Paytaxtda möhtəşəm
Gül bayramı keçirildi
Ulu öndərimiz
Heydər Əliyevin
87-ci ildönümü ilə
bağlı keçirilən
bayram tədbirində
on minlərlə insan
iştirak etdi
Dünyanın hər yerində,
eləcə də, Azərbaycanda xalqımızın
ümummilli lideri, dünya şöhrətli
siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Bakıda, ulu öndərin adını daşıyan
sarayın qarşısındakı
parkda möhtəşəm
Gül bayramı təşkil edilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Gül bayramında olublar.
Prezident İlham Əliyev və xanımı ulu öndərin abidəsini ziyarət ediblər, gül-çiçəyə qərq
olmuş parkın gözəlliyi ilə tanış olublar. Dövlətimizin başçısı
və xanımı ümummilli lider Heydər Əliyevin güllərdən yığılmış
portreti önündə
xatirə şəkli
çəkdiriblər. Prezident
İlham Əliyev və ailə üzvləri güllərdən
hörülmüş nağıl
şəhərciyinə, milli
musiqi alətlərimizə
- tar, kamança, qaval, saz və
qoşa nağaraya maraqla baxdılar. Prezident İlham Əliyev və ailə üzvləri gül-çiçəyə qərq
olmuş parkın gözəlliyini seyr ediblər. Müxtəlif çiçəklərdən
toxunan "xalça"lar, türk dünyasının böyük
oğlu Heydər Əliyevin portreti orijinallığı ilə
göz oxşayırdı.
Xarici ölkələrdən
gətirilmiş və
Azərbaycanda yetişdirilmiş
cürbəcür çiçək
və güllərdən,
bitkilərdən, yarpaqlardan
hazırlanan rəngarəng
kompozisiyalar buraya gələnləri heyran qoyurdu. Təbii çiçəklər və yarpaqlardan düzəldilmiş stendlərdə
ulu öndər Heydər Əliyevin təbiətin qoynunda çəkilmiş fotoşəkilləri
göz oxşayırdı.
Burada Prezident İlham Əliyevin və ailə üzvlərinin müxtəlif
illərdə təşkil
edilmiş Gül bayramlarında iştirakını
əks etdirən və güllərlə bəzədilmiş
fotostendlər də maraq doğururdu. Fəvvarələrin ətrafından
tutmuş hər tərəf bir-birindən
gözəl, bahar təravətli gül-çiçək
içində idi. Bir-birini əvəz edən musiqi nömrələri bayram ovqatını daha da yüksəldirdi.
Prezident İlham Əliyev və ailə üzvləri Hollandiya Zambaqlarının
Kultivasiyası üzrə
Kral Assosiasiyası tərəfindən ümummilli
lider Heydər Əliyevin adına yetişdirilmiş və bayram ərəfəsində
Bakıya gətirilərək,
parkda əkilmiş zanbaqlara maraqla baxdılar. Qeyd olundu ki, paytaxtın
müxtəlif park və xiyabanlarını assosiasiya tərəfindən
yetişdirilmiş 500 mindən
artıq qızılı
zanbaq bəzəyir. Gələn il isə onların sayı 2 milyona çatdırılacaqdır.
İngiltərədə hazırlanaraq respublikamıza
gətirilmiş və
üzərində ulu
öndərin portreti,
müxtəlif çiçəklər
əks olunmuş 3 ədəd 30 metr hündürlüyündə hava
şarı da maraqla qarşılandı.
Bildirildi ki, hava şarları bu gün axşam
havaya buraxılacaqdır.
Gül bayramının təşkilatçısı olan
Bakı şəhər
İcra Hakimiyyətindən
verilən məlumata görə, mayın 10-dan
başlayan Gül bayramı 3 gün davam edəcək. Paytaxt sakinlərinin, eləcə də, şəhərimizin qonaqlarının
təəssüratlarına əsasən, demək olar ki, Gül
bayramı onlarda xoş duyğular, saf əhval-ruhiyyə yaradıb. Gül sağlamlıq, sevgi, məhəbbət deməkdir.
Bu məfhumları böyük ehtiramla qəbul edən insanlar bayramın-bayrama qovuşmasından sevinclərini
açıq şəkildə
nümayiş etdirirlər.
Güllərin xoş
ətirindən məmnun
qalan insanlar tarixin tarixə qovuşması üçün
müxtəlif səpkili
şəkillər çəkdirməyi
də unutmurlar. Həm də bu gözəl, xoş, firavan dövləti onlara bəxş etdiyinə görə, ulu öndərimiz Heydər Əliyevə minnətdarlığını
ifadə edirlər.
İ.ƏLİYEV
Səs.- 2010.- 12 may.- S. 6.