Azərbaycan böyük
mədəni irsə və tarixə sahib olan ölkədir
Leyla Əliyeva: "Bu, təkcə bənzərsiz təbiəti
olan, mehriban insanların yaşadığı bir Qafqaz ölkəsi
deyil, həmçinin Şərq və Qərb dəyərlərinin,
fikirlərin qovuşduğu, zəngin mədəni irsin
mövcud olduğu bir məkandır".
Leyla Əliyeva: "Bu,
təkcə bənzərsiz təbiəti olan, mehriban
insanların yaşadığı bir Qafqaz ölkəsi deyil,
həmçinin Şərq və Qərb dəyərlərinin,
fikirlərin qovuşduğu, zəngin mədəni irsin
mövcud olduğu bir məkandır".
Noyabrın 15-də Heydər
Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı
səfirliyinin və "Baku" jurnalının birgə təşkilatçılığı
ilə Londonda Azərbaycan xalçalarının "Azərbaycan:
uçan xalçalarla nağıllar aləminə"
adlı sərgisi açılmışdır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva sərginin açılışında iştirak etmişdir. Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixi vardır. Qədim və orta əsrlərə aid mənbələr Azərbaycan xalqının milli sərvəti olan xalçalar və xalçaçılıq sənəti haqqında ən qiymətli məlumatları özündə əks etdirir. Azərbaycan xalçalarının dünya mədəniyyətinin inkişafına təsiri də danılmazdır. Orta əsrlərdə Avropaya ayaq açan Azərbaycan xalçaları az sonra dünyada məşhur rəssamların tablolarında, səyyahların əsərlərində təsvir olunmuş, gözəlliyi və orijinallığı ilə hamını heyran qoymuşdur. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən Azərbaycan xalçaları XIX əsrdə artıq beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir. O dövrdə Moskva, Vyana, Turin, London, Berlin və digər şəhərlərdə təşkil edilən beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılan xalı və xalçalar olmuşdur. XX əsrdə də böyük inkişaf yolu keçən Azərbaycan xalçası elə bu dövrdə elmi cəhətdən öyrənilmiş və tədqiq olunmuşdur. İndi Azərbaycan xalılarının sorağı dünyanın ən məşhur saraylarından və muzeylərindən gəlir. 1539-cu ildə toxunan, Londonun Viktoriya və Albert muzeyində qorunan "Şeyx Səfi" xalısı ornamental xalıların ən gözəl nümunəsi kimi bu gün də Azərbaycan xalçaçılıq məktəbini dünya miqyasında şərəflə təbliğ edir. Elə Londonda Heydər Əliyev Fondu, Azərbaycanın Britaniyadakı səfirliyi və "Baku" jurnalının birgə təşkil etdiyi "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" adlı sərginin məqsədi də xalqımızın milli sərvəti olan xalçalarımızın dünya mədəni irsinə verdiyi töhfələri bir daha diqqətə çatdırmaq, ölkəmizi bu sahədə yetərincə təbliğ etməkdir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov sərginin açılış mərasimindəki çıxışında Azərbaycan xalçalarının Londonda nümayiş etdirilməsi ilə bağlı ideyanın artıq reallığa çevrildiyini demişdir. Bu ideyanın həyata keçirilməsi üçün göstərdiyi səylərə və verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya və Fondun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevaya minnətdarlığını bildirmişdir.
Səfir qeyd etmişdir ki, xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir parçasıdır və bu xalçaların ən nadir nümunələri bir həftə ərzində Londonda nümayiş olunacaqdır.
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzer bildirmişdir ki, bu cür tədbirlər Azərbaycan-Böyük Britaniya maraqlarını yüksək səviyyədə təcəssüm etdirir. Sərginin keçirilməsini yüksək dəyərləndirən Lord Freyzer son illərdə ölkəmizdə güclü inkişafın müşahidə olunduğunu demişdir. O, bu sərgidə nümayiş olunan əsrarəngiz xalçalar haqqında təəssüratlarını bölüşmüşdür. Lord Freyzer çıxışına "Bizim məqsədimiz Azərbaycan-İngiltərə əlaqələrini, xüsusən də mədəni əlaqələri inkişaf etdirməkdir" sözləri ilə yekun vurmuşdur.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla ƏLİYEVA sərginin açılışında çıxış edərək demişdir:
-Xanımlar və cənablar, əziz dostlar! Sizi burada salamlamağa şadam və ümid edirəm ki, bu tədbirdən zövq alacaqsınız. Sərginin adı "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə"dir. Biz sizləri xalçaçılıq sənəti vasitəsilə minbir gözəllik diyarı olan Azərbaycanın qədim və heyrətamiz nağıllar aləminə aparmaq istərdik. Bu, təkcə bənzərsiz təbiəti olan, mehriban insanların yaşadığı bir Qafqaz ölkəsi deyil, həmçinin Şərq və Qərb dəyərlərinin, fikirlərin qovuşduğu, zəngin mədəni irsin mövcud olduğu bir məkandır. Yüz il əvvəl Nobel mükafatı laureatı Redyard Kiplinq demişdir: "Şərq Şərqdir, Qərb də Qərb və onlar heç vaxt qarşılaşmayacaqlar". Əminəm ki, əgər Kiplinq Azərbaycana gəlsə idi, o, ölkədən tamamilə fərqli təəssüratlarla ayrılardı. Azərbaycanda Şərq və Qərb bir araya gəlir.
