“Heydər Əliyev və
inkişafın Azərbaycan modeli"
Yeni Azərbaycan Partiyası "Gülüstan"
sarayında bu mövzuda geniş konfrans keçirdi
Ümummilli liderimiz Heydər Əliyevin 87-ci
ildönümü ilə bağlı respublikamızın hər
yerində geniş və yüksək səviyyədə tədbirlərin
keçirilməsi davam edir. Yeni Azərbaycan Partiyasının
təşkilatçılığı ilə
"Gülüstan" sarayında partiyanın
yaradıcısı, müstəqil dövlətimizin
memarı və qurucusu ulu
öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş " Heydər Əliyev
və inkişafın Azərbaycan modeli" mövzusunda
konfrans keçirildi. İlk öncə, konfrans
iştirakçıları Fəxri Xiyabana gələrək,
ümummilli liderimiz Heydər Əliyevin və görkəmli
oftalmoloq Zərifə xanım Əliyevanın
məzarları önünə əklil və
qızılgül dəstələri qoydular.
Əli Əhmədov: "İnkişafın Azərbaycan
modeli: formalaşması və xüsusiyyətləri"
Sonra konfrans "Gülüstan" sarayında öz işini davam etdirdi. Konfransda hökumət və dövlət nümayəndələri, Milli Məclisin deputatları, YAP Siyasi Şurasının üzvləri, tanınmış ziyalılar iştirak edirdi. YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov konfransı açıq elan edərək, bildirdi ki, Yeni Azərbaycan Partiyası 2003-cü ildən başlayaraq, ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı öyrənilməsi üçün hər il onun anadan olduğu gün ərəfəsində konfrans keçirir. YAP, ənənəsinə sadiq qalaraq, ulu öndərin 87-ci ildönümü ərəfəsində belə bir konfransın keçirilməsi ilə əlaqədar hazırlıq işləri gördü.
YAP İcra katibi Ə.Əhmədov "İnkişafın Azərbaycan modeli: formalaşması və xüsusiyyətləri" mövzusunda çıxış edərək, bildirdi ki, artıq ənənəyə çevrilən bu qəbildən olan tədbirlər ümümmilli lider Heydər Əliyevin irsinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir: "Bugünkü tədbirdə konfransın adı ilə eyniadlı kitab da oxuculara təqdim olunub. Bu kitabda yer alan məqalələr ulu öndərimizin həyat və fəaliyyətini dərindən öyrənməyə imkan verir".
Ə.Əhmədov ümummilli liderin Azərbaycan xalqına bəxş etdiyi möhkəm təməl üzərində müstəqil dövlətin bundan sonra da güclü inkişaf yolunda irəliləyəcəyinə əminliyi ifadə edərək, bildirdi ki, Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında uzun bir inkişaf və tərəqqi yolu keçibdir: "Azərbaycanın inkişafı, tərəqqisi, yüksəlişi, müstəqil bir dövlət kimi dünya birliyində ölkəmizə layiq olan mövqeləri tutması və bu mövqelərini daha da möhkəmləndirməsi bir çox səbəblərlə yanaşı, əsas etibarilə, Heydər Əliyevin zəngin irsinə söykənir. Bütün bunların əsasında dayanan fundamental baza Heydər Əliyev ideyaları, Heydər Əliyev irsidir".
Ə.Əhmədov Heydər Əliyev ideyalarının Azərbaycan cəmiyyətini birləşdirən etibarlı baza rolunda çıxış etdiyini bildirdi: "Azərbaycançılıq ideyası bugünkü Azərbaycan dövlətçiliyinin təməl prinsipi kimi fəaliyyət göstərməkdədir. Heydər Əliyev ideyaları Azərbaycanın milli müstəqillik ideyasının kökündə dayanan hərəkətverici qüvvə olaraq, bugünkü müstəqilliyimizin möhkəmləndirilməsini təmin edən çox etibarlı fundamet kimi öz missiyasını yerinə yetirməkdədir. Heydər Əliyev ideyaları Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin edən ideyalar, fikirlər məcmusu olaraq bugünkü iqtisadi yüksəlişin kökündə dayanır. Heydər Əliyev ideyaları, Heydər Əliyev zəngin irsi, eyni zamanda, Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlər sistemini təşkil edən və bu dəyərlərin inkişafına xidmət edən böyük fundament rolunda çıxış edir. Bütün bunların hamısı o fikri deməyə əsas yaradır ki, Azərbaycanın dünənki inkişafı, bilavasitə, Heydər Əliyevin fəaliyyəti ilə bağlı olubsa, Azərbaycanın bugünkü inkişafı və gələcək yüksəlişi də Heydər Əliyevin ideyaları ilə bağlıdır".
