Xəzəryanı ölkələrin
dövlət başçılarının III zirvə
toplantısı başa çatdı
Dünən Azərbaycan
Prezidentinin "Gənclik" iqamətgahında Xəzəryanı
ölkələrin dövlət
başçılarının III zirvə toplantısı
başlayıb. SİA-nın məlumatına görə,
Prezident İlham Əliyev zirvə toplantısına qatılan
Xəzəryanı ölkələrin prezidentləri- Dmitri
Medvedyev, Mahmud Əhmədinejad, Qurbanqulu Berdıməhəmmədov
və Nursultan Nazarbayevi qarşılayıb. Qarşılanma mərasimindən
sonra ölkə başçıları iqamətgahda dövlət
bayraqları fonunda birgə şəkil çəkdiriblər.
Bakı sammitində ölkə başçıları Xəzərin
hüquqi statusu ilə bağlı müzakirələr
aparıblar.
"Xəzər hövzəsi sülh və əməkdaşlıq
nümunəsinə çevrilməlidir"
Məlum olduğu kimi,
bu gün Xəzəryanı ölkələrin dövlət
başçılarının sammiti başlayıb. Bu sammitdə
də Xəzər dənizinin bölüşdürülməsi
və hövzədə əməkdaşlığın
genişləndirilməsi kimi bir sıra məsələlər
müzakirə edilir. Sammit öncəsi Türkmənistan
hökumətinin mətbuat xidməti yaydığı məlumatda
bildirib ki, noyabrın 18-də Bakıda keçiriləcək
Xəzəryanı ölkələrin dövlət
başçılarının sammiti Xəzər probleminin
aktual məsələləri üzrə konsensusa nail olmaq
üçün danışıqlar prosesinə dinamika verməli,
məqsədi Xəzərin həmişəlik sülh,
dostluq, və həmrəylik dənizi statusunun məhkəmləndirilməsi
olan əməkdaşlığın optimal formatının
hazırlanmasına əməli addım olmalıdır:
"Bərabərhüquqlu qarşılıqlı tərəfdaşlıq,
milli və ümumi maraqlar balansının gözlənilməsi
prinsiplərinə əsalanan sarsılmaz xarici siyasət
kursunu həyata keçirməklə, müstəqil Türkmənistan
sülhün möhkəmləndirilməsi və həmrəylik
naminə konstruktiv dialoqa, Xəzər zonasında həm ikitərəfli,
həm də çoxtərəfli formatda effektiv əməkdaşlığın
fəallaşmasına tərəfdardır".
Nursultan Nazarbayev: "Xəzərin hüquqi statusu ilə
bağlı məsələni tam həll etməliyik"
Xəzəryanı
ölkələrin Bakıda keçirilən sammitində
çıxış edən Qazaxıstan prezidenti Nursultan
Nazarbayev bildirib ki, Xəzərin unikallığı yalnız
onun zəngin karbohidrogen ehtiyatları ilə əlaqəli
deyil: "Min illər ərzində Xəzər dostluq və
sabitlik dənizi olub, sahillərində yaşayan xalqları
birləşdirib".
N.Nazarbayev
xatırladıb ki, Xəzəryanı ölkələrin
yaxın qonşuluq şəraitində yaşamaq istiqamətində
vahid istəyi 2007-ci il oktyabrın 16-da 5 ölkə tərəfindən
qəbul edilmiş Bəyannamədə əks olunub.
Dmitri Medvedyev: "Xəzərin problemlərinin həlli
istiqamətində əməkdaşlığı azaltsaq, bu
məsələlərlə regiona aidiyyəti olmayan ölkələr
məşğul olmağa başlayacaq"
Rusiya prezidenti Dmitrii
Medvedyev Bakıda keçirilən Xəzəryanı ölkələrin
dövlət başçılarının zirvə
toplantısında çıxışı zamanı deyib:
"Biz Xəzər regionunda mövcud olan vəziyyətə
cavabdeh olmağımız məsələsində tam vahid
fikirdəyik. Ona görə də Xəzəryanı ölkələrin
regional təhlükəsizlik məsələlərində
müstəsna hüququnu sənədləşdirəcəyik.
Əgər biz hansısa məqamda əməkdaşlığımızı
azaltsaq, şübhə etməyin ki, Xəzər regionuna
heç bir aidiyyəti olmayan ölkələr, amma öz
iqtisadi və siyasi məqsədləri olan ölkələr
bu məsələlərlə məşğul olmaq istəyəcəklər".
Medvedyev bəyan edib ki,
Xəzəryanı ölkələr yeni sənədlər qəbul
etməlidirlər: "Hesab edirəm ki, artıq əldə
olunmuş nailiyyətlərimiz müxtəlif sferalarda, o
cümlədən regional təhlükəsizliyin təmin
olunmasında daha səmərəli əməkdaşlıq
üçün yeni formatlar yaratmağa imkan verir. Bunun
hüquqi əsasını biz bu gün qoyacağıq- bu
gün Xəzərdə təhlükəsizlik sahəsində
əməkdaşlığa dair saziş imzalanacaq".
