Stalin ideologiyası,
30-cu illərdəki təqib
və təhqirləri
onu formalaşdırdı
İlyas Əfəndiyev yaşadığı
ömrü yaratdığı əsərlərində
əks etdirdi
Azərbaycan ədəbiyyatında
çoxşaxəli yaradıcılıq
yolu keçmiş sənətkarlar nəsillərin
yaddaşında yaşanacaq
bir ömrün yaradıcılarıdır. Onların
həyat və yaradıcılıq yolları
uğurlu illərlə
əhatə olunduğundan,
xronoloji səhifələrin
yaranmasına səbəb
olmuşdur. Bu tarixi sənədləri vərəqləsək, göz
önündə təkrarsız
və bənzərsiz
bir mənzərə ilə başbaşa qalmış olarıq. Belə ömür yaşamış və yaratmış simalar sırasında İlyas Əfəndiyevin məxsusi
yeri vardır. Müxtəlif janrlara müraciət
edən və yaradıcılıq yeniliyində
özünü tapan
İ.Əfəndiyev istedadlı
dramaturq kimi fəaliyyət göstərməklə
yanaşı, irihəcmli
roman və povestlər, publisistik məqalələr qələm
alaraq, konfrans və qurultaylarda məruzələrlə çıxış
edir. Bir sözlə, İ.Əfəndiyevə
hekayədən faciəyə,
romandan komediyaya, məqalədən pyesə
keçmək heç
də çətin olmur. Bu yolun əsasında
axtarışlar və
yaradıcılıq potensialının
təməli dayanırdı.
Ədəbiyyatın bütün
janrlarında kamil sənət nümunələri
yaratmış sənətkarın
sənət palitrasının
müxtəlif çalarları
dünyagörüşünün genişliyi və yaradıcılıq
intellektindən xəbər
verir. Nasir, dramaturq, yazıçı,
publisit kimi şöhrət tapan Əfəndiyev İlyas Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Azərbaycanın əməkdar
incəsənət xadimi,
Azərbaycan Dövlət
Mükafatı laureatı,
xalq yazıçısı
kimi fəxri adlara və mükafatlara layiq görülür. Onun yaradıcılıq yolu maraqlı və uğurlu olsa da uşaqlıq dövrünün əsas
xətti acınacaqlı
şəraitdə keçmişdir.
Belə ki, sovet dövrünün sərt qanunları, amansız buxovları Əfəndiyevlər ailəsindən
yan ötməmişdi.
Sovet hakimiyyətinin ilk illərində bir sıra ziyalılır kimi bu ailənin
də başı üsündən qara buludlar ötmüş, tarixi reallıqlar içərisində rahat,
hamar bir ömrü yaşamaq ona nəsib olmamışdır. Ötən
əsrin 30-cu illərdə
ciddi təqiblərə
məruz qalmış,
onların ata-baba mülkü əllərindən alınmış,
ailənin bəzi üzvləri "xalq düşməni" kimi
güllələnmiş, bəziləri
həbs edilərək
vətəndən uzaqlara
sürgün olunmuşdur.
Yazıçının atasına
"kulak" damğası
vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, "səs hüququndan" məhrum
olunmuşdur. Onunla bağlı yazılmış
mənbədə göstərilir
ki, bu ailənin
xoş günləri,
İlyasın uşaqlıq
illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında sona yetmişdir. "Kulak" damğası
vurulmuş bu ailənin üzvləri hərə bir tərəfə dağılmış,
təhlükəsizlik orqanlarının
qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salmışdı.