YAP İcra katibi son illər Azərbaycanın bütün sahələrdə böyük inkişaf mərhələsi keçdiyini bildirdi: "Azərbaycanın dünyada iqtisadi inkişaf templərinə görə, ən yüksək göstəricilər nümayiş etdirməsi, ölkə Prezidenti İlham Əliyevin bilavasitə genişmiqyaslı fəaliyyətinin də Heydər Əliyev siyasətinə, ideyalarına istinad etməsi ilə əlaqədardır. Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın bugünkü inkişafını təmin edən Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiyasıdır".
Ə.Əhmədov XXI əsrin əvvələrində Azərbaycan iqtisadiyyatının təkcə sürətli inkişafı ilə diqqəti cəlb etməklə kifayətlənmədiyini bildirdi: "Azərbaycan iqtisadiyyatı həm də yeni keyfiyyət parametrləri kəsb etməsi ilə özünü təsdiqlədi. Ölkəmizin inkişaf templəri indi bütün aparıcı beynəlxalq qurumların tədqiqat maraqları çərçivəsinə daxil olub. XXI yüzillik ölkəmiz üçün təkcə tarixi xronologiyanın dəyişməsi effekti yaratmaqla məhdudlaşmır. Əslində, yeni əsrin başlanğıcı Azərbaycan tarixini yeni keyfiyyət mərhələsi qismində qavranılır və dəyərləndirilir. Məhz elə buna görə də, öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq Azərbaycanın həqiqi intibahını müasirləri olduğumuz dövrlərə təsadüf etdiyi ictimai düşüncənin, birmənalı olaraq, qəbul etdiyi həqiqətlərdəndir".
Natiq Heydər Əliyevin Azərbaycanın gələcəyi ilə bağlı böyük ümidlər və arzularla yaşadığını qeyd etdi: "Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası ideyanın praktik fəaliyyətə transformasiya edərək, insanların davranışını stimullaşdırmaq qüdrətinə malik olan dəyərlərin tam dəstini özündə ifadə edir. Həmin dəyərlər sistemi ümumilli ideyanın təmin edilməsi ilə yanaşı, hər bir fərdin şəxsi idealının həyata keçirilməsini nəzərdə tutan prinsip və vəzifələri üzvü şəkildə əks etdirir. Heydər Əliyevin zəngin irsinə söykənən inkişaf startegiyasının təhlili, Onun üç fundamental başlanğıca istinad ediyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insanlardır".
YAP Sədrinin müavini Ə.Əhmədov tariximizin yetişdirdiyi ən böyük şəxsiyət olan Heydər Əliyevin siyasi fəaliyyəti barədə ətraflı danışaraq, vurğuladı ki, Azərbaycanın son 40 illik inkişaf tarixi birbaşa Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı , cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsi də Heydər Əliyevin xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycanın yüksək inkişaf nümunələri nümayiş etdirdiyini vurğulayan natiq bildirmişdir ki, ölkəmizin tərəqqisi, müasirləşməsi, ölkənin bütün regionlarında quruculuq və abadlıq işlərinin geniş vüsət alması ulu öndərin ideyalarının xalq tərəfindən dəstəklənməsinin bariz ifadəsidir: "Azərbaycanın iqtisadi və sosial inkişaf səviyyəsinə görə bölgədə liderlik adını qazanması, müasirləşməsi, yeniləşməsi, respublikanı əhatə edən quruculuq işlərinin geniş vüsət alması Heydər Əliyev ideyalarının hər bir Azərbaycan vətəndaşı tərəfindən həyata keçirildiyinin bariz nümunəsidir. Azərbaycanda aparılan və geniş vüsət alan quruculuq işlərini eyni templə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət məhz ümummilli liderin ideyaları əsasında qərar tutmuşdur. Heydər Əliyev ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində çoxşaxəli fəaliyyətin əsasında dayanır. Bu yenilik, dünya birliyinə qətiyyətli inteqrasiya bir daha göstərir ki, Azərbaycanın inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası, neçə-neçə onillər üçün hesablanmış perspektivlər ölməz siyasətçinin fədakarlığının nəticəsidir".
