Azərbaycanın inkişaf modeli və ekoloji məsələlər

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin  başlıca istiqamətlərini isə müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edir. Dövlət müstəqilliyinin bərpasından və xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra, çox da böyük olmayan zaman kəsimində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyətli və gərgin fəaliyyəti nəticəsində, ağır şəraitə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur.

2009-cu ilin yekunlarına həsr edilmiş Respublika Nazirlər Kabinetinin 16 yanvar 2010-cu il tarixli iclasında ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bunu əyani şəkildə göstərmək üçün, sadəcə, iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın  təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır.”

 Respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissələrindən biri də ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi üçün görülən tədbirlərdir. Təsadüfi deyildir ki, 2010-cu il ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Ekologiya ili” elan edilmişdir ki, bu da ətraf mühitin və ekoloji vəziyyətin yaxşılaşdırılmasına göstərilən böyük diqqət və qayğının təzahürüdür.

Hazırda Azərbaycan Respublikası üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf  prinsipləri əsasında müvafiq dövlət proqramları çərçivəsində həll edilməsi  istiqamətində ardıcıl tədbirlər görülür.

Belə ki, ötən müddət ərzində, Azərbaycan Respublikası Prezidentinin  Sərəncamları ilə təsdiq olunmuş “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Hidrometeorologiyanın İnkişaf Proqramı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması  və səhralaşmanın qarşısının alınmasına dair” proqramlarda  nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamına əsasən yaradılmış modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa olunmuşdur. Bu istiqamətdə ötən  ildə gündə 2325 kubmetr çirkab sutəmizləmə gücünə malik 7 stansiya, ümumilikdə isə 2008-2009-cu illər ərzində gündə 6140 kubmetr çirkab sutəmizləmə gücünə malik 16 stansiya istismara verilmişdir.

“Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması üzrə bəzi tədbirlər haqqında” Sərancamına əsasən mərkəzləşmiş şəkildə təmiz suya çıxışı olmayan ucqar yaşayış məntəqələrinin qısa müddətdə təhlükəsiz içməli su ilə təmin edilməsi ilə əlaqədar 12 rayonun 122 kəndində işlər yekunlaşaraq  224 min əhali təmiz içməli su ilə təmin olunmuş, əlavə olaraq 18 rayonun 62 kəndində isə modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində işlər davam etdirilir.

“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə bağlı layihələr uğurla həyata keçirilir.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Texniki-İqtisadi Əsaslandırma hazırlanmış, Sədərək və Binə ticarət mərkəzləri köçürüldükdən sonra həmin ərazilərin yaşıllaşdırılması, təbii landşaftın bərpası və istirahət parkının salınması istiqamətində işlərə başlanmışdır.

 “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” və “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında” ölkə Prezidenti Sərəncamlarının icrası ilə əlaqədar olaraq, magistral avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının eroziyadan mühafizəsi məqsədilə Ələt-Hacıqabul istiqamətində magistral yolu ətrafında əvvəlki illərdə əkilmiş 172 min ədəd ağac-kollara ötən ildə göstərilən daimi qulluq nəticəsində 90 faiz bitişə nail olunmuşdur. Eyni nəticələr Bakının Heydər Əliyev Hava Limanı ilə birləşdirən yollarda da əldə edilmişdir. Zığ-Heydər Əliyev Hava Limanı yolu boyu 196 hektar ərazidə   mürəkkəb meşəbitmə şəraitində, neft məhsulları, yod, bromla çirklənmiş torpaqlarda salınmış əkinlərə lazımi xidmətin təmin edilməsi hesabına ağacların bitişi 80 faiz olmuşdur. Eyni zamanda,  Əzizbəyov dairəsi - Heydər Əliyev Hava Limanı yolu boyu 60 min ədədə qədər müxtəlif növ ağaclar əkilmiş, 50 min m2 sahədə qazon döşənmiş və müxtəlif abadlıq işləri aparılmışdır. 

Azərbaycan Respublikası Prezidentinin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlər aparılmaqdadır. Bununla bağlı Abşeron yarımadasının müxtəlif ərazilərində yaşıllaşdırma məqsədilə yerlər müəyyənləşdirilmiş, Bayıl yamacı - 20-ci sahə arası, Zığ gölü - Heydər Əliyev Limanı arası ərazilərin, Zığ gölü və ətrafının, həmçinin Səngəçal ətrafının yaşıllaşdırılması layihələri hazırlanmışdır. 

Sumqayıt şəhərinin ətraf mühitinin ciddi çirklənməsinə səbəb olan 56422 kubmetr civə tərkibli toksiki tullantılar 2007-2008-ci illərdə görülmüş tədbirlər nəticəsində Təhlükəli Tullantılar Poliqonuna daşınaraq zərərsizləşdirilmiş və bu proses ötən il də davam etdirilərək 11,6 min kubmetri zərərsizləşdirilərək tamamilə başa çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın və “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında”  müvafiq Sərəncamlarının icrası ilə əlaqədar Pirallahı- Sumqayıt sahil zolağı boyu 85 kilometrlik məsafədə Xəzər dənizinə antropogen təsir göstərən axarların Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq, təmizlənərək təkrar dənizə axıdılması məqsədilə 16 ədəd modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilmiş və parametrləri uyğun gələn axarlar qarşısında belə qurğuların quraşdırılması hazırda davam etdirilir.

