Bilkənd Universitetində "Mədəni irs və musiqi" beynəlxalq konfransı keçirilib

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva konfransda iştirak edib

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva "Mədəni irs və musiqi" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 3-5-də Ankarada səfərdə olub. 

Noyabrın 4-də Ankaranın Bilkənd Universitetində "Mədəni irs və musiqi" beynəlxalq konfransının açılışı oldu. Türkiyənin birinci xanımı Hayrünnisə Gül konfransa dəvət olunan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, həmçinin Latviya, Sloveniya və Makedoniya prezidentlərinin xanımları ilə görüşüb. Sonra Bilkənd Universitetinin Sakarya salonunda "Mədəni irs və musiqi" beynəlxalq konfransı işə başlamışdır. Tədbirə sədrlik edən Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gül konfransda iştirak edən Azərbaycan, Latviya, Sloveniya, Makedoniyanın birinci xanımlarını və digər qonaqları salamlamışdır. Bu konfransın bir-birimizi daha yaxşı tanımağa və dünyada sülhün bərqərar olmasına yardım etdiyini bildirən Hayrünnisə Gül bildirmişdir ki, Ankara bir çox mədəniyyətlərin beşiyi olan Anadolunun köksündə yerləşir. Odur ki, bu cür mötəbər tədbirin bu şəhərdə keçirilməsi heç də təsadüfi deyil.

Mədəni irsin gələcək nəsillərə çatdırılması üçün qadınların üzərinə böyük vəzifələrin düşdüyünü deyən Türkiyənin birinci xanımı mədəniyyətlər arasında dialoqun əldə olunmasında mühüm vasitələrdən birinin də musiqi olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Türkiyə öz mədəni irsini və musiqi dəyərlərini qorumaq üçün mühüm tədbirlər görür və bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə çalışır.

Latviyanın birinci xanımı Lilita Zatlere çıxışında bildirmişdir ki, Latviyanın mədəni irsi bir çox mədəniyyətlərin qovuşmasından yaranmışdır. Mədəni irsin Baltik dəyərlərində ölkəsinin güclü mövqeyə malik olduğunu qeyd edən Lilita Zatlere Latviyada XIX əsrdən bu yana mahnı və rəqs festivallarının keçirildiyini və bu musiqi mərasimlərinin bir növ ümummilli bayrama çevrildiyini diqqətə çatdırmışdır. O demişdir ki, bu festivallar artıq Latviya mədəniyyətində bir ritual formasını almışdır və xalqın milli kimliyini göstərir.

Konfransda iştirak edən Makedoniyanın birinci xanımı Maya İvanova isə diqqəti həqiqi dəyərlərin əldə olunmasında mədəni irsin və musiqinin oynadığı rola çəkmişdir. Bildirmişdir ki, Makedoniya da müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşir və təsadüfi deyildir ki, Makedoniya sənətlərin ölkəsi kimi tanınır. Maya İvanova çıxışına bu sözlərlə yekun vurmuşdur: Biz mədəni irsimizi qorumaqla Makedoniyanın təməl prinsiplərini qoruyuruq.

Beynəlxalq konfransın növbəti hissəsinə sədrlik edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban ƏLİYEVA tədbirdə çıxış edərək demişdir:

-Əziz dostlar!

İlk növbədə, sizləri səmimi qəlbdən salamlayıram və sizə ən xoş arzu və diləklərimi çatdırıram.

Yenidən Türkiyə torpağında olmağımdan çox məmnunam. Qurucusu böyük şəxsiyyət İhsan bəy Doğramacı olan Bilkənd Universitetində olmağımdan ikiqat mutluluq duyuram.

Fürsətdən istifadə edərək qardaş türk xalqına sülh, rifah və xoşbəxtlik arzu edirəm.

İndi isə konfransımızın işçi dili ingilis dili olduğunu nəzərə alaraq, icazənizlə çıxışıma bu dildə davam edirəm.

Türkiyə, Latviya, Makedoniya və Sloveniyanın çox hörmətli birinci xanımları!

Hörmətli cənab Əli Doğramacı!

Hörmətli konfrans iştirakçıları və qonaqlar!

Xanımlar və cənablar!

Əvvəlcə, Sizin hamınızı salamlamaq və bu konfransın təşkilatçısı və təşəbbüskarı cənab Əli Doğramacıya bu cür mühüm beynəlxalq forumda iştirak etmək üçün yaradılmış imkana görə minnətdarlığımı bildirmək istərdim.

