Fədakarlığı bacaranlar əbədiyyətə qovuşur
Azərbaycanın Milli Qəhrəmanı Çingiz
Babayevin cəsarəti onu bu zirvəyə qaldırdı
İnsan ömrünə
yazılan faciələr,
dəhşətli qətl
hadisələri, Tanrının
bəşər övladını
sınağa çəkməsi,
onun ən çətin məqamlarda
öz iradəsini ortaya qoyaraq həmin anda dəyərlərini idarə
etməsi, məhz fərdin bir varlıq olaraq kimliyini üzə çıxarır.
Yaşadığımız zamanlarda belə
insanların tərcümeyi-halı
ilə tanış oluruq. Ömrün bivaxt çağında qəfil gələn ölüm onu qısa məsafədə
bütün ölkədə
tanıtdırır və
hər kəs sevərək qəlb evində ona bir məskən salır. Bahar ömrünün təravətli bir dövründə qəfil
və xəbərsiz gələn ölüm Tanrı dərgahında müqəddəsliyə
yüksəlmiş Azərbaycan
Milli Qəhrəmanı
Çingiz Babayevi də elə qəfil yaxaladı. Bu qəfil tale
Azərbaycanın mərd
oğlunun tərcümeyi-halını əbədiləşdirmək
üçün onu müşayiət etmişdir.
Çingizin mərdliyini,
şücaətini ömrünün
naxışına çevirmişdir.
Ömrün 31 yazını-qışını yaşamış Çingiz
Babayev ömür payını elə zəhməti ilə keçirmişdir. Təsadüfi
bir hadisə bu ömrün nağıl dünyasını
sona çatmağa qoymamışdır. Qəribədir,
həyatda insan yaşadığı təsadüf
içində böyük
bir qürur, fəxarət də var. Bu ülvi
dəyərlər Azərbaycan
torpağının yetişdirdiyi
övladların şücaətindən
bizlərə aşılanır.
Xalq üçün,
vətən üçün
yaşayan və lazım gələrsə,
ömrünü qurban
verməyə hazır
olan insanlar tərəfindən. Yəqin
ki, 1995-ci ilin 28 oktyabrında baş verən hadisəni çoxları bu günə qədər xatırlayır və yaddaşının bir hissəsinə köçüb.
Həmin tarixi gün Çingiz Babayevi vətənin təəssübünü çəkən
bir övlad kimi bizlərdən ayırdı. Həmin gün onun bu dünya
ilə son vidası oldu. Həyatın bəlkə
də dərk edə bilmədiyimiz qanunları bizi idarə edir. Çox qəribədir. Çingiz oktyabr ayının 2-də dünyaya
gəlsə də, valideynləri onun adını 26 gün sonra, oktyabrın 28-də vermişlər. Sən demə elə o zaman gələn
nida onun ölüm gününə
qərar vermişdir. Doğumla ölüm arasına bir körpü salmışdır.
Təsadüfün insan
ömrünün üzərindəki
hökmü bax, elə budur.
Azərbaycanın Milli Qəhrəmanı
Çingiz Babayev qısa, lakin çoxlarına örnək
ola biləcək bir ömrünü yaşadı. Bu ömür yolu ona bir qəhrəmanlıq
nümunəsi olaraq qərinələrin sorağında
yaşanılacaq həyat
bəxş etdi. 70-80 il ömür yaşayan insan ömürləri
onun qısa bir ömrü ilə müqayisə oluna bilməyəcək. Bizlərə nəsib olmayan uzunömürlük,
əbədiyaşarlıq Çingizin
ömür payına düşdü.
Onun rəsmi yazılmış tərcümeyi-halından
oxuyuruq: Çingiz Babayev 1964-cü ildə Bakıda ziyalı ailəsində doğulub.
Yasamal rayonundakı 20 nömrəli
məktəbi, 1986-cı ildə
Azərbaycan Texniki Universitetini bitirib. 1992-ci ilin avqustunda əmək fəaliyyətini
yarımçıq qoyub,
könüllü olaraq
torpaqlarımızın müdafiəsi
üçün cəbhəyə
yollanıb. 1994-cü ildə
Azərbaycan Respublikasının
Müdafiə Nazirliyinin
sərəncamı ilə
Cəmşid Naxçıvanski adına
hərbi liseyə göndərilib. Əvvəlcə
taqım komandiri, sonra isə, bölük komandirinin siyasi işləri üzrə müavini vəzifəsinə təyin
olunur.
Həyatın iztirabları,
neçə-neçə dost
itkisi onun gənc qəlbinə öz dağını çəkmişdir. Həyat
onun Azərbaycanın
bir əsgəri tək çox sınaqlardan keçirmişdir.