İ.Əfəndiyevin uşaqlıq
və gənclik illəri bolşevik qaragüruhunun və kommunist ideologiyasının
ən qatı dövrünə təsadüf etmişdir. Bunlar isə İlyasın qəlbində
dərin iz salmışdır. Yəqin
ki, onun ədəbi qəhrəmanlarındakı,
elə yazıçının
öz xarakterindəki
kommunist və sovet rejiminə qarşı narazılıq,
zamanın tələbləri
ilə barışmamaq
meyili elə buradan əmələ gəlmişdir. Dünya ədəbiyyatı və mədəniyyət
sahəsində yüksək
zirvəyə qalxmış
onlarla sənətkarların
həyatı və yaradıcılıq təcrübəsi
bir daha sübut edir ki, böyük ədiblərin, rəssam və bəstəkarların
formalaşıb yetişməsində,
öz xalqının
qabaqcıl elm və mədəniyyət xadimi səviyyəsinə yüksəlməsində
bir sıra mühüm həyati amillər həlledici rol oynamışdır.
30-cu illərdəki təqib
və təhqirləri
yaddan çıxarmamış,
şəxsiyyətə pərəstişin
qızğın bir döründə Stalin ideologiyasının oğlan çağında
əsil həqiqəti
ictimaiyyətdən gizlətməyə
məcbur olmuşdur. Məhz 30-cu illərin sonlarında
İ.Əfəndiyev ədəbiyyata
gəlmiş və bir-birinin ardınca hekayələr yazmağa başlamışdır. Əfəndiyev
1938-ci ilin axırlarında
Bakıya gəlir və onun yaradıcılığında
mühüm rol oynamış Bakı ədəbi mühitinə
qovuşur. Böyük
Vətən müharibəsinin
başlanması, bütün
başqa sənətkarlar
kimi, İ.Əfəndiyevi
də səfərbər
etdi, o, da "müsəlləh əsgərə" çevrilib,
qələmini silahla əvəz etdi. Yazıçı oxucularda düşmənə
qarşı dərin nifrət, vətənə
məhəbbət hissləri
aşılamaq vəzifəsini
öhdəsinə götürdü.
Tarixi keçmişimizə,
el qəhrəmanlarına,
folklor nümunələrinə
müraciət edərək,
bir sıra hekayələr yazdı, əsgərlərlə görüşlər, söhbətlər keçirmək üçün
yazıçı briqadaları
ilə bərabər Azərbaycan diviziyalarında
oldu, digər tərəfdən, əsasən,
bir nasir kimi tanınmış ədib, ədəbiyyatın
başqa bir sahəsində - dramaturgiyada
qələmini sınadı.
1943-cü ildə o, yazıçı M.Hüseynlə
birlikdə, mövzusu
müharibədən götürülmüş
"İntizar" pyesini
qələmə aldı.
Əsər Azərbaycan
Dövlət Dram Teatrının səhnəsində
göstərilmiş və
onun teatrı ilə 50 ildən çox bir müddətdə davam etmiş sıx yaradıcılıq əməkdaşlığının
əsası belə qoyulmuşdu. Bundan sonra yazıçı
"İşıqlı yollar"
və "Bahar suları" pyeslərini
qələmə aldı.
40-cı illərin axırlarında
İ.Əfəndiyev artıq
özünü bir nasir və dramaturq
kimi təsdiq etmişdir. Onun yaradıcılıq uğurları
təkcə oxucuları
deyil, eyni zamanda, ədəbiyyatşünas
alimləri də sevindirirdi. Gənc dramaturq görkəmli rejissor Adil İsgəndərovun
təklif və təkidilə "Bahar suları" pyesini yazır. 1954-cü ildə
tamaşaya qoyulmuş
"Atayevlər ailəsi"
dramaturq İ.Əfəndiyevin
yaradıcılığında irəli atılmış
daha uğurlu bir addım idi. Müəllif ictimai həyatda rastlaşdığı qüsurları
realist mövqedən,
yüksək sənətkarlıqla
qələmə aldığından,
əsər tamaşaçı
və oxucular tərəfindən böyük
rəğbətlə qarşılanmışdır.
Pyesi tamaşaya Tofiq Kazımov hazırlamışdı.
