Azərbaycan Ədəbiyyatı Muzeyi - 70

 

Muzey mühüm elm və mədəniyyət ocağıdır

 

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 70 illik yubileyinə hazırlaşır. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 1940-cı il martın 14-də  ekspozisiyasının quruluşuna başlanmışdır. Muzeyin açılışı 14 may 1945-ci ilə təsadüf edir. Sonradan Nizami Muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilmişdir.

Muzeyin ekspozisiyası qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verir. Muzeydə görkəmli ədiblərin əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilən miniatürlər, Azərbaycan yazıçılarının əsərləri və sənədli fotoşəkillər, xalq yaradıcılığı nümunələri, müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, qədim xalçalar, saxsı və bürünc qablar və digər maddi mədəniyyət abidələri nümayiş olunur.

Muzeyin zəngin kitabxanasında qədim dövrlərdən tutmuş müasir dövrü əhatə edən müxtəlif dillərdə kitablar saxlanılır.

2005-ci ildən “millistatusunu almış Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bu gün ölkə Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində respublikanın çox mühüm elm və mədəniyyət ocağına çevrilmişdir.

Qeyd edək ki, muzeyi təkcə yeni müstəqillik əldə etmiş ölkələr sırasında deyil, Yaxın və Orta Şərqdə, eləcə də, Avropada yeganə ədəbiyyat muzeyidir.

Muzey elmi-tədqiqat müəssisə kimi AMEA-nın Humanitarİctimai Elmlər Bölməsinin tərkibinə daxildir. Muzeyin əsas vəzifəsi Azərbaycan ədəbiyyatı tarixini hərtərəfli öyrənib təbliğ etmək, milli ədəbiyyat nümunələrini toplayıb mühafizə etmək, dünya ədəbiyyatı tarixində ədəbi-bədii irsimizin yeri, rolu, əhəmiyyəti ilə geniş kütlələri tanış etmək, muzeyşünaslığı inkişaf etdirmək, elmi-tədqiqat və muzeyşünaslıq sahəsində yeni kadrlar yetişdirməkdən ibarətdir.

Qeyd edək ki, 2005-ci ildən muzeyin aspiranturası fəaliyyət göstərir. Muzeyin elmi işləri Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi istiqamətində aparılır. Muzeydə 9 şöbə fəaliyyət göstərir. Muzeyin nəzdində S.Yesenin adına Rusiya-Azərbaycan Ədəbi Əlaqələri Mərkəzi və Kürdəmir Aran Regional Şöbəsi fəaliyyət göstərir. Muzey hər il, mütəmadi olaraq, beş toplu buraxır: Muzey əməkdaşlarının elmi araşdırmalarından ibarət “Risalə” toplusu məzmunu etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin, muzeyşünaslıq məsələlərini əhatə edir.

“Şərq” tərcümə toplusuna müxtəlif xarakterli mətnlərin əsasən, Şərq dillərindən tərcümələri, eləcə də, Qərb dillərindən çevrilmələri daxil edilir.

Ənənəvi olaraqDaşyazmalar”, “Səsyazmalar”, “Əlyazmalar”, “Yaddaşa yazılanlar” kimi bölmələrdən ibarət olanQaynaqtoplusunda digər mövzular öz əksini tapır.

“Xəzinə” kataloqlar toplusunda muzeyin fondlarında qorunan, daim ekspozisiyasında sərgilənən görkəmli ədəbiyyat və mədəniyyət simalarının şəxsi fondlarının, ayrı-ayrı kolleksiyaların, müxtəlif arxivlərin müfəssəl təsviri verilir.

“Məclis” toplusu isə il ərzində muzeydə keçirilən tədbirlərin etnoqrafik ifadəsidir.

Qeyd edək ki, muzeyin 70 illik yubileyi münasibəti ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

 

Zümrüd

 

Səs.- 2010.- 14 noyabr.- S. 12.