Həyatın ibrət dərsini
elə cəbhə bölgəsində olarkən
almışdı. Zamanla
mübarizə, haqsızlıqlar
üzərinə üsyan
qəlbində bir haray qoparırdı. Nə qədər güclü, zəhmətkeş,
əzmkar olsa da, zamanın yaşantıları ona mənən güc gəlirdi. Vətəni
qorumaq, Vətən oğullarının intiqamını
almaq məqsədi onu tərk etmirdi.
Yaşının 31-ci baharına
çatsa da, o, ailə həyatı
qurmağı
qəbul edə bilmirdi. Oğul itirmiş anaların onun toy məclisində
iştirakını öz
şəxsiyyətinə sığışdıra
bilmirdi. Valideynləri
buna təkid etsə də, Çingiz bu işə qərar vermir. Tanrı onu ölümə
hazırlayırdı. 1995-ci ilin 28 oktyabr tarixində baş verən qanlı hadisə Çingizi yaxınlarından ayrı
saldı. Şənbə
günü idi. Çingiz Babayev istirahət günü ilə əlaqədar evlərinə buraxılan
bir neçə kursantla Bakı Metropoliteninin “Ulduz” stansiyasından qatara minib valideynlərinə baş çəkməyə
gedirdi. Qatar “Nərimanov” stansiyasına
çatmamış dayanır,
işıqlar sönür,
vaqonlar qara tüstüyə bürünür.
Qatarda olan insanların haray səsi, qışqırtısı,
imdad çağırışı
onun vücudunu titrədir. Sərnişinlər
özlərini müdhiş
hadisənin caynağından
xilas etmək üçün yollar axtarırdılar. Vəziyyətin
gərginliyini dərk
edən Çingiz özünü itirmədən
güc və əqlini birləşdirib,
kursantlarla köməkləşib
vaqonların şüşələrini
sındırdı, sonra
adamları düşürmək
üçün döşəmələri
sökməyə başladılar.
Kursantların bir neçəsi “Nərimanov”,
digərləri “Ulduz”
stansiyaları istiqamətində
adamları tuneldən
çıxarmağa başladılar.
Artıq neçə-neçə
qadın və uşaq xilas edilmişdi. Gücü-qüvvəsi
tükənsə də,
Çingiz yenidən od-alov içində vaqonlara qayıdıb adamların köməyinə
can atırdı. Çətin olsa da, bu yoldan
dönmədi. Yanan, tüstülənən vaqonda
fiziki gücü tükəndiyindən huşunu
itirdi. Onu bu vəziyyətdə görən kursantlar komandirlərini vaqondan kənara çıxarmaq istəsələr də,
buna müvəffəq
ola bilmədilər. Artıq taleyin amansız hökmü öz işini görmüşdü.
Demək taleyin nəsibi bura qədər imiş. Bu kiçik bir vaqonda, od-alov
içində cüssəli,
yaşamaq-yaratmaq eşqli
insanın burada dünyadan köçmək
alın yazısı imiş. Nə qədər acınacaqlı olsa da, bir ömrün son nöqtəsi elə burada qoyulur. Bir vaxt İrəvan
xanlarından olan ulu babası Rəşid xan Makinskinin arzularını yaşadan Çingiz Babayev bu dünyadan
əsil qəhrəman
kimi köçdü.
Xatırladaq ki, Çingiz Babayevlə bərabər üç kursant da - Ruslan
İsayev, Samir Məmmədov və Nicat Səfərov da dünyalarını dəyişdilər.
Tarixi mənbələrdə
həmin hadisə zamanı Ümummilli Lider Heydər Əliyevin xalqa müraciəti öz əksini tapıb: “...Bu, onların böyük vətənpərvər
olduğunu nümayiş
etdirir. Onlar insanları xilas etmək üçün özləri həlak olublar, özlərini qurban veriblər. Güman edirəm ki, onların xatirəsi xüsusi qeyd olunacaqdır...”
Ulu Öndərin 3 noyabr
1995-ci ildə imzaladığı
fərmanla Çingiz
Adil oğlu Babayev (ölümündən
sonra) Azərbaycanın
Milli Qəhrəmanı
adına, onun kursant dostları Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov
isə “İgidliyə
görə” medalına
layiq görüldülər.
Çingiz Babayevin “Ulduz” stansiyası qarşısında və çalışdığı
hərbi məktəbdə
büstü qoyulub.
Çingiz kimi oğullar ölmürlər, od-alov içində yaşamağı,
ömrü fəda verməyi bacardıqlarından,
elə xalq da bu qeyri-adi
insanları yaşadır,
övladlarını Azərbaycanın
bu cür oğulları kimi tərbiyə edirlər.
NƏZAKƏT
Səs.- 2010.- 13 noyabr.- S. 12.