Mən, həmçinin bu gün keçirilən foruma verdiyi dəstəyinə və tədbirdə iştirakına görə birinci xanımlara təşəkkürümü bildirmək istəyirəm. Elm, təhsil və mədəniyyət sahələrinə aid müxtəlif humanitar layihələrdəki iştirakınız və sülh, ahəngdarlıq və qarşılıqlı anlaşma naminə ölkələrinizdə apardığınız fəaliyyət bu tədbirə şübhəsiz ki, böyük töhfə olacaqdır.

Hörmətli dostlar, növbəti iki gün ərzində biz burada mədəni irs, xüsusən də musiqi haqqında söhbət açacağıq. Musiqi müxtəlif xalqların və millətlərin, eləcə də bütün dünyanın mədəni zənginliyini təşkil edir. Humanitar və əxlaqi dəyərlərdən ibarət musiqi dialoq üçün nadir və universal vasitədir. Musiqi insan hisslərini, onun vurğunluğunu özündə cəmləşdirən incə və maraqlı daşıyıcıdır. Nəhayət, musiqi gözəllik və kamilliyə doğru insanın göstərdiyi daimi səylərin mücəssəməsidir.

Bu cür müzakirənin məhz burada, bütün ömrünü xeyirxahlıq, humanizm və kamillik kimi ülvi ideyalara həsr etmiş şəxs tərəfindən yaradılmış Bilkənd Universitetində təşkil olunması böyük rəmzi xarakter daşıyır. İhsan bəy görkəmli alim, həkim, maarifçi və xeyriyyəçi olub. Onun fəaliyyəti və nailiyyətləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib. O, bir çox medal və mükafatlarla, o cümlədən Azərbaycan Respublikasının "İstiqlal" və ən ali - "Heydər Əliyev" ordenləri ilə təltif olunub.

İhsan bəy İhsan Doğramacı Ailə Sağlamlığı Fondu adlı beynəlxalq qurumu və ya beynəlxalq münasibətlərdə sülh naminə mükafat kimi təltifləri təsis edib. Uzun illər ərzində İhsan bəy bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvü və rəhbəri olub. Fransa, Hindistan, Azərbaycan və digər ölkələrdə o, Milli Elmlər Akademiyalarının fəxri üzvü olub.

Azərbaycan İhsan bəyin həyatında özünəməxsus yer tutur. O, ölkəmizin əsl dostu olub və Azərbaycana sevgi ilə yanaşırdı. Azərbaycan xalqı isə öz növbəsində, İhsan Doğramacının xeyirxah və şəfqətli işlərini dəyərləndirir, bu görkəmli şəxsiyyəti rəğbətlə yad edir.

İhsan bəy böyük müdriklik sahibi idi. Onun geniş dünyagörüşü var idi. O, əmin idi ki, müxtəlif dillərdə danışan və fərqli dinlərə mənsub olan, müxtəlif tarixi mədəni köklərə malik insanlar fərqlərin vahid daşıyıcıları kimi birləşməyə qadirdirlər və bir araya gəlməlidirlər. Onlar qlobal etika və humanizm kimi konsepsiyaya əsaslanan aləmi yarada bilərlər.

Hesab edirəm ki, bu gün keçirilən forum eyni ideyalara xidmət edəcəkdir. Beləliklə, bu tədbir həmin müstəsna şəxsiyyətin başladığı böyük işlərin davamı olacaqdır. Bu elm, təhsil və mədəniyyət mərkəzində həmin ənənələri davam etdirən hər bir şəxsə minnətdaram.

Hörmətli iştirakçılar, musiqi dili öz mahiyyəti ilə universal xarakter daşıyır. Onun tərcümə edilməsinə ehtiyac duyulmur və hamı musiqini anlayır. Musiqi hər kəsi emosiya və hisslərdən ibarət aləmə səfərbər edə biləcək bir fenomendir. Musiqi ifaçı ilə auditoriya arasında aparılan söhbətdir. Onun sayəsində insanlar sözlərdən və ya konkret dildən istifadə etmədən, öz hisslərini və təsəvvürünü izhar edir. Bu vasitə insanlara daxildə formalaşan hissləri və ideyaları çatdırmağa imkan yaradır. Musiqi ifaçı və dinləyicilərə rahatlıq gətirir. O, xoşbəxtlik, sülh və ahəngdarlıq gətirə bilər. Musiqi dillərin yardımçı olmadığı məqamda fərqləri aradan qaldırır. Musiqi, həmçinin irsimizin nadir hissəsidir. O, xalqımızın tarixini, dinini, mədəni adət-ənənələrini özündə əks etdirir. Musiqi milli mənsubluğu qoruyub saxlayan genetik koddur.

