Respublika Günü müstəqillik tariximizdə əhəmiyyətli rola malikdir

 

Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra, bir sıra önəmli günlərin qeyd olunmasını ön planda tutdu. 28 May Respublika Günü ərəfəsində bu günün əhəmiyyətinə aydınlıq gətirən ölkə ziyalıları və siyasətçilər öz fikirlərini bizimlə bölüşdülər.

 

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə:

 

- Bu gün xalqımız Azərbaycan dövlətinin müstəqilliyinin elan edilməsinin 92-ci ildönümünü qeyd edir. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası ölkənin dövlət müstəqilliyi haqqında "İstiqlal Bəyannaməsi" qəbul etdi. 24 səslə qəbul olunan qərar və 6 bənddən ibarət Bəyannamə Azərbaycan xalqının varlığını dünyaya yaydı. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı göstərilmiş, onun hakimiyyətinin şamil olduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin, dövlətin əsas prinsipləri öz əksini tapmışdır. "İstiqlal Bəyannaməsi"ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi prinsiplərinin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.

Milli Şura Azərbaycan hökumətinin təşkilini bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti "Müsavat", Müsəlman Sosialist Bloku, "Hümmət", "İttihad" və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi. Bu dövrdə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif qüvvələr arasında mübarizə kəskinləşirdi. Milli Şuradan kənarda qalan burjua-mülkədar dairələrinin mürtəce hissəsi Türkiyənin Azərbaycanda olan ordusunun başçısı Nuru Paşa vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etdilər. Mövcud siyasi böhranı aradan qaldırmaq üçün tərəflər arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və icraedici hakimiyyət F.Xoyski kabinetinin əlində cəmləşir. İyunun 17-də Gəncədə Fətəli xanın rəhbərlik etdiyi II hökumət təşkil olunur. İyunun 19-da isə Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə alınaraq, bütün ölkə ərazisində hərbi vəziyyət elan edilir. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verilir.

Osmanlıların 5-ci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu yaradılır. Nuru Paşanın rəhbərlik etdiyi bu orduya türklərdən, azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi.

Nəhayət, Qafqaz-İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yaya bilir, ucqarlarda dövlət orqanları yaratmağa başlayır. Lakin bu zaman Bakı Xalq Komissarları Sovetinin liderləri Xalq Cümhuriyyətini iyunun 10-da boğmaq üçün yollar arayırdılar. Gəncə istiqamətində yürüşlər başlandı. İyunun 12-də Kürdə respublika üsul - idarəsi seçildi. Azərbaycan xalqı özü öz dövlətçiliyini qurmaq əzmində olduğunu bildirdi. Çox təəssüf ki, tarix bu respublikaya cəmi 23 ay vaxt verdi. Amma  həmin dövrdə Azərbaycan oğulları çox mühüm işlər görə bildilər. Beynəlxalq aləmə Azərbaycan  Demokratik Cümhuriyyəti haqqında məlumat verdilər, dövlətçiliyin əsasını qoydular, Azərbaycan tarixini  bərpa etmək istiqamətində böyük addımlar atdılar. Qonşu dövlətlərlə münasibəti qaydaya salmaq istiqamətində müəyyən işlər gördülər. Ermənilərin Azərbaycan torpağına iddialarına qəti və prinsipial cavab verdilər. Sonradan  uzun illər bu dövr unudulsa da, ancaq 1988-ci ildən başlayaraq, Azərbaycan cəmiyyəti cümhuriyyət dövrünə diqqət etməyə və  həmin dövrü dərindən öyrənməyə başladı. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra  isə həmin dövr daha dərin öyrənilməyə başlandı. Heç də təsadüfi deyil ki, hazırda respublikamız 1918-1920 illərdəki xalq cümhuriyyətinin varisi sayılır. Azərbaycan ziyalıları həmin dövrdə atalarının başladığı  işləri daha layaqətlə davam etdirməyə çalışırlar. Bu gün hər bir kəs şərəflə deyə bilər ki, mənim çox zəngin keçmişim var, bu gün də həmin keçmişin əsasları üzərində qurularaq, Azərbaycan xalqının layiq olduğu bir dövlət qurulub.

 

Millət vəkili Rauf Əliyev:

 

- 28 may Azərbaycan tarixinin respublika qurulucuğu baxımından açılmış yeni mərhələsidir. 92 il öncə qurulmuş Azərbaycan Demokratik Cümhuriyyətinə, şübhəsiz ki, hər birimizin qəlbində xüsusi yeri var. Elə bir azərbaycanlı tapmaq olmaz ki, 28 may tarixini qürur hissi ilə xatırlamasın. Məmmədəmin Rəsulzadə, Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski və digər yüksək dünyagörüşə malik olan ziyalılarımız Demokratik Respublikanı min bir əziyyətlə qursalar da, təəssüf hissi ilə qeyd etməliyik ki, erməni daşnakları və rus işğalı nəticəsində onun ömrü uzun olmadı. Amma hər bir azərbaycanlı respublikanın varlığı ilə azadlığın nə olduğunu daddı və inandı ki, "Bir kərə yüksələn bayraq, bir daha enməz".

