Azərbaycan - Gürcüstan
dostluğunun müəllifi
Bu ümummilli liderimiz Heydər Əliyevdir
Məlum olduğu kimi, 1990-cı illərin əvvəlində Azərbaycanda, o cümlədən, Cənubi Qafqazın digər dövləti Gürcüstanda daxili vəziyyət gərgin idi. Hər iki dövlətdə eyni proseslər baş verirdi. Belə ki, hər iki ölkədə daxili hərc-mərclik, anarxiya hökm sürürdü, digər tərəfdən isə, torpaq işğal olunurdu. Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra vəziyyət normallaşmağa başladı. Ölkənin və bölgənin vəziyyəti heç də rəvan getmədiyi o gərgin günlərdə Ulu Öndər müntəzəm surətdə qonşu Gürcüstanda yaşayan soydaşlarımızın da taleyi ilə maraqlanır, onların dədə-baba yurdlarında qalıb yaşamalarının və ümumən Azərbaycanla Gürcüstanın dostluğunun qorunub saxlanmasının qeydinə qalırdı.
Mənim üçün çox xoş idi ki, ulu öndər bu sahədə şəmkirlilərin köməyinə arxalanır və qonşu ölkədəki soydaşlarımızın günü-güzəranının yaxşılaşdırılması üçün konkret tapşırıqlar verirdi.
Heç də təsadüfi deyil ki, cənab Prezidentin 2004-cü il Qurtuluş Günündə Şəmkir rayonuna səfərində şəmkirlilərin əməyini yüksək qiymətləndirərək demişdir: "Azərbaycanın ən çətin dövrlərində şəmkirlilər Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və dövlətçiliyimizin gücləndirilməsində arxa-dayaq olmuşlar."
Sovet imperiyası süquta uğradıqdan sonra Azərbaycan və Gürcüstan respublikaları azad, suveren və müstəqil dövlət kimi dünyanın bütün ölkələri və beynəlxalq təşkilatları tərəfindən tanındılar.
Bundan sonra, xüsusilə, 1993-cü ilin noyabrında Azərbaycan və Gürcüstan xalqlarının qədim dostluq və mehriban qonşuluq əlaqələrində, eləcə də, hər iki müstəqil ölkənin mədəni-iqtisadi inkişafında yeni dövr, yeni mərhələ başlanmışdır. Ulu öndər Heydər Əliyevin uzuqgörən siyasəti sayəsində Şəmkirin qədim tarixinə daha bir şərəfli səhifə də əbədlik həkk olundu: Şəmkir-Gürcüstan dostluğu! Bunun da memarı Ulu öndərimiz idi. O zaman bu dostluğun yolu od-alov içindən keçirdi.
XIX əsrin sonlarında və XX yüzilliyin əvvəllərində Tiflis şəhəri Zaqafqaziyanın mədəni mərkəzlərindən biri sayılırdı. Azərbaycanın da çoxlu ziyalısı burada yaşamış, yazıb-yaratmışdı. Tbilisi şəhəri həm də Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə, azadlıq fədailərinin sığınacaq məkanlarından birinə çevrilmişdi. İlk öncə, Mirzə Fətəli Axundovun geniş və yaraşıqlı evində müəyyən təmir-bərpa işləri aparılaraq, azərbaycanlıların mədəniyyət mərkəzinə çevrildi. Sonra Nəriman Nərimanovun doğma ocağı erməni əsilli nankorlardan təmizləndi. Mirzə Cəlilin mənzilində, "Molla Nəsrəddin" jurnalının redaksiyasında, "Qeyrət" mətbəəsində təmir-bərpa işləri aparılaraq, xatirə muzeyləri yaradıldı. Gürcüstan-Azərbaycan mədəni əlaqələr cəmiyyətinin nəzdində İbrahim İsfahanın adına teatrın fəaliyyəti bərpa olundu. Az qala unudulmaqda olan bu səhnə fədaisinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Cümə məscidinin qənşərində böyük sənətkarın yaşadığı binaya xatirə lövhəsi vuruldu.
Ən əsası isə Tbilisidəki səfalı Nəbatat bağında iki yüz kvadratmetrdən çox ərazi abadlaşdırıldı. Azərbaycanlı şəxsiyyətlərin əbədiyyətə qovuşduğu bu müqəddəs yer əsil ziyarətgaha çevrildi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun büstü bərpa edildi. Unudulmaz şairimiz Mirzə Şəfi Vazehin qəbirüstü abidəsi ucaldıldı. Görkəmli ziyalı Həsən bəy Ağayevin məzarı əsaslı surətdə abadlaşdırıldı.
