Alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə
Azərbaycan
iqtisadiyyatının ən inkişaf etmiş sahələrindən
biri də energetika sektorudur. Hələ sovet hakimiyyəti
dövründə ümummilli lider Heydər Əliyevin hakimiyyətə
gəlişi zamanı bu sahədə güclü inkişaf
müşahidə edilməyə başlayıb. Onun
birbaşa təşəbbüsü ilə Azərbaycan
Dövlət Rayonlararası Elektrik Stansiyasının (DRES) və
Şəmkir SES-in tikilməsi, nəinki enerji sahəsinin, o
cümlədən, Azərbaycan iqtisadiyyatının
bütün sahələrinin daha da inkişafına səbəb
olub.
90-ci illərin əvvəllərindən
müstəqil Azərbaycan Respublikasının qurulduğu ilk
dövrlərdə iqtisadiyyatın, digər sahələrində
olduğu kimi, bu sahədə də müəyyən
durğunluq müşahidə edilib, buna baxmayaraq, bu sahə
öz dayanıqlığını nisbətən qoruyub saxlaya
bilib. Bu isə ulu öndərin 70-ci illərdə həyata
keçirdiyi uğurlu siyasətin nəticəsi idi.
Müstəqillik
qazanıldıqdan və ümummilli lider Heydər Əliyev
hakimiyyətə gəldikdən sonra iqtisadiyyatımız
sürətlə inkişaf etməyə başladı. Xarici
investisiyalar üçün əlverişli şəraitin
yaradılması və onların sürətlə ölkə
iqtisadiyyatına cəlb edilməsi nəticəsində
energetika sahəsinə güclü sərmayə axını
başladı.
Məlum olduğu kimi, Yer
kürəsində iki cür enerji mənbələri
mövcuddur: bərpa olunan və bərpa olunmayan. Bərpa olunan
enerji mənbələri fasiləsiz fəaliyyət göstərən
günəş, külək enerjisi, hidroenerji və
başqalarıdır. Bərpa olunan enerjilərə nisbətən
bərpa olunmayan mənbələr qazıntı - yanacaq
növləri, nüvə və nüvə-istilik enerjisi ətraf
mühitin əlavə olaraq istiləşməsinə,
çirklənməsinə, atmosferdə oksigenin intensiv sərf
olunmasına, zərərli tullantıların artmasına,
texnogen fəlakətin baş verməsinə gətirib
çıxarır.
Bu səbəbdən də,
son dövrlərdə dünya ölkələri sürətlə
bərpa olunan alternativ enerji mənbələrinə
keçidi prioritet məsələyə çeviriblər. Ənənəvi
enerji mənbələrinin tədricən tükənməsini
və onlardan istifadə zamanı ətraf mühitə vurulan
külli miqdarda ziyanı nəzərə alaraq,
dünyanın inkişaf etmiş ölkələrində
ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan)
enerji mənbələrindən geniş istifadə olunur. Bu
sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç,
Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl
mövqe tuturlar.
Bu məqsədlə Azərbaycan
10 iyun 2009-cu il tarixində yeni
yaradılmış Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə
qoşulub. 10 noyabr tarixində isə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Sənaye və
Energetika Nazirliyinin Alternativ Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin təsis edilməsi barədə
fərman imzalayıb. Qəbul edilmiş əsasnaməyə
görə, agentlik Azərbaycan Respublikasında alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə
olunması sahəsində dövlət tənzimlənməsini,
fəaliyyətin səmərəli təşkilini və
dövlət nəzarətini həyata keçirən icra
hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasında
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət Proqramı isə,
bundan 5 il öncə, 2004-cü il 21 oktyabr tarixində
imzalanıb. Azərbaycanda alternativ enerji sahəsində belə
ciddi və dövlət əhəmiyyətli qərarların
alındığı ərəfədə 2009-cu il 14-18
oktyabr tarixlərində ATƏT-in Bakı ofisi tərəfindən
bərpa olunan enerji üzrə hüquqi və normativ baza
üçün ən yaxşı təcrübələr
üzrə beynəlxalq seminar keçirilib. 5 günlük
seminar çərçivəsində bu sahə üzrə
xarici mütəxəssislər tərəfindən mühazirələr
oxunub, bu sahədə qabaqcıl ölkələrin təcrübələri
öyrənilib və bunun ətrafında geniş müzakirələr
aparılıb.
