ŞƏRQİN İLK MÜSTƏQİL
RESPUBLİKASI
28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
günüdür
Mayın 28-i tariximizin ən
şanlı günlərindən biridir. Bu, Azərbaycan Xalq
Cümhuriyyətinin öz
müstəqilliyini bəyan etdiyi tarixdir. Həmin tarixdən
düz 92 il ötür. 1918-ci ilin 28 mayından 1920-ci ilin 28
aprelinədək Azərbaycanı idarə edən milli
demokratik qüvvələr tariximizə böyük töhfələr
bəxş etdilər.
İstiqlal Bəyannaməsi
1918-ci il mayın 26-da
Gürcüstanın Zaqafqaziya Federasiyasının tərkibindən
çıxıb, öz müstəqilliyini elan etməsindən
sonra, Seymin türk fraksiyası Azərbaycan Milli Şurası
şəklində yenidən toplaşdı. Mövcud vəziyyəti
diqqətlə araşdırıb zəruri tədbirlər
gördükdən sonra Azərbaycan Milli Şurası 1918-ci
il mayın 28-də İstiqlal Bəyannaməsi qəbul edərək,
müstəqil Azərbaycan Demokratik Respublikasının
yarandığını bəyan etdi.
Həmin tarixi sənədə
görə, Müəssislər Məclisi
çağrılanadək Milli Şura ölkədə Ali
Qanunverici, Müvəqqəti Hökumət isə Ali
İcraedici orqan kimi təsdiq edildi. Milli Şuranın sədrliyinə
Müsavat partiyasının lideri Məmmədəmin Rəsulzadə
seçildi.
Milli Şura bitərəf Fətəli
Xan Xoyskiyə ADR-in müvəqqəti hökümətini təşkil
etməyi tapşırdı. F.Xoyski elə həmin gün
hökumətin tərkibini elan etdi və Nazirlər
Şurasının tərkibi təsdiq edildi. ADR-in elan edilməsi
haqda radioteleqram dünyanın bütün mərkəzlərinə
Azərbaycanda müstəqil, demokratik və dünyəvi bir
respublikanın yarandığını bəyan etdi. Müvəqqəti
hökumət Gəncədə yerləşdi və Gəncə
paytaxt statusu aldı.
Dövlət quruluşu və atributlar
ADR-in yaranması tariximizdə,
ilk dəfə olaraq, "Azərbaycan" ifadəsini siyasi
anlayışa çevirdi və Şimali Azərbaycan ərazisini
bütünlüklə bir dövlətin tərkibində birləşdirdi,
türk dilini dövlət dili kimi elan etdi, dövləti
yaşatmaq üçün Milli Ordu yaratdı. Azərbaycanda
inzibati bölgü aparıldı, tarixi yer adları bərpa
olundu. ADR-in pulu və poçt markaları buraxıldı.
1918-ci il iyunun 24-də
hökumətin qərarı ilə qəbul edilmiş Azərbaycan
dövlətçiliyinin əsas atributlarından biri olan
dövlət bayrağı qırmızı rəngdə
hazırlanmış, üzərində ağ aypara təsvirindən
və səkkizguşəli ulduzdan ibarət idi. Sentyabrın
9-da bu bayraq mavi, qırmızı və yaşıl rəngli,
ağ aypara və səkkizguşəli ulduzlu bayraqla əvəz
olundu. Dövlətin himni və gerbi təsdiq edildi.
Bununla, Azərbaycan Milli
Şurası, Azərbaycan xalqı qarşısında
çox böyük bir tarixi missiyanı yerinə yetirdi.
Milliyyətindən, siyasi və dini mənsubiyyətindən,
cinsindən asılı olmayaraq, bütün vətəndaşlara
bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin
müəyyən olunması, Azərbaycan dövlətçiliyi
atributlarının qəbul edilməsi, ana dilinin dövlət
dili elan olunması, hakimiyyət strukturunun və onun fəaliyyət
mexanizminin formalaşması Azərbaycanın gələcək
müstəqilliyi üçün möhkəm zəmin
yaratdı.
Azərbaycanda yaşayan
bütün xalqların və siyasi partiyaların nümayəndələrinin
parlamentdə təmsil olunması xalqların və hər iki
cinsdən olan vətəndaşların seçki hüququ
qanunla təsbit edildi. Azərbaycan bütün Şərqdə
qadınlara seçki hüququ verən ilk ölkə idi.
Şərqdə ilk parlament yaradıldı.
