Laçının
işğalından 18 il ötür
Şuşanın və
Laçının erməni-rus hərbi birləşmələri
tərəfindən işğal edilməsindən 18 il
keçir. Mayın 8-i Şuşanın, 18 isə
Laçının işğal edilib. Bu dövr ərzində
işğalın əsil səbəbləri barədə
müxtəlif fikirlər səslənsə də, indiyə qədər
ictimaiyyətə bu hadisələrdə kimlərin
günahkar olduğu qaranlıq qalır. Millət vəkilləri,
siyasətçilər və politoloqlar itirilən
torpqlarımızın o zaman hakimiyyətdə olan səriştəsiz
rəhbərlərin şəxsi ambisiyalarının
qurbanı olduğunu bildirdilər.
YAP Laçın rayon təşkilatının
sədri, millət vəkili Sevindik Hətəmov Şuşa və
Laçının hakimiyyətdaxili çəkişmələrin
qurbanı olduğunu söylədi:
- Əgər xatırlayırsınızsa, Laçının işğal ediləcəyi haqda hələ mayın 5-də fikirlər Milli Məclisin iclasları zaman səslənirdi. Lakin hakimiyyət uğrunda mübarizəyə qoşulan o zamankı siyasi qüvvələrin parlamentdə səslənən həyəcan siqnalına məhəl qoymamaları, nəticə etibarilə, Laçının işğalına gətirib çıxardı. Həmin dövrdə hakimiyyətdən qovulmuş Ayaz Mütəllibov hər vasitə ilə hakimiyyətə qayıtmaq istəyirdi. Digər tərəfdən, Azərbaycan Xalq Cəbhəsi də hakimiyyətin yenidən ruspərəst A.Mütəllibovun əlinə keçməsini istəmirdi. Çünki o zamankı danışıqlara əsasən, Şuşa və Laçın işğal edilir və bununla da, Ayaz Mütəllibovun hakimiyyətə gəlməsinin qarşısı alınır.
Türkiyədə də bəzi qüvvələr vardı ki, onlar Xalq Cəbhəsinin iqtidarda olmasını istəyirdilər. Bu qüvvələrin arxasında isə masonların maraqları dayanırdı. Bütün bunların fonunda müəyyən kanallarla ermənilər, o cümlədən, PKK ilə görüşlər keçirildi. ASALA ilə PKK-nın mövqeləri üst-üstə düşdüyünə görə, ümumi razılaşma əldə olundu.
Bildiyiniz kimi, A.Mütəllibov Rusiyanın adamı kimi tanınırdı. Sual ortaya çıxır: belə olan halda, Rusiya hansı məntiqlə Mütəllibovun hakimiyyətə qayıtmasına mane olmalı idi? Sualın cavabı bəlli idi. Bunun əsas səbəblərindən biri A.Mütəllibovun vaxtilə Müstəqil Dövlətlər Birliyinə daxil olmaması idi. Çünki həmin vaxt MDB ilə bağlı məsələni, birmənalı şəkildə, Rəhim Qazıyev həll etmişdi. Rus generalları ilə apardığı danışıqlarda R.Qazıyev söz vermişdi ki, hakimiyyətin ona ötürüləcəyi təqdirdə, bütün şərtlərə imza atacaq. Onun prezident olmaq istəyi var idi. Şuşa, Laçın, Kəlbəcər və digər torpaqlarımız hakimiyyətdaxili çəkişmələrin və siyasi mübarizənin qurbanı oldu. Rusiya R.Qazıyevin hakimiyyətə gəlməsinə kömək etmək üçün, hətta bir neçə yaşayış məntəqəsinin azad edilməsinə kömək etmək fikrində idi.
Ümumiyyətlə, həmin dövrdə böyük güclər - ABŞ, Rusiya, Türkiyə və İranın Azərbaycanda öz maraqları var idi. Bundan başqa neft layihələrində öz maraqlarını təmin etmək üçün transmilli şirkətlərin və həmin dövlətlərin himayəsində olan terrorçu təşkilatların da hadisələrə təsiri böyük idi.
Bu da, əsas faktdır ki, Laçını ermənilərin əli ilə rus ordusu işğal etdi. Çünki nə PKK-nın, nə də ASALA-nın elə də böyük imkanları yox idi ki, adıçəkilən rayonları işğal etsin. Onlar da bilirdilər ki, Şuşa Qarabağın mərkəzidir, Qarabağa yiyələnmək üçün, ilk növbədə, Şuşanı işğal etmək lazım gəlir. Şuşa şəhəri ermənilərə, demək olar ki, döyüşsüz təslim edildi. Bununla yanaşı, qeyd etmək lazımdır ki, həmin bölgədə ermənilərlə ciddi surətdə vuruşan da məhz Laçın camaatı olub. Qarabağın bütün bölgələrində laçınlılar vuruşub. Bu da, danılmaz həqiqətdir ki, əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz olacaqdı. Azərbaycan ərazisində 5-6 etnik dövlətin yaradılması planları var idi. Şimalda ləzgi, şimal-qərbdə avar, cənubda talış, cənub-qərbdə kürd dövlətləri və s. Azərbaycan yalnız Bakı və Şirvan quberniyasından ibarət olaraq qalmalı idi.
İstər Şuşa, istər Laçın, istərsə də, digər rayonlarımız, əslində, hakimiyyət iddiasında olan o zamankı səriştəsiz rəhbərlərin siyasi maraqlarının qurbanı oldu. Əgər o zaman yalnız bir məqsədə, işğal olunmuş torpaqların azad edilməsinə xidmət edilsəydi, tezliklə Şuşa və Laçını ermənilərdən geri almaq olardı. Lakin şəxsi ambisiyaların və siyasi maraqların önə çəkilməsi, daxili ziddiyyətlərin artması buna imkan vermədi.
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva xalqımızın yaxın zamanlarda Şuşada, Laçında, ümumiyyətlə, ölkəmizdə qələbə gününü qeyd edəcəklərini deyib:
- Ermənistan Respublikası tarixdə "böyük Ermənistan" yaratmaq xülyası ilə yaşamış və bu xülyalarını reallaşdırmaq üçün heç bir beynəlxalq hüquq normalarına sığmayan vasitələrə əl atmışdır. Bunun üçün Azərbaycanın torpaqlarını hədəfə alan separatçı Ermənistan Respublikası tarixi torpaqlarımıza hücum etmişdir. Bunun da nəticəsi olaraq, Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan vəhşicəsinə qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst edilmişdir. Bu vəhşiliyin qurbanı olaraq, bir milyondan artıq insan 10 ildən çoxdur ki, öz ata-baba yurdlarından məcburi qovularaq, qaçqın və məcburi köçkün şəraitində yaşamağa məhkum olmuşdur. Beləliklə də, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti nəticəsində minlərlə insan həlak olmuş, elementar insan haqlarından məhrum edilmişdir.
İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxmış, dağıntılar nəticəsində, iqtisadiyyatımıza külli miqdarda maddi ziyan dəymişdir.
Belə ki, tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyil. Bir sözlə, Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasını və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini özününküləşdirməklə məşğul olmuşlar. Hətta onlar Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə də baxmayaraq, Ermənistan Respublikası beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur və bu gün də öz işğalçılıq siyasətini davam etdirir.
Laçın rayonu da erməni işğalına məruz qalan tarixi torpaqlarımızdandır. Digər ərazilərdə baş verən terror aktları Laçında da analoji olaraq təkrarlanmışdır. 1992-ci ildə rayonun ərazisi erməni silahlı dəstələri tərəfindən vəhşicəsinə işğal edilmişdir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 18 may.- S. 15.