“Ümid” yatağı
Azərbaycanın neft-qaz sənayesinin uğurlu
inkişafında mühüm rol oynayacaq
İlham Əliyev: “Bu, bir də onu göstərir ki,
Azərbaycan çox böyük qaz ölkəsinə
çevrilibdir”
Dünən Prezident İlham Əliyev
Azərbaycanın neft-qaz tarixində mühüm
hadisələrdən biri -
Xəzər dənizində “Ümid” qaz yatağının
açılması münasibətilə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
rəhbərliyi ilə görüşüb. Dövlətimizin başçısı
görüşdə nitq söyləyərək, bu
əlamətdar hadisənin əhəmiyyət
daşıdığını bildirib və bu
münasibətlə Dövlət Neft Şirkətinin
bütün əməkdaşlarını və bütün
Azərbaycan xalqını təbrik edib.
Prezident
bildirib ki, bu hadisə Azərbaycanın neft-qaz sənayesinin
uğurla inkişaf etdirilməsi üçün çox
mühüm rol oynayacaq:
“Müəyyən müddətdir ki, Dövlət Neft
Şirkəti “Ümid” yatağında kəşfiyyat
işləri aparırdı. Bu da bizim üçün bir
yenilikdir. Uzun fasilədən sonra biz böyük neft-qaz
yatağında bütün qazma və kəşfiyyat
işlərini öz hesabımıza, öz
gücümüzlə aparmışıq. Siz bunu
yaxşı bilirsiniz ki, Xəzər dənizinin bütün
yataqlarını Azərbaycan neftçiləri kəşf
etmişlər. Xəzərdə 1950-ci illərdən
başlayaraq bu günə qədər Azərbaycan
neftçiləri, mütəxəssisləri müstəsna
rola malikdirlər. Xəzər dənizinin neft-qaz
ehtiyatlarının dünya bazarlarına
çıxarılması üçün ölkəmiz
aparıcı rol oynamışdır. Ancaq bildiyiniz kimi, Sovet
İttifaqı dağılandan sonra və ondan əvvəlki
illərdə neft-qaz sənayesində tənəzzül
başlamışdır. Demək olar ki, biz
mövqelərimizi itirməyə başlamışdıq.
1990-cı illərin əvvəllərində ulu öndər
Heydər Əliyev tərəfindən başlanmış yeni
neft strategiyamız bu sahədə köklü
dönüşün yaranmasına gətirib
çıxardı. “Əsrin kontraktı”nın,
“Şahdəniz” yatağı üzrə kontraktın imzalanması
və digər addımlar bizə imkan verdi ki, neft-qaz
sahəsində özümüzə məxsus olan
mövqelərimizi bərpa edək. Biz mövqeyimizi nəinki
bərpa edə, hətta onu böyük dərəcədə
möhkəmləndirə bilmişik. Mən bu barədə
dünən Dövlət Neft Akademiyasının yubiley
tədbirində fikirlərimi söyləmişəm. Bir daha
demək istəyirəm ki, Azərbaycan bu gün dünya
enerji xəritəsində özünəməxsus rola
malikdir. Mövqelərimiz möhkəmlənir və
tərəfimizdən irəli sürülmüş
təşəbbüslər bu sahədə yeni
vəziyyətin yaranmasına gətirib
çıxarmışdır.
Bizim neft-qaz
strategiyamız çox uğurludur, çox ümidvericidir. Bu
bizə imkan verdi ki, Azərbaycan öz iqtisadi və maliyyə
resurslarını böyük dərəcədə
genişləndirə bilsin. Bu, beynəlxalq
mövqelərimizi gücləndirdi və minlərlə yeni
iş yerinin açılmasına gətirib
çıxardı. Bizi dünya bazarları ilə
birləşdirən neft-qaz kəmərləri ya
əsaslı şəkildə təmir olundu, ya da ki,
yenidən tikildi. İstisna edilmir ki, gələcəkdə
yeni kəmərlərin tikintisinə ehtiyac olacaqdır.”
