Azərbaycanda mətbuatın
inkişafı diqqət mərkəzindədir
Əflatun Amaşov: "Dövlətimiz tərəfindən
müxtəlif vaxtlarda mətbuatın inkişafı ilə
bağlı mühüm addımlar atılıb və liberal
qanunvericilik bazası yaradılıb"
Mətbuat Şurasının sədri Əflatun
Amaşovun "Səs" qəzetinə müsahibəsi
Əflatun müəllim, bəzi mətbu
orqanlarda jurnalistlərin hüquqlarının qurultayın
keçirilməməsi ilə pozulduğu qeyd olunur.
Doğrudanmı Mətbuat Şurası ciddi problemlərə
yol açan addımlar atıb?
- Son zamanlar bü cür
yersiz ittihamlar səsləndirilir. Ümumiyyətlə,
MŞ-nin statusu qeyri-hökumət təşkilatı
statusundadır. Ancaq bildiyiniz kimi, Azərbaycanda
rəsmi və qeyri-rəsmi qurumlar mövcuddur. MŞ isə mahiyyətcə bunların ikisinin
arasında olan bir statusa malikdir. Azərbaycan
qanunvericiliyində belə bir mərhələ
olmadığından, MŞ də qeyri-hökumət təşkilatı
kimi qeydiyyatdan keçib. Qeyri-hökumət təşkilatları
isə, adətən, hər il öz
toplantılarını keçirməlidirlər. MŞ də bu prinsiplərə əməl edir.
Ötən 7 il ərzində
şuranın 5 qurultayı keçirilib. Jurnalistlərin
son qurultayında edilən düzəlişlər isə imkan
verir ki, bundan sonra qurultaylar hesabat seçki dövrünü
başa çatdıqdan sonra keçirilsin. Digər mövcud olan vaxtlarda isə MŞ-nin illik
toplantılarını təşkil edib və burada
görülən işlərin hesabatını vermək
mümkün olacaq. Belə bir toplantı
isə bu ilin yanvar ayında təşkil olunub. Burada MŞ-nin gördüyü işlər və fəaliyyəti
ilə bağlı məsələlər ətrafında
fikirlər səsləndirilib. Bu
toplantıların keçirilməsi isə hüquqi əsasdan
irəli gələn prinsipləri özündə ehtiva edir.
Onu da qeyd edim ki, MŞ-nin idarə heyəti və onun sədri,
son qurultaya qədər iki dəfə olmaqla, iki illiyə seçilə bilərdi.
Artıq sonuncu qurultayda bu məhdudiyyət aradan
qaldırıldı və vaxt iki ildən dörd ilə qədər
uzadıldı. Bundan sonra MŞ-nin üzvləri
və sədri dörd illiyyə seçilə bilər, eyni
zamanda, istədikləri qədər də, səsvermədə
iştirak edib seçilə bilərlər. Belə olan məqamda isə, qanuna uyğun olaraq
toplantıların keçirilməsi məqbul sayılır.
Çünki jurnalistlərin qurultayının
keçirilməsi, doğrudan da, ağır bir məsələdir.
Əgər qurultay keçiriləcəksə,
üç ay əvvəldən buna hazırlıq işləri
görülür. Eyni zamanda isə
qurultayın keçirilməsindən üç ay sonra
verilmiş olan qərarların üzərində işlər
aparılır. Beləliklə də,
ümumilikdə, MŞ 6 ay öz fəaliyyətindən, bu və
ya digər formada, kənarlaşmış olur. Bu hal isə, öz növbəsində, təşkilatın
işində bir o qədər də, effektiv nəticələrin
hasil olmasına imkan vermir. Ona görə də,
təşkilatın illik toplantılarının keçirilməsi
daha məqsədəmüvafiq hesab olunur.
Belə bir məqamda,
MŞ ilə bağlı səslənən fikirlərin
kökündə dayanan amillər çox maraqlı
görünür. Qeyd edim ki, Azərbaycanda
hal-hazırda bir neçə min QHT fəaliyyət göstərir.
