Böyük, inamlı, parlaq
qələbə
Yeni Azərbaycan Partiyası 7 noyabr parlament
seçkilərinin qalibidir
7 noyabr
2010-cu il tarixində keçirilən növbəti parlament
seçkiləri Azərbaycanda ictimai-siyasi
fəallığın kifayət qədər yüksək
olduğunu təsdiqləyir. Bu mənada, Azərbaycan
parlamentinə - Milli Məclisə dördüncü
çağırış seçkilərin
nəticələri ölkəmizdə mövcud şəffaf,
demokratik, ədalətli seçkilər ənənəsinin
getdikcə daha da dərinləşib möhkəmləndiyini
göstərir. Bu, heç də təsadüfi deyil. Bütün
sivil, demokratik, dünyəvi ölkələrdə olduğu
kimi, Azərbaycanda da seçki prosesinə hər zaman
böyük ictimai maraq göstərilir.
7 noyabr parlament seçkiləri ilə bağlı
təbliğat-təşviqat kampaniyasının
gedişində Milli Məclisin qanunvericilik
fəaliyyətinə aktiv münasibət bildirilməsi,
millət vəkili seçilməyə iddialı
namizədlərin ictimai-siyasi fəaliyyətinin ciddi təhlil
olunması, qiymətləndirilməsi, prinsipcə, arzuolunan,
təqdirəlayiq haldır. Məhz bunun
nəticəsidir ki, seçicilər parlament
seçkilərində çox fəal iştirak ediblər.
Belə ki, bu seçkilərdə seçicilərin
yarıdan çoxu - 50,14 faizi səsverməyə
qatılıb, azad, sərbəst şəkildə Milli
Məclis deputatlığına layiq bildiyi
namizədlərə səs verib. Bütün bunlar,
ölkəmizin tərəqqisi, inkişafı, Azərbaycanda
parlamentarizm ənənəsinin, qanunvericilik sistemi və
bazanın daha da təkmilləşməsi baxımından,
olduqca böyük əhəmiyyət kəsb edir.
Yeni Azərbaycan Partiyası layiqli
qələbə qazanıb
İstənilən
seçkidə ictimai-siyasi qüvvələrin, siyasi
partiyaların fəallaşması, seçki prosesində bu
və ya digər dərəcədə uğur qazanmağa səy
göstərməsi tam təbii və gözləniləndir.
Bu zaman sağlam siyasi rəqabətin aparılması,
seçki qanunvericiliyinin tələblərinə riayət
edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Lakin təəssüf ki, radikal müxalifətin
təmsilçiləri, ötən seçkilərdə
olduğu kimi, bu dəfə də
"ənənə"lərinə sadiq qalıblar. Onlar
seçki kampaniyası başladığı andan
indiyədək seçki prosesinin gedişini, eləcə
də, səsvermənin nəticələrini uğursuz
şəkildə şübhə altına almağa səy
göstərirlər. Bu, bir daha onu göstərir ki,
seçkilərdə acınacaqlı
məğlubiyyətə düçar olan radikal
düşərgə həmişəki kimi ləyaqətlə
uduzmağı - öz məğlubiyyətini həzm
etməyi bacarmır. Odur ki, radikallar bu parlament
seçkilərində də seçki kampaniyasına
kölgə salmağa, ciddi təşviqat aparmaq
əvəzinə, təxribat xarakterli fikirlər
səsləndirməklə məşğul olublar. Onlar bununla
bağlı, başladıqları "qara piar"
kampaniyasını daha iyrənc formada davam etdirirlər.
Radikallar bu mübarizədə bütün əxlaqi
meyarları, ədəb-ərkan qaydalarını pozaraq, rəqiblərinə
qarşı aşkar şəkildə qərəzli mövqe
tuturlar. Bu isə son nəticədə əks-bumeranq effekti
ilə onların özünə qarşı yönəlib.
Bəlli olduğu kimi, radikal düşərgənin əsas
təmsilçisi sayılan "AXCP (i)-Müsavat" bloku bu
böyük məğlubiyyətə uğrayıb. Bu blokun
namizədlərindən heç biri seçkilərdə
həlledici səs çoxluğu qazana bilməyib.
