HEYDƏR ƏLİYEV
KONSTİTUSİYASI DÖVLƏTİMİZİN MİLLİ
SƏRVƏTİDİR
ÜMUMMİLLİ LİDER BUNUNLA XALQIMIZA
BİTİB-TÜKƏNMƏZ XƏZİNƏ
ƏRMƏĞAN ETDİ
12 noyabr Azərbaycanda Konstitusiya günüdür.
Düz
15 il öncə, yəni 1995-ci il noyabr ayının
12-də Ümummilli Liderimiz
Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil
Azərbaycan Respublikasının
Ana Yasası olan Konstitusiyamız hazırlanaraq ümumxalq səsverməsi referendum yolu ilə qəbul
edildi. Həmin günü ölkədə
ilk Konstitusiyamızın
qəbul olunduğu gün kimi qeyd
edirik. Qeyd edək ki, Konstitusiya
5 bölmə, 12 fəsil,
158 maddədən ibarətdir.
2002-ci ilin avqustunda, eləcə də, 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.
Azərbaycan Respublikasının Konstitusiya
layihəsinin hazırlanması
barədə danışarkən,
heç bir mübaliğəyə
yol vermədən, qeyd etmək olar ki, bu,
müstəqil dövlətçiliyimizin
qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsəridir. 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk
iclasından
başlayaraq, 12 noyabr
referendumunadək Ümummilli
Lider Azərbaycanın
Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş
ictimaiyyət tərəfindən
müzakirəsinə şəxsən
rəhbərlik edib. Ümummilli Liderimiz Heydər Əliyev bu sənədin təkcə
dövrün tarixi və siyasi reallıqlarının
deyil, bütövlükdə,
xalqın milli-mənəvi
dəyərlərinin süzgəcindən
keçərək qəbul
olunmasına çalışırdı
və buna da nail oldu.
Ümummilli Liderimiz Heydər Əliyevin titanik səyləri nəticəsində 1995-ci il
noyabrın 12-də qəbul
edilən Azərbaycan
Konstitusiyası fundamental
bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və
insan haqları sahəsində mütərəqqi
dünya təcrübəsinin
başlıca nailiyyətlərini
özündə əks
etdirdi. Eyni zamanda, bu Konstitusiya
Azərbaycanın müstəqil
dövlətçilik tarixinin
şanlı səhifəsini,
1918-ci ildə qəbul
olunmuş İstiqlal Bəyannaməsini özündə
yaşadan, tarixi varisliyi təmin edən bir sənəddir.
Bütün bunlarla yanaşı, 1995-ci ilin 12
noyabrından sonrakı
dövrə nəzər
salsaq, görərik ki, Azərbaycan dövləti bu istiqamətdə zəngin
hüquqi islahatlar və demokratikləşmə
yolu keçib. Yeni Konstitutsiyanın tələblərinə uyğun olaraq, 1995-ci ildən başlayaraq Azərbaycan insan hüquq və azadlıqlarının,
demokratik təsisatların
inkişafının təminatı
ilə bağlı bir sıra beynəlxalq
konvensiyalara qoşulub. Ana Yasada təsbit olunduğu kimi, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edilmiş və Azərbaycan nəinki, MDB,
hətta Şərq aləmində bu tarixi qərarı qəbul edən ilk dövlətdir.
O vaxt hətta
Avropa Şurasının
üzvü olan bir çox ölkələr analoji addım atmamışdılar.
1998-ci il iyunun 18-də isə
Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə təsdiq olunan Azərbaycanda insan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı hüquqi islahatlar prosesində yeni mərhələ açdı. 14 iyul 1998-ci il
tarixdə Azərbaycanda
konstitusion müstəvinin
ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi
fəaliyyətə başladı.
Konstitusiya Məhkəməsinin
fəaliyyətə başlaması,
eyni zamanda, 1995-ci ildə qəbul olunmuş Əsas Qanunun keçid müddəalarından birinə
əməl olunması
demək idi. Həmin il avqustun 8-də isə dövlət başçısı konstitusion
hüququn təməl
prinsiplərindən olan
söz azadlığının
təminatı ilə
bağlı tarixi bir qərara imza atdı- ölkədə senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də isə
Konstitusiyada təsbit olunmuş mühüm keçid müddəalarından daha birinə
əməl olundu-Azərbaycanda
ilk bələdiyyə
seçkiləri keçirildi,
ölkədə yerli
özünüidarə institutu
fəaliyyətə başladı.