Rusiya prezidenti bu sənəd
Xəzərdə yeni təhlükələrin
qarşısını almaq üçün praktiki
imkanları genişləndirməyə imkan yaradır.
Mahmud Əhmədinejad: "Xəzərin hüquqi
statusunun müəyyənləşdirilməsinə dair proses
ən geci 2011-ci ildə başa
çatdırılmalıdır"
İran prezidenti Mahmud Əhmədinejad
Bakıda keçirilən Xəzəryanı ölkələrin
dövlət başçılarının III zirvə
toplantısında toplantıya qatılan həmkarlarını
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə
dair prosesi 2011-ci ildə başa çatdırmağı təklif
edib.
İran prezidenti qeyd edib
ki, Xəzərdə təhlükəsizliyin təminatı
sahilyanı ölkələrin öz işidir: "İran Xəzərdə
əməkdaşlığı dəqiqliklə ehtiva edən
proqramlarda işləməyə hazırdır. Xəzəryanı
ölkələr həmçinin birgə gəmiçilik
şirkəti yaratmalı, mədəniyyət və turizm sahəsində
daha sıx əlaqələr qurmalıdır".
İlham Əliyev: "Xəzərin statusunun
nizamlanmaması regionda münasibətlərə neqativ təsir
göstərmir"
Xəzəryanı
ölkələrin dövlət
başçılarının sammitində
çıxışı zamanı Prezident İlham Əliyev
bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsi
istiqamətində böyük iş aparılır: "Əminəm
ki, gələcəkdə bu istiqamətdə təcrübi həll
yolları tapılacaq. Bu məsələnin nizamlanmaması
bizim münasibətlərimizə heç bir neqativ təsir
göstərmir". Xəzərlə bağlı Rusiya-Azərbaycan,
Rusiya-Qazaxıstan və Qazaxıstan-Azərbaycan
razılaşmalarının əhəmiyyətini
vurğulayan Prezident ümidvar olduğunu bildirib ki, bu təcrübə
gələcəkdə Xəzərin hüquqi statusunun müəyyənləşməsində
nümunə rolunu oynaya bilər.
Azərbaycan Prezidenti həmçinin
qeyd edib ki, Xəzəryanı ölkələr energetika məsələlərində
bir-biri ilə rəqib deyillər: "Xəzərin
karbohidrogen ehtiyatlarının tranziti üçün Azərbaycanın
yaratdığı müasir infrastrukturda qonşu ölkələrin
də istifadəsinə verilə bilər. Azərbaycan
özünün bütün imkanlarını Xəzəryanı
ölkələrə təqdim etməyə hazırdır. Əminəm
ki bugünkü görüş bizim ümumi işimizə
öz töhfəsini vermiş olacaq".
Qurbanqulu Berdıməhəmmədov: "Xəzərdə
delimitasiya beynəlxalq hüquq normaları əsasında həyata
keçirilməlidir"
"Türkmənistan qəti
əmindir ki, Xəzərin neft-qaz ehtiyatlarının nəql
olunacağı yeni boru kəmərləri yalnız keçəcəyi
sektorların aid olduğu tərəflərin
razılığı ilə çəkilə bilər. Əlbəttə
ki, ekoloji təhlükəsizliyə dair bütün şərtlərə
əməl olunmaqla". Bunu Türkmənistan prezidenti
Qurbanqulu Berdıməhəmmədov Xəzəryanı
ölkələrin dövlət
başçılarının Bakıda keçirilən zirvə
toplantısında deyib. O bildirib ki, Xəzərdə
delimitasiya beynəlxalq hüquq normaları əsasında həyata
keçirilməlidir: "Bu məsələyə siyasi qiymət
vermək lazım deyil. Bu, hüquqi məsələdir".
Qeyd edək ki, Xəzər
dənizinin hüquqi statusu 1921-ci il Rusiya-İran və
1940-cı SSRİ-İran razılaşmalarına əsaslanıb.
Yeni hüquqi statusun yaradılmasına dair
danışıqlar prosesi isə indiyədək davam etdirilir,
bir sıra ölkələr arasında ikitərəfli
müqavilələr artıq bağlanıb.
Azərbaycan Prezidenti: "Sahilyanı ölkələrin
dövlət başçıları Xəzərdə öz
milli zonalarını razılaşdırmaq barədə qərar
qəbul ediblər"
Sammitdə Xəzərdə
nərəkimilər fəsiləsindən olan
balıqların ovuna 5 il müddətinə moratorium
qoyulması ilə bağlı mexanizm hazırlamaq barədə
də razılıq əldə olunub. Azərbaycan Prezidenti
İlham Əliyev Bakıda keçirilən Xəzəryanı
ölkələrin dövlət
başçılarının III zirvə
toplantısının yekunlarına həsr olunmuş mətbuat
bildirib ki, zirvə toplantısına qatılan dövlət
başçıları hər bir ölkənin dənizdəki
milli zonalarının ən qısa vaxtda müzakirə edilməsi
və razılaşdırılması barədə qərar qəbul
ediblər. Bundan başqa prezident bildirib ki, sammitdə Xəzər
dənizində nərəkimilər fəsiləsindən olan
balıqların ovuna 5 il müddətinə moratorium
qoyulması ilə bağlı mexanizm hazırlamaq və
müzakirə etmək barədə də razılıq əldə
olunub.