Qədim müsəlman qəbiristanlığında Tiflis ədəbi mühitindən çıxmış, müstəqil Azərbaycan dövlətçiliyi uğrunda mübarizə aparmış insanların, tanınmış elm və mədəniyyət nümayəndələrinin, ictimai-siyasi xadimlərin adları yazılmış fəxri guşə yaradıldı. Zərli boya ilə "Azərbaycan övladları" sözləri yazılmış mərmər lövhədə öz dövrünün adlı-sanlı ziyahları, böyük şəxsiyyət kimi tanınan soydaşlarımızın: Mirzə Şəfı Vazeh, Mirzə Fətəli Axundov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Əliqulu Qəmküsar, Hüseyn Əfəndi Qayıbov, Eynalı bəy Sultanov, Behbudağa Şahtaxtinski, Nazlı xanım Məmmədquluzadə, Müzəffər Nərimanov və onlarca başqalarının adları həkk olundu. Bütün bunlar bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və tövsiyəsi ilə həyata keçirilirdi.
1996-cı il mart ayının 9-da cənab Heydər Əliyev Fətəli Xan Xoyskinin büstünün açılışında şəxsən iştirak etdi. Həmin dövrdə Həsən bəy Ağayevin məzarı aşkar edildi və büstü qoyuldu. Bu cür genişmiqyaslı əlaqəli-əhatəli problemlərin həlli ilə yanaşı, dövlətimizin başçısı hər bir ziyalının, hər bir soydaşımızın qeydinə qalır, onun taleyi ilə maraqlanırdı.
Müdrik Heydər Əliyev iki qonşu xalq arasında mehribanlığın, səmimi dostluğun, əlaqə-ünsiyyətin günü-gündən inkişafı üçün mümkün olan hər bir tədbirdən istifadə edirdi. Həyatın hər sahəsində, istər mənəvi münasibətlər, istərsə də ədəbi-mədəni əlaqələr getdikcə genişlənirdi. Məhz dövlətimizin başçısının yeritdiyi müdrik siyasət sayəsində görülən işlərdən biri də bu oldu ki, Eduard Şevardnadzenin "Mənim seçimim" kitabı gürcücədən Azərbaycan dilinə, "Azərbaycan-Gürcüstan-Dostluğumuzun təntənəsi" adlı məqalələr toplusu isə azərbaycancadan gürcü dilinə çevrilərək nəşr olunub. Görkəmli türk publisisti İrfan Ülkünün ulu öndər Heydər Əliyevin həyatından bəhs edən "Qızıl ulduzdan hilala doğru" əsəri türk dilindən, "Əsrin adamı", habelə, Mir Cəlalın "Bir gəncin manifesti" əsəri, Aşıq Ələsgərin "Qoşmaları"nı
Azərbaycan dilindən gürcü dilinə tərcümə edilib, gürcücü-azərbaycanca lüğətlər nəşr olunub, Nodar Dumbadzenin "Mən günəşi görürəm" adlı əsəri, Quram Rançikidzenin "Saf daş" romanı, Çansuq Çarkvianinin "Mən və mən" şeirlər kitabı, Moris Posxişvilinin "İki məhəbbət" poeması, İmir Məmmədlinin " Peyğəmbərin kəlamları" toplusu və 50-dən çox kitab Azərbaycan oxucusuna çatdırılıb.
Bütün bu sosial-mənəvi məsələlərlə yanaşı, ulu öndər Heydər Əliyev bir sıra beynəlxalq əhəmiyyətli problemlərin, möhtəşəm proqramların həyata keçirilməsində də qonşu Gürcüstan Respublikasının maraqlarına xüsusi önəm verirdi. Uzun illər cənab Heydər Əliyevlə çiyin-çiyinə çalışmış Eduard Şevardnadze öz "Memuarlar"ında ulu öndərimizin bu tarixi xidmətlərini minnətdarlıqla xatırlayaraq, yazır ki, "Əliyev enerjidaşıyıcılannın əsas marşurutunun Gürcüstandan keçməsi üçün əlindən gələni əsirgəmədi. Və mən də ona sədaqətli oldum".
Şevardnadze daha bir xatırlatmasında bildirir: "1998-ci ilin 9 fevralını yaxşı xatırlayıram. Həmişəki kimi, Prezident Aparatından çıxıb igamətgahıma tərəf gedirdim, gecə saat 23 idi. Enerji daşıyıcılarının Gürcüstandan keçməməsi üçün mənə qarşı terror aktı törədildi.