Bu cümhuriyyəti Qərb
tədqiqatçıları ziyalıların hökuməti
hesab ediblər. Çünki bu dövləti milli-demokratik
qüvvələrin ziyalı nümayəndələri
yaratmışdılar.
Mədəniyyət və təhsil siyasəti
Milli hökumət Azərbaycan
mədəniyyəti və təhsilinin inkişafına
xüsusi qayğı göstərirdi. 1918-ci il iyunun 27-də
türk dilinin dövlət dili elan edilməsi, bütün məktəblərdə
təhsilin icbari qaydada ana dilində aparılması, Rusiya
tarixi əvəzinə türk xalqları tarixinin tədris
edilməsi yüz ildən artıq davam edən
ruslaşdırma siyasətinə qarşı yönəldilmişdi.
Tarixdə ilk dəfə qadınlara səsvermə hüququ
verilmişdi.
Müəllim kadrları
hazırlamaq məqsədi ilə respublikanın müxtəlif
yerlərində kişi və qadın seminariyaları,
kursları açılmış, Qori Müəllimlər
Seminariyasının Azərbaycan bölməsi Qazağa
köçürülmüş, yeni tədris müəssisələri
açılmışdı. İbtidai və orta məktəblər
üçün dərsliklər nəşr olunurdu.
1919-cu ilin sentyabrında ilk
ali təhsil ocağının- Bakı Dövlət
Universitetinin açılması Azərbaycanın mədəni
həyatında ən əlamətdar hadisə oldu. Ciddi maliyyə
problemlərinə baxmayaraq, hökumət universitetin təşkili
və avadanlıqla təchiz edilməsinə 5 mln. manat vəsait
ayırdı.
Kənd Təsərrüfatı
İnstitunun açılması haqqında qanun qəbul
edildi. Azərbaycan hökuməti xaricdə kadrlar
hazırlanmasına da xüsusi əhəmiyyət verirdi. Parlamentin
1 sentyabr tarixli iclasında müxtəlif bilik sahələri
üzrə 1919-1920-ci tədris ilində 100 nəfər azərbaycanlı
tələbənin dövlətin hesabına Avropanın ən
yaxşı ali məktəblərinə göndərilməsi
üçün vəsait ayrıldı.
Şərqin ilk parlamenti və diplomatik əlaqələr
Dekabrın 7-də Azərbaycan
Parlamentinin təntənəli açılışı oldu.
Şəhərin mərkəzi bayramsayağı bəzədilmiş,
bütün idarə və müəssisələr işini
dayandırmışdı. Açılış törənində
bir sıra xarici ölkələrin diplomatik nümayəndələri
də iştirak edirdilər. Parlamentin ilk iclasını Azərbaycan
Milli Şurasının sədri M.Ə.Rəsulzadə
açdı və böyük təbrik nitqi söylədi.
Böyük Öndərin Milli Bayrağa işarə edib,
"bu bayraq bir daha endiriləməz" sözlərini,
bütün salon ayağa qalxaraq, gurultulu alqışlarla
qarşıladı. Əlimərdan bəy Topçubaşovun
sədr seçildiyi parlamentin 120 nəfərdən ibarət
olacağı qərara alındı.
Fəaliyyət göstərdiyi
506 təqvim günündə Parlament öz işini demokratik
prinsiplər əsasında quraraq, səmərəli və
operativ fəaliyyət göstərdi. Bu müddətdə 145
iclas keçirilmiş və 270-dən çox qanun layihəsi
müzakirə edilmiş, 230 qanun qəbul edilmişdi.
Hələ 1919-ci ilin
sonlarında Türkiyə, İran, Gürcüstan və Ermənistanla
diplomatik əlaqələr var idi. Təbriz, Xoy, Ənzəli,
Məşhəd, Əhər, Rəşt,
1920-ci il yanvarın 11-də
Paris Sülh Konfransı Azərbaycanın müstəqilliyinin
de-fakto tanınması ilə bağlı qərar qəbul
etdi. Bununla əlaqədar olaraq yanvarın 14-də Parlamentin təntənəli
iclası oldu. Vətən uğrunda həlak olmuş Azərbaycan
və Türkiyə türklərinin xatirəsi yad edildi. Bunun
ardından Bakıda hərbi parad keçirildi. Azərbaycanın
digər şəhərlərində isə təntənəli
mərasimlər təşkil edildi.