Bugünkü konfransın inkişafın Azərbaycan modelinə həsr olunduğunu diqqətə çatdıran Ə.Əhmədov həmin modelin tərkib hissələri olan yüksək iqtisadi dinamikanı, onun formalaşması üçün siyasi-ictimai zəmin hazırlamış daxili sabitliyi, bazar iqtisadiyyatı ilə sosial ədalət prinsiplərinin qovuşması nəticəsində yaranmış sosial bazar prinsiplərini, eyni zamanda, ölkəmizin beynəlxalq inteqrasiya proseslərinə qovuşmasını xüsusi qeyd etdi. "Məhz bu modelin formalaşması nəticəsində Azərbaycanda bütövlükdə müasirləşmə və yeniləşmə prosesləri uğurla həyata keçirilmişdir" fikrini söyləyən Ə.Əhmədov onu da vurğuladı ki, hər bir vətəndaşın gündəlik həyat tərzində özünü təsdiqləyən bu inkişaf modelinin formalaşması, mahiyyəti ümummilli lider Heydər Əliyev uzaqgörən siyasətindən bəhrələnən etibarlı təməl, bazis əsasında möhkəmlənmiş Azərbaycan xalqının rifah halının yaxşılaşmasına yönəldilibdir. Bu modelin xalqa xidmət etdiyini xüsusilə vurğulayan Ə.Əhmədovun qeyd etdiyi kimi, ən müasir texnologiyaları özündə ümumiləşdirən bu modelin inkişaf dinamikası təkcə ölkə iqtisadiyyatını əhatə etmir. İqtisadi sahədə əldə olunan yüksək nailiyyətlər ictimai həyatımızın digər sahələrinin tərəqqisi və yeniləşməsi üçün də etibarlı təminatdır. Bu modelin tərkibinə daxil olan və bu modelin formalaşması üçün siyasi-ictimai zəmin hazırlamış daxili sabitliyi, beynəlxalq təcrübənin təzahür forması, bazar iqtisadiyyatının sosial ədalət prinsiplərinin ahəngdarlığı nəticəsində əmələ gələn sosial bazar prisiplərini, Azərbaycanın dünya birliynə inteqrasiyasını xüsusilə vurğulamaq lazımdır.
YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov konfransda "İnkişafın Azərbaycan modeli və təhsilimiz" mövzusunda məruzə ilə çıxış edərək kompleks halında və sadalanan elementlərdən formalaşan inkişafımızın ən önəmli sahəsinə daim diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin Azərbaycan elminə göstərdiyi xidmətlər barədə ətraflı danışdı. Qeyd olundu ki, fəaliyyətinin bütün məqamlarında insan amilinə diqqəti önə çəkən Prezident İlham Əliyevin islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla, hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndiribdir. Azərbaycanda elmə, təhsilə həmişə xüsusi diqqət yetirildiyini vurğulayan nazir bildirdi ki, məhz dövlət başçısının elmə diqqət və qayğısının nəticəsidir ki, təhsil tariximizdə ilk dəfə olaraq, ölkə miqyasında 16 inkişaf yönümlü Dövlət Proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir: "Təhsil xərclərinin ilbəil artması Prezident İlham Əliyevin təhsili övlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" kimi tövsiyələri ilə Azərbaycanın inkişaf modelində önəmi ilə fərqlənən təhsilin inkişafına diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyev fəaliyyətində ulu öndərin ideyalarının davam etdirilməsinə diqqətlə yanaşır. Bu, bir həqiqətdir ki, "Təhsil əsri" elan edilən XXI yüzillikdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır.