Aydındır
ki, müxalifət partiyalarını nə ayrılıqda,
nə də birlikdə hər hansı formada növbəti
dəfə parlament seçkilərinin favoritinə
çevrilən Yeni Azərbaycan Partiyası ilə
müqayisə etmək mümkün deyil. Populyarlığına,
reytinqinə, cəmiyyətdə aparıcı mövqe
tutmasına, üzvlərinin sayına, ideya-siyasi
xəttinə görə, hər zaman öndə gedən bu
partiyanın siyasi qüvvə kimi ölkədə real, ciddi
alternativi yoxdur. Ümummilli Lider Heydər Əliyevin qurucusu
olduğu Yeni Azərbaycan Partiyası indiyədək
iştirak etdiyi bütün seçkilərdə -
prezident, parlament, bələdiyyə seçkilərində
birmənalı şəkildə, böyük səs
çoxluğu ilə layiqli qələbə qazanıb. Odur
ki, 7 noyabr seçkilərində qazanılan növbəti
möhtəşəm qələbə, məntiqi
qanunauyğunluq kimi, Yeni Azərbaycan Partiyasının
ardıcıl qələbələr seriyasını
tamamlayır. Bu seçkilərdə
partiyanın növbəti böyük, inamlı
qələbəsi xalqın böyük dəstəyi,
seçicilərin mütləq əksəriyyətinin
məhz Yeni Azərbaycan Partiyasının
namizədlərinə səs verməsi sayəsində
əldə edilib. Partiyanın inamlı qələbə
qazanmasında Yeni Azərbaycan Partiyası namizədlərinin
uğurla həyata keçirilən
təbliğat-təşviqat kampaniyası,
seçicilərlə qurulan fəal, səmimi ünsiyyət
də mühüm rol oynayıb. Seçkilərə
"Güclü dövlət, yüksək rifah"
şüarı ilə qatılan YAP ölkənin
aparıcı siyasi təşkilatı kimi, Azərbaycanı
tərəqqiyə, rifaha aparan alternativsiz ictimai-siyasi
qüvvə olduğunu qazandığı inamlı
qələbə ilə təsdiqləyib.
Radikal düşərgənin perspektivi
yoxdur
Yuxarıda
qeyd edilən məqamlardan aydın görünür ki, Yeni
Azərbaycan Partiyasının 7 noyabr 2010-cu il parlament
seçkilərində parlaq qələbələri heç
də təsadüf nəticəsində əldə
edilməyib. Bu nailiyyətlər partiyanın ictimai-siyasi
fəaliyyətdə yenilik, innovasiya xarakterli pozitiv meyarlara
söykənməsinin, bütün sosial
təbəqələrinin maraqlarını dolğun
şəkildə ifadə etməsinin nəticəsidir. Müxalifət daxilində çəkişmə,
deqradasiya, aşınma gedəndə, radikal
düşərgə siyasi manipulyasiyalarla, spekulyasiyalarla,
populist çıxışlarla siyasi səhnədə
aranı qarışdırmaq istəyəndə, YAP
cəmiyyətdə sosial dayaqlarını bir qədər
də möhkəmləndirməklə, nüfuzunu, reytiniqini,
populyarlığını əməli fəaliyyəti
ilə daha da artırmaqla məşğul idi. Məhz
bütün bunların nəticəsidir ki, bu gün partiya
parlament seçkilərində xalqın böyük, ciddi
dəstəyini qazanıb. Seçki
kampaniyası başlayan andan siyasi qüvvə kimi, liderliyini,
rəqiblərindən müqayisəyəgəlməz
üstünlüyünü hər addımda
təsdiqləyən Yeni Azərbaycan Partiyası istər imzatoplama,
istər təbliğat-təşviqat kampaniyasını
böyük müvəffəqiyyətlə başa vurub, 2
milyondan artıq tərəfdarını səsverməyə
cəlb edə bilib. Bu, son nəticədə, partiyanın
parlament seçkilərində seçicilərin
mütləq əksəriyyətinin səsini qazanmasına
səbəb olub.
