Qurban Pirimovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirildi 

 

Xətai rayon Rafiq Babayev adına 25 saylı Uşaq Musiqi Məktəbində Azərbaycanın xalq artisti, tarzən Qurban Pirimovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Xətai rayon 25, 30, 34, 13 saylı uşaq musiqi məktəblərinin müəllim və şagirdləri iştirak edirlər. Tədbiri giriş sözü ilə 25 saylı Uşaq Musiqi Məktəbinin müəllimi Sevda Mürşüdova açaraq, Qurban Pirimovun keçdiyi həyat və yaradıcılıq yolu haqqında iştirakçılara məlumat verdi. O, bildirdi ki, Azərbaycan peşəkar musiqi sənəti tarixində özünəməxsus yeri olan Qurban Pirimov 70 illik yaradıcılıq yolunda təkrarsız izlər qoymuşdur. Qarabağın məşhur aşığı olan Valehin nəticəsi 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alıb, Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət etmişdir. O, qeyd etdi ki, 1905-ci il tarzənin taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir: "Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Sənəti uca tutan tarzəni görkəmli musiqişünas Şuşinski xatirələrində yad edərək, yazırdı ki, Qurban Pirimovu son dəfə 1965-ci il avqustun 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən iştirak edirdi. O, "Rahab" çalırdı. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca, tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı." Sevda xanım onu da bildirdi ki, Qurban Pirimov muğamlarımızı dərindən bilən sənətkar olub. Onda özünəməxsus çalğı ştrixləri əsas cəhətlərindən idi. Bunlar onun öz tapıntısı, ürəyinin hərarəti idi. Qurban Pirimovu tanıyanlar onun həm çox zarafatcıl olmasını xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əlləri qoruyun. Qurban Pirimov haqlı idi. Məhz həmin əllər idi bizləri heyrətə salan, möcüzələr yaradır. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi. Ustadlarımız bu gün böyük sənətkarın yolunu davam etdirərək, öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Pirimovun öz sözləri ilə desək, "öyrənmək ustad olmaqda ümdə şərtdir, amma gərək hər bir ustadın öz barmaqları olsun". Qurban Pirimov xalq musiqi nümunələrini təkmilləşdirərək, yenidən xalqa qaytarmaq üçün nəcib xeyirxah işlərə imza atıb. Tədbirdə 30 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Ülvi Əliyev "Haşım segahı", S.Ələsgərov adına 1 saylı İncəsənət Məktəbinin şagirdi Cavad Kərimov "Heyratı" ritmik muğamını başqaları milli musiqi nömrələri ifa etdilər.

 

 

Zümrüd

 

Səs.- 2010.- 13 noyabr.- S. 12.