Sənət aləmindən bir aktyor da son mənzilə yola salındı

 

Azərbaycan teatr sənətinə neçə-neçə obrazlar bəxş edən, hər bir qəhrəmanın simasında fərqli cizgiləri əks etdirən Ofelya Aslan uzun illər yaradıcılıq məsafəsində özünün yaddaqalan qalereyasının yaradıcısına çevrildi. Onun bir-birindən maraqlı obrazları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və sevildi.

Azərbaycan teatr sənətinə neçə-neçə obrazlar bəxş edən, hər bir qəhrəmanın simasında fərqli cizgiləri əks etdirən Ofelya Aslan uzun illər yaradıcılıq məsafəsində özünün yaddaqalan qalereyasının yaradıcısına çevrildi. Onun bir-birindən maraqlı obrazları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və sevildi.

Bir obrazı digərini təkrar etmədən yeni bir formada tamaşaçı ilə görüşə gəldi. Bir neçə dəqiqəlik görüşlər zamanla ölçülməyən məsafələrdə əbədiyaşar ömür qazandı. Sənətkar sevgisi tamaşaçı sevgisi ilə birləşdi. Bu aktyor üçün heç nə ilə əvəz olunmayan bir Tanrı hədiyyəsidir. Ofelya xanımın belə sevincli anları, demək olar ki, hər bir səhnə tamaşasından sonra yaşandı. Fotoların, lentlərin yaddaşına köçürüldü həmin dəqiqələr. Ofelya xanım, demək olar ki, bütün obrazları vasitəsilə tamaşaçını güldürdü, özü də düşünən bir tamaşaçını. Onun obrazlarının mükəmməlliyi idi bu gülüşü onlarda oyadan. Ofelya xanımın məxsusi jestləri, manevrləri, mimikası, danışığındakı obraza yaxınlıq onu sənət aləmində nüfuzlu bir simaya çevirdi və tanıtdı. 1963-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun musiqili komediya aktyoru fakültəsini bitirib,  elə həmin ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işlədi. İlk rolu "Durna" komediyasında Lalə obrazı olub. Bu obraz ona məşhurluq gətirdi. Bundan sonra aktrisa get-gedə püxtələşərək, "Beş manatlıq gəlin"də Gülnaz, "Arşın mal alan"da Telli, "Hicran"da Çarleston, "Axırı yaxşı olar"da Dilbər, "Bankir adaxlı"da Səmayə və s. rolları bacarıqla ifa edərək, tamaşaçıların rəğbətini qazandı. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində oldu. Moskvanın Operetta Teatrında tamaşaya qoyulmuş Rauf Hacıyevin "Mama, ya jenyus" əsərində Bibixanım rolunu oynayıb. Hər bir obraz onun dapxilində olan sənət eşqini açıb, imkanlarını üzə çıxarmağa bir körpü oldu. Ofelya xanımın sənət yolu kino ilə də bağlı olmuşdur. O, "Aktrisanın təbəssümü", "Xoşbəxtlik qayğıları", "Adı sənin, dadı mənim", "Yol əhvalatı", "Evləri köndələn yar", "Ayrılıq imiş" filmlərində də maraqlı rolların ifaçısına çevrilmişdir.

Aktrisa bir müddət teatrdan ayrılsa da, fasilədən sonra -  1997-ci ildən yenidən öz ocağında - Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyətini davam etdirdi. Sənət, yaralıcılıq axtarışları ömrün nə vaxt sona yetdiyini belə ona sezdirmədi. Mayın 18-də dünyasını dəyişdi. Sənətdə olduğu müddətdə atası Rza Əfqanlı kimi aktyorluğun incə, nəcib, xalq üçün lazım olan bir sənət olduğunu göstərə bildi.

 

Allah rəhmət eləsin!

 

 

Zümrüd

 

Səs.- 2010.- 20  may.- S. 12.