Terror aktının ikinci günü tədbir keçirirdim. Köməkçim bildirdi ki, Yeltsin zəng edib, getdim və söhbət etdim. Xilas olmağım münasibəti ilə təbrik etdi və necə olmağımla maraqlandı, təşəkkür etdim. Onun zəngi məni təəccübləndirdi. Bir insan kimi çox şey bizi bir-birimizlə bağlayırdı. Hətta bir şəxsiyyət və dövlət xadimi kimi qarşımda borclu idi.
Sağollaşmaq istəyərkən dedi:- gözlə, tələsmə, işim var, bir azdan isə mənə dedi: "Bilirəm siz Xəzər dənizinin neft və qazının Qərb istiqamətində ixrac olunmasında maraqlısınız. Onu bilin ki, bu, Gürcüstandan keçməklə baş tutmayacaq". Soruşdum niyə? cavab verdi ki, enerji daşıyıcılarının ixracı Gürcüstan ərazisindən deyil, Rusiya ərazisindən keçəcək.
Mən isə rahat idim. Bakı-Supsa neft borusu tezlikli fəaliyyətə başlamalı idi. Bakı-Tibilisi-Ceyhan neft boru kəmərinin çəkilişi isə artıq razılaşdırılmışdı.
Bakı-Tibilisi-Ərzurum qaz kəməri layihəsi üzərində isə işlər aparılırdı. Ona görə də, Yeltsinlə höccətləşmədim. Demədim ki, kiçik Gürcüstandan nə istəyirsiniz? Gürcüstanın nə nefti var, nə də qazı. Özünə ona görə, heç nə demədim ki, məsələ artıq həll olmuşdu. Əsas məsələ o idi ki, Rusiya nə qədər hədələsə də, Gürgüstanın maraqlarına xəyanət edə bilməzdi və mən Heydər Əliyevə verdiyim sözdən dönməzdim. Bizə dəstək olan Amerika və Türkiyəyə arxa çevirə bilməzdim.
Bakı-Supsa ilkin neft borusu tez bir zamanda, 6-7 ay ərzində inşa olundu. Bakı-Tibilisi-Ceyhan neft boru kəmərinin tikilişi beynəlxalq maraqlara, eləcə də, ABŞ və Türkiyənin aktiv dəstək obyektinə çevrilməsinə səbəb oldu və Gürcüstana çox əhəmiyyətli bir beynəlxalq funksiya qazandırdı. Bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Gürcüstan-Azərbaycan dostluğu yolunda yaratdığı ulu körpünün qızıl kərpicləri sayıla bilər. Bu dostluq bədxah qonşularımız istəsələr də, istəməsələr də, getdikcə möhkəmlənir və yenilməz qüvvəyə çevrilir.
2007-ci ilin may ayında Tbilisidə Heydər Əliyevin büstünün təntənəli açılış mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili tarix reallıqlarına söykənən çıxışında demişdir: "Regionumuzun geosiyasəti məhz Heydər Əliyevin siyasətindən sonra dəyişdi. Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, müasir Azərbaycan millətinin atasıdır. Sıx birləşmiş Azərbaycan, dost Azərbaycan, uğurlu Azərbaycan isə Gürcüstanın özünün daxilində inteqrasiya və müvəffəqiyyətin ümumi gələcəyimizin rəhnidir."
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş nəcib ənənə davam edir. Eduard Şevardnadzenin dediyi kimi: "Bu gün Heydər Əliyevin işini və ölkəmizin qardaşlıq ənənələrini Onun oğlu böyük ziyalı və dünyadamiqyaslı dövlət xadimi İlham Əliyev davam etdirir. O, atasının irsinə dəyərli şəkildə başçılıq edir və Azərbaycanda, eləcə də, Gürcüstanda böyük inam və nüfuz qazanıb".
Dövlətimizin başçısı İlham Əliyev və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə yeritdiyi siyasi kursa sadiq qalaraq Gürcüstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirilməsi üçün böyük işlər görürlər, azərbaycanlılar yaşayan bölgələrdə məktəblər təmir edilir, yollar abadlaşdırılır, körpülər salınır, su və qaz problemləri aradan qaldırılır. Hər il Azərbaycan dilində yüzlərlə dərslik, kompyuter və digər avadanlıq göndərilir.
Soydaşlarımızın adı ilə bağlı olan bir guşənin abadlığı və əbədiliyi üçün lazımi qayğı və köməklik göstərilir. Bir sözlə, Gürcüstan-Azərbaycan dostluğunun tarixinə hər il yeni-yeni səhifələr yazılır. Bu isə, ilk öncə, dahi Heydər Əliyev kursunun bəhrəsidir. Bütün bunları yada saldıqca, böyük siyasətçi Eduard Şevardnadzenin müdrik sözləri yada düşür: "Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək".
Aslan Aslanov
Səs.- 2010.- 8 may.- S. 11.