Nəhayət, 2001-ci ilin
yanvarında Avropa Şurasına tamhüquqlu
üzv qəbul edilən Azərbaycan demokratik dövlətlər
birliyinin sırasında
özünəlayiq
yer tutduğunu sübut etdi.
Beləliklə, Ümummilli Lider
Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlərə
və prinsiplərə
uyğun ilk milli konstitusiya hazırlanaraq, 12 noyabr
1995-ci ildə
ümumxalq səsverməsi
yolu ilə qəbul edildikdən sonra Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməli
qoyuldu.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan Demokratik Respublikasının xalqımızın
müstəqillik tarixində
oynadığı roldan
bəhs edərkən
demişdir: "1918-ci ildə
yaranmış Azərbaycan
Demokratik Cümhuriyyəti
bizim milli sərvətimizdir, tariximizin
parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük
mərhələləridir, parlaq səhifələridir,
xalqımızın böyük nailiyyətləridir. Məhz
bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın
həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır".
Konstitusiyada insan amili, vətəndaşların
hüquqları, onların
rifahının və
təhlükəsizliyinin təmin
olunması ön plana çəkilmişdir.
Ən əsası isə Konstitusiyamız müstəqil respublikamızın
bugünkü yüksək
və dinamik inkişaf səviyyəsinə
gəlib çatmasını
təmin etmişdir.
Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz
cənab İlham Əliyev də dəfələrlə vurğulamışdır
ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı
hansısa dövlətin
iqtisadi sahədə yüksək nəticələr
əldə etməsi,
beynəlxalq arenada layiqli yerini tutması, dünya iqtisadiyyatına inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf
etməmiş hansısa
dövlətdə demokratikləşməyə
və vətəndaş
cəmiyyəti quruculuğuna
yönələn cəhdlər
uğursuzluqla nəticələnir.
Məhz bu reallıqdan çıxış edən
Azərbaycan Prezidenti cənab İlham Əliyev hər iki təmayülə vəhdət şəklində
yanaşılmasını vacib
sayır və ölkənin uzunmüddətli
inkişafını məhz
demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərti ilə real hesab edir.
Dövlət başçısının demokratik inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşıyır
və inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən
qaynaqlanır. "Əsl
açıq demokratik
cəmiyyəti ancaq maddi rifah əsasında
qurmaq mümkündür.
İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə
demokratik proseslər də geridə qalır. O ölkələr
ki, iqtisadi cəhətdən güclüdürlər,
o ölkələrdə
demokratiyanın inkişafı
da çox yüksək zirvədədir.
Ona görə də, iqtisadi islahatların davam etdirilməsi xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün
başlıca şərtdir.
Ancaq bununla bərabər, əgər
sadəcə olaraq, iqtisadi məsələlərə
diqqətimizi yönəltsək
və siyasi islahatlarda hansısa bir yubanma olarsa,
bu da Azərbaycanın
qarşısında duran
vəzifələrin həlli
üçün bizə
imkan yaratmayacaqdır.
Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir"
- deyən Azərbaycan Prezidenti bu fikirdədir ki, demokratiya vətəndaşların sosial-siyasi,
mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə
adekvat reaksiya verməlidir.
XX əsrdə bizim qazandığımız uğurlar,
o cümlədən, müstəqil dövlət
qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə axtarıb tapmaq lazımdır. Azərbaycanın dövlət müstəqilliyinin
elan edilməsindən
sonra qarşıda duran ən mühüm
vəzifələrdən biri
ölkədə hüquqi,
demokratik, sivil dövlət quruculuğu proqramının həyata
keçirilməsinə nail
olmaq idi. 15 il bundan əvvəl
noyabrın 12-də referendum
yolu ilə müstəqil Azərbaycan Respublikası
Konstitusiyasının qəbul
edilməsi, yeni parlamentin təşkili üçün seçkilər
keçirilməsi dövlət
quruculuğu sahəsində
strateji proqramın ilk mərhələsi oldu.
Bu dövrdə Ümummilli Lider Heydər Əliyev bir tərəfdən Azərbaycanın müstəqilliyinə,
dövlətçiliyinə qarşı çıxan
qəsdlərin qarşısını
məharətlə aldı,
digər tərəfdən
dövlət quruculuğu
işinə rəhbərlik
etdi. Bu sahədə qarşıya
çıxan maneələri
əzmlə aradan qaldırdı. Fərəhlidir
ki, bu gün
həmin missiyanı Ulu Öndərimizin siyasi varisi, möhtərəm Prezidentimiz
cənab İlham Əliyev çox böyük fədakarlıqla
davam etdirir.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2010.- 12 noyabr.- S. 5.