Təhsil naziri qeyd etdi ki, bu inkişaf statistik rəqəmlərdə də əksini tapır. Təhsilə ayrılan büdcə vəsaiti ötən illərlə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard, 2009-cu ildə isə 1,3 milyard manat təşkil edib: "Təhsil tariximizdə ilk dəfə olaraq Prezident tərəfindən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarının təsis edilməsi haqqında" sərəncam imzalanmış, 2008-ci və 2009-cu illərdə müsabiqələr keçirilmiş, "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş 50 məktəbin hər birinə 10 min manat, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş 100 müəllimin hər birinə 5 min manat məbləğində birdəfəlik pul mükafatı verilmişdir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş Dövlət Proqramlarının reallaşdırılması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması mümkün olubdur. Son illərdə ölkədə 450 min şagird yeri olan 2000-dək məktəb binası, 28 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, məktəbəqədər tərbiyə müəssisələrinə cəlb olunmuş uşaqların sayı 6 min nəfər artmış, müstəqillik tariximizdə ilk dəfə olaraq kiçik yaşlılar üçün ən müasir tələblərə uyğun 137 adda təlim vasitələri hazırlıb. Təhsilin informasiyalaşdırılması, sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub ki, bunun nəticəsi olaraq Dövlət Proqramına əsasən, hər 20 şagirdə bir komputer nisbəti təmin olunubdur. Bir şagirdə bir komputer konsepsiyasının reallaşdırılması məqsədilə 400 şagirdə noutbuklar verilib. "Xalq komputeri" layihəsi çərçivəsində 5000 müəllim komputerlə təmin olunubdur".
M.Mərdanov məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətlərini diqqətə çatdıraraq, vurğuladı ki, fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqla təchiz edilibdir. 550-dən çox məktəb əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuşdur. 708 məktəb və 10 rayon təhsil şöbəsi müasir avadanlıqla təchiz olunubdur.
"Yeni inkişaf mərhələsində" adlı məruzəsini "Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq" tezisi əsasında quran YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Arif Rəhimzadə ölkənin son illər artan iqtisadi potensialı və büdcə imkanları barədə danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin iqtisadi sahədə keçid dövrünün başa çatması barədə bəyanatı ölkəmizin irəliləyişində yeni mərhələnin başlandığını nümayiş etdirir. Bu irəliləyiş təkcə ölkənin iqtisadi qüdrətinin artması ilə deyil, həm də keyfiyyətcə yeni hədəflərin müəyyənləşdirilməsi, daha mürəkkəb vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır.
Təsərrüfatların optimallaşdırılması, aqrar sektorun infrastrukturunun təkmilləşdirilməsi məsələləri barədə məlumat verən A.Rəhimzadə qarşıda duran vəzifələrdən də söz açdı: "İdxalı əvəz edən məhsul istehsalının artırılması, əhalinin daxili mənbələr, yerli istehsal hesabına təmin olunması başlıca vəzifədir. İdxalın əvəz edilməsi problemi heç də bu gün əmələ gəlməmişdir. Ötən 15 ildə sənaye və kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi və istehlak olunan məhsullar içərisində özümüzün istehsal etdiyimiz malların payının artırılması üçün faydalı tədbirlər görülübdür. Bu tədbirlər ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən proqramın tərkib hissəsidir".
