Yeni Azərbaycan Partiyası 18 il

 

Əli Əhmədov: "Əslində, 18 illik tarix şərəfli bir tarix olmaqla, həm də bir nümunə, örnək tarixidir"

 

Yeni Azərbaycan Partiyasının yaranmasının 18-ci ildönümü ilə bağlı "Hyatt-Reycens" otelinin "Quba" zalında tədbir keçirildi. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin, Siyasi Şura üzvlərinin və partiya fəallarının iştirak etdiyi görüşü açıq elan edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tədbir iştirakçılarını partiyanın yaranmasının 18 ili münasibəti ilə təbrik etdi: "Bizi partiyamızın yaranmasından 18 şərəf və ləyaqət, 18 inkişaf, tərəqqi və yüksəliş, 18 Azərbaycanın qüdrətlənməsi, güclənməsi və beynəlxalq aləmdə öz yerini möhkəmləndirməsi və Yeni Azərbaycan Partiyasının özünün güclənməsi və mötəbər siyasi təşkilata çevrilməsi illəridir". 

Ə.Əhmədov onu da bildirdi ki, YAP-ın yaranması Ulu Öndər Heydər Əliyevin 90-cı illərin əvvəllərində hakimiyyətə qayıdışı ideyası ilə eyniyyət təşkil edir: "90-cı illərin əvvəllərində məlum səbəblərlə əlaqədar olaraq Ulu Öndərin hakimiyyətə qayıtması ideyası zərurətə çevrilmişdir. YAP-ın yaranması isə bu zərurətin, əslində, təşkilatlanma forması idi. Partiya Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması zərurətinin reallığa çevrilməsi məqsədi və missiyasını daşımaq niyyəti ilə yaradılmışdır. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, əslində, tarixin və taleyin bu partiyanın çiyinləri üzərində qoyduğu missiya çox qısa bir zamanda  yerinə yetirildi. Partiya yaranandan cəmi 6 ay sonra  partiyanın yaradıcısı, xalqımızın Ümummilli Lideri, 90-cı illərin əvvəllərində xalqın xilaskar lider kimi baxdığı Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi və xalqımızın Ulu Öndərə, onun yaratdığı partiyaya bağladığı ümidlər, ardıcıl olaraq, həyata keçirilməyə başladı. Beləliklə də, bu gün şərəflə qeyd etdiyimiz 18 illik tarixi yaşadıq. Əslində, 18 illik tarix şərəfli bir tarix olmaqla, həm də bir nümunə, örnək tarixidir. Partiyamızın bu 18 illik tarixi,  öncə, onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin ideyalarına  sədaqət örnəyidir. İkincisi, Azərbaycan xalqına xidmət örnəyidir. Üçüncüsü,  bunu  böyük qürur hissi ilə qeyd etməliyik ki, qələbələr örnəyidir. 18 illik tariximizə nəzər salarkən, bu faktı qeyd etməliyik ki, tale, tarix bu partiyanı qələbələr qazanmaq üçün yaradıb. Ötən bu müddət ərzində YAP daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən  qalib  çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi tanıdıb. Bunun ən yeni nümunəsi noyabrın 7-də keçirilən parlament seçkilərində YAP-ın qazandığı çox möhtəşəm qələbədir. Bu qələbə də YAP-ın qələbələr, uğurlar salnaməsinə yeni, şərəfli bir səhifə yazdı. Bu qələbəni qazanmaqla YAP, əslində, bu nümunədə yenə də Azərbaycan xalqının Heydər Əliyev ideyalarına dərin sədaqətini və inamını bir daha ortaya qoymuş oldu. Bu qələbəni qazanmaqla xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dərin inamını ifadə etdi və bu inamın nəticəsi olaraq partiyanın irəli sürdüyü namizədlərdən 71 nəfəri  Azərbaycan xalqını Milli Məclisdə təmsil etmək hüququ qazandı."

