Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ən yüksək səviyyədə təmin olunur

 

"Səs" qəzeti Prezidenti yanında KİV-lərin inkişafına dövlət dəstəyi fondunun ayırdığı vəsait hesabına növbəti dəyirmi masa keçirib

 

Dünən, "Səs" qəzeti Prezidenti yanında KİV-lərin inkişafına dövlət dəstəyi fondunun ayırdığı vəsait hesabına "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında effektiv əməkdaşlığın qurulmasına informasiya dəstəyi" layihəsi çərçivəsində növbəti dəyirmi masa keçirib.

Dəyirmi masada millət vəkili Jalə Əliyeva, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, SİA-nın icraçı diretoru Vəli Vəliyev, Ombudsman Aparatının əməkdaşı Vüqar Heydərov, SİA və "Trend" informasiya agentliklərinin, "Paritet" qəzeti, "Olaylar" qəzeti, "Azad Azərbaycan" qəzeti, "Şərq" qəzeti, "Xalq Cəbhəsi" qəzeti, "Ekspress" qəzeti və "Yeni Azərbaycan" qəzetlərinin nümayəndələri iştirak edirdi.

Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin şöbə müdiri, layihənin rəhbərinin müavini İlham Əliyev "Səs" qəzetinin 2007-ci il avqust ayından ölkəmizdəki ictimai-siyasi maraq kəsb edən mövzularla bağlı dövlət, hökumət nümayəndələrinin, elm adamlarının, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar keçirildiyini diqqətə çatdırdı. Budəfəki mövzunun Prezident yanında KİV-lərinin inkişafına dövlət dəstəyi fondunun maliyə dəstəyi ilə  insan hüquqlarının müdafiəsi sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyəti inistitutları arasında effektiv əməkdaşlığın qurulmasına informasiya dəstəyi sahəsində görülən işlərlə bağlı layihəyə həsr olunduğunu bildirən İ.Əliyev  Azərbaycanda insan hüquq və azadlıqları sahəsində qəbul edilən demokratik qanunlardan, Prezident fərman və sərəncamlarından söhbət açıb. Bildirib ki, Azərbaycan Konstitusiyasının 48-ci maddəsinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə həsr olunması, respublikamızın ümumdünya insan hüquqları bəyannaməsinə qoşulması, insan hüquqları üzrə Müvəkkil - Ombudsman institutunun fəaliyyətə başlaması yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi ölkəmizdə insan hüquq və azadlıqlarının fundamental münasibətin göstəricisi hesab olunur.

Onun sözlərinə görə, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının 47-ci maddəsinə əsasən, mütəmadi olaraq, KİV-də insan hüquqları sahəsində məsələlərin geniş işıqlandırılması müvafiq dövlət orqanları ilə yanaşı, mətbuatın da üzərinə düşən əsas vəzifələrdəndir. İ.Əliyev insan hüquqlarının qorunması sahəsində mətbuatın imkanlarından istifadə edilməli və bu sahədə səmərəli əməkdaşlığın qurulması vasitələri artırılmasının vacibliyini önə çəkib.

İ.Əliyev onu da söyləyib ki, növbəti tədbirlərdə KİV rəhbərlərinin iştirakı ilə insan hüquqlarının qorunması və müdafiəsi sahəsində maarifləndirici xarakterli təbliğati işlərin aparılması üçün dəyirmi masanın keçirilməsini həyata keçirəcəklər. Şöbə müdiri dəyirmi masa iştirakçılarına ölkəmizdə insan hüquq və azadlıqları sahəsində və bu istiqamətdə görülən vacib işlər ətrafında qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılmasının zəruriliyini söylədi.

 

Jalə Əliyeva:

 