Ölkəmizin tarixinə nəzər salsaq, görərik ki, Azərbaycan zəngin mədəni irsə malik olan qədim diyardır. Bu, ədəbiyyatımız, xalçalarımız, incəsənətimiz, memarlıq sənəti və musiqimizdə özünü büruzə verir. Azərbaycan 1991-ci idə öz müstəqilliyini bərpa edib, lakin ölkəmiz uzun illər ərzində müxtəlif imperiyaların tərkibində olub. Buna baxmayaraq, biz öz dilimizi, musiqimizi, ənənələrimizi, mədəniyyətimizi və özünəməxsusluğumuzu qoruyub saxlamışıq.

Bu gün biz mədəni irs konsepsiyasının geniş məna daşıdığı kifayət qədər mürəkkəb dünyada yaşayırıq. Hesab edilir ki, qloballaşma təbii qaydada mədəni oxşarlığa aparacaqdır. Bu, o deməkdir ki, qlobal norma və ideyalar milli mədəniyyətlərdən üstün olacaqdır. Əminəm ki, hər bir ölkənin mədəni irsi və adət-ənənələrini nəzərə alaraq, qlobal dünyaya qoşulmaq mümkündür. Uzun illər ərzində malik olduğumuz nadir mədəni irsin hər bir hissəsinin qoruyub saxlanılması ilə biz müasir dünyanın çağırışlarına hazır olmalıyıq və öhdəsindən gəlməliyik. Mədəni köklərimizə sadiq qalmaq üçün hər kəs bu və ya digər mühüm səbəblərə görə müəyyən fərqli məqamları dinləməyi bacarmalıdır. Dünya hər kəsi eyni etməli deyildir. Müxtəliflik bizi yalnız zənginləşdirə bilər. Biz bir-birimizə hörmət və dözümlülüklə yanaşmalıyıq. Bilik anlaşmanı təmin edir.

Zənnimcə, tamamilə aydın olmalıdır ki, bu gün dünyada mövcud olan bir çox problemlərin həllində məhz bu yanaşmadan istifadə etmək lazımdır.

Hörmətli dostlar, nitqimi nikbin fikirlə başa çatdırmaq istərdim. Bildiyiniz kimi, son bir neçə il ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda bir sıra beynəlxalq musiqi festivalları keçirilib. 2009-cu ildə yeni Beynəlxalq Muğam Mərkəzimizdə ilk beynəlxalq muğam festivalı keçirilib. Muğam həvəskarları, ifaçıları, tədqiqatçıları və bir çox ölkələrdən gəlmiş qonaqlar həmin tədbirdə iştirak ediblər. Ən görkəmli həmvətənlərimizdən birinin xatirəsini yad etmək məqsədi ilə Bakıda hər il dekabr ayında Mstislav Rostropoviç festivalı keçirilir. 2010-cu ildə ikinci beynəlxalq musiqi festivalı ən gözəl bölgələrimizdən biri olan Qəbələdə uğurla keçirilib. Bu festivallarda musiqi milliyyəti, cinsi, yaşı və mənşəyindən asılı olmayaraq bütün insanları bir araya gətirdi.

Əminəm ki, qarşıdakı iki gün ərzində Şərqin və Qərbin gözəl musiqisi burada nadir və xüsusi mühit yaradacaqdır. O, qəlblərimizi oxşayacaq, əhval-ruhiyyəmizi qaldıracaq və hisslərimizi oyadacaqdır.

Diqqətinizə görə minnətdaram.

 

X X X

 

Konfransa sədrlik edən Azərbaycanın birinci xanımı sonra sözü Sloveniya Prezidentinin xanımı Barbara Mikliç Türkə verdi. O, mədəni dəyərləri ölkəsinin mühüm parçası adlandırdı. Qeyd etdi ki, mədəniyyət sloveniyalılar üçün, sözün həqiqi mənasında, industriyadır. "Musiqi və ədəbiyyat isə bizim milli kimliyimizi təşkil edir", - deyən Barbara Mikliç Türk vurğuladı ki, musiqi bütün dövrlərdə insanın inkişafında mühüm amil olmuşdur. Sloveniyada uşaqlar arasında mədəni dəyərlərin təbliğində musiqinin aparıcı rol oynadığını deyən Barbara Mikliç Türk ölkəsində bununla bağlı bir çox layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.

Toplantıya sədrlik edən Mehriban xanım Əliyeva daha sonra sözü məşhur dirijor, bəstəkar və skripka ifaçısı Lorin Mazelə verdi.

