Xəzəryanı ölkələrin Bakı sammiti çox səmərəli oldu

 

Ekspertlər: "Xəzəryanı dövlət başçılarının zirvə toplantısında 2 çox önəmli addım atıldı- Təhlükəsizlik haqqında əməkdaşlıq müqaviləsi və Bakı Bəyannaməsi"

 

Bakıda keçirilən Xəzəryanı dövlətlərin zirvə görüşü Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin imzalanması ilə başa çatıb. Bu sənədə Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya prezidentləri imza atıblar. Təhlükəsizlik əməkdaşlığı sazişi terrorçuluq və mütəşəkkil cinayətkarlıq, silah və narkotik qaçaqmalçılığı, icazəsiz balıq ovuna qarşı, habelə, xilasetmə əməliyyatlarında qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Bundan başqa, prezidentlər birgə Bəyannamə qəbul ediblər.

Zirvə görüşünün açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bəyan edib ki, Xəzər dənizinin dibinin bölünməsinə dair Azərbaycan, Rusiya və Qazaxıstan arasında imzalanmış ikitərəfli müqavilələr Xəzərin hüquqi statusunun müəyyən edilməsində əsas kimi götürülə bilər. İran istisna olmaqla, digər ölkələrin prezidentləri bu məsələdə eyni fikirdədirlər. Ümumiyyətlə, məcazi olaraq "dəniz" adlandırılan Xəzər gölünün statusu ilə bağlı problem necə həll edilməlidir? Buna aydınlıq gətirmək üçün, ilk növbədə bu suala cavab vermək lazımdır.

 

Xəzərin status problemi necə yarandı?

 

Xəzərin hüquqi statusunun ilkin müddəaları SSRİ İran arasında bağlanmış Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdı. Lakin həmin sənədlərdə hüquqi baxımdan "status" anlayışı yoxdur. Bu müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi.

SSRİ-nin süqutundan sonra Xəzərsahili dövlətlərin sayının 2-dən 5-ə yüksəlməsi Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmasını zəruri etdi. Hazırda dənizin hüquqi statusunda yaranan anlaşılmazlığın səbəbi Türkmənistan İranın mövqeyidir. Buna baxmayaraq, digər 3 Xəzəryanı ölkə - Azərbaycan, Rusiya Qazaxıstan dənizin dibinin bölünməsi barədə iki üçtərəfli razılığa gəliblər.

Hazırda Rusiya Federasiyası, Azərbaycan Qazaxıstan arasında imzalanan sənədlərə əsasən, Xəzər dənizinin dibinin orta xətt prinsipi ilə bölünməsində sahilyanı dövlətlər onlara mənsub olan dəniz dibinin müvafiq sektorlarında mineral ehtiyatların işlənməsi istifadəsinə, habelə, hüquqa uyğun istənilən təsərrüfat-iqtisadi fəaliyyətə münasibətdə müstəsna hüquqlara malikdirlər.

 

Azərbaycanın mövqeyi haqlı hüquqidir

 

1970-ci ildə isə SSRİ Neft Nazirliyinin qərarı ilə Xəzərin milli sektorlara bölünmə praktikası həyata keçirilib. Bölgüyə əsasən, Xəzərin təqribən 70 min kv. km-i Azərbaycanın, 80-min kv. km-i Türkmənistanın, 60 min kv. km-i Rusiyanın, 105 min kv. km-i Qazaxıstanın payına düşürdü 55 min kv. km-i İrana qalırdı.

Həyata keçirilən bu bölgü ilə İran da tanış edilib bu bölgünün topoqrafik xəritəsi Tehrana göndərilib. Bu zaman rəsmi Tehran bölgünün aparılmasına heç bir etiraz etməyib. SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla tənzimlənirdi. Hazırda da Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Xəzərsahili dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi qəbul edirlər.

Xəzərin sərhəd gölü olduğunu onun haqlı olaraq Azərbaycan dövlətinin təklif etdiyi kimi milli sektorlara bölünməsinin obyektivliyini belə əsaslandıra bilərik.