A.Rəhimzadə qeyd etdi ki, kredit siyasəti, elektroenergetika, yol və digər kommunikasiya obyektlərinin, məhsul emalı və saxlanması müəssisələrinin tikintisinə dair genişmiqyaslı proqram, kiçik və orta biznesin dəstəklənməsi, hüquqi şəxslərin qeydiyyatının sadələşdirilməsi xətti ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuşdur və reallaşdırılan digər tədbirlər həmin məqsədlərin əldə edilməsinə yönəldilibdir. Milli Məclisin komitə sədri bildirdi ki, ölkənin sosial-iqtisadi göstəriciləri, yüksək inkişaf dinamikası bu vəzifənin yerinə yetirilməsi üçün təməl yaradıbdır. Ötən il dünyada maliyyə böhranının hökm sürdüyü şəraitdə belə, Azərbaycan ÜDM-in və sənaye istehsalının artımına görə lider mövqelərini qoruyub saxlaya bilmişdir. Kənd təsərrüfatı məhsullarının həcmi 3,5 faiz artıb, makroiqtisadi sabitlik qorunub, investisiya və sosial proqramlar yerinə yetirilib, inflyasiyanın xeyli azaldılmasına nail olunubdur.
Aqrar sahənin ölkə iqtisadiyyatında tutduğu önəmli yerin əhəmiyyəti məsələlərinə toxunan komitə sədri aqrar sahənin inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətləri xüsusilə vurğuladı. Çünki ümummilli lideri Heydər Əliyev torpaq islahatı və özəlləşdirmə siyasətini aparmaqla bu sahənin inkişafını əsas prioritetlərdən biri sayırdı. Fermer təsərrüfatlarının sərfəli şərtlər əsasında məhsuldar mal-qara ilə təmin edilməsi, taxıl becərilməsinə görə güzəştlərin müəyyənləşdirilməsi, təsərrüfatların texnika və avadanlıqla təchizatı iqtisadi inkişafın göstəricilərindəndir. Kənd yerlərində məhsulun emalı, saxlanması və tədarükü müəssisələri tikilir ki, bu da məhsulun zay olmasının qarşısını alır. 2008-2015-ci illərdə respublika əhalisinin etibarlı ərzaq təminatına dair Dövlət Proqramının tətbiqi ilə bu istiqamətdə aparılan islahatların məqsəd və istiqamətləri müəyyənləşdirilir. "İdxalın əvəz edilməsi, daxili bazarın qorunması və özümüzün istehsal etdiyimiz məhsulların ixracının artırılması bütövlükdə aqrar sektorun inkişafına yeni yanaşmadır" sözləri ilə arqumentlərini bir daha diqqətə çatdıran natiq qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni olan bu vəzifənin qarşıya qoyulması ölkəmizin iqtisadi qüdrətinin dinamik inkişafının bariz nümunəsidir.
Milli Məclisin komitə sədri, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev "Azərbaycanda keçid dövrünün başa çatması və milli iqtisadi inkişaf modelinin formalaşması" məsələlərinə həsr olunmuş məruzəsində inkişafın Azərbaycan modeli ilə bağlı fikirlərini təcrübəli mütəxəssis kimi əsaslandırdı. XX əsrin ikinci yarısını "yeni sənaye ölkələri"nə məxsus müasir modelin yaranması ilə xarakterizə edən məruzəçi bu modelin əsas prinsip və məqsədləri barədə açıqlama verdi. Qeyd olundu ki, bu kimi modellərin əsas istiqamətlərindən olan dövlətin fəal islahatçı funksiyası, mərkəzləşdrilmiş və güclü hakimiyyət, xarici bazara istiqamətlənmə, sənayenin kompleks modernləşdirilməsi, struktur yenidənqurma, xarici kapitalın prioritet sahələrə cəlbi və idxaləvəzləyici siyasət inkişafın Azərbaycan modelində öz əksini tapır.
"Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrinin uzun müddət dinamik inkişafını təmin edən kompleks tədbirlər həyata keçirdi" söyləyən Ş.Hacıyev vurğuladı ki, Azərbaycanın inkişafının müasir dövrü ölkəmizdə keçid dövrünün başa çatdığını bildirən Prezident İlham Əliyevin adı və və fəaliyyəti ilə bağlıdır. Azərbaycanda inzibati-amirlik sistemindən bazar iqtisadi sisteminə keçid prosesinin XX əsrin 90-cı illərinin əvvəllərindən başlandığını xatırladan Ş.Hacıyev bildirdi ki, kifayət qədər mürəkkəb xarakterə malik olan və kompleks amillər sisteminin əsaslı şəkildə dəyişdirilməsini nəzərdə tutan bu prosesin iyirmi ildən də qısa müddətdə başa çatması dinamik inkişafın göstəricisidir. Azərbaycanın sosialyönümlü bazar iqtisadiyyatına keçməsinin özü belə uzuqgörən siyasətin uğurudur.
Azərbaycanın dövlət büdcəsi sosial və investisiya yönümlüdür. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov "Sosial müdafiənin Azərbaycan modeli" məruzəsində bu kimi amillərin mühüm rola malik olduğunu diqqətə çatdıraraq, vurğuladı ki, hər bir cəmiyyətin həyatında inkişafın əsas məqsədi olan sosial rifah əsas göstərici kimi öndə dayanır. Azərbaycanın sosial müdafiə modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşmış, dövlət quruculuğu fəlsəfəsinin başlıca elementlərindən biri kimi meydana gəlibdir.
Müstəqillik dövründə sığorta-pensiya sisteminin Azərbaycan modelinin formalaşmasını sosial siyasət sistemində yeni təcrübə kimi diqqətə çatdıran S.Müslümov bildirdi ki, ötən dövrdə sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində idarəetməni həyata keçirən DSMF-nin fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulubdur: "Dünya təcrübəsinə əsaslanan yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının əmək pensiyaçıları arasında ədalətli bölgüsünə imkan veribdir. Beləliklə, ölkəmizdə ilk dəfə olaraq, istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Nəticədə yeni sistemə keçidin başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 3 dəfə, orta aylıq məbləği isə 3,4 dəfə artıb".
Sosial müdafiə sisteminin yeni şəraitə uyğun qurulması üçün zəruri dəyişikliklər əsasında Azərbaycan modelinin yaradılmasını etibarlı iqtisadi bazanın təminatı ilə əlaqələndirən S.Müslümov sabit və ardıcıl inkişaf tempini uğurların əsas meyarı adlandıraraq, qeyd etdi ki, sığorta-pensiya sisteminin Azərbaycan modelinin digər mühüm bir cəhəti onun əhatəliliyidir. 2007-ci il yanvarın 1-dən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin və dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilib. İşləyənlərə pensiya və sosial sığorta müavinətlərinin verilməsi də yeni qaydalarla əhatə olunubdur: "Azərbaycanın sığorta-pensiya modelinin uğurlu nəticələri ümummilli lider Heydər Əliyevin sosial müdafiənin yenidən qurulması strategiyasının və onun icrası sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların nə qədər düzgün və alternativsiz olduğunu təsdiqləyir".
Plenar iclasın sonunda YAP Sədrinin müavini, millət vəkili Ə.Əhmədov bildirdi ki, əsas ideya həyatda yaşayan ideyadır: "Heydər Əliyev ideyalarının böyüklüyü bu ideyaların Azərbaycanın həyatının dəyişməsidir. İstər Azərbaycançılıq, istər dövlətçilik, istər islahatçılıq ideyaları, bütünlüklə, Azərbaycan həyatının dəyişdirilməsinə və yaxud da, Azərbaycan cəmiyyətinin birliyinin təmin edilməsinə xidmət edir. Müasir Azərbaycan cəmiyyətinin birliyini yaradan fundamental ideya Azərbaycançılıq ideyasıdır ki, Heydər Əliyev Azərbaycana qayıdışında, məhz bu ideya üzərində ölkənin milli birliyini və vəhdətini təmin edə bildi. Bugünkü birlikdə bu ideya əsasında qərar tutub. Eyni ilə Azərbaycanın dövlətçilik ideyası da, insanın, vətəndaşın dövlətə inamını yaradan bu fikir də, Heydər Əliyev tərəfindən cəmiyyət, dövlət, vətəndaş münasibətlərinin müasir mərhələdə formalaşmasını təmin edən fikir olubdur.