YAP Sədrinin müavini Ə.Əhmədov, həmçinin, Yeni Azərbaycan Partiyasının  18 il ərzində qazandığı möhtəşəm qələbə münasibətilə partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevi, partiyanın hər bir üzvünü, xüsusilə, özlərinin şəxsi qələbələri ilə YAP-ın qələbələr salnaməsinə yeni bir səhifəni yazmış 71 nəfər partiya üzvünü təbrik etdi: "YAP Azərbaycanın siyasi həyatının ən qüdrətli təşkilatıdır desək, düşünürəm ki, həqiqəti çox zəif şəkildə ifadə etmiş olarıq. Çünki YAP Azərbaycan miqyasında siyasi nəhəngdir. Təbii ki, Azərbaycanın 18 illik tarixinin bütün nailiyyətləri bu partiyanı yaradan Ulu Öndər Heydər Əliyevin, Onun siyasi kursunun layiqli davamçısı  Prezident İlham Əliyevin adı ilə bağlı olduğu kimi, eyni zamanda, bu ideyaların ətrafında sıx birləşən, yarım milyondan artıq insanları öz sıralarında toplayan YAP-ın hər bir üzvünün böyük fədakarlığı ilə əlaqədardır. YAP qələbə nümunələri göstərdiyi kimi, fədakarlıq nümunəsi də göstərə bilib  və bu gün də göstərir. YAP-ın möhtəşəmliyinin əsasında dayanın, ilk növbədə, Heydər Əliyev ideyalarıdır, adıdır. Bu adı öz üzərinə götürərək, bu ideyaları yaşadaraq və daşıyaraq YAP öz möhtəşəmliyini təmin edib. Partiyanın gücü və əzəməti Onun Sədri İlham Əliyevin Azərbaycanın Prezidenti kimi ölkəmizdə həyata keçirdiyi siyasətin uğurları, nailiyyətləri və qələbələridir. Partiyanın gücü həm də Azərbaycan xalqının  YAP-a inamı, etibarı və etimad göstərməsidir."

"Arxada ləyaqətlə yaşanmış şərəfli bir tarix dayanır" fikrini söyləyən Ə.Əhmədov qarşıdakı illərdə də əzəmətli vəzifələrin dayandığını vurğuladı: "Partiyamızın məqsədi bundan sonra da ölkəmizin qüdrətinin, gücünün artırılmasına öz layiqli töhfəsini verməkdən ibarətdir.  Məqsəd, eyni zamanda,  partiyanın  yüz minlərlə üzvünü Prezident İlham Əliyevin ətrafında sıx birləşdirərək, Onun müəyyənləşdirdiyi siyasətin uğur qazanmasına öz töhfələrini verməsinə əsaslar yaratmaq və onu təmin etməkdən ibarətdir."

YAP Sədrinin müavini Ə.Əhmədov onu da bildirdi ki, hər bir partiya üzvü qarşıda duran növbəti əzəmətli vəzifələrin həyata keçirilməsində daha böyük səylə çalışmalıdır. Bildirdi ki, bu inamı da ifadə etdi ki, yaşadığımız şərəfli tarixdən daha çox illər qarşıda dayanır və həmin illəri Azərbaycanın şərəf tarixinə yazmaq yenə də Prezident İlham Əliyevin və Onun rəhbərlik etdiyi partiyanın çiyinləri üzərində daşınacaq missiya olacaqdır.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, professor Zahid Qaralov bildirdi ki, ötən 18 illik şərəfli tarixdə bu reallığı görürük ki, partiyanın yaradıcısı, məramnaməsini və nizamnaməsini mükəmməl işləmiş Ulu Öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı tərəqqiyə doğru apararaq, bugünkü qüdrətli, zəngin, müstəqil  Azərbaycanın əsasını qoydu. Partiyanın yaranma zərurətindən geniş bəhs edən Z.Qaralov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə toxundu: "1992-ci il noyabrın 21-də 550 nəfərlə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün  520 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Yüz minlərlə insanı öz sıralarında birləşdirən YAP uğurlu fəaliyyəti ilə yarandığı gündən xalqın partiyasına çevrilmiş, ötən müddət ərzində ölkədə keçirilən seçkilərdə qələbələri ilə bu həmrəyliyi bir daha nümayiş etdirmişdir. Çox ağır şəraitdə yaradılan Yeni Azərbaycan Partiyası ötən 18 ildə şərəfli yol keçərək, cəmiyyətin əsas aparıcı siyasi təşkilatına çevrilib. Sözlə əməl birliyi, partiya üzvlərinin Heydər Əliyev ideyalarına sədaqəti YAP-ın nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir".

Z.Qaralov ölkələr arasında əməkdaşlıq əlaqələrindən danışaraq, bildirdi ki, YAP-ın beynəlxalq təşkilatlarla, eyni zamanda, bu və ya digər ölkələrin hakim partiyaları ilə uğurlu əməkdaşlığı bu istiqamətdə də öz müsbət nəticəsini verir: "Ulu Öndər Heydər Əliyevin "YAP dünənin, bugünün və gələcəyin partiyasıdır" tezisi günümüzün reallıqları fonunda təsdiqini tapmaqla yanaşı, gələcək fəaliyyətimizə də bələdçilik edir, qarşımıza yeni-yeni vəzifələr qoyur".