Prezident
vurğulayıb ki, “Ümid”
yatağının aşkarlanması xüsusi məna
daşıyır. Bu onu göstərir ki,
Azərbaycanda neft-qaz sahəsində bütün işlər
uğurla aparılır. Ölkə rəhbəri qeyd edib ki,
1990-cı illərin əvvəllərində böyük
maliyyə imkanlarına malik deyildiksə və xarici
investisiyalardan asılı idiksə, artıq indi xarici
investisiyaları Azərbaycana gətirməklə milli
maraqlarımızı tam şəkildə təmin edə
bilmişik. Hasilat Sənayesində Şəffaflıq
Təşəbbüsünə qoşulan
ölkələrdən biri və bəlkə də birincisi
Azərbaycandır: “Bu da ümumi neft siyasətimizin
əlamətidir. Bizim xarici tərəfdaşlarla
imzalanmış pay bölgüsü üzrə kontraktlar
maraqlarımızı tam şəkildə təmin edir və
bu gün mənfəət neftinin mütləq
əksəriyyəti Azərbaycana məxsusdur. Xarici
şirkətlərdə çalışanların
mütləq əksəriyyəti Azərbaycan
vətəndaşlarıdır. Bu illər ərzində
vətəndaşlarımız xarici şirkətlərin
hesabına xaricdə və Azərbaycanda təlim kursları
keçmişlər, müasir texnologiyalara
yiyələnmişlər, tanış olmuşlar. Yəni, bu
kontraktlar sadəcə olaraq neftin hasil edilməsi, nəqli
və ya mənfəətin bölgüsü ilə
məhdudlaşmır. Bu kontraktlar bizə
başqa sahələrdə də inkişafa nail olmaq
üçün şərait yaratdı. Neft yatağına
qoyulan hər bir dollar investisiya digər sahələrə buna
bərabər həcmdə investisiyanın
gətirilməsinə xidmət göstərir. İnşaat
və xidmət sektorları Azərbaycanda böyük
dərəcədə inkişaf etmişdir. Həm
özəl, həm də ki, dövlət şirkətləri
bundan faydalanmışdır.
Bütün bu işlərin
görülməsi ölkəmizi böyük
dərəcədə gücləndirdi. Təbii ki, biz bu
resursları, xüsusilə maliyyə resurslarını
əldə etdikdən sonra özümüz də həm
ölkə daxilində, həm də xaricə investisiyalar
qoymağa başlamışıq. Bu da bugünkü
Azərbaycanın reallıqlarıdır, uğurlu
siyasətimizin əlamətidir. Nəinki ölkə
daxilində, xaricə qoyduğumuz investisiyalar milyardlarla
ölçülür. Türkiyə, Gürcüstan, Ukrayna,
digər ölkələrdə investisiyalarımızı
gözləyirlər. Azərbaycan və onun Dövlət Neft
Şirkəti etibarlı tərəfdaş kimi öz
imkanlarını ortaya qoyur. Biz
əməkdaşlığın dərinləşməsi üçün
bütün tədbirləri görürük. Xaricə
qoyduğumuz milyardlarla ölçülən investisiyalar
Azərbaycanın maraqlarını təmin edir. Gələcəkdə
bu, bizə ondan da çox gəlir gətirəcəkdir.
Çünki bütün bu investisiyalar iqtisadi amillərə
söykənir. Yəni, bu, kommersiya yönümlü
investisiyalardır. Bilirik ki, biz ondan da çox
mənfəət götürəcəyik.
Bir müddət bundan
əvvəl “Ümid”də gedən kəşfiyyat işlərinin
ilkin nəticələri haqqında mənə məlumat
verilmişdir. Bu mənə imkan verdi ki, bir qədər
əvvəl deyim: Biz “Ümid” yatağından ümidverici
xəbərlər gözləyirik. Ancaq
gözləyirik ki, bu məlumat tam dəqiqləşsin, ondan
sonra biz bu kəşfiyyat haqqında bəyanat verək və
elan edək ki, Azərbaycanda Azərbaycan neftçiləri
tərəfindən yeni böyük qaz yatağı aşkar
olundu. Əlbəttə ki, bu hadisə nəinki
Azərbaycanda, hüdudlarımızdan kənarda da böyük marağa səbəb
olacaqdır. Bu, bir də onu göstərir ki, Azərbaycan
çox böyük qaz ölkəsinə çevrilibdir. Biz
dünyada neft ölkəsi kimi şöhrət
qazanmışıq. Növbəti mərhələdə -
XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi
öz sözünü deyəcək və artıq deyir. Bizim
tərəfimizdən irəli sürülmüş
təşəbbüslər və icra edilən
layihələr artıq dünya qaz bazarına öz
təsirini göstərməyə başlamışdır.
Bizim şaxələndirilmiş qaz şəbəkəmiz
vardır. Dörd qaz kəmərimiz vardır
ki, qazımız istənilən istiqamətə nəql
edilə bilər və əslində nəql edilir.
Əlavə tədbirlər görüldüyü halda bu
istiqamətlər üzrə qaz nəqlinin həcmi
böyük dərəcədə arta bilər.
Biz bu vaxta
qədər tam dəqiqliklə deyirdik ki, Azərbaycanın
təsdiq edilmiş qaz ehtiyatları 2 trilyon kubmetr
səviyyəsindədir. Əlavə edirdik ki, ancaq ola
bilər və çox güman ki, bu ehtiyatlar daha da çox
olsun. Bax, “Ümid” yatağının gələcəkdə
işlənilməsi bu sözləri bir daha təsdiqləyir.