Dmitri Medvedyev: "Xəzərin hüquqi statusuna dair
Konvensiya 1 il sonra Rusiyada keçiriləcək sahilyanı
ölkələrin dövlət başçılarının
zirvə görüşündə imzalana bilər"
"Xəzərin
hüquqi statusuna dair Konvensiya bir il sonra Rusiyada keçiriləcək
sahilyanı ölkələrin dövlət
başçılarının zirvə görüşündə
imzalana bilər". Bu fikirləri Rusiya prezidenti Dmitri Medvedyev
sahilyanı ölkələrin dövlət
başçılarının zirvə
görüşünün yekunlarına həsr olunmuş
brifinqdə deyib. O bildirib ki, dövlət
başçıları müxtəlif məsələləri,
o cümlədən delimitasiya ilə bağlı məsələləri
konstruktiv şəraitdə müzakirə ediblər: "Və
mənə elə gəlir ki, biz bu məsələdə
razılıq əldə edə bilmişik. Bu razılıq mənim
fikrimcə ondan ibarətdir ki, biz müvafiq qurumlara
üç ay ərzində 24-25 mil məsafədən
başlayaraq milli zonaların eni barədə mövqeləri
müzakirə edib razılaşdırmaq, müvafiq təklifləri
hazırlayaraq dövlət başçılarına təqdim
etmək barədə göstəriş vermək qərarına
gəldik. Bu o deməkdir ki, Xəzər dənizinin statusu ilə
bağlı məsələdə irəliləyiş göz
qabağındadır. Mən bütün
iştirakçıları Rusiya Federasiyasına dəvət
edirəm. Ümidvaram ki, bu son dərəcə mühüm məsələyə
son nöqtəni qoya biləcəyik".
Xəzəryanı ölkələrin dövlət
başçılarının Zirvə
Görüşünün sənədləri imzalanıb
Dünən Bakıda Xəzəryanı
ölkələrin dövlət
başçılarının üçüncü Zirvə
Görüşündən sonra sənədlərin
imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev,
Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan
Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərdə
təhlükəsizlik sahəsində əməkdaşlığa
dair Sazişi və prezidentlərin birgə bəyanatını
imzaladılar.
3 ölkə Xəzərin milli sektorlara bölünməsində
razılaşıb
1998-ci ilin iyulunda
Qazaxıstan və Rusiya arasında yeraltı sərvətlərdən
istifadədə suveren hüquqların həyata keçirilməsi
məqsədilə Xəzər dənizinin Şimal hissəsinin
dibinin sərhədinin çəkilməsinə dair
müqavilə, 2002-ci ilin mayında isə sözügedən
müqaviləyə dair protokol imzalanıb.
2001-ci ilin noyabrında və
2003-cü ilin fevralında isə Qazaxıstanla Azərbaycan
arasında Xəzərin dibinin bölünməsi barədə
müqavilə və ona dair protokol bağlanıb. Eləcə
də, Qazaxıstan, Azərbaycan və Rusiya arasında
2003-cü il mayın 14-də Xəzər dənizinin dibinin
yaxın hissələrinin bölünmə xətlərinin
qovuşma nöqtələri barədə müqavilə
imzalanıb. Sahilyanı dövlətlər 2003-cü ilin
noyabrında Tehranda Xəzərin dəniz mühitinin
mühafizəsinə dair çərçivə
konvensiyasını imzalayıblar.
Ümumiyyətlə, Xəzərin
hüquqi statusunun müəyyənləşdirilməsi ilə
bağlı uzun illərdir ki, müzakirələr
aparılır. Azərbaycan hər zaman Xəzərin sülh
və əməkdaşlıq hövzəsi kimi təşəkkül
tapmasının tərəfdarı qismində
çıxış edib. Hələ 2002-ci ildə Türkmənistanda
keçirilən Xəzəryanı ölkələrin
dövlət başçılarının sammitində
çıxış edən Ümummilli lider Heydər Əliyev
bildirmişdi ki, Xəzər dənizinin hüquqi statusu məsələsinin
sahilyanı dövlətlər arasında həlli onların
suveren hüquqlarına hörmət, qarşılıqlı
surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc
vasitələrlə, danışıqlar yolu ilə həyata
keçirilməlidir. Ulu öndər
vurğulamışdı ki, Xəzər dənizi Xəzəryanı
ölkələrin mehriban qonşuluq, qarşılıqlı
surətdə faydalı əməkdaşlıq dənizi,
dostluq, sülh və təhlükəsizlik dənizi
olmalıdır.
Elçin Bayramlı
Səs.- 2010.- 19 noyabr.- S. 4-5.