Azərbaycanda elmin inkişafının strateji xətti

 

İlham Məmmədzadə:"İlham Əliyev cənabları Heydər Əliyevin elm, təhsil, mədəniyyət və digər sahələrdə gördüyü işləri uğurla davam etdirir"

 

Müasir dövrümüzdə Azərbaycan elmində islahatların aparılması, elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi elmin inkişafına təsirini göstərmişdir. Milli Strategiyanın əsas məqsədi ölkəmizdə elmin dünya standartlarına uyğunlaşdırılmasına, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin edilməsinə, eləcə də, ölkənin elmi kadr potensialının inkişaf etdirilməsinə və s. yönəlmişdir. Bu və ya digər işlərin həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə böyük yük düşür.

Respublikamızda aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, istiqamətləndirilməsi və bütövlükdə, elmi-texniki siyasətin həyata keçirilməsi AMEA-ya həvalə olunmuşdur. Azərbaycanda elmin gələcək inkişafının, elmi fəaliyyətinin əlaqələndirilməsi və tənzimlənməsi alimlərin ümdə vəzifəsi kimi qarşıya qoyulub. Elmin inkişafı və beynəlxalq məkanda təbliği AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun üzərinə də böyük öhdəliklər qoymuşdur. İnstitutun rəhbəri və əməkdaşları bu yaxınlarda fəlsəfəyə həsr olunmuş beynəlxalq konfransdan geri qayıtmışlar. Konfransın mahiyyəti, eləcə də, Azərbaycanda müasir fəlsəfə elminin inkişafı ilə bağlı institutun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə fikirlərini bizimlə bölüşdü:

- Prezident cənab İlham Əliyevin elm sahəsinə, alimlərə göstərdiyi diqqət və qayğı Azərbaycan elminin inkişafına xüsusi təkan verən amildir. Müasir dövrümüzdə İlham  Əliyev cənabları Heydər Əliyevin elm, təhsil, mədəniyyət və digər sahələrdə gördüyü işləri uğurla davam etdirir. Son illərdə cəmiyyətimizdə elm sahəsində aparılan islahatlar, görülən işlər müasirləşmə və modernləşmə xətti adlandırılır. Təbii ki, modernləşdirmə xətti bir o qədər də asan bir iş deyil. Bütövlükdə, millətin şüuru modernləşdirilməlidir. Bu işdə də elmin fəallığı, gücü əsas götürülməlidir. Azərbaycanda bu istiqamətdə elmdə islahatlar aparılır, alimlərdən idrak nəzəriyyəsində işlərin tələb olunması qarşıya qoyulur. İqtisadiyyatda, siyasətdə müəyyən dəyişmələr mövcuddur, lakin modelləşdirmə xəttinin əsasını şüurun dəyişməsi təşkil etdiyindən, bu, çətin prosesdir. Bu, ictimai elmlərin, fəlsəfənin təsiri olmadan qeyri-mümkündür. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında İlham  Əliyev cənablarının imzaladığı sərəncamı, Azərbaycanda elmin inkişafının strateji xəttini müəyyən etdi. Azərbaycan Milli Elmlər Akademiyasının alimləri tərəfindən məlum sərəncam çox yüksək qiymətləndirildi və sevincimizə səbəb oldu. Deyərdim ki, Elmlər Akademiyası respublikanın fəxridir. Amma modernləşdirmə dövründə akademiyanın alimləri də müasirləşməlidir, islahatlar aparılmalıdır. Sərəncamda göstərildiyi kimi, son illərdə elm sahəsində qocalma prosesi gedir. Elmlər doktoru olan şəxslərin orta yaş həddi 60, namizədlərin isə orta yaş həddi 40-50 yaş arasındadır. Yaxşı olardı ki, elmi dərəcə gənc yaşlarında ikən verilsin. Bu qocalma prosesi bizim elmə mənfi təsir göstərməkdədir. Gənclər daha fəal, çevikdirlər, eləcə də, xarici dilləri mükəmməl bilirlər. Odur ki, bu sərəncam bizim üçün böyük bir məsuliyyətdir. Azərbaycan elmi inkişafda olmalı və islahatlar öz-özünə aparılmalıdır. Bildiyiniz kimi, fəlsəfə ilə bağlı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bir neçə məqaləsi mühüm rol oynayıb.  Onun "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı metodoloji yüklü və analitik məqaləsindən sonra humanitar və ictimai elmlərə diqqət artmışdır. Bu məqalədə ictimai elmlərin inkişafında fəlsəfənin rolu özünü göstərir. Burada belə bir sual yaranır ki, fəlsəfə özü nə qədər hazır bir vəziyyətdədir ki, ictimai elmlərin inkişafına təsir göstərə bilsin? Fəlsəfə ilə bağlı müəyyən metodoloji işlərin aparılması zəruriyyəti yaranır. Digər tərəfdən isə, biz çalışmalıyıq ki, fəlsəfə ilə bağlı yarışma və mühakimələri dar çərçivədə Azərbaycanın daxilində deyil, dünya miqyasında aparaq. Biz fəlsəfi ideyaların mahiyyəti və dəyəri ilə bağlı çox düşünməli oluruq. Bu baxımdan, dünya miqyasında fəlsəfi konfranslarda, simpoziumlarda iştirak etmək və eləcə də, paytaxtımızda bunların təşkilinə nail olmağa cəhd edilməlidir. Eləcə də, jurnallarımızın, elmi məqalələrimizin dünya səviyyəsinə çıxarılmasına ehtiyac yaranır. Bu və ya digər addımların atılması fəlsəfənin inkişafına böyük bir təkan verir. Elm, xüsusilə də, fəlsəfə qapalı bir şəraitdə qala bilməz. Alimlərimizin beynəlxalq konfranslarda iştirakına, məqalələrinin dünyəvi mahiyyət daşıyan jurnallarda nəşr olunmasına çalışmalıyıq. Belə görüşlərdə filosofların fəaliyyəti daha da zənginləşər, yeni ideyalarla çıxış edə bilərlər. Fəlsəfə institutu alimlərimizin qeyd olunan fəaliyyətlərinin genişləndirilməsi üçün kifayət qədər işlər görməlidir. 2009-cu ildə Fəlsəfə İnstitutu bir sıra ölkələrin fəlsəfə institutları ilə müqavilələr bağlamışdır. Bu müqavilələrin nəticəsi olaraq, bir neçə gün bundan əvvəl, biz Ukrayna Akademiyası Fəlsəfə İnstitutunda keçirilən dəyirmi masada iştirak etdik. Qeyd edim ki, bu konfransda Dağlıq Qarabağ məsələsi ilə bağlı məqamlara da toxunuldu. Onların bu məsələdə fikirləri birmənalıdır. Miroslav Papoviç dəyirmi masada çıxış edərkən, bildirdi ki, Dağlıq Qarabağ torpaqları Azərbaycana məxsusdur. Onun, bizimlə tanışlığı həqiqətlərə aydıqlıq gətirdi. Biz əminliklə deyə bilərik ki, bu məsələdə Ukrayna Fəlsəfə İnstitutu obyektiv bir mövqedədir. Konfransda geniş bir məruzə ilə çıxış etdim. Çıxışım zamanı institutumuzun fəaliyyəti ilə bağlı məlumat verdim.

Konfrans ərzində iki ölkənin institutları arasında saziş imzalandı. Sazişdə göstərilir ki, bizim birgə fəaliyyətimiz nəticəsində Bakıda "Ukrayna-Azərbaycan fəlsəfə" jurnalında Ukrayna alimlərinin, Kiyevdə isə Azərbaycan filosoflarının məqalələri "Filosofskiy Dumka" jurnalında çap olunacaqdır. Belə sazişləri biz Rusiya və Qazaxıstan fəlsəfə institutları ilə də bağlamışıq. Yaxın gələcəkdə isə digər ölkələrin institutları ilə belə müqavilələr imzalanacaq.