- İlk olaraq, "Səs" qəzetinə hər zaman cəmiyyət üçün böyük maraq kəsb edən dəyirmi masalar təşkil etdiyinə görə, təşəkkürlərimi çatdırıram. Hər bir ölkənin ana qanunu hesab olunan Konstitusiyasının tam mükəmməl formada təsbit edilməsi burada mövcud prinsiplərində ən yüksək səviyyədə təmin  edilməsinə imkan yaratmış olur. Digər bir tərəfdən hər bir ölkənin Konstitusiyası burada mövcud olan qanunların əsasını təşkil edir. Azərbaycan Konstitusiyasının birinci bəndində təsbit edilmiş prinsipdə deyildiyi kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.  Məhz ölkə   Konstitusiyasının birinci maddəsində bu prinsipin təsbit edilməsi, onu deməyə əsas verir ki, Azərbaycanda hakimiyyətin mənbəyi olan xalqa Konstitusiyamız çox müstəsna hüquq və azadlıqlar verir. Bu hüquq və azadlıqlar ölkəmizdə Konstitusiyanın xalqa verdiyi bütün hüquqlarda öz əksini tapmış olur.  Ötən il ölkəmizdə keçirilmiş referendum nəticəsində Konstitusiyamızın bir neçə maddəsinə 41 adda əlavə və dəyişikliklər nəzərdə tutulurdu. Məhz bu əlavə və təkliflərlə yaxından tanış olan hər bir insan bu maddələrin  birbaşa  insan hüquq və azadlıqlarının təmininin təkmilləşdirilməsinin müşahidə edə bilər. Bunun isbatı kimi Konstitusiyanın 12-ci maddəsində nəzərdə tutulmuş insan-vətəndaş huquqlarının və azadlıqlarının Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi olduğunu göstərir. Bu məsələ ilk baxışdan çox sadə görünsə də, əslində, özündə çox böyük bir mənanı əks etdirir. Konstitusiyaya bu maddənin əlavə edilməsi dövlətin öz vətəndaşına olan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Eləcə də, Konstitusiyanın üçdə biri bir sıra insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Bu azadlıqlar, həqiqətən də, bütün ölkə ərazisində tam formada təmin edilməkdədir. İnsan hüquq və azadlıqlarının təmini üçün dövlət səviyyəsində görülən işlər də nəzərəçarpacaq səviyyədədir. Ali qanunverici orqan olan Milli Məclisdə də bu sahədə çox böyük işlər görülür. 1998-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında qəbul edilmiş iki böyük fərmanın rolu da bu gün olduqca yüksək qiymətləndirilir. Bu atılmış olan addım isə ölkə həyatı üçün istiqamətverici bir aspekt rolunu oynamış oldu.  Bu fərmandan qısa bir zaman sonra, 2001-ci ildə Milli Məclis tərəfindən Azərbaycanda Ombudsman İnstitutunun yaradılması haqda qanun qəbul etdi. 2002-ci ildə isə, ilk dəfə olaraq, Azərbaycanda Ombudsman  İnstitutu yaradıldı. Onu da əlavə edim ki, bütün dünyada ombudsman inandırmaq, ədalət, düzgünlük institutudur. Məhz bu institutunda yaradılması Azərbaycanda, sözün əsil mənasında, ölkəmizin beynəlxalq konvensiyalar qarşısında götürmüş öhdəliklərin yerinə yetirilməsinə layiqli  bir cavab oldu.

 

SİA-nın əməkdaşı:

 

- Ümumiyyətlə, dünyada insan hüquqlarının vəziyyətin bu gün necə qiymətləndirmək olar?

 

Jalə Əliyeva:

 

- Bütün bəşəriyyət Azərbaycanda, həqiqətən də, sivil dünyəvi quruluşun yarandığını və ölkədə insan amilinin çox əhəmiyyətli bir faktor olduğunu təsdiqləmiş olur. Bundan sonrakı illərdə də silsilə qanunların qəbul edilməsi Azərbaycanda insan faktoruna verilən önəmili qiymətin bariz nümunəsidir. Bir məsələni də qeyd edim ki. istənilən bir sahə ilə bağlı qanunların qəbul edilməsi ilə hər hansı bir işi bitmiş hesab etmək olmaz. Eyni zamanda, qanunların yerlərdə doğru-düzgün təbliğ edilməsi lazımdır. Bu qanunlar ətrafında maarifləndirmə işləri aparılmalıdır. Ayrılıqda qəbul edilmiş qanunlarla bağlı yerlərdə ictimaiyyətin aktiv təbəqəsi ilə sıx iş birliyi qurulması müqabilində vətəndaşlara hər hansı bir qanun barəsində geniş izahat verilməlidir. Ölkə başçısı cənab İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamla Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı həyata keçirilməyə başladı. İnsanlara öz hüquq və vəzifələrinin doğru-düzgün izah olunması ilə bağlı bu Fəaliyyət Planının əhəmiyyəti yüksək qiymətlindirilir.

