Xalqın inamı və sevgisi Ulu öndərin fenomenal zəkası ilə birləşərək mümkünsüzü mümkün etdi

 

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun yap.org. az-a müsahibəsi

 

- Siyavuş müəllim, hər il 10 may tarixi - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olduğu gün bütün ölkəmizdə böyük bayram kimi qeyd edilir. İstərdik ki, Ulu öndərimizin Azərbaycanın inkişaf və tərəqqisi istiqamətindəki xidmətləri haqqında fikirlərinizi bildirəsiniz...

- Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün Tanrının bəxş etdiyi dahi şəxsiyyətdir. 1969-cu ildə Heydər Əliyev kasıb, köməksiz, keçmiş ittifaqda daim sıxışdırılan bir respublikanın başçısı təyin olundusa, 1982-ci ildə Moskvaya gedərkən həmin dövlətin yerində müasir, sənayenin ən mühüm sahələri inkişaf edən bir respublika vardı. Ulu öndər Heydər Əliyev cəmisi 14 il ərzində buna nail oldu. Təbii ki, bu gün həmin nailiyyətlərlə bağlı danışmaq asandır, amma göz önündə canlandırsaq ki, Ümummilli liderimiz bütün işləri sıfırdan görməyə başlamışdı və sənayenin bir sıra sahələrini ittifaq səviyyəsində ilkin olaraq Azərbaycanda inkişaf etdirməyə nail olmuşdu, bunun nə qədər çətin və zəhmət bahasına başa gəldiyini görmək olar. Heydər Əliyev bəzi məqamlarda öz tutduğu vəzifəni, hətta deyərdim ki, öz həyatını təhlükə qarşısına qoyaraq o zaman üçün mümkünsüz sayılan xalqının mənafeyi uğrunda işlər görürdü. İqtisadi nailiyyətlərlə yanaşı, Ulu öndərimiz xalqımızın yenidən dirçəlməsi, özünü tanıması, keçmişinə, gələcəyinə qiymət verə bilməsi üçün böyük işlər gördü.

Mən yuxarıda qeyd etdim ki, Heydər Əliyevin həyat yolunun başlanğıcı və sonu nəticə etibarı ilə olduqca maraqlıdır. O baxımdan ki, necə 1969-cu ildə solğun, inkişafdan geri qalmış Azərbaycanı dirçəltmək missiyası Ulu öndərin üzərinə düşdü, eləcə də 1993-cü ildə eyni vəzifəni böyük şəxsiyyət ikinci dəfə həyata keçirməli oldu. Hətta bəzi məqamlar eynilə üst-üstə düşür. Əgər Heydər Əliyevin birinci hakimiyyəti dövründə Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdusa, 1995-ci ildə də müstəqil ölkəmizin ilk Əsas Qanunu məhz Ulu öndərimizin rəhbərliyi ilə hazırlandı. Heydər Əliyev hər zaman deyirdi ki, dövlətin inkişafı qanunun aliliyindən asılıdır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət prinsipinin sonradan daha da inkişaf etdirilməsi bu günki güclü, qüdrətli, varlı Azərbaycanın yaranmasına yol açdı.

- Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə dönərkən xalqımız olduqca çətin günlər yaşayırdı. Yeni yaranan dövlət möhkəmlənmədən süquta uğramaq üzrə idi. Belə bir gündə Heydər Əliyev yenidən xalqına dayaq oldu...

- Fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edən, Azərbaycan torpağının, dövlətinin, bütövlüyü uğrunda fədakarlıqla çalışan, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görən Ümummilli liderimiz Heydər Əliyev bəşər tarixində hər hansı bir dövlətin başçısının öz ölkəsi üçün edə bilmədiklərini Azəbaycan üçün reallığa çevirdi. 1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranan vəziyyət, müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək, cinayətkarcasına səhlənkarlıq nümayiş etdirərək, fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıtdılar. Anarxiya və hər cür qanunsuzluqlar dövrü hesab edilən 1991-1993-cü illər ərzində Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə məruz qaldı. AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti nəticəsində, əvvəllər məhz Ulu öndər tərəfindən əsası qoyulan qüdrətli iqtisadi potensial, demək olar ki, tam dağıdıldı, milli sərvətlərimiz talan edildi, qanunsuz silahlı dəstələrin yaradılmasına rəvac verildi. Cəmiyyətdə cəzasızlıq şəraitində cinayətkarlıq görünməmiş bir həddə çatdı: vətəndaşlar öz adicə hüquqlarını qoruya bilmirdilər. Amma 1993-cü ilin ortalarından etibarən bütün bu qaranlıqlar sona yetdi. Xalqın israrlı tələbi ilə Bakıya gələn dahi şəxsiyyət Heydər Əliyev Ali Sovetin sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələr xalqın dəstəyi ilə zərərsizləşdirildi. Heydər Əliyev ölkəmizi, xalqımızı bu çətinliklərdən də xilas etdi. Xalqın inamı və sevgisi Ulu öndərin fenomenal zəkası ilə birləşərək mümkünsüzü mümkün etdi. İqtisadi inkişafın əsası qoyuldu. Az bir müddət ərzində dağıdılan sənaye obyektləri yenidən bərpa edilib istifadəyə verildi. Azərbaycan öz potensialını və qapılarını sərmayədarların üzünə açdı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ölkəmizi dünya səvyiyyəsində tanıtdı. Bununla yanaşı, Ulu öndər Heydər Əliyev bu layihəni reallaşdırmaqla Azərbaycanı regionun lider dövlətinə, o cümlədən bölgənin təhlükəsizliyinin təminatçısına çevirdi. Təbii ki, müharibədən çıxmış, iqtisadiyyatı dağıdılmış bir ölkəni az bir zamanda ayağa qaldırıb inkişaf yoluna salmaq üçün yalnız Heydər Əliyev kimi siyasət dahisi olmaq lazımdır.

- Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələn zaman ölkədə ideoloji cəhətdən də bir boşluq yaranmışdı. Köhnə kommunist düşüncəsi tam olaraq sıradan çıxmışdı. Yeni düşüncə tərzinin yaranması və inkişafı üçün baza qıtlığı mövcud idi. Belə bir şəraitdə Ulu öndərin atdığı addımları necə xarakterizə edərdiniz?

- Həqiqətən də o zaman ideloji sahədə bir boşluq mövcud idi. Köhnə siyasi sistemin dağılması ilə cəmiyyətdə yaranan ideoloji və mənəvi böhran müəyyən bir müddət davam etdi. Kommunizm ideologiyasından psevdomillətçiliyə doğru sürüklənən cəmiyyəti məqsədli şəkildə yalnız bir reys üzərinə çəkmək istəyirdilər. Məhz bunun nəticəsi idi ki, ölkədə separatizm meylləri yaranmağa başlamışdı. Cəmiyyət nə olduğunu dərk edə bilmirdi. Köhnə siyasi quruluşun illərlə formalaşdırdığı və tərbiyə etdiyi ictimai şüur süqut etmişdi və yeni ideologiya axtarışına çıxmaq məcburiyyəti yaranmışdı. Ulu öndər Heydər Əliyev xalqı bir məfkurə-azərbaycançılıq ideyası ətrafında birləşdirməyə nail oldu. Nə idi bu ideologiya? Bu ideologiyada Azərbaycan üçün məqbul olan ideoloji prinsiplər - dövlətçilik, qanunçuluq, şüurlu vətənpərvərlik, milli müstəqillik, konstruktivlik, milli həmrəylik, siyasi plüralizm və çoxpartiyalılıq, azərbaycançılıq və nəhayət, demokratik prinsiplər əsasında dövlətçiliyin möhkəmləndirilməsi prinsipləri əsas götürülürdü. Sadalanan prinsiplər cəmiyyətdəki ideoloji boşluğu doldurmağa və cəmiyyət quruluşu haqqında təsəvvürlərə aydınlıq gətirməyə qadir olan əsas tezislərdir. Prinsiplərin doğru olduğunu və respublikamızda tətbiq edilməsinin mümkünlüyünü isə zaman özü sübut etdi. 1993-cü ildən bu günə qədər olan dövr ərzində söylədiyimiz prinsiplərin əksəriyyəti həyata keçib və cəmiyyət tərəfindən mənimsənilərək qəbul edilib. Məsələn, azərbaycançılıq ideologiyası hazırda bütün etnik qrupların və aparıcı etnosun maraqlarını ifadə edən başlıca milli həmrəylik formuluna çevrilib. Dövlətçilik, qanunçuluq praktiki olaraq bərqərar edilib, şüurlu vətənpərvərlik hisslərinin formalaşması istiqamətində mühüm addımlar atılıb. Cəmiyyətin siyasi strukturlaşması, siyasi plüralizm və çoxpartiyalılıq ictimai-siyasi həyatda öz əksini tapıb. Bütün bunlar nəticə etibarı ilə milli-mənəvi dirçəlişə səbəb oldu, demokratik prinsiplər əsasında dövlətçiliyin möhkəmləndirilməsinin əsasında duran başlıca təmələ çevrildi.

- Ulu öndər tərəfindən əsası qoyulan siyasi-ideoloji kursun bugünki səviyyəsi haqqında nə deyə bilərsiniz?

- Azərbaycan xalqı 2003-cü ildə müdrik qərar qəbul edərək cənab İlham Əliyevi Prezident seçməklə öz dövlətçiliyinin dinamik inkişafını, sosial-siyasi sabitliyin, demokratiyanın bərqərar olmasını, vətəndaş cəmiyyətinin inkişafını təmin etmiş oldu. Bəli, bu gün Azərbaycan regionun lideridir və bunu bütün dünya qəbul edir. Azərbaycan bütün xarici təşkilatlar, böyük dövlətlər, eyni zamanda, region dövlətləri ilə münasibətlərdə özünü tam müstəqil dövlət kimi sübut etməyi bacarıb ki, bütün bunların əsasında da Ümummilli lider Heydər Əliyevin qoyduğu dövlətçilik ənənəsi üzərində Prezident İlham Əliyevin uğurlu və praqmatik siyasəti dayanır. Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət bütün sahələr üzrə davam etdirilir və Azərbaycan bir çox məsələlərdə öz şərtlərini diktə edəcək qədər güclü dövlətə çevrilir.

 

 

Səs.- 2010.- 13 may.- S. 6.