Qeyd edim ki, 2008-ci ildə bizim alimlərin beynəlxalq jurnallarda 10-12 məqaləsi dərc edilirdisə, 2009-cu ildə belə məqalələrin sayı 70-ə çatmışdır. Biz beynəlxalq jurnallara məqalələr təqdim edərkən, bəzən çətinliklər yaranır ki, buna da alimlərimizin rus və ingilis dillərini mükəmməl bilməmələri səbəbdir. Yaxşı olardı ki, üç-dörd xarici dil bilən alimlərimiz yetişsin. Avropa, MDB ölkələri, eləcə də, Türkiyənin fəlsəfi jurnallarında mütəmadi çıxış etməyimiz əhəmiyyətlidir. Ötən ilin noyabr ayında YUNESKO-nun Fəlsəfə Günündə Moskvada təşkil etdiyi konfransda bir qrup əməkdaşımız iştirak etmişdilər. İnstitutumuzun 4 əməkdaşının çıxışını tədbir iştirakçıları böyük maraqla dinləyirdilər. Possovet məkanında ən tanınmış fəlsəfə institutlarından biri Rusiyanın Fəlsəfə İnstitutu idi. Artıq bizim nailiyyətlərimiz onları maraqlandırır və bacarlıqlı, istedadlı alimlərimizi tanıtdıra bilirik. Bu gün Ukrayna intitutunda fəlsəfə ilə bağlı kitab çap olunmadığı halda, artıq bizim institutda bunun nəşrinə müvəffəq olmuşuq. Azərbaycanda sosial-mədəni modernləşmə xətti aparılır. Konfransda onların diqqətinə bu məsələlərlə yanaşı, Prezidentimizin imzaladığı sərəncamı, eləcə də, akademik Ramiz Mehdiyevin fəlsəfə ilə bağlı məlum məqaləsi haqqında məlumat verdim. Bizim fəlsəfəyə həsr olunmuş ən sanballı əsərlərdən söz açıldı ki, ilk növbədə, Ramiz Mehdiyevin əsərləri vurğulandı. Onu da deyim ki, Rusiya və Ukraynada onu böyük bir filosof-alim kimi tanıyırlar. Onun Ukrayna dilində çap olunan əsərləri də dəyirmi masada stol üstündə idi. Görünür, bu sahədə Ukrayna alimlərinin maraqları genişdir.

Konfrasda Ukrayna Akademiyası Fəlsəfə İnstitunun direktoru, akademik Miroslav Popaviçlə tanışlığım zamanı məlum oldu ki, onların institunda üç tarix fəlsəfsi şöbəsi fəaliyyətdədir. Bizim institutda da, heç olmasa, iki şöbənin fəaliyyəti yaxşı göstəricilərin əldə olunmasına gətirib çıxarar. Onlardan biri Azərbaycan fəlsəfəsi, digəri isə xarici ölkələrin fəlsəfəsi ilə məşğul olsun.

Onu da deyim ki, Azərbaycanın Ukraynadakı səfirliyi də böyük işlər görür. Sizin qəzet vasitəsilə onların bizə göstərdiyi diqqət və qayğılarına görə minnətdarlığımı bildirirəm.

Konfransın materialları bu yaxınlarda jurnalda çap olunacaqdır. Bizim filosoflar belə mötəbər tədbirlərdə iştirak edib qayıtdıqdan sonra fəlsəfəyə maraqları daha da artır və yüksək göstəricilər əldə edirlər. Moskvada keçirilən konfransda almaniyalı alim, müasir fəlsəfənin atası adlandırılan Yurgen Xargenbars adlı filosofun çıxışını canlı dinləmək bizim alimlərin fəlsəfi cəhətdən idrakına təsiri danılmazdır. Biz çalışırıq ki, Bakıda keçiriləcək konfransa həmin alimi də dəvət edək. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada "Qloballaşma şəraitində mədəni əlaqələr" adlı konfrans keçirilmişdir. Həmin konfransda belə qərara gəlinmişdir ki, bu il tədbir Bakıda keçirilsin. Hazırda konfransa hazırlıq işləri aparılır. İyun ayında keçiriləcək konfransa Rusiyanın 15 alimi dəvət olunacaq.