"Yeni Azərbaycan Partiyasının üzvü olmaq hər birimiz üçün şərəfdir" sözləri ilə çıxış edən YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov "91-lər"in Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətinə diqqəti yönəltdi: "Bu, yalnız 91 nəfərin deyil, ölkədə baş alıb gedən özbaşınalıqdan, siyasi gərginlikdən səbir kasası dolmuş bütöv bir xalqın Heydər Əliyevə böyük ümidinin ifadəsi idi.  Müraciətdə deyilirdi ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir  yeganə şəxs  Heydər Əliyevdir. Belə bir qənatə gəldik ki,  yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə lider Heydər Əliyev ola bilər. Beləliklə də, 91 nəfər ziyalıların Ümummilli Liderimizə müraciəti oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycan ziyalılarının müraciətini cavabsız qoymadı və Heydər Əliyev bu cavabı ilə bir daha xalqla bir, həmrəy olduğunu sübut etdi. Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zəruriyyətdən doğduğunu söyləyən Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, bu partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazırdır".

Z.Qaralov aparıcı siyasi qüvvə kimi Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 18 il ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəltdiyini, böyük uğurlara imza atdığını söylədi: "Ümummilli Lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın  bugünkü və gələcək taleyini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti ölkəmizin bugünkü uğurlarını təmin edən ən başlıca şərt olmuşdur".

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü Südeyif İmamverdiyev bildirdi ki, 21 noyabr 1992-ci il Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna rol oynayan, vətəndaşların gələcəyə nikbin baxışını təmin edən tarixi bir gündür: "Həyat göstərdi ki, Ulu Öndər Heydər Əliyevin müdrikliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi böhrana, vətəndaş müharibəsinə, separatçılıq meyillərinə, dövlət çevrilişi cəhdlərinə, iqtisadi tənəzzülə son qoymaqla yanaşı, dövlətçiliyimizin dinamik inkişaf  reysləri üzərində yüksək səviyyədə tərəqqisinə nail oldu. İlk gündən Yeni Azərbaycan Partiyasının yaradılması prosesində iştirak etdiyim üçün həmin dövrün siyasi mənzərəsi yaddaşımdadır. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən isə qeyri-demokratik yolla  hakimiyyətə gəlmiş yarıtmaz siyasətçilərin fəaliyyəti nəticəsində Azərbaycanda çox ağır, dözülməz vəziyyət yaranmışdır. Azərbaycan dövlətçiliyi şübhə altına alınmışdır. Yeni Azərbaycan Partiyası belə bir ağır vəziyyətdə yarandı."

S.İmamverdiyev 1993-cü il ölkədə baş verən siyasi proseslərlə də bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, həmin illərdə Azərbaycan ağır bir durumda idi: "Ölkəni belə bir ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev çıxara bilərdi. Ona görə də, xalq Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Beləliklə də, xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycana ali siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas etdi".  

1993-2003-cü illərin Azərbaycan tarixinə dirçəliş illəri kimi daxil olduğunu vurğulayan S.İmamverdiyev bu gün iqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldığını və siyasi proseslərin müsbət məcrada inkişaf etdiyini bildirdi: "Bu gün YAP 18 yaşlı çox güclü, böyük nüfuza malik partiya kimi yaşamaqdadır. Bu reallıq bütün səviyyələrdə, xüsusilə, Prezident İlham Əliyev tərəfindən bəyan edilir. Çıxışlarının birində partiya üzvlərinin qarşısında yeni vəzifələr qoyan  dövlət başçısı İlham Əliyev bildirmişdir ki, hər bir  partiya üzvü Ulu Öndər Heydər Əliyevin həyata keçirmədiyi ideyalarını, arzularını gerçəkləşdirmək üçün əlindən gələni əsirgəməməli, dövlətçiliyimizin möhkəmlənməsinə daim diqqət göstərməlidir."

S.İmamverdiyev  çıxışını Prezident İlham Əliyevin "YAP güclü təşkilatdır və Azərbaycan ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə  Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da qüdrətləndirəcək, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin  və qüdrətli dövlətə çevriləcək" fikri ilə yekunlaşdırdı.

Tədbirdə çıxış edənlərin ümumi fikri bu oldu ki, ən böyük siyasət real işlər, əldə olunan uğurlardır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 23 noyabr.- S. 8-9.