Yeni
Azərbaycan Partiyasının 7 noyabr seçkilərində
qazandığı inamlı qələbəni
şərtləndirən amillərdən biri də
partiyanın seçki təcrübəsinin getdikcə daha da
təkmilləşməsidir. Belə ki, YAP hələ bu ilin
əvvəlində özünün seçki
proqramını qəbul edərək, seçki kampaniyası
dövründə həyata keçiriləcək bir sıra
məsələləri əvvəlcədən
müəyyənləşdirmişdi.
Mütləq qələbə
ilə nəticələnən uğurlu seçki strategiyası
Bütün bunlarla yanaşı, hakim Yeni
Azərbaycan Partiyası ötən seçki başa
çatan kimi, növbəti parlament seçkilərinə
hazırlaşmağa başlamışdı.
Seçkilərə və seçicilərə
münasibətdə göstərilən bu həssaslıq
nəticə etibarı ilə, bu gün partiyanı yenidən
Milli Məclisə dördüncü
çağırış seçkilərin qalibinə
çevirib. Hər bir seçkini çox
əhəmiyyətli hesab edən Yeni Azərbaycan Partiyası
malik olduğu yüksək potensiala, siyasi gücünə
baxmayaraq, bu seçkilərə böyük səylə,
xüsusi diqqətlə hazırlaşmışdı. Bu
mənada, YAP parlament seçkilərinə qatılarkən
hər bir rəqibini, onun
potensialını, siyasi hazırlığını,
intellektual potensialını, mübarizə taktikasını
və strategiyasını hərtərəfli
qiymətləndirmiş və nəzərə
almışdı. Başqa sözlə, partiyanın
seçki strategiyasında bütün zəruri məqamlar
ciddi şəkildə nəzərə alınıb, parlament
seçkilərində mümkün fəaliyyət
taktikası bütün vacib parametrlər, siyasi reallıqlar
nəzərə alınmaqla müəyyənləşdirilib
və həyata keçirilib.
Bütün parametrlərə görə, Azərbaycanda
alternativsiz siyasi qüvvəyə çevrilən Yeni
Azərbaycan Partiyası seçki təbliğatına hər
zaman çox ciddi yanaşır, seçicilərlə
fəal iş aparır,
geniş ictimaiyyətin maraqlarının müdafiəsinə
yönəlmiş çoxsaylı mütərəqqi
sosial-siyasi təşəbbüslərlə
çıxış edir. Yeni Azərbaycan Partiyası
dövlətin, cəmiyyətin, geniş ictimaiyyətin,
eləcə də, əhalinin bütün
təbəqələrinin maraqlarını tam
nəzərə alır. Hazırda YAP Azərbaycanın siyasi
səhnəsində kifayət qədər yekcins, monolit,
alternativsiz siyasi qüvvə sayılır. Parlament
seçkilərinin nəticəsi radikal
düşərgənin Yeni Azərbaycan Partiyasına
bütün əlamətlərə görə uduzduğunu,
YAP-la ciddi rəqabət aparmaq iqtidarında
olmadığını bir daha təsdiqləyir.
Belə şəraitdə siyasi cəhətdən
yetkin, ideoloji baxımdan təkmil, intellektual baxımından
hazırlıqlı, mütəşəkkillik
baxımından təkmil, monolitlik baxımından
möhkəm və vahid lider ətrafında
birləşmiş güclü siyasi təşkilat - Yeni
Azərbaycan Partiyasının seçkidə böyük,
uğurlu, inamlı qələbəsi
zərurətdən doğan təbii nəticə kimi özünü
göstərir. Belə vəziyyətdə radikalların qara
piara əl atması ümidsizliyin və zəifliyin
göstəricisi kimi meydana çıxır.
Yeni
Azərbaycan Partiyasının bu seçkidə yeni
texnologiyalara üstünlük verməsi və seçki
taktikasında bir çox yeniliklər etməsi radikal düşərgə
üçün gözlənilməz olub. Odur ki, müasir
seçki texnologiyalarına istinad edən Yeni Azərbaycan
Partiyasının mükəmməl seçki strategiyası
partiyanın yüksək qələbəsini təmin
etməklə yanaşı, radikal müxalifəti əsil
sürprizlərlə üz-üzə qoyub.
Naib NİFTƏLİYEV
Səs.- 2010.- 11 noyabr.- S. 9.