliyyətdə olduğum dövrdə çalışdım ki, öz fikirlərimi həyata keçirim”. Yəni, bir insanın səmimi olması, həm də onun başının ucalığıdır. O, çox böyük ideoloq idi. Ən maraqlı məqam ondan ibarət idi ki, dünya tarixində şəxsiyyətlərə baxarkən, çox maraqlı şeylər ortaya çıxır. Bəzən insanlar çox gözəl natiq olurlar, bəlağətli nitqləri olur, amma idarəçilik baxımından, onların çox da imkanı olmur. Yaxud əksinə, insanlar çox gözəl ideoloji fikirə malik olurlar, ancaq onu xalqa çatdıra bilmirlər. Heydər Əliyev bu baxımdan istisna idi. Həm çox gözəl natiq, həm də böyük ideoloq idi.
Heydər Əliyevin diaspora
sahəsində apardığı ideoloji iş ən
maraqlı məqamlardan biri idi. Hamımız
çox gözəl bilirik ki, zaman-zaman bugünkü Azərbaycanın
sərhədlərindən kənarda soydaşlarımız
yaşayıblar və inqilabdan sonra köçüb gediblər.
İkinci Dünya müharibəsində əsir
olanlar isə Avropada qalıblar. İranda
yaşayan azərbaycanlılarımız da Azərbaycandakılardan
çoxdur. Bu insanlarda kosmopolit dünya
düşüncəsi var idi. Çünki
onlarda qarışıq nikahlar yaranmışdı, elə ailələr
var idi ki, atalar azərbaycanlı olsalar da, analar azərbaycanlı
deyildi. Yaşlı insanlarda dini haçalanmalar var
idi və s. Həmin dövrdə Azərbaycanda cəbhənin
irəli sürdüyü “Türkün türkdən
başqa dostu yoxdur” ideyası böyük əhəmiyyətə
malik idi. Bu baxımdan, Heydər Əliyevin Azərbaycançılıq
ideyası, nəinki Azərbaycanın müstəqilliyinin və
suverenliyinin qorunması üçün gözəl ideya, eyni
zamnda, ölkəmizdən kənarda yaşayan
soydaşlarımızın birliyi istiqamətində irəli
sürülən bir ideya idi. İş o yerə
çatdı ki, hətta vaxtilə Azərbaycandan
köçmüş, lakin azərbaycanlı olmayan yəhudilər
də bu birlik ətrafında birləşməyə
başladılar. Özlərini azərbaycanlı
adlandırmağa çalışırdılar. Düşünürəm ki, təkcə Azərbaycanın
dövlətçilik ənənələrinin qorunması
deyil, həmçinin, ölkəmizdə yaşayan
ayrı-ayrı xalqların vahid ideya ətrafında birləşməsi
ulu öndər Heydər Əliyevin diaspora sahəsindəki qələbəsi
idi. Bu gün dünyada fəaliyyət göstərən
Azərbaycan diasporalarının kökündə bu ideya o dərəcədə
yaşayır ki, bu, daha gözəl ideyalara gətirib
çıxaracaq. Azərbaycan yaşadıqca bu ideya
durmalıdır. Heydər Əliyevin siyasətini
insanpərvər və humanist siyasət adlandırmaq olar.
Çünki Onun ikinci dəfə siyasi hakimiyyətə gəldikdən
sonra ölüm hökmünü ləğv etməsi və
çoxsaylı əfv fərmanlarının verilməsi
xalqın yüksək əhvali-ruhiyyəsinə səbəb
olurdu. Şübhəsiz ki, insanın öldürülməsi
çox böyük bir qəbahətdir. Ümumiyyətlə,
Heydər Əliyev ümumi və milli-mənəvi dəyərlərə
sadiq şəxsiyyət idi. Eyni zamanda, Heydər
Əliyevin, konkret olaraq, Bibiheybət məscidini,
Mirmövsüm Ağanın ziyarətgahını və digər
bir sıra dini ocaqları əsaslı təmir etdirərək,
insanların rahat şəkildə ibadətlə məşğul
olmaları üçün yaratdığı şərait də
göz qabağındadır. Halbuki 1990-cı illərdə
ürəyində sovet hökumətinin xofu olan insanlar dini
işlərlə məşğul olmağa risq etmirdilər.
Onlar dini xadim adlandırılmaqlarından qoruxrdular. Lakin Heydər Əliyev bu işləri böyük
müdrikliklə gördü. Bu faktorların nəticəsidir
ki, Qərb mərkəzlərinin apadıqları müxtəlif
sorğularda Heydər Əliyevin yürütdüyü siyasət
xalq tərəfindən dəstəklənir. Bu gün də
bu siyasi xətti dövlət başçısı İlham Əliyev
davam etdirir. Mən hesab edirəm ki, Heydər Əliyevi Azərbaycan
dövlətinin özülüdür.
Nuhəli Kərimov:
- 1990-cı ilin əvvəllərində Azərbaycan elə bir xəstəliyə tutulmuşdu ki, onun sağalması mümkünsüz görünürdü. Belə bir məqamda
ölkə ziyalılarının düzgün istiqamətlənməsi
və xalqın bu istiqamətdə fəaliyyəti
mühüm rol oynadı. Bu da ulu öndər Heydər Əliyevin
Azərbaycan rəhbərliyinə dəvət olunması idi.
O, hər zaman Vətəninə, millətinə və
xalqına məhəbbəti olan bir şəxsiyyət idi. Xalqın Heydər Əliyevə olan istiyi Onun
xilaskarlıq missiyasını öz üzərinə götürməsinə
və layiqincə yerinə yetirməsinə gətirib
çıxartdı. Heydər Əliyevin də fikirlərinin
birində qeyd etdiyi kimi, O, ömrünün qalan hissəsini
xalqına bağışladı. O, bütün
varlığı ilə Azərbaycan xalqına xidmət
və onu düşdüyü ağır vəziyyətdən
xilas etdi. Beləliklə, ölkə müstəqilliyinin
möhkəm təməllər üzərində
qurulmasına zəmin yaratdı. Ona görə də, Heydər
Əliyevə xalqın böyük rəğbət və
ehtiramı əsassız deyil.
KÜBRA ƏLİYARLI,
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 8 may.- S. 8-9.