Bərpa olunan enerji mənbələri
Azərbaycan üçün çox əhəmiyyətlidir,
lakin Azərbaycanda hidroenerjidən başqa praktikada bərpa
olunan enerji sahələri
çox azdır. Bərpa olunan enerji mənbələrinədən
istifadə ətraf mühitin çirklənməsi
baxımından da xeyli əhəmiyyətlidir. Alternativ enerji
mənbələrindən biri də külək enerjisidir. Bu
enerji mənbəsindən istifadəyə görə, Almaniya
dünya ölkələri arasında birincidir. Bu, həm də
digər alternativ enerji məbələrinə nisbətən
maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə
görə ən sərfəlisidir. Azərbaycan külək
enerjisi qurğularının tətbiqi baxımından əlverişli
şəraitə malik ölkələrdən biridir. Xüsusilə,
ölkənin Abşeron yarımadası, Xəzər dənizi
sahili zolağı və şimal-qərb hissəsində olan
adalar, Azərbaycanın qərbində Gəncə-Daşkəsən
zonası və Naxçıvan Muxtar Respublikasının
Şərur-Culfa ərazisi bu baxımdan əlverişli ərazilərdir.
1999-cu ildə Yaponiyanın "Tomen" şirkəti Azərbaycan
Elmi-tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə
birlikdə Abşeronda hündürlüyü 30 və 40 metr
olan iki qüllə quraşdırıb, küləyin sürətinin
orta illik qiyməti v = 7,9-8,1 m/san olması müəyyən
edilib və Qobustan rayonu ərazisində ümumi gücü
30 MVt olan külək elektrik stansiyasının
quraşdırılmasına dair texniki-iqtisadi əsaslandırma
hazırlanıb.
Günəş enejisi də
dünya da ən əlverişli mənbələrdən
biridir və xüsusilə, günəşli ərazilər
üçün daha perspektivlidir. Azərbaycanın təbii iqlim
şəraiti də günəş
enerjisindən istifadə etməklə, elektrik və istilik
enerjisinin istehsalını artırmağa geniş imkanlar
açır. Belə ki, günəşli saatların
miqdarı il ərzində Azərbaycanda 2400-3200 saatdır, yəni,
Azərbaycan ərazisinə düşən günəş
şüalarının miqdarı digər ölkələrlə
müqayisədə üstünlük təşkil edir ki, bu
da günəş enerjisindən istifadənin tətbiqinə
sərmayələrin cəlb edilməsinin səmərəlilik
meyarlarından biri kimi qiymətləndirilə bilər.
Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın
bir çox rayonlarında enerji problemini qismən həll edə
bilər.
Ekoloji baxımdan su enerjisi
dünyada ən təmiz enerji növüdür. Bu mənbədən
alınan elektrik enerjisinin istehsalı 1990-cı ildən
başlayaraq yüksələn templə artır. Azərbaycan
Respublikasının ümumi enerji sistemində su-elektrik
stansiyalarının istehsal gücünün xüsusi çəkisi
hazırda 17,8 faiz təşkil edir. Ölkədə indiyə
qədər istifadə edilməmiş hidroenergetika
ehtiyatlarının mənimsənilməsi üçün
geniş imkanlar var. Su-elektrik stansiyalarının tikintisi nəticəsində
sel suları tənzimlənir, ekoloji cəhətdən təmiz
elektrik enerjisi istehsalı edilir və yeni suvarma sistemlərinin
yaradılır. Azərbaycan Respublikası ərazisindəki
çaylar kiçik su-elektrik stansiyaları üçün əlverişlidir. Yaxın perspektivdə 61 kiçik
SES-in tikintisi məqsədəuyğun hesab edilir. Bu SES-lər
irriqasiya kanalları üzərində, axını tənzimlənməmiş
çaylarda və tikiləcək su anbarlarının
yanında yerləşdirilə bilər. Ölkədə həmçinin,
vahid enerji sisteminin elektrik xətlərindən və
yarımstansiyalarından uzaqda yerləşən obyektlərin,
yaşayış məntəqələrinin elektrik enerjisi ilə
təchizində mikro SES-lərdən də istifadə
olunması elektrik enerjisi problemləri ilə yanaşı, digər
sosial məsələlərin də həllinə imkan yarada
bilər.
