Yüz illər ötsə də, Heydər Əliyev nuru daim Azərbaycana işıq saçacaq

 

Milli Məclisin deputatı Fəttah Heydərovun yap.org.az-a müsahibəsi

 

- Fəttah müəllim, mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd olunacaq. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixinə xüsusi dəst-xətti ilə düşən böyük siyasətçidir. Sizin Böyük Öndərlə bağlı xatirələrinizi bizimlə bölüşməyinizi istərdik...

- Həqiqətən də, mayın 10-u xalqımız üçün böyük bir bayramdır. Çünki bu gündə dünyaya gələn Heydər Əliyev Azərbaycan dövlətinin, xalqımızın, millətimizin azadlıq sevgisinin memarıdır. Ümummilli Liderimiz Heydər Əliyev bütün həyatını, varlığını öz mənsub olduğu doğma xalqına həsr edib. Dünya siyasətində böyük şəxsiyyətlər çoxdur. Amma xalqının tarixinə çevrilən, millətinin, dövlətinin adı çəkilən kimi yada düşən siyasi xadimlər nadirdir. Heydər Əliyev məhz belə şəxsiyyətdir. Bu gün Ümummilli Liderimizi xatırlayanda gözümüzün önündə canlanan ilk tablo da müstəqil Azərbaycandır. Ulu Öndərimiz Azərbaycanın müstəqilliyinin əldə olunmasında, dövlətçilik ənənəsinin yaradılmasında, dövlətin qurulmasında, qorunub saxlanılmasında, əbədi olaraq bu xalqın, torpağın yadelli işğalçıların əlinə düşməməsi üçün bütün zəkasını, gücünü, nüfuzunu səfərbər etdi. Heydər Əliyev dünyanın XX əsrdə Tanrı tərəfindən yaradılan ən nurlu insanlardan biri idi. Heydər Əliyev üçün əsas prinsip insanlara yaxşılıq, onlara düzgün yol göstərmək, dövlətin güclənməsi, vətəndaşın öz torpağına, xalqına qarşı məsuliyyətini hiss etməsi idi.

Mənim Ulu Öndəri şəxsən tanımağım 1968-ci ilə təsadüf edir. O zamanlar gənc, milli təhlükəsizlik orqanlarında general rütbəli ilk azərbaycanlı kimi çox məşhur idi. Ölkəmizdə hər kəs Heydər Əliyevlə fəxr edirdi. İlk tanışlığımız 1968-ci ildə Naxçıvanda keçirilən tədbirdə oldu. Həmin tədbirdə insanlar Heydər Əliyevi general rütbəsi ilə təltif olunması münasibətilə böyük məhəbbətlə təbrik edirdilər. Çünki Heydər Əliyev Azərbaycanda milli təhlükəsizlik orqanlarında işləyərkən vətənimizin ziyalı insanlarına, vətəndaşlarına qarşı hər zaman böyük diqqət və qayğı ilə yanaşırdı. Az bir müddət keçəndən sonra 1969-cu ilin iyul ayında Heydər Əliyevin Azərbaycana rəhbər vəzifəyə gətirilməsi şəxsən məni və mənim kimi minlərlə insanı çox sevindirdi. Çünki Heydər Əliyev hakimiyyətə gələn zaman Azərbaycan keçmiş ittifaq respublikaları arasında ən geri sıralarda idi. Ölkəmiz əsasən aqrar ölkə kimi tanınırdı. Ulu Öndərin ilk məqsədi respublikamızı ən qabaqcıl sıralara yüksəltmək idi. Heydər Əliyev qısa müddətdə bütün sahələrin inkişaf konsepsiyasını hazırlayaraq həyata keçirməyə başladı. Mən özümü xoşbəxt insanlardan biri hesab edirəm ki, Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Belə ki, vilayət partiya komitəsində təminatçı vəzifəsindən 1970-ci ildə Ordubad rayonunun ikinci katibi kimi məsuliyyətli vəzifəyə irəli çəkildim. 6 il həmin vəzifədə işləyərkən Ulu Öndərin ideoloji sahədə gördüyü böyük işlərin şahidi oldum. Böyük Öndərin keçirdiyi bütün toplantılarda iştirak etmişəm. 1978-ci ildə Ordubad rayon partiyasının I katibi, sonra Culfanın I katibi işləyərkən Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi tədbirlərin iştirakçısı olmuşam. Dəfələrlə onun qəbulunda olmuşam və hər dəfə rayonda olan vəziyyəti soruşmaqla, ümumi işlərin hesabatını dinləməklə yanaşı, o qədər düzgün tapşırıqlar, uzaqgörən məsləhətlər verirdi ki, məhz bu layihələr nəticəsində həmin rayonlarda kompleks inkişaf əldə olunurdu. Azərbaycanda həmin illər ərzində çox böyük işlər görüldü. Ölkəmiz, demək olar ki, ittifaq respublikaları arasında axırıncı yerlərdən ön sıralara yüksəldi. Heydər Əliyev millətinə bağlı şəxsiyyət idi. Ümummilli Liderimizin xalqına olan məhəbbəti insanların rifahının yüksəlməsi, onun dünyanın digər inkişaf etmiş xalqları səviyyəsinə qaldırılması üçün gördüyü işlərdə öz təzahürünü tapırdı. Bu səbəbdən, Azərbaycan həmin qısa dövrdə öz müstəqilliyini təmin edəcək uzun bir yol keçdi.

