Ölkəmizin iqtisadiyyatı üçün növbəti uğurlu
inkişaf dövrü
Azərbaycan
iqtisadiyyatı üçün növbəti
uğurlu inkişaf dövrü kimi xarakterizə
olunan 2010-cu ilin doqquz ayının sosial-iqtisadi
göstəriciləri ölkədə aparılan düzgün və məqsədyönlü
siyasətin nəticəsidir. Əsası Ulu
Öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi siyasətin
ötən illərdə
uğurla davam etdirilməsi
nəticəsində Azərbaycanda makroiqtisadi
sabitlik yaradılıb, ölkənin
davamlı və tarazlı inkişafına nail
olunubdur.
Azərbaycanın iqtisadi müstəqilliyinin başlıca təminatı olan neft strategiyasının uğurla reallaşdırılması ölkənin qeyri-neft sahələrinin də sürətli inkişafına təkan vermiş, iqtisadiyyatın şaxələndirilməsi üçün əlverişli imkan yaradıbdır. Məhz bunun nəticəsidir ki, ölkəmiz iki il əvvəl dünyanı ağuşuna almış qlobal maliyyə böhranından cüzi itkilərlə çıxa bilmiş, iqtisadiyyatımızın bütün sahələrinin ahəngdar inkişafı öz axarı ilə davam etməkdədir. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə, bütün dünyada inkişaf etmiş iqtisadiyyat kimi qəbul edilir, təqdir olunur. Elə Dünya İqtisadi Forumunun son hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə, MDB məkanında birinci yerdə göstərilməsi də bunu əyani şəkildə sübut edir. Ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı bu amili yüksək qiymətləndirərək demişdir: “Rəqabət qabiliyyətliliyinin yüksək səviyyədə saxlanılması üçün Azərbaycanda bütün imkanlar vardır. Biz iqtisadi sahədə liberal siyasət aparırıq. Azərbaycan investisiyalar üçün çox cəlbedicidir.
Dövlət tərəfindən özəl sektora verilən həm siyasi, həm maddi dəstək, həm də güzəştli şərtlərlə ayrılan kreditlər - bütün bunlar iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyini artırır və şaxələndirilməsi üçün çox möhkəm əsas yaradır. Biz rəqabət qabiliyyətliliyi məsələlərinə bundan sonra da diqqət göstərəcəyik”.
Nazirlər Kabinetinin iclasında 2010-cu ilin ölkə iqtisadiyyatı üçün uğurla başladığını vurğulayan dövlət başçısı inkişaf dinamikasının ilin sonuna qədər davam edəcəyinə, bütün investisiya və infrastruktur layihələrinin başa çatdırılacağına əminliyini bildirmişdir. Elə son ayların statistik göstəriciləri də, bunu deməyə əsas verir ki, Azərbaycanın sürətli sosial-iqitisadi inkişafı qarşısıalınmaz bir prosesdir. Dövlət Statistika Komitəsinin 2010-cu ilin 9 ayı ilə bağlı ölkənin iqtisadi və sosial inkişafı ilə bağlı hesabatında əksini tapmış makroiqtisadi göstəricilər də bunu deməyə əsas verir. Hesabatda qeyd olunur ki, cari ilin doqquz ayında ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə, fiziki şəxslər tərəfindən 29,3 milyard manatlıq ümumi daxili məhsul istehsal edilibdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz, və ya müqayisəli qiymətlərlə bir milyard manat çoxdur.
Ötən doqquz ayda istehsal edilmiş ümumi məhsulun 66,6 faizi məhsul istehsalı sahələrində, 26,9 faizi xidmət sahələrində yaradılmış, 6,5 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Ötən ilin yanvar-sentyabr aylarına nisbətən əlavə dəyər məhsul istehsalı sahələrində 2,8 faiz, xidmət sahələrində isə 6,4 faiz artmışdır. Hesabat dövründə ölkədə adambaşına düşən ümumi daxili məhsul istehsalı 3286,6 manat və ya 4090,4 ABŞ dolları təşkil etmişdir ki, bu da 2009-cu ilin doqquz ayı ilə müqayisədə 2,9 faiz artım deməkdir. Yanvar-sentyabr aylarında əlavə dəyər ölkənin neft sektorunda 2,7 faiz, qeyri-neft sektorunda isə 5,2 faiz artmışdır.
