Norveçdə Azərbaycanın qədim və zəngin mədəni irsi olan aşıq musiqisi təqdim olunub

 

Norveçdə fəaliyyət göstərən Norveç Azərbaycanlıları Gənclər Təşkilatı Azərbaycanın qədim və zəngin mədəni irsinə daxil olan aşıq sənətinin xaricdə təbliği istiqamətində növbəti layihəni həyata keçirib. Əsasən, norveçlilər və Norveçdə yaşayan əcnəbilər üçün nəzərdə tutulmuş bu layihə Oslo Universiteti ilə NAYO-nun əməkdaşlığı çərçivəsində həmin universitetin kitabxanasında keçirilib.

 Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, tədbirdə Oslo Universitetinin professor və müəllim heyəti, eyni zamanda, norveçli və əcnəbi tələbələr iştirak ediblər. Norveç Konservatoriyasının tələbəsi olan həmyerlimiz Əhməd Mirzəyevin ifasında aşıq havalarımız və dünya klassik irsinin dəyərli nümunələri canlı olaraq səsləndirilib. Ə.Mirzəyevin ifasını tədbirə toplaşan əcnəbilər böyük maraqla qarşılayıblar. Aşıq musiqisi norveçlilərin də xüsusi diqqətinə səbəb olub. Aşıq sənətinin təbliğini nəzərdə tutanLunsj med Kultur” layihəsi çərçivəsində gerçəkləşən bu tədbirdə Azərbaycan haqqında kitab və suvenirlərin də nümayiş olunduğunu deyən NAYO-nun sədri Ramil Əliyev bildirib ki, şifahi xalq sənətimizin dəyərli nümunəsi olan aşıq musiqimizin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin uğurudur. İndi aşıq musiqimiz dünyada daha yaxşı tanınmağa başlayıb və layiqincə təbliğ olunur. Diaspor təşkilatları da xalqımızın bu nadir mədəni incisinin Avropada təbliğini həyata keçirmək məqsədilə silsilə layihələri reallaşdırır.

Təşkilatın gələcək layihələrində bu musiqinin yer almasına səy göstəriləcək. Bu günlərdə öz ecazkarlığı ilə hər kəsi heyrətə gətirən Azərbaycan xalçasının da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsinin Norveçdə yaşayan azərbaycanlıları sevindirdiyini deyən R.Əliyev qeyd edib ki, biz gələcək layihələrimizdən birinibu sənət növünə həsr edəcəyik. Onun sözlərinə görə, bu dəfə keçirilən tədbirdə də Azərbaycan xalçasının kiçik ölçülü nümunələri sərgilənib və xalçaların rəngarəngliyi tədbiri daha da maraqlı edib. NAYO-nun üzvü, Norveçdə musiqi təhsili alan Əhməd Mirzəyev isə bildirib ki, bir azərbaycanlı sənətçi olaraq milli musiqimizin Avropada təbliğindən qürur duyur. Bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan 1-ci Beynəlxalq Aşıq Festivalı keçirilməsi təqdirəlayiqdir. Norveçdə aşıq sənətinin daha geniş və əhatəli təbliği üçün konsert proqramı və konfrans keçirilməsi, Azərbaycandan da ora aşıqların dəvəti gələcək layihələrdə həllini tapacaq.

 

 

Zümrüd

 

Səs.- 2010.- 25 noyabr.- S. 12.