Ə.Əhmədov
onu da bildirdi ki, ideya o zaman öz böyüklüyünü
ehtiva edir ki, o inkişafı təmin edə bilsin: "Cəmiyyət
inkişafsız mümkün ola bilmədiyi kimi,
inkişafı da təmin edən ideyalar olmalıdır. Bu mənada,
Heydər Əliyevin ideyaları öz
böyüklüyünü bu parametr çərçivəsində
ifadə etmiş olur. Böyük Azərbaycan ideyası,
bütövlükdə, fundamental əsaslardan biridir. Heydər
Əliyevin ideyaları Azərbaycanın bugünü,
sabahı, milli birliyidir."
Günün ikinci yarısı
konfrans üç bölmədə işini davam etdirdi
"Heydər Əliyev yolu-milli inkişaf strategiyası" adlı birinci bölməyə rəhbərlik edən Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov "Azərbaycan Respublikasının Konstitusiyası və onun inkişaf meyilləri" adlı məruzəsində dövlət orqanlarının fəaliyətini müəyyən çərçivəyə salan konstitusiya normalarının sabitliyi, hüquq institutları, vətəndaş cəmiyyətinin norma və qaydaları, habelə, Ali Qanunla nizama salınan əsas ictimai münasibətlərin davamlılığı barədə geniş məlumat verdi. Z.Əsgərov Azərbaycanın ilk Milli Konstitusiyasının yaranmasında ulu öndərin birbaşa iştirakını önə çəkdi. "Dərin zəkaya malik olan böyük ictimai-siyasi xadim Heydər Əliyev ölkə müstəqilliyinin təminatı üçün yeni ruhda yazılan və azad xalq tərəfindən qəbul edilən müasir Konstitusiyanın yaradıcısıdır" söyləyən vitse-spiker vurğuladı ki, Azərbaycan insan hüquqlarının qorunması istiqamətində ən çox islahat aparılan və demokratik yolla inkişaf edən müasir dövlətdir.
Milli Məclisin deputatı Fəttah Heydərov "Davamlı inkişaf və tərəqqinin memarı", Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov "Heydər Əliyevin milli inkişaf strategiyası haqqında", Şahlar Əsgərov "Heydər Əliyev yolu: düzgün qərar qəbuletmə sənəti", Milli Məclisin deputatı Asəf Hacıyev "Azərbaycanın unudulmaz lideri", Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvləri Məlahət İbrahimqızı "Müstəqil Azərbaycan Respublikasında qadın problemlərinin institutlaşdırılmasında Heydər Əliyevin rolu: 1993-2003-cü illər", YAP Siyasi Şurasını üzvü, "Azərbaycan" Nəşriyyatının direktoru Ağabəy Əsgərov "Demokratik inkişafın Heydər Əliyev modeli", "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev "Mətbuat və söz azadlığı Heydər Əliyev siyasit konsepsiyasının əsas istiqamətlərindən biridir", Rizvan Vahabov "Ömrünü xalqına bəxş edən lider" mövzularında çıxış etdilər.
Bildirildi ki,
ulu öndər Heydər Əliyev bəşər
sivilizasiyasının ən fenomenal şəxsiyyətlərindən
biridir. Təkcə Azərbaycanın sərhədləri
daxilində 9 milyon vətəndaşımızın yox, son
iki əsrdə müxtəlif siyasi-ictimai münaqişələr
üzündən planetimizin 70 ölkəsində yaşayan və
hazırda vahid diasporlarda birləşmiş 60 milyon
soydaşımızın ümumbəşəri lideridir. Bu
dahi şəxsiyyətin iradə və əzmi sayəsində
ölkəmizdə milli-mənəvi dirçəliş
baş verib, azərbaycançılıq ideologiyası
formalaşıb və nəticədə bu ideologiya Azərbaycan
dövlətinin milli-siyasi məfkurəsinə
çevrilibdir. Çıxışlarda xüsusi
vurğulandı ki, ulu öndər Heydər Əliyevin şəxsiyyət
kimi böyüklüyü həm də əsasını
qoyduğu siyasəti yeni dövrün tələblərinə
uyğun davam etdirə biləcək qüdrətli lider və
etibarlı davamçı yetişdirməsindədir. Əgər ümummilli lider Heydər
Əliyev Azərbaycanı xaos və tənəzzüldən
inkişaf yoluna çıxarmışdısa, Onun layiqli
davamçısı Prezident İlham Əliyev qısa müddətdə
onu bütün sahələrdə sürətlə
müasirləşən, yeniləşən, dünya
miqyasında sayılıb seçilən dövlətə
çevirməyə nail oldu.
