Yaşamağa abidə
Məzarı bütövlükdə Vətən
torpağı olan, qəbirüstü abidəsi olmayan,
Qarabağ müharibəsində erməni
işğalçılarına qarşı qəhrəmanlıqla
vuruşaraq, şəhid olmuş Nazim Cəbrayılovun 60
illik yubileyinə ərmağan olmuş
"Ölməzliyə abidə" kitabı çapdan
çıxmışdır. Kitabın müəllifi
Rəhilə Orxan bu nümunə ilə həyat
yoldaşının simasında vətən
şəhidlərinin hamısının nigaran ruhuna
sözdən ölümsüzlük abidəsi ucaltmağa
çalışmışdır. Azərbaycan
torpaqlarının çətin bir zamanında türk
qanına susamış erməni
təcavüzkarlığının qarşısına ər
oğul kimi çıxan N.Cəbrayılovun
qəhrəmanlığından bəhs edən kitabda, həm
də arxa cəbhənin güclü mənəviyyat
sahiblərini önə çəkir. Onların
ağır günlərdə necə ləyaqətlə
sınaqlarından çıxmasını göstərir. Kitab haqqında Ağa Musa Nağıyevin
nəvəsi və adını daşıdığı
"Milli Dəyərlərin Qorunması" İB sədri -
Hacıxanım Dilarə Ağamusanın fikirləri maraq
doğurur: - Şəhid olmuş həyat yoldaşına yazdığın
"Ölməzliyə abidə" kitabı ilə
ürəklərdə onu yaşatdın. Özün də
bilmədən. Nazimə ikinci nəfəs verdin. Kitabı
oxuduqca Nazimsiz keçdiyin yollara baxıb, bir anlığa
düşünürsən:"Bu qadın deyil,
kişidir"! "Əhsən sənə, Rəhilə
xanım! Qarabağ çox ailələrə
qəm-kədər gətirdi. Onlardan biri də Əlifoğlu
İbrahimin oğlu Nazimin cavan, gün görməmiş
ailəsi oldu. Atası ilə bir doğum
günündə dünyaya göz açan qızı
Fidanın ad günü təqvimdən ömürlük
silindi. 1994-cü il martın 2-də son doğum
gününüzü qeyd edəcəyiniz heç kimin ağlına
da gəlməzdi. Böyük sevinclə
qarşıladığı ad gününü Fidan
qızın 1995-ci ildən etibarən anım günü kimi
qeyd edir. Amma
vaxt var idi bu günü birlikdə toy-bayram edirdiniz. Meydanda tək qaldın
xanım Rəhilə! Nazimi unutmağa
qoymadın, sətirlərdə yaşatdın, dərd
çəkə bilən ürəyində yaşatdın.
Nazimin 60 illik yubileyinə həsr etdin bu
kitabı. Abidəni ona kitabınla
yaratdın. Yazdıqlarının belə
qarşılanacağını düşünmürdün.
Yalnız bir fikir səni narahat edirdi: Nazimi necə
yaşadım! Heç kəs onu unutmasın! Ürəyini
boşaldaraq kağız üzərinə səpdiyin toxumlar
özünü tutdu. Yox, məzarı üstə
abidə qoydun "Ölməzliyə abidə"! On dörd illik ailə həyatının dərsi
sənin üçün ömürlük bir elmi mövzuya
çevrildi. Çünki elə bu
illərdə Nazimlə keçdiyin həyat məktəbi
sənin dərsliklərinə çevrildi. Müdrik
kəlamlarda deyildiyi kimi, ən gözəl nemət
ağıl və sözdür! Hər iki
kəlamın dərslərini öyrətdi sənə, Nazim,
bu qısa zamanda. Döyüşə
gedərkən bəlkə də qayıtmayacağını
dərk etmişdi. Ona görə səni
bu fəlakəti görəcəyinə
hazırlamışdı. Kitabı
hazırlayarkən Nazimsevərləri, həmkarlarını,
həmsöhbət olduqlarını arayıb tapdın,
topladığın xatirələri, faktları toxuma
çevirib səpdin. Böyük əmək sərf
etdin, Rəhilə xanım! Kitabı oxudum,
təqdimatında iştirak etdim. Amma
böyük həyəcan hissləri keçirdim ki, mənim
bu qeydlərim və ürəkdən gələn
sözlərim, görəsən, yerini tapacaq? Rəhilə
xanım! Bizim tanışlığımız 5-6 il olsa da, böyüklüyündən,
mərdliyindən bixəbər idim. Çox
hayıf. Adətən, mərd qadınlara mənim
hər zaman böyük hörmətim və ehtiyacım var,
Rəhilə xanım! Nazimin mərd ruhu qarşısında,
sənin mərdliyin, şücaətin qarşısında
baş əyirəm! Nazim ön cəbhənin,
sən isə arxa cəbhənin əsgəri oldun. Həyatının çiçəklənən
vaxtında yarsız qaldın. Boynuna
çox ağır yük düşdü. İndi
sən həm anasan, həm də ata! Həm
tərbiyəçisən, həm də yol
göstərən. Bir sözlə,
zərif qadın çiyinlərin bir anda kobudlaşdı.