   İnstitutda yaradıcılıq elminin yaradılmasına nail olmalıyıq ki, alimlərin keyfiyyətli kitablarının çapına nail ola bilək. Son illər fəlsəfə ilə bağlı sanballı kitablar azdır. Ona görə, biz dövlətə minnətdarıq ki, kitabların nəşrində alimlərimiz üçün belə bir şərait formalaşıb. İnstitutda çap olunan jurnalların səviyyə baxımdan yüksək olmasını nəzərə alaraq, keyfiyyətli nəşrlərə diqqət yönəlib. Redaksiya heyətinə beynəlxalq səviyyəli alimlərin cəlb olunmasına nail olmuşuq. Dünyada tanınmış türkiyəli filosof Fuad Keyman, Doqan Özləri bu jurnallara dəvət etmişik. Eləcə də, Rusiyadan bir neçə alim bu işlərə cəlb olunmuşdur. Təbii ki, bu işlərin müqabilində filosofların da üzərinə böyük bir yük düşür. Bu baxımdan ki, onlar keyfiyyətli davamçılarını seçməlidirlər. Bildiyimiz kimi, hər bir filosofun özünün bir məktəbi var. Bu məktəbin yaranması çox çətin bir prosesdir. Onun metodoloji cəhətdən sanballı alim kimi təqdimi əsas cəhətlərdəndir. Layiqli davamçılar yetişdirmək üçün, ilk növbədə, müdafiə şuralarının keyfiyyətli işlənməsinə önəm verilməli, alimlərin keyfiyyətli ressenziyası olmalı, müzakirələrdə fəallıq göstərilməlidir.

Fəlsəfi metodologiyada fənlərarası elmlər inkişaf edə bilir. Fəlsəfi məsələlər müzakirəyə çıxarılanda, keyfiyyətli və obyektiv metodologiya yaranır. Fəlsəfə İnstitutu Lütfizadəni Azərbaycana dəvət edəcək. Onun qeyri-səlist məntiqi axtarışları bizim filosofların kamilləşməsi üçün metodoloji cəhətdən əhəmiyyətli olar. Azərbaycan fəlsəfəsi sözünü deməyə qadirdir. Avropa fəlsəfəsində, possovet məkanındakı fəlsəfədə, Şərq ölkələrinin fəlsəfəsi sırasında Azərbaycan fəlsəfəsinin yeri var. Deyim ki, bu ölkələr arasındakı münasibətlər bəzi hallarda çox da yüksək səviyyədə olmur. Rasional filosoflar və dindar filosoflar çox zaman bir-birlərini dərk edə bilmirlər. Bu, reallıqdır. Digər tərəfdən isə, Azərbaycan filosoflarını possovet məkanlarında daha geniş şəkildə tanıyırlar. Türkiyə filosofları bizim filosofların elmi nailiyyətlərinə bələddirlər. Yaxşı olardı ki, ABŞ-da, eləcə də, Avropada Azərbaycan filosofları haqqında yüksək fikirlər formalaşmış olsun. ABŞ filosofları paytaxtımızda təşkil olunan beynəlxalq konfranslarda məmnunluqla çıxış etməyə hazırlaşırlar. ABŞ-ın çox tanınmış filosoflarından olan Tom Rokmarın bizim konfranslarda iştirak etmək istəyi bu fikrimi əsaslandırır. Rusiya Akademiyasının Fəlsəfə İnstitutunun akademiki YUNESKO-nun təşkil etdiyi konfransda Azərbaycanda fəlsəfənin bum şəraitində olduğunu söyləmişdir. Bu, onu göstərir ki, Azərbaycanda çox yüksək bir şəkildə inkişaf prosesi gedir. Bütün bunlarla yanaşı, hələ qarşıda görüləsi işlərimiz çoxdur. Dünyanın mötəbər jurnallarında Avropada tanınmış "Diagen" jurnalının iki nömrəsi Rusiyanın alimlərinə həsr olunmuşdur. Arzu edərdim ki, "Diagen", "Voprosı filosofii" kimi jurnallarının bir neçə nömrəsi Azərbaycana həsr olunsun. Bu baxımdan, hələ qarşıda görüləsi işlərimiz çoxdur.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2010.- 12 may.- S. 13.