 Bir faktı da qeyd edim ki, Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar olaraq, bir sıra rayonlarda yaranmış daşqın və sel sularının nəticələri dövlətimizin apardığı güclü işbirliyi nəticəsində aradan qaldırılmaqdadır. Məhz cənab Prezident İlham Əliyevin Sədrliyi ilə fəlakət bölgəsində keçirilən müşavirə və müşavirə də aidiyyatı  orqanlara sel sularından əziyyət çəkmiş hər bir insana böyük köməkliklərin göstərilməsi barədə verilmiş olan göstərişlər özlüyündə Azərbaycanda insan azadlıqlarının və insana verilən qiymətin ən yüksək göstəricisidir. Digər bir yandan insan hüquq və azadlıqlarının qorunması və təbliği sahəsində kütləvi informasiya vasitələrinin üzərinə çox böyük vəzifələr düşür. Məsələlərə doğru-düzgün qiymət vermək prosesləri olduğu kimi çatdırmaq çox əhəmiyyətli bir məsələdir.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Dağlıq Qarabağ məsələsinin və bu problemin baş verməsi nəticəsində pozulmuş insan hüquqlarının mətbuatda işıqlandırılması səviyyəsini necə qiymətləndirirsiniz?

 

Jalə Əliyeva:

 

- Biz bu gün demokratik bir ölkədə yaşayırıq. Ölkəmizdə mövcud olan plüralizm, çoxpartiyalıq sistemi, onu deməyə əsas verir ki, istənilən bir formada insan hüquq və azadlıqlarının məhdudlaşdırılması mümkün olan məsələ deyil. Bu baxımdan, müstəqil fikirlərin formalaşması obyektiv və qeyri-obyektiv yanaşmaların  mövcud olması da, təbii qarşılanmalıdır. Amma ümummilli məsələdə istənilən mətbu orqan və ya təşkilat bütün səylərini birləşdirməlidir. Yəni hər kəs öz fəalyyətini və istiqamətini milli maraqlarının təmininə yönəltməlidir.

 

"Olaylar" qəzetinin əməkdaşı:

 

- Ölkəmizdə Ombudsman aparatının yaranması və fəaliyyəti demokratik təsisatların mövcudluğundan xəbər verir. Bu gün bu aparatın fəaliyyəti və iş prinsipi hansı səviyyədədir?

 

Zemfira Məhərrəmli:

 

- Bir məsələni qeyd edim ki, "Səs" qəzetində davamlı şəkildə keçirilən dəyirmi masalar qəzetin məramını və niyyətini nümayiş etdirir. Bu dəyirmi masalarda həm ölkədəki ictimai-siyasi durum və digər böyük ictimai əhəmiyyət kəsb edən məsələlər ictimaiyyətə tam açıqlanır. Qeyd edim ki, insan hüquqları, onun müdafiəsi, təmini və KİV-lərin bu sahədə rolu çox önəmli bir məsələdir. Ümumiyyətlə, dünyada hazırda insan hüquqlarına çox böyük önəm verilir. Artıq elə bir zaman yetişib ki, insan hüquqları hər hansı bir ölkənin öz səlahiyyətlərindən tamamilə kənara çıxıb. İnsan hüquqlarının təmin edilməsi məsələsi, bütövlükdə, bəşəriyyətin başlıca vəzifəsidir. Yəni hər hansı bir ölkədə hüquq pozuntusu  baş verirsə, hazırkı sürətli informasiya mübadiləsi sahəsində bu məlumatları əldə etmək mümkün olur. İnsan hüquqlarının qorunması baxımından insan hüquqlarının pozulmasının qarşısının alınması  və bu istiqamətdə zəruri tədbirlərin görülməsi olduqca vacib məsələlərdəndir.

 

"Paritet" qəzetinin əməkdaşı:

 

- Bu gün Ombudsman Aparatının KİV-lə əməkdaşlığını necə qiymətləndirirsiniz?

 

Vüqar Heydərov:

 

- Qeyd etmək istədirdim ki, ombudsman Elmira Süleymanovanın fəaliyyəti ilə bağlı ölkə mətbuatında  bu günə qədər 7200-dən çox məqalə, o cümlədən, 2010-cu ildə 380-dən çox məqalə və informasiya, eyni zamanda, müxtəlif qəzet və agentliklərdə müvəkkilin 250-dən sox müsahibəsi və məqaləsi dərc edilib.  Fəaliyyət dövrü ərzində ombudsman insan hüquqları sahəsindəki fəaliyyəti barədə 2000-dən artıq press-reliz hazırlanıb yayımlanmışdır. Onu da qeyd edim ki, həmin press-relizlər ingilis dilinə tərcümə edilərək Avropa Şurasına da göndərilib.

 

 

(Ardı var)

 

 

Tapdıq QURBANLI

 

Səs.- 2010.- 21 may.- S. 8-9.