Azərbaycan mətbəxi, ənənəvi yaşayış tərzinə sadiqliyi, ailə dəyərləri, koloriti və əsl Şərq bazarı mühiti ilə fərqlənir. Azərbaycan, eyni zamanda, həmişə Qərbyönümlü olmuşdur. 1918-ci ildə Azərbaycanda ilk demokratik respublika qurulmuşdur. Eyni zamanda, Azərbaycan qadınlara seçki hüququ verən ilk ölkə olmuşdur. Şərqdə ilk opera və teatr binası Azərbaycanda inşa edilmişdir. Beləliklə, Azərbaycan Şərqdə Qərb dəyərlərinin müdafiəçisinə çevrilmişdir. Amma eyni zamanda, o, Şərqi Qərbə tanıtmış, həm də ki, nağıllar ölkəsinə qapıları açmışdır.
Xalçaçılıq sənətinə gəlincə isə, Azərbaycan xalçaları bütün Avropada məşhur olmuşdur. Bu heç də təəccüblü deyildir. Çünki Azərbaycan əfsanəvi İpək Yolu üzərində yerləşir. Bu yol isə təkcə ticarət yolu deyil, eyni zamanda, dəyərlərin və mədəniyyətlərin mübadiləsi üçün geniş bir dəhliz idi. Min il əvvəl olduğu kimi, Azərbaycan bu gün də hər bir qonağa açıq ölkədir. Heydər Əliyev Fondunun burada təqdim etdiyi kitabın səhifələrində siz Azərbaycanın gözəl mənzərələrini - əzəmətli dağlarını, füsunkar göllərini, geniş düzənliklərini, tarixən "Odlar yurdu" adlandırılan bu ölkənin qədim və müasir şəhərlərini görəcəksiniz. Bu kitab bizdə Qobustandakı qayaüstü rəsmləri çəkmiş qədim insanlar, Abşeronun böyük vulkanları, Bakının köhnə küçələri, Xəzərin sahilə çırpılan dalğaları haqqında təsəvvür yaradır. Bütün bunlar gözəl fotoşəkillər toplusunda bir araya gətirilmişdir.
Heydər Əliyev Fondu Azərbaycanın mədəniyyətini və tarixini təbliğ etmək üçün yorulmadan çalışır. Fond konsertlər, təqdimatlar, sərgilər təşkil edir, dünyanın hər yerində məktəblər inşa etdirir, Azərbaycanın incəsənətini və musiqisini təbliğ edir. Heydər Əliyev Fondu, "Baku" jurnalı və Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfirliyi həmin layihə çərçivəsində bir həftə ərzində London sakinlərini Azərbaycan xalçaçılıq sənəti ilə tanış edəcək bu sərgini təşkil etmişlər. Eyni zamanda, ümidvarıq ki, Azərbaycanı, onun mədəniyyətini, tarixini və əlbəttə ki, xalqımızı təbliğ edəcəyik. Xalça qəlbin aynasıdır. Bu, qadın və kişi sənətkarların uzunmüddətli zəhmətinin, xalçaçıların iti gözləri və fərdi yanaşmalarının, qədim irsə və mədəni ənənələrə sadiq qalmalarının nəticəsidir. Xalçaların üzərində fərdi izlər qala bilər. Bu, ya təsadüf, ya da səhvən baş verə bilər. Xalçaçılar ənənələrə tabedirlər. Azərbaycanın müxtəlif bölgələrindən olan ustalar tərəfindən toxunan xalçalara nəzər yetirdikdə, siz bu sənət əsərlərini yaradan insanlarla sanki görüşə biləcəksiniz. Siz Azərbaycanın müxtəlif bölgələrini təmsil edən Quba, Şirvan, Bakı, Şəki, Qarabağ xalçaçılıq məktəbləri arasındakı fərqi görəcəksiniz.