- Məhz əsası 1969-cu ildə qoyulan bu inkişaf yolu sonradan Azərbaycanın artıq ittifaq səviyyəsində yüksək inkişafa malik respublikaya çevrilməsinə gətirib çıxardı. 1982-ci ildə Ulu Öndər Moskvaya çağırıldı və keçmiş SSRİ-nin rəhbər vəzifələrindən birinə təyin olundu. Bu uğur ölkəmizin həyatına hansı özəllikləri ilə düşdü?

- Ulu Öndər Heydər Əliyevin Azərbaycanda qazandığı uğurlara görə irəli çəkilərək Moskvada SSRİ rəhbəliyində təmsil olunması həm xalqımız, həm də dövlətimiz üçün böyük nailiyyət idi. Heydər Əliyev zəkası o zaman azərbaycanlılara qarşı elə də müsbət münasibətdə olmayan ittifaq rəhbərlərini tərksilah etmişdi. Heydər Əliyev SSRİ miqyasında böyük layihələrin məhz Azərbaycanda reallaşmasına nail oldu. Qısa müddət ərzində, artıq xalqımız dünyada tanınmağa başlamışdı. Çünki dövlət rəhbəri kimi bir sıra böyük dövlətlərin nümayəndələri ilə görüşdə Heydər Əliyev zəkası, siyasi peşəkarlığı hər bir kəsi heyrətə salırdı. Hər bir kəs bu böyük siyasi xadimin hansı millətin nümayəndəsi olmasıyla maraqlanırdı. Hətta bəziləri tanımadığı “Azərbaycan” adı eşidəndə təəccüblənirdi. Məhz bu irəliləyiş, bu uğur sonradan SSRİ rəhbərliyini təşvişə, qorxuya saldı. Elə bu qorxunun təsiri altında da Mixail Qorbaçovun rəhbərliyi ilə Heydər Əliyevə qarşı kampaniya başlandı. Hətta Ümummilli Liderə Bakıya qayıtmağa da imkan verilmədi.

- 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində SSRİ uçurumun bir addımlığında dayandı. Belə bir çətin dövrdə Heydər Əliyevə qarşı nə qədər təxribatlar törədilsə də, çətinliklər yaradılsa da, Ulu Öndər xalqının yanında yer aldı. O çətin günlərdə xalqı Heydər Əliyevdən yenidən xilaskar qismində dövlətin qurulması üçün ağır bir missiyanı yerinə yetirməyi xahiş etdi.

- Həmin illər çox ağır, çətin və qorxulu illər idi. Əsas qorxu əldə olunan müstəqilliyin itirilməsi idi. O dövrdə Azərbaycanın başına böyük fəlakətlər bir-birinin ardınca gəlirdi. Xüsusilə, Heydər Əliyevin Moskvada olması, ölkədə yaranan xaosdan istifadə edərək dövlətin idarəçiliyini ələ alan qeyri-peşəkar insanların səriştəsiz fəaliyyəti ölkəni iflic vəziyyətə salmışdı. Daxili qeyri-sabitliklə, özbaşınalıqla yanaşı, ölkəmiz mənfur ermənilər tərəfindən təcavüzə uğradı, rayonlarımız işğal olundu. 1990-cı ilin 20 yanvarında isə xalqımıza qarşı əsrin ən böyük cinayətlərindən biri törədildi. Dağlıq Qarabağa qarşı təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal edildi, 20 mindən çox insan şəhid, 30 mindən artıq adam isə əlil, şikəst oldu. Belə ağır bir zamanda, Heydər Əliyev öz həyatını təhlükə altına alaraq xalqı ilə birgə olduğunu bəyan etdi. Məhz Ulu Öndərin səsi Kremlin ölkəmizin ətrafında yaratdığı informasiya blokadasını yardı. Öncə Naxçıvanı çətin durumdan xilas edən Ulu Öndər, 1993-cü ildə xalqın təkidi və tələbi ilə Bakıya qayıtdı. Beləliklə, Azərbaycanın dövlətçiliyi, millətimiz və vətənimiz xilas oldu. Azərbaycan yenidən dinamik inkişaf tempi əldə etdi. Ən əsası isə, SSRİ dövründə başlanan və məhz müstəqilliyimizə hesablanmış layihələr davam etdirlidi, müstəqil dövlətimiz yaşadı. Artıq qarşıdakı məqsəd dövlətin qurulması, dövlətçilik ənənəsinin yaradılması, dövlət idarəçiliyi institutlarının formalaşdırılması və müstəqil ölkəmizin qanunvericilik bazasının təşkili idi. Bütün bunlarla yanaşı, müstəqil Azərbaycan dövlətinin xarici siyasət kursu formalaşdırıldı. Ulu Öndər bu vəzifələrin öhdəsindən ləyaqətlə gəldi. Azərbaycanda müstəqilliyin əbədiliyini, dönməzliyini təmin edən dövlət quruluşu yaratdı.