Cümhuriyyət  tarixini araşdıranlar yaxşı bilirlər ki, ömrü qısa olmasına rəğmən, 23 ay ərzində çox böyük işlər görülmüş, parlamentdə dövlət quruculuğu ilə bağlı ciddi qərarlar qəbul olunmuş, paytaxt Gəncədən Bakıya köçürülmüş, ordu qurulucuğuna başlamış və nəhayət, ölkənin ərazisi həmin illərdə azərbaycanlılara qan udduran erməni daşnaklarından təmizlənmişdi.

XX əsrin sonlarında qurulan Azərbaycan Respublikası, bu baxımdan, dediklərimizə əyani sübutdur. Əgər ulu öndərimiz Heydər Əliyev olmasaydı, indi qurduğumuz respublikanın da ömrü uzun olmaya bilərdi. Lakin Heydər Əliyev Azərbaycan adlı bir gəminin  bacarıqlı kapitanı kimi bütün fırtınalardan məharətlə qoruyaraq, onu iqtisadi və siyasi inkişaf yoluna gətirib çıxartdı. Bu gün biz əminliklə deyə bilərik ki, ümummilli liderimizin qurduğu dövləti ölkə başçısı İlham Əliyev də qoruyub saxlayacaq. Bunun nəticəsində dünyanın rəngarəng siyasi xəritəsində Azərbaycan xüsusi yerə sahib olacaq.    

 

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu:                  

 

- 28 May Respublika Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Məhz bu gün, təkcə Azərbaycanda, həm də  təkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və millətsevən insanları  müstəqillik elan ediblər. Məhz 1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya  göstərdi. Çox təəssüf ki, həmin illər qarışıq idi. Nə Birinci Dünya müharibəsi, nə də ki, dünyanın hələ bölüşdürülməsi prosesi qutarmamışdı, dünyada sovet kabusu  dolaşırdı. Həmin dövrdə Azərbaycanda bütün qüvvələri səfərbər etmək və Azərbaycan Cümhuriyyətini qorumaq mümkün olmadı. Lakin o vaxt ADR-in banilərindən biri  Məmmədəmin Rəsulzadənin dediyi kimi, Cümhuriyyət Azərbaycan xalqına vəd etdiyi çox şeyi verə bilməsə də, azadlığın nə olduğunu dadızdırdı. 23 ay yaşayandan sonra o, süqut etdi və uzun illər sovet hökumətinin tabeliyində qalmağına baxmayaraq, xalqımız demokratik ideyaları daim qoruyub saxlamağa müvəffəq oldu.

XX əsrdə ikinci dəfə  demokratik dövlət əldə etdikdən sonra Azərbaycan  həmin demokratik cümhuriyyətin ənənələrini bərpa etdi. Azərbaycan dövləti özünün 1918-ci ildə qurulmuş demokratik cümhuriyyətin varisi olduğunu elan etdi.  Məhz varislik prinsipinə görə, Respublika Günü Azərbaycanın dövlət müstəqilliyi günü kimi qeyd olunaraq, xalqın XX əsrdə qazandığı nailiyyətlərlə bağlı bir gündür. Şübhəsiz ki, XX əsrin sonlarında ümummilli liderimiz   Heydər Əliyevin hakimiyyətə qayıdışı demokratik, müstəqil Azərbaycanın dövlətinin qorunması, möhkəmləndirilməsi 1918-ci ildə əldə etdiyimiz uğurların əbədiyyətə qədər davam etməsinə səbəb olaraq dönüş yaratdı. Bu günün tarixi yaddaşlarda yaşanması,  gənc nəsillərinə tanıdılması, eləcə də, Azərbaycanı sevən, istəyən dost ölkələrə tanıtması bizim bir dövlət, bir millət olaraq tariximizə xidmət edəcək işlərdən biridir. Bu barədə düşünmək lazımdır. Təkcə bayram etmək yox, həm də o ənənələri yaşatmaq, inkişaf etdirmək, Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyümüzü təmin etmək, məhz Heydər Əliyev ideyalarına sədaqətimizin bilavasitə əməli təsdiqi olar.

 

Vəhdət partiyasının sədri Tahir Kərimli:

 

- Şərq xalqları arasında Azərbaycan xalqı ən demokratik, hüquqsevər, humanist bir xalqdır. Bu gün də Respublika Gününün keçirilməsi Azərbaycan vətəndaşlarının tarixi unutmadığını və öz ənənələrini daimi olaraq yaşatdığını təsdiq edir. Biz ulu öndərimiz Heydər Əliyevin bizə qoyub getdiyi mirası qoruyub saxlamalı və bu yolda daim birgə addımlamalıyıq. Məhz bu müstəqilliyimiz bu gün də qorunub saxlanılır, bu da Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir. Bu gün Azərbaycan dövlətçilik tarixində mühüm yer tutur. Belə ki, həmin dövrə nəzər salsaq, görərik ki, Azərbaycan Cümhuriyyəti Cənubi Qafqazda ilk respublika idi. Belə bir günün bu gün də qeyd olunması Azərbaycan tarixinə verilən dəyərdir. Bu onu göstərir ki, Azərbaycanın qədim dövlətçilik və idarəçilik tarixi vardır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 1 iyun.- S. 9.