Müasirlik duyğusu
çox güclü olan bu iki
sənətkarda oxşar
cəhətlər, intellektual
səviyyə, birgə
yaradıcılıq axtarışları
Azərbaycan teatrı
tarixinə parlaq səhifələr yazmışdır.
İ.Əfəndiyev 1958-ci ildə ilk dəfə
iri həcmli
"Söyüdlü arx"
romanını oxuculara
təqdim edir. Əsər yazıçıya
böyük uğur qazandırdı. İ.Əfəndiyevin
yaradıcılığında
60-80-cı illər ən
məhsuldar dövr hesab olunur. Bu illərdə
onun yaradıcılığında
janr rəngarəngliyi
özünü göstərir,
bir-birinin ardınca iri nəsr əsərləri,
ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan,
eyni zamanda, müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli
nümunələri kimi şöhrət
qazanmış "Körpüsalanlar",
"Dağlar arxasında
üç dost",
"Sarıköynəklə Valehin nağılı",
"Geriyə baxma, qoca", "Üçatılan"
kimi povest və romanlarını dərc etdirir, maraqlı dram əsərlərini qələmə
alır, publisist və ədəbiyyatşünas
kimi məhsuldar yaradıcılıq yolu keçir. Bu illərin məhsulu olan "Sən həmişə mənimləsən"
pyesi ilə Azərbaycan səhnəsində
lirik-psixoloji dramanın
əsasını qoyur.
Bu yolu uğurla davam etdirən dramaturq "Mənim günahım", "Unuda
bilmirəm", "Məhv
olmuş gündəliklər",
"Qəribə oğlan",
"Bağlardan gələn
səs" və s. pyeslərini yazır. Ölməz sənət nümunələri
kimi Azərbaycan dramaturgiyası xəzinəsini
zənginləşdirən, yüksək
vətəndaşlıq pafosu,
incə lirizm və dərin psixoloji tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ açdı, "İlyas
Əfəndiyev teatrı"
yaratdı. "İlyas
Əfəndiyev teatrı"nın uğurlarından söhbət açarkən,
təkcə onu göstərmək kifayətdir
ki, ilk tamaşası
1968-ci ildə olmuş
"Unuda bilmirəm"
pyesi 1981-ci ilə qədər, yalnız 350 dəfə oynanılmışdır.
Əlinə qələm
aldığı ilk gündən müasir mövzulara müraciət
edən dramaturq,
1971-ci ildə mövzusu
tarixi keçmişimizdən
götürülmüş
"Mahnı dağlarda
qaldı" pyesini yazır. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış bu
pyesə görə
İ.Əfəndiyev 1972-ci ildə Respublika Dövlət mükafatına
layiq görülür.
60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev,
90-cı illərdə də
məhsuldar bir yazıçı kimi yazıb yaradır, hər il yeni-yeni
əsərlər nəşr
etdirir, təzə pyeslərini tamaşaya qoyurdu. Sovet rejimi illərində, partiya qadağaları dövründə deyə
və yaza bilmədiyi bir sıra mövzuları cəsarətlə ədəbiyyata
gətirir, onları yeni zamanın kontekstində oxuculara təqdim edirdi. Oxucuların sevə-sevə
mütaliə etdiyi nəsr əsərləri
milli teatrımızın
səhnəsində tamaşaya
qoyulan pyesləri bunu parlaq şəkildə
sübut edir. Onun yaratdığı obrazlar xalqımızın
övladlarına mənəvi
saflıq və vətənpərvərlik aşılamışdır.
Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli
günlərini yaşamış
sənətkarımız İlyas
Əfəndiyev 1996-cı il
oktyabr ayının
3-də Bakı şəhərində
dünyasını dəyişmiş
və Fəxri Xiyabanda dəfn olunmuşdur. İlyas Əfəndiyev şərəfli
yazıçı ömrü
sürdü. Həm də bu şərəfi yaratdığı əsərlərində
əks etdirdi.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2010.- 26 may.- S. 10.