Naxçıvan Muxtar
Respublikası enerji sisteminin ölkənin əsas enerji sistemi
ilə əlaqəsinin olmadığını nəzərə
alaraq, orta, kiçik, mikro su-elektrik stansiyalarının, ilk
növbədə, Naxçıvan Muxtar Respublikasında tikilməsi
daha məqsədəuyğundur.
Biokütlə də
alternativ enerji mənbələri syahısındadır.
Ölkədə biomaddələrin aşağıdakı mənbələri
mövcuddur: yanma qabiliyyəti olan sənaye tullantıları,
meşə təsərrüfatı və ağac emalı sahələrinin
tullantıları, kənd təsərrüfatı məhsulları
və üzvi birləşmə tullantıları, məişət
və kommunal sahələrinin tullantıları, neft və
neft məhsulları ilə çirklənmiş sahələrdən
alınan tullantılar.
Aparılmış tədqiqatlar
göstərir ki, iqtisadiyyatın bütün sahələrində
istehsal tullantılarının tərkibinin çox hissəsini
biokütlə maddələri təşkil edir. Həmin
biokütlə maddələrindən elektrik enerjisinin
istehsalında istifadə olunan bioqaz, biomaye və bərk
biokütlənin alınması mümkündür. Belə
ki, Azərbaycan Respublikasında hər il tullantıların zərərsizləşdirilməsi
poliqonlarına 2,0 milyon tondan çox bərk məişət
və istehsalat tullantıları atılır. Bakı və
ölkənin iri sənaye şəhərlərində ictimai
binaların qızdırılmasındakı çətinlikləri
aradan qaldırmaqda bərk məişət və istehsalat
tullantılarının emal edilməsi həmin problemlərin
qismən aradan qaldırılmasını təmin etmiş
olar.
Artıq bəzi Avropa ölkələrində
əhalinin sıx yaşadığı yerlərdə zibilləri
yandırmaqla ondan enerji alınır. Zibillərin
yandırılmasından alınan enerji hesabına ətrafdakı
yaşayış məntəqələri istilik və elektrik
enerjisi ilə təmin edilir. Yandırılmış
tullantıların qalıqlarından isə gübrə kimi
torpaqların münbitliyini artırmaq məqsədilə
geniş istifadə olunur. Göründüyü kimi, kompleks əhəmiyyəti
olan belə zavodların tikilməsi Azərbaycan
üçün də çox zəruridir.
Yer qatının istiliyi bir
çox ölkələrdə sənaye, kənd təsərrüfatı,
məişət və kommunal sahələrdə və təbabətdə
geniş istifadə olunur. Azərbaycan Respublikasının ərazisi
termal sularla zəngindir. Bunlar Böyük və Kiçik
Qafqaz dağları, Abşeron yarımadası, Talış
dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryanı-Quba
ərazisi kimi geniş sahələri əhatə edir. Göstərilən
ərazilərdə olan termal suları istifadəyə cəlb
etməklə, məişətdə və digər sahələrdə
istilik enerjisinə olan ehtiyacın bir hissəsini ödəmək
mümkündür.
Beləliklə, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu, istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldar. Ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan yaradar. Alternativ enerji mənbələrindən istifadə edilməsi imkan verəcək ki, ölkədə istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaət edilsin və ətraf mühitə atılan zərərli tullantıların miqdarı azaldılsın. Respublikamızın təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik-enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməyə əsas verir.
Energetikanın inkişafı, hələlik, başlıca olaraq bərpa olunmayan eneji mənbələrinə, yəni karbontərkibli və ya uran yanacaqlarına əsaslanır.Bu mənbələrin ekoloji çatışmazlığı qeyri-ənənvi (alternativ) bərpa olunan ekoloji təmiz enerji mənbələrindən daha geniş istifadənin tədqiqini tələb edir.
Azərbaycanda hazırda energetika ilə bağlı müxtəlif yeni lahiyələr hazırlanır, həyata keçirilir. Eyni zamanda, köhnə elektrik stansiyaların gücünün daha da artırılması işləri nəzərdə tutulub. Bütün bu kompleks işlər yerinə yetirildikdən sonra alternativ enerji mənbələrinin zəngin olduğu respublikamızın enerji sisteminin gücü xeyli artacaq və sonralar Azərbaycan elektrik enerjisini Avropaya ixrac edəcək.
Məlahət Mahmudqızı
Səs.- 2010.- 20 may.- S. 11.