L.Mazel də bu konfransın keçirilməsinə görə təşəkkürünü çatdırdı və tədbirin mövzusunun həyata keçirilməsində qadınların rolunun böyük olduğunu dedi.

Bilkənd Universitetinin İdarə Heyətinin sədri, professor Əli Doğramacı konfransda iştirak edən Türkiyə, Azərbaycan, Latviya, Sloveniya və Makedoniyanın birinci xanımlarına xatirə hədiyyələri təqdim etdi.

Daha sonra Azərbaycan, Latviya, Sloveniya və Makedoniyanın birinci xanımlarının şərəfinə nahar yeməyi verildi.

 

X X X

 

Noyabrın 4-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan xalqının və ulu öndər Heydər Əliyevin dostu olmuş, Bilkənd Universitetinin qurucusu və böyük alim İhsan Doğramacının məzarını ziyarət edərək önünə gül dəstəsi qoydu.

Mehriban Əliyeva xatirə kitabına ürək sözlərini yazdı.

İhsan Doğramacının oğlu Əli Doğramacı Mehriban xanıma Bilkənd Universitetinin ərazisində aparılan quruculuq işləri barədə məlumat verdi. Bildirdi ki, İhsan Doğramacının məzarı qarşısında maraqlı memarlıq üslubunda inşa olunmuş məscid mərhum alimin rəhbərliyi və şəxsi nəzarəti altında tikilib. İhsan Doğramacı bu məscidə atasının adını vermişdir.

Mehriban xanım Əliyeva böyük alim İhsan Doğramacının xatirəsinin Türkiyə və Azərbaycan xalqlarının qəlbində əbədi yaşayacağını bildirdi.

 

X X X

 

Azərbaycanın birinci xanımı Ankaraya səfəri çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan ilə görüşmüşdür.

Görüşdə Mehriban Əliyevanın Türkiyəyə səfərindən məmnunluq ifadə edildi. Bilkənd Universitetində keçirilən konfransın ölkələrimizin mədəni dəyərlərinin inkişafı və təbliği baxımından vacib olduğu vurğulandı.

 

X X X

 

Noyabrın 4-də Bilkənd Universitetində Azərbaycanın Xalq Artisti Alim Qasımovun və qızı Əməkdar Artist Fərqanənin konserti olmuşdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə konsertə Latviya, Sloveniya və Makedoniyanın birinci xanımları da tamaşa etmişlər.

Alim Qasımov öz ifası ilə bir daha təsdiq etdi ki, Azərbaycan mədəniyyətinin vizit kartı olan muğam həm də xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi zövqü və qidasıdır. Muğam həm də bütün azərbaycanlıların ana dilidir. İndi bütün dünyanı heyrətdə qoyan, yaxın-uzaq elləri yaxınlaşdıran ilahi muğamın sədası ölkəmizin hüdudlarını aşır, Azərbaycanı dünyada tanıdır. Bu dəfə də belə oldu. Növbəti dəfə Türkiyə səhnəsində öz ifaları ilə tamaşaçıları heyrətdə qoyan muğam ustadları muğamı yüksək səviyyədə təqdim etməklə salona Azərbaycan ruhunu gətirdilər. Bu ifadan da göründü ki, muğam sənətinin ölməzliyini təmin edən dərin məzmun və fəlsəfi məna onun malik olduğu xalqın özəlliyi ilə bağlıdır. Alim Qasımov da bu çıxışı ilə xalqımızın malik olduğu özəlliyi tamaşaçılara muğamın dili ilə çatdırdı. Mükafatları isə alqışlar oldu.

 

X X X

 

Noyabrın 4-də axşam Çankaya köşkündə Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gülün adından rəsmi ziyafət təşkil olundu.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimə dəvət olunan İhsan Doğramacının həyat yoldaşı Ayser Doğramacı ilə görüşdü. Daha sonra Türkiyə, Azərbaycan, Latviya, Sloveniya və Makedoniyanın birinci xanımları birgə şam etdilər.

 

X X X

 

Noyabrın 5-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gülün görüşü oldu.

Görüşdə Mehriban xanımın Türkiyəyə səfərinin uğurla keçdiyi bildirildi. Qeyd olundu ki, Ankarada Bilkənd Universitetinin təşkilatçılığı ilə keçirilən "Mədəni irs və musiqi" beynəlxalq konfransı dünyada mədəni irsin qorunması işinə xidmət edir. Bu sahədə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən layihələrin əhəmiyyətindən də danışıldı.

 

X X X

 

Noyabrın 5-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Türkiyəyə səfəri başa çatmışdır.

 

 

Səs.- 2010.- 9 noyabr.- S. 4-5.