Dərdin bir, yükün isə çox oldu.
Qarabağ müharibəsində erməni
işğalçılarına qarşı
qəhrəmanlıqla vuruşaraq, şəhid olmuş
həyat yoldaşın Nazim haqqında yazdığın
"Ölməzliyə abidə" kitabı ilə
Vətən şəhidlərinin
ölümsüzlüyünə abidə ucaltdın,
hörmətli Rəhilə xanım! Məzarı olmayan bir
insan! Nə böyük fəlakət! Düşmənə
qarşı barışmazlığı ona dostları
arasında hörmət qazandırdı. Müstəqil
Azərbaycanın dövlət mənafeyini müqəddəs
tutan Nazimin qəhrəmanlığı nəticəsində
komandiri olduğu taqımın əsgərlərini mühasirədən
çıxara bildi. Azərbaycan Dövlət İqtisad
Universitetində bir filoloq kimi, əcnəbilərə ana
dilinin incəliklərini - zənginliyini
öyrətməyə çalışan pedaqoq Nazim, elmi
iş üzərində də çalışmağa vaxt
tapırdı. 1993-cü ildə Nazim
vəzifəyə arxa çevirib, silah
götürərək, Vətəni qorumaq üçün
döyüşə atıldı. 44
yaşında dünyanın dərdinə qatılıb,
qocaldı. Cəbrayılovçular öldülər,
səngəri tərk etmədilər, çünki
arxalarında Vətən idi!!! Bu şüar idi onu
fədakarlığa çağıran! Bunun
müqabilində ölümün zirvəsi Nazimə
mənəvi ölümsüzlük bəxş etdi. Vaxt ketdikcə, Nazimlə bağlı xatirələrini
varaqlayırdın. Evdə
asdığın portreti Nazimin özü sanıb, onunla
yaşadın bu illəri. Ona verdiyin hesabat bunlar idi:
Sevdiyin oğlun Orxanın adını təxəllüs
götürdün. Çünki onun qanı da,
canı da Nazimin idi. Övladlarınızın ali təhsil alıb, ailəyə xoşbəxtlik
gətirmələri, Vətənə sadiq övlad olmaq,
bunları görmək sənə nəsib oldu, Rəhilə
xanım! Sənə bəxtəvər dedilər!
Bəxtəvər deyən dillərə amin! Çünki
bu, çox çətinliklə əldə edilmiş
bəxtəvərlik idi. Saçlarının
ağarmasını görənlər, ürəyini
görə bilmədilər. Şam kimi
yansan da əridiyini görən olmadı. Çünki
Nazimsiz yaşadığın müddətdə ürəyin
qan ağlasa da, üzün gülüb, övladlarının
naminə. Gecələr sızlayıb,
səhər onları yola salanda, nəvazişini
əsirgəməmisən. Qüdrətli xanım! Vəfalı
həyat yoldaşı! Axı belə
etməsəydin, Nazimin ruhu səndən incik
düşərdi. Yadındamı,
hərdən sən uşaqlara acıqlananda, Nazim
səndən inciyərdi. Axı onlar
balacadırlar, qırma ürəklərini deyərdi. Nəvazişini uşaqlarından
əsirgəməzdi, elə bil, öləcəyini duyurdu.