Ordum varsa, Yurdum var
1918-ci ilin iyununda Azərbaycan
Silahlı Qüvvələrin yaranması ilə bağlı
verilən qərar çox tarixi bir gediş idi. Amma ilk vaxtlar
həddən artıq çox problem yaranırdı. 1919-cu
ilin aprelində hərbiyyə naziri Səmədağa
Mehmandarov parlamentindəki çıxışında deyirdi:
"Əfəndilər, ordumu istəyirsiz? Əsgər var,
paltarı yoxdur, kazarma var, şüşəsi yoxdur, borş
qazanında kələm var, kartof yoxdur. Bununla ordumu olar? Sizə
xitabən soruşuram: kimin orduda övladı və qohumu xidmət
edirsə, əl qaldırsın?"
Protokolda yazılır ki,
heç kim əlini qaldırmadı. Amma çox
maraqlıdır ki, cəmi bir neçə ay sonra S.Mehmandarov əsgərlərinə
xitabən deyirdi: "Mən sizin qarşınızda göz
yaşı ilə çıxış edirəm. Bu ordu
paltarsız, silahsız döyüşdü və Azərbaycan
bayrağını ucalara qaldırdı. Mən sizinlə fəxr
edirəm..."
Həmin vaxt I cahan
savaşının qızğın çağı idi və
bununla bağlı Qafqazda da durum gərgin idi. Fürsətdən
istifadə edən ermənilər Qarabağ, İrəvan, Zəngəzur
və s. torpaqlarımızda Azərbaycan türklərinə
qarşı ardıcıl soyqırım aktları törədirdi.
Azərbaycan hökuməti
Türkiyədən kömək istədi və 1919-cu ilin may
ayında Türkiyənin hərbi naziri Ənvər paşa
öz qardaşı Nuru paşaya Təbrizdən Gəncəyə
doğru hərəkət etmək əmrini verdi. Nuru
Paşanın komandanlığı ilə yaradılan Qafqaz
İslam Ordusu və digər milli hərbi birləşmələr
daha sonra Bakıya doğru irəliləməyə
başladı. İyul ayının sonunda Şaumyanın quldur
dəstəsi istefa verməyə məcbur oldu. Bunun ardınca
yaranan "Sentrokaspi" diktaturasını, hətta ingilislərin
Bakıya çağırılması da xilas edə bilmədi...
Nəhayət, sentyabrın
15-də Azərbaycan Silahlı Qüvvələrinin
müşayiəti ilə Azərbaycan hökuməti tam heyətdə
və təntənəli surətdə Bakıya daxil oldu.
Şəhər əhalisi milli ordunu və milli hökuməti
böyük sevinc hissi ilə qarşıladı. Bakı
ADR-in paytaxtı elan olundu...
Azərbaycan
istiqlalının Antanta tərəfindən
tanınmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin
gücləndirilməsi üçün hökumət
böyük işlər həyata keçirdi. 1919-cu ilin
dövlət büdcəsindən ordunun yaradılması məqsədilə
400 milyon manat pul ayrılmışdı. Bu vəsait ümumi
dövlət büdcəsinin 25 %-ni təşkil edirdi. Hərbi
nazir S.Mehmandarov böyük əzmlə nizami ordunun
formalaşdırılması işinə başladı. Hərbi
nazirlik qarşıya 25 minlik nizami ordu yaratmaq vəzifəsi
qoymuşdu.
Azərbaycanla
Gürcüstan arasında hərbi müdafiə paktı
imzalandı. Gürcüstandan neft
qarşılığında 24 top və mərmilər, 24
pulemyot, 3000 tüfəng, 211 qılınc, 795 nizə və s.
silah-sursat alındı.
İyun ayının 4-də
ADR ilə Osmanlı İmperiyası arasında dostluq
müqaviləsi imzalandı. Müqaviləyə əsasən,
Azərbaycanın təhlükəsizliyi üçün
ehtiyac yarandıqda Osmanlı İmperiyası hərbi
yardım göstərməli idi.
Artıq 1919-cu ilin
sonlarına yaxın Azərbaycan Ordusu 2 piyada və 1 süvari
diviziyadan ibarət idi. Bu ordunun sərəncamında 4 hərbi
təyyarə, 3 zirehli qatar, 6 zirehli avtomaşın və 2 hərbi
gəmi var idi. Xəzər dənizində hərbi donanma
yaradılmasına başlanmışdı.