Mən bu tədbirin Londonda keçirilməsinə və bu kitabın təqdimatının burada təşkil olunmasına görə çox məmnunam. London gözəl şəhərdir, dünyanın əzəmətli paytaxtlarından biridir. Mən uzun illər Londonda yaşamışam. Əslində, mən buradakı Xarli küçəsində yerləşən məktəbdə oxumuşam. Mənim üçün London çox sayda gözəl, görməli yerləri və mənzərələri ilə zəngin olan şəhərdir. Mən özümü burada evdəki kimi hiss edirəm. Bu tədbirin burada keçirilməsindən çox şadam. Çünki London sakinləri fərqli mədəniyyətlərə və ideyalara böyük maraq və anlayış nümayiş etdirirlər. Siz yaxınlıqda yerləşən Viktoriya və Albert muzeyində XVI əsrə aid və üzərində ağac, bitkilər və yarpaqlar təsvir olunan möhtəşəm "Şeyx Səfi" xalçasını görə bilərsiniz. Ümid edirəm ki, bu sərgi Azərbaycan xalçaçılıq sənəti haqqında olan biliklərinizi daha da artıracaqdır.
Əziz dostlar! Mən Azərbaycan mədəniyyəti haqqında saatlarla danışa bilərəm. Düşünürəm, yaxşı olar ki, bunu özünüz görəsiniz. Qoy, bizim sehrli xalçamız sizi bir neçə dəqiqəliyə olsa da, Şərq nağılları aləminə aparsın. Ümid edirəm ki, bu "səfər"in xoş təəssüratları uzun müddət sizinlə qalacaqdır. Mən sizi Azərbaycan xalçalarına həsr olunmuş sərgiyə baxmağa dəvət edirəm. Beləliklə, icazə verin, sizi Azərbaycana - yeni texnologiyaları, qədim və müasir memarlıq abidələri, gözəl mətbəxi və istiqanlı insanları olan ölkə ilə tanışlığa dəvət edim. Gəlin səyahətimizə sərgi ilə tanışlıqla başlayaq. Burada toplaşdığınız üçün bir daha sizlərə təşəkkür edirəm və sözü mədəniyyət naziri Ed Veyziyə verirəm.
X X X
Böyük
Britaniyanın mədəniyyət naziri Ed Veyzi bu tədbirə
dəvət edilməsindən çox şad olduğunu
bildirdi. O dedi ki, Azərbaycan ilə İngiltərə
arasında mədəni əlaqələr çox
güclüdür. Azərbaycanlı tələbələrin
bu gün İngiltərənin müxtəlif ali məktəblərində
təhsil aldığını vurğulayan nazir Azərbaycanın
iqtisadi inkişafından məmnun olduğunu bildirdi.
"Bu tədbir Azərbaycan-İngiltərə
əlaqələrinin daha da güclənməsinə xidmət
edir", - deyən Ed Veyzi tədbirin təşkilinə
görə Heydər Əliyev Fonduna minnətdarlıq etdi.
Britaniyalı nazir sonda təmsil etdiyi hökumətin Azərbaycanın
Avropa İttifaqına yaxınlaşmasını dəstəkləyəcəyini
və bu dəstəyin davamlı olacağını
vurğuladı.
Sərgi çərçivəsində "Azərbaycan" nəşrinin ingilis dilində versiyasının təqdimatı oldu. Heydər Əliyev Fondunun ən mühüm layihələrindən biri olan "Azərbaycan" nəşrinin ana dilimizdə versiyası bu ilin əvvəlində Bakıda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə təqdim olunmuşdur. Nəşrə daxil edilmiş fotoşəkillər ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələri haqqında oxucuda kifayət qədər dolğun təəssürat yaradır.
"Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" sərgisi təkcə Azərbaycan xalçalarını deyil, həm də ölkəmizi, onun qədim və əsrarəngiz paytaxtını sərgiyə gələnlərə tanıtmışdır. Burada nümayiş etdirilən fotoşəkillər sərgiyə gələnlərdə ölkəmizin təbiəti, mədəniyyəti, insanları haqqında geniş təsəvvür yaratmışdır. Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb koloritinin cəmləşdiyi paytaxtını tərənnüm edən videoçarxlarda da ölkəmiz haqqında yetərincə məlumat almaq mümkün idi.
Tədbir iştirakçıları sərgi haqqında fikirlərini bölüşmüşlər.
Koreya Respublikasının Böyük Britaniyadakı səfiri Ço Kyu-Ho demişdir: Çox gözəl tədbirdir. Burada mən Azərbaycan və onun mədəni irsi haqqında daha çox məlumat əldə etdim. Bu sərgi həm də ölkənizi tanımaq baxımından çox vacibdir.