Amma nədənsə, bu təşkilatların
qurultay və ya toplantı keçirmələri, eyni zamanda,
Azərbaycanda 60-a yaxın jurnalist təşkilatının fəaliyyəti
ilə bağlı heç bir fikir səslənmir.
Onu da əlavə
edim ki, Azərbaycanda ictimai fikrə təsir göstərən
KİV-lər MŞ-də cəmləşib. Amma
düşündürücü bir məqam isə, ondan ibarətdir
ki, nəyə görə MŞ-yə qoyulan
ölçülər başqa təşkilatlara qoyulmur?
Bəlkə MŞ-nin fəaliyyəti kimlərisə
narahat edir?
- Ümumilikdə isə, belə fikirlər səslənir
ki, Əflatun Amaşov jurnalistlərin qurultayının
keçirilməsində maraqlı deyil. Bu
cür yanaşmaları necə qiymətləndirirsiniz?
- MŞ-nin qurultayında, əsasən,
təşkilati məsələlər müzakirəyə
çıxarılır. Azərbaycan jurnalistlərinin
ötəndəfəki qurultayı təşkilatı məsələlərin
4 ildən bir keçirilməsi ilə bağlı dəyişikliklər
edib. Bu dəyişikliklərdə də nəzərə
alınıb ki, MŞ-nin sədri və onun üzvləri 4 ildən
bir seçiləcək. Məhz bu dörd
illik müddətdə isə qurultay deyil, təşkilatın
toplantısını keçirmək daha münasib olardı.
Çünki qanunda da birmənalı şəkildə
göstərilmir ki, qurultayın keçirilməsi vacibdir.
Qanunda göstərilir ki, həmin qurumlar özlərinin
ildə bir dəfə olmaqla belə hesabat
toplantılarını keçirsinlər. MŞ də son qurultaydan sonra iki dəfə
özünün illik toplantısını keçirib və
bu barədə ölkə ictimaiyyətinə geniş məlumat
verilib.
- Düşünmürsünüz ki, MŞ-yə,
konkret olaraq, sizə qarşı sərt ittihamların
arxasında "reket" jurnalistikaya qarşı
apardığınız mübarizə dayanır?
- Bu məsələni
gündəmə gətirdiyinizə görə, sizə təşəkkürümü
bildirirəm. MŞ-nin "qara"
siyahısında yüzə yaxın mətbu orqanın
adı var. Həmin mətbu orqanları ilə bağlı
MŞ-yə çoxsaylı şikayətlər daxil olub.
MŞ həmin şikayətləri
araşdırıb və buradan aydın olub ki, jurnalistlərin
peşə davranış qaydalarının prinsiplərinin
pozulduğu təsdiq olunub. Məhz bundan
sonra MŞ həmin KİV-lərin "qara" siyahıya
salınmasını məqsədə uyğun bilib. Çünki həmin "qara" siyahıya
düşən mətbu orqanlar peşə davranış
qaydalarına riayət etməyən nəşrlərdən
olub. Çox güman ki, adları məlum
siyahıya düşən mətbu orqanların rəhbərləri
heç də bu haldan razı qalmayıblar. Bu baxımdan da, onlar özlərinə qarşı ədalətsizliyin
olması barəsində müəyyən fikirlər səsləndirərək,
MŞ-ni məhkəmələrə verməkdən belə
çəkinmirlər. Doğrudur,
artıq məhkəmə prosesləri yekunlaşmaq üzrədir.
Bir neçə məhkəmədə isə
onların iddiaları rədd edilib. Ona
görə də, Azərbaycan mətbuatının çox
ağrılı yeri olan bu məsələlərin aradan
qaldırılması MŞ tərəfindən müəyyən
işlər də davam etdirilir.
