BİR MİLLƏT İKİ
DÖVLƏT
Rəcəb Tayyib Ərdoğanın
Azərbaycana səfəri
zamanı Qarabağla bağlı bir daha ortaq mövqe
sərgilənib
Məlum olduğu kimi, bu gün iki
qardaş dövlətlər
- Türkiyə ilə
Azərbaycan arasında
strateji münasibətləri
bütün sahələri
əhatə edir. İki ölkə ümumi düşmənə
qarşı, eləcə
də beynəlxalq təşkilatlar da dövlət və milli maraqları müdafiə etməkdə
eyni mövqe sərgiləyirlər. Ölkəmizə hər səfəri uğurlu olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın növbəti
rəsmi səfərini
də millət vəkilləri, siyasi icmalçılar yüksək
qiymətləndirir və
bu səfərin olduqca önəmli xarakter daşıdığını
söyləyirlər. YAP İdarə
Heyətinin üzvü,
millət vəkili Eldar İbrahimov Azərbaycan və Türkiyə strateji maraqlarının eynilik daşıdığını bildirib. Qeyd edib ki, bəlli
protokolların iflasa uğramasından sonrakı
dövrdə səfər
böyük maraq doğurub. Hər bir tərəf və regionla bağlı maraqlı dairələr Azərbaycan
və Türkiyənin
bundan sonrakı dövrdə hansı addımlar atacağını
proqnozlaşdırmaqdadırlar. Həqiqətən də,
etiraf etmək lazımdır ki, bu, iki ölkənin
münasibətləri və
ölkənin geosiyasətini
müəyyənləşdirən başlıca amildir. Keçmiş dövrdə regionla
bağlı siyasətlərdə
və iqtisadi xarakterli layihələrdə
Türkiyə və Azərbaycanın birgə
addımları nə
qədər vacib rol almışdısa, gələcək dövrdə
də bu iki ölkənin arasındakı münasibətlər
vacib olaraq bölgənin ümumi həyatına təsir
göstərəcək. Məhz
buna görə də, son illər,
xüsusilə də,
Qarabağ məsələsində
Türkiyənin rolu artmaqdadır. Təbii ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdirlər.
Türkiyə ilə Azərbaycanın arasında
olan həm siyasi, həm iqtisadi, həm də digər əlaqələr bizə
imkan verir ki, Cənubi Qafqaz, Şərqi Avropa, ümumiyyətlə,
Avropada daha geniş birgə addımlar ataq. Düşünürəm ki,
gələcəkdə də
region üçün
vacib olan məsələlərdə Azərbaycanın
iştirakı və məlumatlandırılması vacib
şərtdir. Regionda
olan vəziyyət siyasi, enerji və digər amillərlə bağlıdır.
Azərbaycan bu günə qədər bütün müttəfiqlərinin
istər siyasi, istərsə də, enerjiylə bağlı istəklərini yerə salmayıb. Hər zaman dediyini
həyata keçirib.
İki qardaş ölkə arasında yaranan qaz probleminin
həlli istiqamətində
də uğurlu işlərin aparıldığını
söyləyən E.İbrahimov
bildirdi ki, enerji məsələləri
elə bir prosesdir ki, sadəcə
olaraq, fikir söyləməklə bunu
həll etmək
olmaz. Bununla bağlı iki ölkənin müvafiq qurumları arasında danışıqlar aparılır.
Burada təkcə Türkiyəyə qaz nəqlindən söhbət
getmir. Sadəcə olaraq, Azərbaycanın Avropaya və digər ölkələrə,
yəni marşrutların
müzakirəsi və
bu marşrutların regional bir mərkəz
olaraq Türkiyədən
keçməsi onun bu prosesdə iştirakını genişləndirib.
Burada məsələ
qlobal şəkildə
ortaya qoyulub. Layihənin önəmliyi
ilə bağlı Avropa və digər ölkələrin
marağı olduğu
üçün məsələnin,
birmənalı olaraq,
həll olunacağını
ancaq danışıqlar
aparan insanlar və qurumlar bəyan edə bilərlər. Bütün
enerji layihələrinin
geniş müzakirəsindən
sonra nə isə açıqlayıb,
sənəd imzalamaq olar. YAP Siyasi Şuranın üzvü,
millət vəkili Aydın Mirzəzadə isə bildirdi ki, R.T.Ərdoğanın Azərbaycana ötənilki
səfəri də may ayına təsadüf etmişdi. O zaman Türkiyə-Ermənistan
arasında məlum protokolların meydana çıxdığı ərəfədə
baş tutan səfər Azərbaycanla
Türkiyə arasında
yaranan gərginliyin aradan qaldırılmasına
hesablanmışdı. Millət
vəkili xatırlatdı
ki, keçən il Azərbaycan və Türkiyə müxalifətinin sərt
mövqeyi AKP iqtidarını ehtiyatlı
davranmağa məcbur
etdi və protokolların parlamentə
göndərilməsini ləngitdi:
"Ərdoğan parlamentdə
çıxış edərək
Türkiyənin əhdinə
sadiq qalacağını
bildirdi və əlavə etdi ki, Dağlıq Qarabağ ətrafındakı
beş rayonun azad edilməyəcəyi təqdirdə protokollarla bağlı müsbət addım atılmayacaq. Azərbaycan
da Türkiyənin mövqeyindən razı qaldı və münasibətlərdəki gərginlik
müəyyən qədər
aradan qalxdı, Qars məsələsi də nisbətən konstruktiv məcraya daxil oldu". Bu yaxınlarda Türkiyə ilə qaz məsələsində
də razılıq əldə edildiyini bildirən A.Mirzəzadə
Azərbaycan qazının
220 dollara alınmasına
dair razılıq əldə olunduğunu qeyd etdi: "Son vaxtlara qədər
Azərbaycan Türkiyəyə
qazı 120 dollara satırdı. Yəqin ki, Türkiyə ilə sənəd imzalanandan sonra qazın qiymətində dəyişikliklər olacaq.
Azərbaycana bir milyard dollardan çox pul və qalıq borcu ödənəcək". YAP Siyasi
Şurasının üzvü,
YAP Qaradağ rayon təşkilatının
sədri Aydın Hüseynovun fikrincə isə, R.T.Ərdlğanın
səfər zamanı
iki ölkə arasında münasibətlərin
son zamanlar gəlişmiş
sahələri də müzakirə mövzusu olub: "Məlum olduğu kimi, "Nabucco" layihəsi razılaşdırılır. Bu
məsələdə Türkiyə
və Azərbaycan arasında da mövqe ortaqlığı
yaranmaqdadır. Türkiyəyə nəql olunacaq qazla bağlı da müqavilənin imzalanması istisna olunmur. Məhz bundan sonra Azərbaycan, Türkiyə,
İtaliya və Yunanıstan dördlüyünün
qazla bağlı sammitinin keçirilməsi
baş tutacaq. Həm Azərbaycan, həm də Türkiyə aralarındakı
münasibətləri möhkəmləndirmək,
bu münasibətləri
həqiqi-strateji müttəfiqlik
səviyyəsinə qaldırmaq
niyyətindədirlər. Bu
səbəbdən də,
tək bölgədə
deyil, bütün dünyada daim birgə hərəkət
strategiyasını cızmaq
üçün yaxınlarda
iki ölkənin rəsmiləri taktiki addımları müzakirə
edib, qərar qəbul edəcəkləri
istisna olunmur".
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 20 may.- S. 8.