- Həmin dövrlərdə ölkədə böyük bir qarşıdurma yaranmışdı. Heydər Əliyev zəkası ölkəmizi bu problemdən də xilas etdi. Məhz Ulu Öndərin səyi nəticəsində Azərbaycanda hüquqi dövlət quruldu. Bugünkü demokratik prinsiplərə sadiq vətəndaş cəmiyyəti, inkişaf etmiş və sabit Azərbaycanın təməli məhz 1993-cü ilin yayında atıldı.

- Bəli, Heydər Əliyev Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısını almaqla, sabitlik yaratmaqla yanaşı, müstəqil və qanunlarla idarə olunan Azərbaycanın təməlini qoydu. Məhz bu addım Azərbaycanın müstəqilliyini əbədiləşdirdi. Ulu Öndər bu vəzifənin öhdəsindən layiqincə gəldi. Məhz Onun sayəsində ölkəmizdə sivil siyasi münasibətlər yarandı. Bu gün ətrafımızda baş verən hadisələri təhlil edərkən, Qırğızıstanda, Gürcüstanda və başqa ölkələrdə baş verənlərə diqqət yetirərkən, hüquqi dövlətin təməlinin möhkəmliyinin böyük əhəmiyyətə malik olduğunu görürük. Səhv bir addım xalqı və dövləti bəlaya sürükləyə bilər. Necə ki, Azərbaycan 1990-93 ilin yayına qədər bu uçuruma tərəf addımlayırdı.

- Təbii ki, bu qədər ağır vəzifələrin yerinə yetirilməsində ən əsas şərtlərdən biri də böyük siyasi xadimin şəxsi keyfiyyətləri idi.

- Əlbəttə. Liderlik xüsusiyyəti ən böyük şəxsi keyfiyyətdir. Heydər Əliyevdə liderlik üçün bütün xüsusiyyətlər vardı. Ulu Öndərimizin mərdliyi, qorxmazlığı, cəsarəti, qətiyyəti, yüksək tələbkarlığı, dövlətçilik, Azərbaycan xalqının rifahı uğrunda apardığı davamlı mübarizə buna misal göstərilə bilər. Bütün bunlarla yanaşı, Heydər Əliyevdə, yaşından asılı olmayaraq, körpəsindən ağsaqqalına qədər hər bir kəsə olan isti münasibəti böyük əhəmiyyət kəsb edirdi. Heydər Əliyev insanları, xalqını çox sevirdi. Bu mehribanlıq və sevgi ilə yanaşı, xalqının düşmənlərinə qarşı aparılan sərt mübarizəsi əsil sərkərdəlik qabiliyyətindən irəli gəlirdi. SSRİ-nin süqutundan sonra ittifaq respublikalarının əksəriyyəti Müstəqil Dövlətlər Birliyində yenidən tərəfdaş oldular. Amma diqqət yetirsək, görərik ki, bəzi dövlətlərdə aparılan səhv siyasət hansı ağır nəticələrə yol açıb. Azərbaycanda isə iqtisadi durum ildən-ilə daha yüksək səviyyəyə yetişir. Bir sözlə, yüz illər ötsə də, Heydər Əliyev nuru daim Azərbaycana işıq saçacaq.

- Ulu öndərimizin xalqımızın qarşısındakı ən böyük xidmətlərindən biri də möhkəm təməllər üzərində qurulan bu dövlət siyasətinin davam etdirilməsi ilə bağlı siyasi varis yetişdirmək oldu. Bu gün Heydər Əliyev siyasi kursunun həyata keçirilməsi haqqında nə deyə bilərsiniz?

- Heydər Əliyev təsəvvür edilə bilməyəcək qədər dahi şəxsiyyət idi. Həqiqətən də, Ulu Öndərin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək yeganə lider Prezident İlham Əliyev cənablarıdır. Ulu öndər həm də bir Ata kimi öz övladını bu böyük vəzifənin icrasına layiq gördü. Bəli, bu çox ağır bir vəzifə idi. Amma Prezident İlham Əliyev bu ağır və məsuliyyətli vəzifənin öhdəsindən uğurla gəldi. Heydər Əliyev Azərbaycanda dövlətçilik məktəbi yaratdı. Bu məktəbi bütün varlığı ilə mənimsəyən cənab İlham Əliyev, özündə böyük fəlsəfi məna daşıyan azərbaycançılıq ideyası əsasında ölkəmizdə vətəndaş birliyini daha da möhkəmləndirib. Digər tərəfdən, xarici siyasət kursumuz olduqca uğurla inkişaf etdirilir. Superdövlətlər bizimlə iqtisadi-siyasi əlaqələr qurmaqda maraqlı olduqlarını aşkar şəkildə bildirirlər.

 

 

Səs.- 2010.- 8 may.- S. 13.