- Xəzər beynəlxalq sərhəd gölüdür

- Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir

- Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin praktikasına o zamankı (1970-ci ildə qəbul olunmuş bölgüyə əsasən) bölgüyə əsaslanıb

- Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər statusu müəyyənləşdirməzdən öncə öz milli sektorunda işə başlaya bilərlər.

Bakı sammitində Türkmənistanın mövqeyində müəyyən dəyişikliklər hiss olundu. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov prinsip etibarilə orta xətt prinsipini qəbul edir. Amma hesab edir ki, yeni metodologiyalarla sərhədlər müəyyənləşdirilməlidir. İranın mövqeyində isə, hələ ki, dəyişiklik hiss olunmur. Tehranın mövqeyi isə ondan ibarətdir ki, Xəzər dənizi 5 Xəzəryanı ölkə arasında bərabər bölünməlidir.

Əgər 4 ölkənin mövqeləri üst-üstə düşərsə, tək qalan İran da mövqeyini dəyişməyə məcbur olar yekun konvensiyanın imzalanmasına imkan verən dəyişikliklərin ortaya çıxması istisna deyil. Bu baxımdan, bu sammitdə imzalanan sənədlər çox vacibdir.

 

Ekspertlər Bakı sammitində çox ciddi addımlar atıldığını deyir

 

Politoloq Rasim Musabəyov keçirilən danışıqlara yüksək qiymət verir. "Dövlət başçıları bəyan etdilər ki, Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı məhsuldar söhbət aparıldı. Belə ki, əgər öncə məsələnin həlli ilə bağlı konkret müddət göstərilmirdisə, indi dövlət başçıları bildirirlər ki, bu problemi Xəzəryanı dövlət başçılarının il ərzində Həştərxanda keçiriləcək sammitinə qədər həll etmək olar. Bu, məhsuldar dialoqdan xəbər verir".

Siyasi ekspert Elman Nəsirli deyir ki, Bakı sammitindən sonra ümidlər var ki, Türkmənistanın mövqeyi dəniz sərhədləri ilə bağlı digər 3 postsovet ölkənin mövqelərinə yaxınlaşsın. Xəzəryanı dövlət başçılarının zirvə toplantısında iki mühüm addımın atıldığını bunların təhlükəsizlik haqqında əməkdaşlıq müqaviləsi ilə birgə Bakı Bəyannaməsinin olduğunu söyləyən ekspertin sözlərinə görə, təhlükəsizlik haqqında əməkdaşlıq müqaviləsi ilə Xəzərdə mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, silahlanma kimi təhlükələrə qarşı razılıq əldə edildiyi üçün bundan sonra 5 Xəzəryanı ölkə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək.

Millət vəkili Aydın Mirzəzadə Bakıda keçirilən Xəzəryanı ölkələrin başçılarının III Zirvə toplantısını Xəzərin statusu ilə bağlı problemin həlli istiqamətində çox ciddi bir addım olduğunu düşünür. Tərəflər arasında fikir mübadilələrinin aparıldığını dövlət nümayəndələrinin danışıqlar nəticəsində ortaya gətirdikləri məsələlərlə bağlı öz mövqelərini bildirdiklərini xatırladan millət vəkili deyib ki, bu danışıqlar ölkələr arasındakı mövqeləri müəyyən qədər yaxınlaşdıra bilib. 

A.Mirzəzadə söyləyib ki, yekun bəyanata əsasən, tərəflər qısa bir zamanda hüquqi statusun müəyyənləşdirilməsi ilə bağlı təkliflərini qətiləşdirəcəyini bildirəcəklər. O, hesab edir ki, sammit Xəzərlə bağlı olan problemlərin həlli üçün geniş imkanlar açıb. Belə bir sammitin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük önəmi var. Millət vəkilinin sözlərinə görə, bu cür toplantıların Bakıda reallaşması Azərbaycanın bir ölkə kimi yüksək siyasi nüfuzunun artmasını beynəlxalq tədbirlər keçirilməsində müəyyən təcrübəsi olduğunu ortaya qoyur.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 25 noyabr.- S. 8.