Qlobal Yol Təhlükəsizliyi Fondunun baş direktoru Deyvid Vord söyləmişdir: Möhtəşəm bir tədbirdir. Bu sərgi mənim Azərbaycana -Bakıya səfərimi xatırladır. Yadıma gözəl paytaxtınız düşür. Bu məqamı mənə yaşatdığınız üçün təşəkkür edirəm.
Təhlükəsiz və davamlı nəqliyyat üzrə Şərq Alyansının direktoru Emma Maklennan vurğulamışdır: Azərbaycanı çox sevirəm, gözəl ölkədir. Bu xalça sərgisi Azərbaycan mədəniyyətini nümayiş etdirir. Burada iştirak etməyimdən çox məmnunam. Bakıya yenidən qayıtmağımı səbirsizliklə gözləyirəm. Belə möhtəşəm tədbirin təşkilinə görə sizlərə minnətdaram.
Beynəlxalq hüquqşünas
Nikolas Makkilreyt demişdir:
Bu ecazkar gecənin iştirakçısı olmaqdan
çox məmnunam. Səslənən musiqi gözəldir,
bizə təqdim olunan təamlar çox dadlıdır.
Burada baş verənləri görməyə dəyərdi.
Tezliklə Azərbaycana,
Bakıya gəlməyə
ümid edirəm.
Məşhur futbolçu
Roman Pavliçenko qeyd
etmişdir: Burada olmaq, sənət əsərlərinə, xalçalara
baxmaq mənin üçün çox xoşdur. Mən Azərbaycan mətbəxinin
nemətlərindən daddım
və heyran oldum. Hər şey çox
gözəldir.
X X X
Sonra qonaqlar Azərbaycan xalçalarından ibarət
sərgiyə baxdılar. Sərgidə coğrafiyasına, naxış
və kompozisiyasına,
rəng həlli və texniki xüsusiyyətlərinə görə
Azərbaycan xalçaçılıq
məktəbinin bütün
istiqamətləri təmsil
olunmuşdur. Burada nümayiş
etdirilən Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ və digər xalçaçılıq
məktəblərinin nümunələri
sərgiyə gələnlərdə
böyük maraq doğurmuşdur. Sərgidə
yer alan
Qarabağ xalçaçılıq
məktəbinin nümunələri
Qarabağın əzəli
Azərbaycan torpağı
olduğunu bir daha hamının diqqətinə çatdırdı.
Bu gün Azərbaycanda xalçaçılıq məktəbi
özünün inkişaf
dövrünü yaşayır. Xalqımızın milli sərvəti olan xalçaçılığın
inkişafı ilə
bağlı ölkədə
həyata keçirilən
tədbirlər, ilk növbədə
bu qədim el sənətinin yaşadılmasına
göstərilən diqqətdən
irəli gəlir.
"Azərilmə" MMC-nin yaradılması ilə yeni inkişaf
mərhələsinə daxil
olan xalçaçılıq
sənəti bu gün Azərbaycan mədəniyyətinin ən
böyük hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir, bu sahədə görülən işlər
xalçalarımızın milli və dünyəvi
dəyərini daha da artırır. Bakıda orijinal memarlığı
ilə diqqəti çəkən Xalça
Muzeyi binasının tikilməsi bu nadir, xalqımızın tarixini
və mədəniyyətini
özündə əks
etdirən sənət
növünə Azərbaycan
dövlətinin diqqət
və qayğısından
irəli gəlir.
Azərbaycan xalçalarının sehrinə düşən
sərgi iştirakçıları
da bu nadir gözəlliyin Londonda nümayiş etdirilməsini
yüksək qiymətləndirmişlər.
Sərgidə səslənən Azərbaycan
musiqisi də maraqla qarşılanmışdır. Heydər Əliyev
Fondunun və Azərbaycan Televiziyasının
birgə layihəsi olan muğam televiziya müsabiqəsinin
qalibi Güllü Muradovanın və musiqiçi dostlarının
ifaları hamını
muğamın sehrinə
salmışdır.
Beləliklə, Azərbaycan xalçalarının
Londonda nümayişi
unudulmaz bayrama çevrilmişdir. Xalqımızın milli kimliyinin,
soydaşlarımızın arzu və istəklərinin
əks olunduğu bu xalçalar hər bir azərbaycanlının
qəlb döyüntüsünü
Qərb tamaşaçısına
uğurla çatdırmışdır.
Bu xalçalar sərgi
ilə tanış
olan hər bir kəsi xəyalən
nağıllar aləminə
- Azərbaycana gətirmişdir.
Sərgi noyabrın 21-dək davam edəcəkdir.
Səs.- 2010.- 19 noyabr.- S. 8-9.