Azərbaycanda sənayeləşmə tendensiyası uğurla davam edir. Ayrı-ayrı sənaye sahələrinin işində yüksək canlanma müşahidə olunur, ölkənin neft-sektoru ilə yanaşı, qeyri-neft sahələrində də istehsalın həcmi artır. 2010-cu ilin əvvəlindən etibarən ölkəmizin sənaye potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımlar da müsbət nəticələr vermişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında ev təsərrüfatının və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin də işi nəzərə alınmaqla, 20,4 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 3,1 faiz çoxdur. Ötən doqquz ayda istehsal olunmuş sənaye məhsulunun 76,1 faizi mədənçıxarma, 18,7 faizi emal, 4,6 faizi elektrik enerjisi, qaz, buxar və kondensiyalaşdırılmış hava ilə təchizat bölmələrinin payına düşür. Məhsulun çox cüzi hissəsi - 0,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
Sənayenin mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin doqquz ayı ilə müqayisədə 2,1 faiz artmışdır. Daha dəqiq desək, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 38,6 milyon ton neft və 12,6 milyard kubmetr əmtəəlik qaz hasil edilibdir. Hesabat dövründə ölkədə hasil olunmuş neftin 32,2 milyon tonu, əmtəəlik qazın isə 7,8 milyard kubmetri Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin payına düşmüşdür. Mədənçıxarma bölməsinin spesifik sahəsi olan qızıl hasilatında da inkişaf meyilləri hiss edilməkdədir. İlin əvəlindən ölkənin qızıl yataqlarının istismarı davam etmiş, 9 ay ərzində 1,4 ton qızıl hasil edilərək təmizlənməyə göndərilmişdir.
Sənayenin ikinci böyük xüsusi çəkiyə malik emal bölməsində yanvar-sentyabr aylarında müəssisə və ev təsərrüfatları tərəfindən 3 milyard 814,7 milyon manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz çoxdur. Sahənin ümumi artım dinamikasında əsasən qida məhsulları üstünlük təşkil etmişdir.
2010-cu ilin doqquz ayı ərzində sənayenin elektrik enerjisi, qaz, buxar və kondensiyalaşdırılmış hava ilə təchizat bölməsində 937,9 milyon manatlıq məhsul istehsal olunubdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artım deməkdir. Hesabat dövründə ölkədə istehsal olunan 13,2 milyard kilovat-saat elektrik enerjisinin 78,6 faizi istilik, 21,4 faizi isə su-elektrik stansiyalarının payına düşmüşdür.
İqtisadiyyatın digər mühüm sahələrindən sayılan kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,5 milyard manatlıq məhsul istehsal olunub. Bu, 2009-cu ilin yanvar-sentyabr aylarına nisbətən 3,4 faiz artıqdır. Hazırda kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari il oktyabr ayının 1-nə kimi dənli bitkilər səpilmiş sahələrin məhsulu toplanıb və həmin sahələrin 99,4 faizinin məhsulu yığılıb, tarlalardan 1 milyon 983,8 min ton məhsul götürülübdür. İndiyədək tarlalardan 928,1 min ton kartof, 1 milyon 104,7 ton tərəvəz, 416 min ton meyvə və giləmeyvə, 428,3 min ton bostan məhsulları, 79,8 min ton üzüm, 12,1 min ton pambıq və 468,5 ton yaşıl çay yarpağı, 2537,4 ton isə tütün yarpağı yığılıbdır. İlin əvvəlindən ölkədə 241,8 min ton diri çəkidə ət, 1 milyon 157,5 min ton süd, 903,1 milyon ədəd yumurta və 14,8 min ton yun istehsal olunubdur.
2010-cu ilin ötən doqquz ayı ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 157,8 milyon manat məbləğində vəsait yönəldilmiş, bunun da 4 milyard 77,5 milyon manatı tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 4,8 milyard manatını və ya 77,3 faizini daxili investisiyalar təşkil etmişdir. Bu ilin doqquz ayında əsas kapitala yönəldilmiş vəsait əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 15,2 faiz üstələmiş, xarici mənbələrdən yönəldilmiş investisiyalar isə 1,4 milyard manata çatıbdir.
Hesabat dövründə ölkənin rabitə müəssisələri tərəfindən əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 832 milyon manatlıq, yaxud 2009-cu ilin doqquz ayı ilə müqayisədə 33,4 faiz çox rabitə xidməti göstərilibdir. Yanvar-sentyabr aylarında ölkə üzrə əmtəə dövriyyəsi 8,5 faiz artaraq, 9,6 milyard manata, pullu xidmətlərin həcmi isə 10,5 faiz artaraq 3,3 milyard manata çatmışdır.
Azərbaycanın idxal-ixrac əməliyyatları apardığı ölkələrin sırası da getdikcə genişlənir. Cari ilin yanvar-avqust aylarında Azərbaycan 139 ölkə ilə 18 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirmişdir. Hesabat dövründə ölkəmizdən xaricə 14 milyard dollarlıq məhsul göndərilmiş, idxal olunmuş məhsulların həcmi isə 4 milyard dollar təşkil edibdir.
Göründüyü kimi, ilin ötən doqquz ayının makroiqtisadi göstəriciləri son dərəcə uğurlu olmuşdur ki, bu da ölkədə əldə edilmiş davamlı və tarazlı inkişafın, həyata keçirilmiş məqsədyönlü sosial-iqtisadi islahatların məntiqi nəticəsidir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 13 noyabr.- S. 8.