Rəhilə xanım! Mirvarini sapa düzən
kimi kağız üzərinə düzdüyün
xatirələri oxuduqca, Sənin simanda Koroğlunun
Nigarını, Nəbinin Həcərini, Xanqızı
Natəvanı gördüm. Ürəyim
fərəh hissi ilə döyünsə də,
qısqanclığım bunları üstələdi. Bu, sənin qəhrəmanlığına,
dözümlülüyünə, mərdliyinə olan bir
qısanclıq idi. Şəklinə baxıb
deyirsən-Nazim! Nəvən Hüseyn hərbi
paltardakı şəklini görəndə,
"Azərbaycan, Azərbaycan" deyir. Deyəsən,
sənin yolunun davamçısı olacaq. Çünki
o, başa düşür ki, əsgər elə Azərbaycan
deməkdir! Rəhilə xanım! Uca tut
başını. Axı sənin inamın var!
Səndə əzm var! Nazimin
qəhrəmanlığı bir igidlik dastanıdır. Sən uca tut başını. Nazim
ölməyib. O, ən uca bir yerdədir. Daima
səni görür, izləyir. Arxada
qalmış ağır, çətin günlərini sən
duymadan sənilə olub. Axı sən Nazimin
Rəhiləsisən! Ər kişinin yadigarlarını -
üç övladı ailə başçısız
böyütməkdə gücünü
göstərməklə, azəri qadınlarına
nümunə olub, Cəfər Cabbarlının yeni qadın
obrazlarını yaratdın, Rəhilə xanım! Təzə tarixi köhnə tarixə qovuşdurdu
Nazimin əksi. Ömürlük əksin Qala divarında
həkk olmuş, Nazim, sən nə bəxtəvərsən! 1949 doğumun, 1994 ölümün, təkrar olan
rəqəmlər. Yalnız rəqəmlər
arsında 45 il fərq. Lənət
sənə, müharibə. Yoxluğuna inanmaya-inanmaya
elə hey deyirdin:"Mənim narahat Nazimim, rahat yat, olmayan
məzarında. Var qüvvəmi sərf
edəcəyəm, arzularının reallaşmasına."
Belə də oldu! Hələ körpə
ikən, ay mənim Fidanım, həkim qızım,
xəstələnəndə məni sən müalicə
edəcəksən, deyərdi Nazim. Rəhilə
xanım - sənin əməyin sayəsində belə də
oldu. İnan ki, Fidan həkimlik diplomunu
alanda, Nazim cənnət quşu olub, bunları görüb,
səninlə sevinirdi. Sən onu
görməyirdin. Onun sənə -
"sağ ol, mənim qeyrətli yarım"-dediyini
eşitməsən də, hissiyyatının səni
aldatmadığına inanırdın. Hələ
bu harasıdır? Atanın yoxluğundan sonra, uşaqlar
səndən bixəbər, aralarında mübahisə
edirdilər ki, onun adını kim
yaşadacaq? Əlbəttə,
növbədə Orxan idi. Çünki atanın
adını oğul yaşadar - deyirdi o. Jalə qızın
adını yaşatdı! Axı Orxan
hələ kiçik idi. O, təhsil
müddətində fərqlənərək - elm yollarında
mətanətlə irəliləyib, hörmət qazanmaqla da
səni yaşatdı. Bu da bir qələbə! Ata sevgisinin böyüklüyü. Oğlun Orxan isə ataya olan sevgisini onun
işlədiyi İqtisad Universitetinə daxil olmaqla bir daha
təsdiqlədi. Ata ömrünü təhsildə
yaşatdı! Amma Nazim bilir ki, bütün bu
gerçəklərin ardında ana - Rəhilə dururdu.
Rəhilə xanım, əlbəttə ki, bu
"sağ ol"ları eşitməyirdi. Çox
çətin oldu bunları qazanmaq Rəhilə xanım! Bunu
duyanlar az olmadı. Çoxlarının
gözü bu ailədə idi. Görən
necə olacaq, öhdəsindən gələcəkmi bu
cılız qadın. Ağır yükü
daşıya biləcəkmi? Səni, ailəni və
ələlxüsus, Nazimi istəyənlər verdikləri
suala özləri də cavab tapırdı: Başqa cür ola da bilməzdi. Görün o
kimin yoldaşı olub. Bu sədalar
hərdən sənə çatanda, elə bil, quş
təki sınmış qanadlarına qüvvə gəlirdi.
Çox sağ ol, Rəhilə xanım!
Bəxtiyar Vahabzadə çox gözəl deyib:
Öləndə torpağa qarışmağım da,
Torpağa qovuşub yaşamağımdır!
ZÜMRÜD
Səs.- 2010.- 18 may.- S. 12.