Samur-Yalama Milli Parkının yaradılması ilə əlaqədar zəruri işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçən il xarici şirkətlərin iştirakı ilə açıq tender keçirilmiş, fevral-may aylarında Balakən-Zaqatala regionunda ölkə tarixində ilk biosfer qoruğun yaradılması ilə əlaqədar xarici ekspertlərlə birlikdə ilkin qiymətləndirmə işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 26 dekabr tarixli 109 nömrəli Sərəncamı ilə ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması təsdiq edilmişdir. Keçən ilin sentyabr ayında Zooloji Parkın dizayn, tikinti və inkişaf planı layihəsinin hazırlanması işlərinin satınalınması məqsədilə beynəlxalq səviyyədə tender keçirilmiş və qalib şirkət tərəfindən layihələndirmə işlərinə başlanılmışdır.    

Ölkə tarixində, ilk dəfə olaraq, ceyranların tarixi ərazilərinə reintroduksiya olunması və həmin ərazilərin mühafizəsinin təşkili məqsədilə Xızı-Abşeron rayonlarının ərazisində Dövlət Təbiət Yasaqlığının  yaradılması ilə əlaqədar ardıcıl tədbirlər həyata keçirilmişdir. Bundan əlavə, ötən  il ərzində, Naxçıvan MR ərazisində Arpaçayı Dövlət Təbiət Yasaqlığı, Lerik rayonu ərazisində Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.

Meşələrin bərpa olunması və artırılması üzrə nəzərdə tutulmuş tədbirlər aqrotexniki qaydalara uyğun texnoloji ardıcıllıqla həyata keçirilmişdir.  Belə ki,  ötən il 10 751 ha sahədə meşəbərpa işləri aparılmışdır ki, bundan da 3591 ha sahədə meşə əkini və səpini işləri yerinə yetirilmişdir. Tinglik sahəsində 57,49 ha ərazidə toxum səpilmiş, 25,88 ha sahədə 1180,78 min ədəd toxmacar və 12,54 ha sahədə 639,2 min ədəd çilik basdırılmışdır. Ağac və kol cinslərindən ibarət 143 400 kq-dan artıq toxum  tədarükü  olmuşdur.

Yanğın əleyhinə vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə yanğınlarının qarşısı demək olar ki, tam alınmışdır.

2009-cu ildə Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosistemlərində hidrometeoroloji və ekoloji tədqiqat işlərinin aparılması məqsədilə “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi” yaradılmış, avtomat meteoroloji stansiyalar qurulmuş, bütün kompleks alternativ enerji ilə təmin olunmuşdur.

ETSN-in ətraf mühitlə bağlı fəaliyyəti beynəlxalq əməkdaşlıq sahəsində də davam etdirilmişdir. Belə ki, bir sıra region dövlətləri, inkişaf etmiş dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığa dair sazişlər hazırlanmış və razılaşdırılma prosesləri həyata keçirilmişdir.

Eyni zamanda, Qlobal Ekoloji Fond, BMT-nin İnkişaf, Sənaye İnkişafı, Ətraf mühit proqramları, USAID, NATO, Ümumdünya Səhiyyə Təşkilatı, ATƏT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və s. bu kimi beynəlxalq təşkilatlarla ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq həyata keçirilmişdir.  

ETSN-nin tərəfindən, mütəmadi olaraq, əhalinin ekoloji maarifləndirilməsi, onların bu sahədə məlumatlılığının artırılmasına xidmət edən 800-dən artıq müxtəlif tədbirlər, o cümlədən, seminar, məşğələ, bilik yarışı, müsabiqə, treninq, eyni zamanda, KİV və QHT nümayəndələri üçün seminarlar təşkil olunmuş, 30-dan artıq QHT-nin iştirakı ilə ekoloji problemlərin həlli istiqamətində təklif və sorğular müzakirə edilmiş və onların həlli istiqamətində tədbirlər həyata keçirilmişdir.  Bakı, Gəncə və Qazax şəhərlərində Orhus İctimai Ekoloji İnformasiya Mərkəzləri yaradılmışdır.

Ölkə rəhbərliyi tərəfindən ekoloji məsələlərə ayrılan xüsusi diqqət və respublikamızın sosial-iqtisadi həyatında son illərdə əldə olunmuş yüksək  nailiyyətlər bundan sonra da ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində öz müsbət təsirini göstərəcəkdir.

 

 

Hüseynqulu Bağırov

 

Səs.- 2010.- 8 may.- S . 10.