"İnkişafın Azərbaycan modeli: başlıca xüsusiyyətlər
və meyillər"
İkinci bölməyə rəhbərlik
edən Yeni Azərbaycan Partiyası
İdarə Heyətinin üzvü, millət vəkili Nizami
Xudiyevin bu bölmədə "İnkişafın Azərbaycan modeli: başlıca xüsusiyyətlər
və meyillər" məsələlərinə həsr olunduğunu
söylədi.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Səlahəddin Xəlilov, təhsil nazirinin müavini İradə Hüseynova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, YAP İdarə Heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov, Azərbaycan Respublikasının Aiditorlar Palatasının sədri Vahid Novruzov və başqaları müxtəlif mövzuları əhatə edən məruzələrlə çıxış edərək, Heydər Əliyev idarəçilik məktəbinin metodologiyasından ətraflı danışdılar.
N.Xudiyev
bildirdi ki, ulu öndərin yubiley tədbirlərinin xalq tərəfindən
əlamətdar hadisə kimi qiymətləndirilməsinin
özü ümummilli lider Heydər
Əliyevə ümumxalq məhəbbətinin ifadəsidir.
Üçüncü bölmədə "Azərbaycan yeni mərhələdə: uğurlu nəticələr və perpektivlər"dən söz açıldı
Bölmə rəhbəri, Milli
Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru,
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mübariz Qurbanlı "Azərbaycanın xarici siyasətində hücumçu diplomatiya xətti", Milli Məclisin komitə sədri, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov "Azərbaycan-Avropa Şurası əlaqələri yeni mərhələdə", YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Azərbaycanın iqtisadi tərəqqisinin uğurlu nəticələri", Milli Məclisin deputatları, Azərbaycan Həmkarlar İttifaqı Komitəsinin sədri Səttar Mehbalıyev "Azərbaycan Həmkarlar İttifaqı hərakatı yeni məhələdə", "Ana vətən" Partiyasının sədri, Fəzail Ağamalı "Heydər Əliyevin dövlət idarəçilik sitemi və müasirlik", YAP Siyasi Şurasının üzvləri Mirkazım Kazımov "Dövlət quruculuğunda varislik və şəxsiyyət fenomeni", Rafiq Məhəmmədhəsənov "Azərbaycanda iqtisadi inkişaf və səhiyyə", Rüfət Quliyev "Azərbaycan cəmiyyətinin sosial-iqtisadi transformasiyası" mövzularında çıxış etdilər. Qeyd olundu ki, xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürdü. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik tam bərpa olundu, qanunçuluğun və hüquq qaydalarının möhkəmlənməsi, habelə, demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyası bərqərar oldu. Bir fikir, xüsusi olaraq, diqqətə çatdırıldı ki, müasir mərhələdə Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət ümummilli lider Heydər Əliyevin dərin elmi əsaslara söykənən siyasi kursunun başlıca istiqamətlərini özündə ifadə edir. Azərbaycanda sürətli inkişaf, ölkə əhalisinin rifah halının yüksəldilməsi, genişmiqyaslı quruculuq işləri, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər uğurla davam etdirilir. Bütün bu nailiyyətlər xalq- iqtidar birliyi sayəsində mümkün olmuş və Azərbaycanın daha sürətli inkişaf yolunda yeni perspektivlər açmışdır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 12 may.- S. 8-10.