Təcavüz və işğal
Çar generallarından
külli miqdarda silah alan və öz ordusunu rus zabitləri ilə
möhkəmlədən ermənilər Azərbaycanın Zəngəzur,
Qarabağda vəziyyətin
gərginləşdiyini görən Azərbaycan hökuməti
müdafiə tədbiri kimi burada general-qubernatorluq yaratdı.
Qarabağ valisi doktor Sultanovun səlahiyyətləri
artırıldı və onun sərəncamına hərbi
hissələr verildi.
Artıq Ermənistan ordusu Azərbaycanın
Qarabağ və Zəngəzur vilayətlərinə daxil
olmuş, yerli əhaliyə qarşı açıq
müharibəyə başlamışdı. Azərbaycan
hökuməti Antantanın "əsas təhlükə
şimaldan gözlənilir" xəbərdarlıqlarına
baxmayaraq, ordunu demək olar ki, bütünlüklə, həmin
bölgəyə yeritdi. Cəmi 1 ay ərzində Azərbaycan
Ordusu erməni qoşunlarını darmadağın etdi.
Aprelin 26-da daşnak hökuməti barışıq xahiş
etdi və ingilislərin işə qarışmasından sonra
barışıq elan olundu.
Bu arada rus ordusu Azərbaycan
sərhədlərinə yaxınlaşırdı. Aprelin
26-dan 27-ə keçən gecə XI ordu hissələri Samur
çayı üzərindəki körpünü keçərək,
Azərbaycan ərazisinə soxuldu və sürətlə cənuba-
Bakıya doğru irəliləməyə başladı.
Kiçik sərhəd qüvvələrindən ibarət Azərbaycan
Ordusu əzmkarlıqla döyüşsə də, müdaxilənin
qarşısını ala bilmədi. Hərbi nazir S.Mehmandarov
xəstə olduğuna görə, onun vəzifəsini icra edən
general Şıxlinski dəmiryol körpülərini partlatmaq
haqda əmri ləğv etdi...
Məlumatı alan kimi, Azərbaycan
hökumətinin nümayəndə heyəti rus ordu hissələrinə
tərəf yola düşdü. Lakin hökumətə
ultimatum təqdim edildi. Bununla bağlı parlamentin son
iclası keçirildi. Hakimiyyətin dinc yolla təslim ediləcəyi
halda, 6 şərtə riayət ediləcəyi, o cümlədən,
Azərbaycan Milli Ordusunun saxlanacağı şərtilə,
aprelin 28-də hökumət bolşeviklərə təhvil
verildi. Lakin bu şərtlər yerinə yetirilmədi və
çox keçməmiş Azərbaycan Ordusu ləğv
edildi.
"Bir kərə yüksələn bayraq bir daha enməz!"
Azərbaycan Xalq Cümhuriyyəti
Sovet Rusiyasının hazırladığı və ermənilərin
də dəstək verdiyi hərbi təcavüz nəticəsində
süqut etdi, Azərbaycanda sovet hakimiyyəti quruldu.
Azərbaycan Xalq Cümhuriyyəti
cəmi 2 il yaşasa da, öz başlıca tarixi
missiyasını ləyaqətlə yerinə yetirdi və Azərbaycan
tarixinə parlaq səhifə yazdı. Azərbaycan
xalqının yüz il əvvəl itirdiyi müstəqilliyi,
azadlığı müvəqqəti də olsa özünə
qaytardı. "Bu 23
aylıq hakimiyyətiniz ərzində
xalqa nə verə bildiniz?" sualına M.Ə.Rəsulzadə
vüqarla demişdi: "Çox şey verə bilmədik,
lakin azadlığın nə demək olduğunu başa
saldıq və azca da milli istiqlal dadızdırdıq" .
Azərbaycan Xalq Cümhuriyyəti
Azərbaycan dövlətçiliyi tarixində silinməz iz
qoydu, Azərbaycanın gələcəkdə müstəqil
olması üçün mühüm təməl
hazırladı. Bunun nəticəsində SSRİ-nin tərkibində
olduğu dövrdə Azərbaycan bir çox dövlətçilik
atributlarını saxlaya bildi, iqtisadiyyatını, elmini və
mədəniyyətini inkişaf etdirdi.
1991-ci il oktyabrın 18-də
dövlət müstəqilliyini bərpa edən
xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısa
müddətli fəaliyyətinin zəngin ənənələrindən
istifadə etdi və bu tarixi varislik üzərində müstəqil
Azərbaycan dövlətini yaratdı.
Elçin Bayramlı
Səs.- 2010.- 28 may.- S. 10.