KİV-lər
cəmiyyətə informasiya çatdırmaq və maarifləndirmək
yolunu seçdiyi halda, "reket" nəşrlər özlərin
üçün məhz tamam başqa yol tutublar. Onlar şəxsi mənafeləri naminə
ayrı-ayrı insanları hədəfə götürərək,
şantaj, böhtan yolu tutmaqla, müəyyən vəsaitlər
qoparmaq istəyirlər. Belə olan halda isə, bu cür vəziyyətlərə
məruz qalan insanlar ədalətsizliklə barışmayaraq,
MŞ-yə müraciət edirlər. Bu
müraciətlər əsasında məsələlər
araşdırılır və gündəmə gətirilir.
MŞ-nin belə bir məsələni yoluna
qoymaqda məqsədi həmin mətbu orqanlarını məhv
etmək və qorxutmaqdan ibarət deyil. Sadəcə
olaraq, onlara məsləhət görülür ki,
jurnalistikanın əsas prinsiplərinə əməl
etmiş olsunlar.
- Bu cür xoşagəlməz halların birdəfəlik
qarşısının alınması üçün konkret
mövqe ilə çıxış etmisinizmi?
- Bu məsələlərlə
bağlı MŞ-də bir sıra görüşlər
keçirilib. Amma bir faktı da nəzərə
almaq lazımdır ki, bu cür hallar müvəqqəti
xarakter daşıyır. Əminik ki, Azərbaycan
jurnalistikası iqtisadi baxımdan möhkəmlənəcək,
saflaşacaq, o sayaq jurnalistikaya isə artıq cəmiyyətdə
ehtiyac olmayacaq. Ona görə də, bu sahədə
müəyyən addımların atılmasının tərəfdarıyıq.
MŞ bununla bağlı müəyyən təkliflər
hazırlayıb müvafiq qurumlara göndərib.
- MŞ-nin həyata keçirdiyi bu cür işlərin
sayəsində konkret nəticələr əldə olunub?
- Hazırda
MŞ-nin "qara" siyahısında yüzdən çox
mətbu orqanın adı var. Amma elə hallar olub ki, MŞ-nin
bu addımından sonra hər hansı bir mətbu orqan fəaliyyətini
dayandırıb. Elə qəzetlər də var ki,
redaksiyada bu hala yol verənləri cəzalandırıb və
mətbu orqanın fəaliyyəti normal qaydaya salınıb.
Məhz MŞ-də bütün bunlar nəzərə
alınaraq, apelliyasiya komissiyası yaradılıb. Həmin komissiya artıq özünün iki toplantısını
keçirib ki, burada da, daxil olmuş müraciətlər əsasında
hər hansı bir orqanın siyahından
çıxarılıb-çıxarılmaması məsələləri
müzakirə olunur.
- Dövlət, mətbuat və cəmiyyət münasibətlərinin
tənzimlənməsində MŞ yetərli işlər
görə bilirmi?
- Bu fikrin mənim tərəfimdən
səsləndirilməsi çox çətindir. Çünki mən bu işində içərisindəyəm
və bu işin başındayam. Bu məsələlər
bizim həmkarlarımız tərəfindən kənardan daha
yaxşı qiymətləndirilə bilər. Ancaq düşünürəm ki, MŞ cəmiyyətdə
kifayət qədər müsbət imic qazanmış bir
quruma çevrilib. MŞ öz prinsiplərinə
sadiq qalaraq, fəaliyyət göstərir və bu istiqamətdə
də fəaliyyətini bundan sonra da davam etdirəcək.
- Milli Teleradio Şurası kimi
MŞ-nin də, mətbuat üzərində nəzarətin
gücləndirilməsi üçün səlahiyyətlərinin
genişləndirilməsinin zəruriliyini
düşünürsünüzmü?
