Bu gün dünyaşöhrətli bəstəkar
Üzeyir bəy Hacıbəylinin xatirə
günüdür
Dünya şöhrətli bəstəkar,
görkəmli musiqişünas
alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının
banisi Üzeyir bəy Hacıbəylinin bu gün xatirə
günüdür. 23 noyabr
1948-ci il tarixində dünyasını dəyişən
sənətkarın
adını əbədiləşdirən
əsərləri onu
dünyada məşhurlaşdırmışdır.
O, yaratdığı musiqili komediyaları, instrumental müşayiətli
xor əsərləri,
orkestr əsərləri,
kamera-instrumental əsərləri,
xoreoqrafik miniatürləri,
romans-qəzəlləri, mahnıları
ilə şöhrətlənmiş,
Azərbaycan musiqi sənətini dünya miqyasında özünəməxsusluğunu
təsdiqləyə bilmişdir.
Belə bir sənət
yolunu nailiyyətləri
ilə qazanan Üzeyir Hacıbəyli ilk təhsilini Qori Müəllimlər Seminariyasında almış,
onun formalaşmasında təhsil
ocağının böyük
rolu olmuşdur. O, seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə
yaxından tanış
olmuşdur. Burada Avropa musiqi klassiklərinin
əsərlərini mənimsəmiş,
skripka və baritonda çalmağı
öyrənmiş, xalq
mahnı nümunələrini
nota köçürmüşdür.
Seminariyanı bitirdikdən
sonra Hacıbəyli
1904-cü ildə Cəbrayıl
qəzasının Hadrut
kəndinə müəllim
təyin edilmişdir.
Hacıbəyli Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya
gəlmiş, Bibiheybətdə,
sonralar isə "Səadət" məktəbində
dərs demiş,
1907-ci ildə Bakıda
Azərbaycan türkcəsində
"Hesab məsələləri"
və "Mətbuatda
istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin
türki-rusi və
rusi-türki lüğəti"ni nəşr etdirmişdir.
Üzeyir Hacıbəyli bədii yaradıcılığa
publisistika ilə başlamışdır. O,
"Kaspi", "Həyat",
"İrşad", "Tərəqqi", "Həqiqət",
"İqbal", "Yeni
İqbal" qəzetlərində
və "Molla Nəsrəddin" jurnalında
"Ordan-burdan", "O yan-bu
yan" və s. başlıqlar altında "Ü", "Filankəs",
"Behmankəs" və
s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə
dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.
Onun 1908-ci il yanvarın 12-də Bakıda
Hacı Zeynalabdin Tağıyevin teatrında
göstərilən "Leyli
və Məcnun" operası ilə təkcə Azərbaycanda
deyil, bütün müsəlman Şərqində
opera sənətinin əsası qoyulmuşdur.
Hacıbəyli operanın librettosunu
Füzulinin eyniadlı
poeması əsasında
yazmışdır. Üzeyir
Hacıbəyli 1909-1915-ci illərdə
bir-birinin ardınca
"Şeyx Sənan",
"Rüstəm və
Söhrab", "Şah
Abbas və Xurşud banu", "Əsli və Kərəm", "Harun
və Leyla" muğam operalarının
librettosunu xalq dastanları və rəvayətlər,
Firdovsinin "Şahnamə"
əsərinin motivləri
əsasında yazmışdır.
O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini
və estetik sənət prinsiplərini
sonrakı operalarında
da davam etdirmişdir.
O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun
"Ər və arvad", "O olmasın,
bu olsun", "Arşın mal alan" musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan
məişəti, xalq
adət və ənənələri əksini
tapmışdır. Belə
əsərləri yaratmasına
baxmayaraq, Hacıbəyli
1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik
cəmiyyətin musiqi
kurslarında, 1913-cü ildə
isə Peterburq konservatoriyasında oxumuşdur.
Peterburq dövrü Hacıbəylinin yaradıcılığında
mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaratmışdır.
Hacıbəyli 1921-ci ildə Bakıda
azərbaycanlı tələbələr
üçün ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil
etmişdir. 1926-cı ildən
Azərbaycan Dövlət
Konservatoriyasında fəaliyyət
göstərən Hacıbəyli
burada nəzəriyyə,
harmoniya, Azərbaycan
musiqisinin əsasları
fənlərindən dərs
demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan
xor kollektivi yaratmışdır.
O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan türk el nəğmələri"
məcmuəsini nəşr
etdirmişdir. Hacıbəyli 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı
alətləri orkestri
təşkil etmişdir.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında
ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası Hacıbəyli yaradıcılığının
zirvəsini təşkil
edir. Azərbacan opera sənətinin
incilərindən sayılan
bu operada Üzeyir bəy, ilk dəfə olaraq, klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif
ansambllar, balet nömrələri, reçitativlər
yaratmışdır.
Üzeyir Hacıbəyli
"Koroğlu" operasında
simfonik orkestrin tərkibinə Azərbaycan
xalq musiqi alətlərini daxil edərək, orkestrin rəngarəng səslənməsinə
nail olmuşdur. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş
yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək
şifahi xalq musiqi sənəti şəklində mövcud
olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin
nailiyyətləri, forma
və janrları ilə zənginləşdirmiş,
Azərbaycan və ümumiyyətlə, Şərq
musiqisinin gələcək
inkişaf perspektivlərini,
estetik prinsiplərini müəyyənləşdirmişdir.
Sənətkar həm də böyük musiqişünas alim idi. O, müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoymuş,
musiqiyə dair çoxlu məqalələr
yazmış, tədqiqatlar
aparmışdır.
Hacıbəylinin "Arşın
mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayn,
gürcü və s. dillərə tərcümə edilmişdir.
Onun anadan olmasının 100 illik yubileyi dövründə böyük təntənə
ilə keçirilmişdir.
YUNESKO-nun görkəmli
şəxsiyyətlərin ildönümü və
1985-ci ilin mühüm
hadisələri təqviminə
əsasən, Hacıbəylinin
yubileyi beynəlxalq miqyasda da qeyd
edilmişdir.
2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir bəy Hacıbəylinin
anadan olmasının
125 illik yubileyi təntənə ilə qeyd edildi. Bakıda
"Üzeyir Hacıbəyli
- 125" Beynəlxalq Musiqi
Festivalı keçirildi.
Yubiley çərçivəsində
Vyanada və Afinada Azərbaycan və xarici musiqiçilərin konserti
təşkil edildi.
Belə bir yaradıcılıq üslubuna malik olan sənətkarın keçdiyi yol tədqiq olunub, musiqişünaslıq elmi
üçün dəyərli
olan tərəfləri
öyrənilir. Əsərləri
ilə hər zaman sevilən Üzeyir Hacıbəylinin
Azərbaycan musiqi sənəti üçün
gördüyü işlər
neçə-neçə yüzilliklərin
məsafəsində belə,
tədqiqat obyekti olaraq, araşdırılacaq
və onun bünövrəsi əsasında
əsərlər yazılacaqdır.
Zümrüd
Səs.- 2010.- 23 noyabr.- S. 12.