İki trilyon, sadəcə olaraq, necə deyərlər,
çox təvazökar bir rəqəmdir. Biz heç vaxt
heç kimə resurslarımız haqqında yanlış
məlumat verməmişdik, heç nəyi
şişirtməmişdik. Bəlkə, əksinə, biz olan
ehtiyatları ehtiyatla qeyd etmişik ki, həmişə
dəqiq olaq. Buna görə də sözümüzə
beynəlxalq enerji aləmində inam çox yüksək
səviyyədədir.
Bir
sözlə, “Ümid” yatağının açılması
böyük hadisədir. Mən bu işlərdə iştirak
etmiş bütün vətəndaşları,
mütəxəssisləri həm təbrik etmək, həm
də onlara minnətdarlığımı bildirmək
istəyirəm. Bu yatağın çox böyük
gələcəyi vardır. Siz indi ehtiyatlar haqqında ilkin
məlumatı bildirəcəksiniz. Ancaq bizim
təcrübəmiz onu göstərir ki, ilkin rəqəm
həmişə sonradan korrektə edilir. Yadımdadır,
“Azəri-Çıraq-Günəşli” yatağının
ehtiyatları haqqında birinci xəbərlər
göstərirdi ki, 511 milyon ton neft vardır. Hətta mən o
vaxt bir az təəccüblənirdim ki, nə
üçün 511, belə dəqiqliyi necə bilmək
olar?! Ancaq sonra həyat özü onu göstərdi ki, “Azəri-Çıraq-Günəşli”
yatağının ehtiyatları 511 milyon ton deyil, 1 milyard
tondan artıqdır. Bir milyarddan artıq 1,5 də, ondan da
çox ola bilər. Onu həyat göstərər. Onu
heç kim bilə bilməz.
Ona görə, “Ümid” yatağının
ehtiyatları haqqında verilən ilkin məlumat əminəm
ki, gələcəkdə görülən işlər
nəticəsində, düzəlişlərlə tamamlanacaq
və dünya miqyaslı yeni qaz yatağının
aşkarlanması dünya qaz bazarına müsbət təsir
göstərəcəkdir. Azərbaycanın imkanları
daha da genişlənəcək, bizim qaz ixracımız daha da
artacaqdır. Azərbaycanın qaz ehtiyatları haqqında
bəzən dəqiq olmayan, bəzən təhrif edilmiş
məlumatlar mətbuatda öz əksini tapır. Əminəm
ki, “Ümid” yatağının aşkarlanması bütün
bu boş söhbətlərə də nöqtə
qoyacaqdır. Bir
daha sizi bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik edirəm.” Daha sonra ARDNŞ-in
prezidenti Rövnəq Abdullayev və birinci vitse-prezidenti
Xoşbəxt Yusifzadə “Ümid” yatağının
kəşfiyyat işləri və perspektivləri
barədə məlumat verdilər. Bildirildi ki, Bakıdan
75 kilometr məsafədə yerləşən “Ümid” yatağındakı
qaz ehtiyatları proqnozdan daha çoxdur.
Ancaq bu
gün yox, 5 ildən, 10 ildən sonra. Ona görə bu
baxımdan həmin investisiyaların çox böyük əhəmiyyəti vardır. Bu,
Azərbaycanın gələcəyinə qoyulan vəsaitdir.
Gələcək nəsillər bax bu gün qoyulan o sərmayənin
nəticələrini görəcəklər, biz də
görəcəyik.
Bununla
bərabər, Azərbaycanın neft-qaz sektoruna,
xüsusilə dəniz yataqlarına qoyulan investisiyalar
xüsusi əhəmiyyətə malikdir. Çünki
hamımız yaxşı bilirik ki, yeni yatağa qoyulan
vəsait bəzi hallarda özünü doğrultmur.
Azərbaycan bir neçə pay bölgüsü üzrə
kontrakt imzalamışdır. Onların bir neçəsi
uğur gətirmədi. Ancaq Azərbaycan dövləti bundan
zərrə qədər də zərər görmədi.
Çünki bütün bu investisiyalar xarici
tərəfdaşın öhdəliyi idi. Bir neçə
quyu qazılmışdı ki, onlar quru çıxdı.
Ancaq yenə də Azərbaycan bundan ziyana düşmədi.
Çünki bu xərclər xarici tərəfdaşlar
tərəfindən qoyulmuşdu.
Bir daha
demək istəyirəm ki, “Ümid” yatağının
kəşfiyyatı və gələcəkdə
işlənilməsi xüsusi məna daşıyır. Bu,
tarixi bir hadisədir. Azərbaycan Dövlət Neft
Şirkəti bu işləri öz hesabına
görmüşdür. Bizim həm texniki, həm də
maliyyə imkanlarımız vardır. Bizim istənilən həcmdə
xarici maliyyə resurslarına da
çıxışımız təmin olunur. Mən
çox şadam ki, “Ümid” yatağı ümidlərimizi
doğrultdu.
Səs.- 2010.- 25 noyabr.- S. 2-3.