- MŞ tərəfindən
müəyyən təkliflər irəli sürülüb. Burada əsas məsələ MŞ-nin qəbul
etmiş olduğu qərarların hüquqi gücə malik
olmasıdır. MŞ məhkəməyə
qədər olan məsələlərin tənzimlənməsində
maraqlı olan bir qurumdur. İstərdik ki,
mətbuatın özünün tənzimlənməsi
saxlanmaqla MŞ-nin qəbul etmiş olduğu qərarlar
hüquqi statusa malik olsun. Bununla
bağlı MŞ-nin qəbul etmiş olduğu qərarların
necə hüquqi müstəviyə çıxarmağın
yollarını da müəyyənləşdirmək olar.
Eyni zamanda, bu məsələdə MŞ-nin qəbul
etmiş olduğu "reket"çiliklə bağlı
olan məsələlər hüquqi gücə malik
olmalıdır.
- MŞ-nin xarici ölkələrdə fəaliyyət
göstərən analoji təşkilatlarla əlaqələri
hansı səviyyədədir?
- MŞ yarandığı
vaxtdan dünyanın bir sıra ölkələrində mövcud
olan MŞ-lərlə sıx əlaqələr yaradıb. Azərbaycan Mətbuat Şurası Avropa Mətbuat
Şuraları Assosiasiyalarının üzvüdür. MŞ-nin nümayəndələri onların illik
toplantılarında iştirak edir, eyni zamanda, dünya mətbuat
şuraları ilə də sıx münasibətlər
mövcuddur. Onu da əlavə edim ki,
hazırda MŞ ATƏT-lə birgə layihə həyata
keçirməyi planlaşdırır. Burada
da əsas məsələ iki istiqamətdə aparılacaq.
Birincisi, MŞ-nin peşə davranış
qaydalarının dəqiqləşdirlməsi, ikincisi isə,
diffamasiya ilə bağlı qanunvericiliyə aydınlıq gətirilməsi
istiqamətində işlər aparılır. Bu yaxınlarda Azərbaycanda səfərdə olan
bolqarıstanlı ekspert MŞ-də oldu və bir sıra məsələlər
ətrafında müzakirələr və məsləhətləşmələr
aparıldı. Eyni zamanda, yaxın
zamanlarda Avropa ölkələrindən olan ekspertlərin Azərbaycana
səfərləri gözlənilir. Bu səfər
çərçivəsində onlarla da MŞ-də Azərbaycan
jurnalistlərinin peşə davranış qaydaları
müzakirə olunacaq. Bununla yanaşı, diffamasiya ilə
bağlı qanunvericiliyə aydınlıq gətirilməlidir
ki, bu qanun qəbul olunarsa, mənfi və müsbət cəhətlər
nədən ibarət ola bilər?
- Bu gün Azərbaycan mətbuatının
kənar ölkələrlə müqayisəli təhlili
aparılsa, ölkədə KİV-in durumunu necə qiymətləndirmək
olar?
- Azərbaycanda mətbuatın
inkişafı diqqət mərkəzindədir. Dövlətimiz
tərəfindən müxtəlif vaxtlarda mətbuatın
inkişafı ilə bağlı tədbirlər həyata
keçirilib və liberal qanunvericilik bazası
yaradılıb. Mətbuatın iqtisadi
durumunun yaxşılaşması üçün müxtəlif
Fərman və Sərəncamlar qəbul edilib. KİV-lərin İnkişafına Dövlət Dəstəyi
Konsepsiyası hazırlanıb, eyni zamanda, KİV-lərin
inkişafına dair fond fəaliyyət göstərir. Bütün bunlar isə Azərbaycan
jurnalistikasının inkişafına yönələn
dövlətin atmış olduğu addımlardır. Ona görə də, qonşu ölkələrlə
müqayisədə bu gün Azərbaycan mətbuatı
öndə olmaqla yanaşı, öz inkişafının
müəyyən mərhələsini də
yaşamaqdadır.
Tapdıq QURBANLI
Səs.- 2010.- 27 may.- S. 10.