Neft-qaz sənayesi tarixinin ən
parlaq ulduzu
Neftçi Süleyman Azad oğlu Vəzirovun 100 illik
yubileyi tamam olur
18 noyabr 2010-cu ildə
dünya şöhrətli, görkəmli neftçi, neft
işinin təşkilatçısı,
dövlət xadimi, Lenin ordenli, SSRİ Dövlət
mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı,
Azərbaycan SSR Əməkdar
elm və texnika xadimi, Azərbaycan
neft-qaz sənayesi tarixinin ən parlaq simalarından biri olan Süleyman
Azad oğlu Vəzirovun anadan olmasının 100 illiyi tamam olur.
Onun Azərbaycanda, Türkmənistanda və bütün
keçmiş Sovet İttifaqı neft-qaz sənayesinin
inkişafında, yüzlərlə yüksək ixtisaslı
mütəxəssislərin yetişməsində, keçən
əsrin 50-60-cı illərində
Azərbaycan
ziyalılarının böyük bir nəslinin
formalaşmasında rolu əvəzedilməzdir.
Süleyman Azad oğlu Vəzirovun
adı onun müasirlərinin xatirəsində yüksək erudisiyaya malik görkəmli
neftçi, xeyirxah və nəcib
bir insan kimi əbədiləşmişdir. Süleyman
Azad oğlu Vəzirovun həyatını izləməklə,
keçən əsrin 25-70-ci illərində Azərbaycanda
neft-qaz sənayesinin inkişafını, bu dövrdə
siyasi-ictimai həyatın xüsusiyyətlərini izləmiş
olarıq. Süleyman Vəzirov 1910-cu ildə Şuşada
ziyalı ailəsində dünyaya gəlmişdir. Onun
atası Azadbəy Vəzirov Peterburqda hərbi təhsil almış və
xüsusi tapşırıqlar üzrə polkovnik,
anası Zəhra xanım isə
dövrünün məşhur həkimi Kərimbəy
Mehmandarovun qızı idi. Süleyman Vəzirov 1918-ci ildən
Şuşa real məktəbində oxuyub, sonra Bakı Sənaye-İqtisad
Texnikumuna daxil olub. Texnikumda oxumaqla bərəbər, o, həm
də kinomexanik köməkçisi işləyib. Texnikumu bitirdikdən
sonra İliç
buxtasında - mədəndə
"zamerşik" vəzifəsində
çalışmağa başlayıb.
Neft mədənində çalışmaq və "Azneft" Birliyinin baş mühəndisi olan qohumu Fətulla Rüstəmbəyovla olan söhbətlər onun sonrakı sənət seçimini təyin edib. 1928-ci ildə Süleyman Vəzirov Azərbaycan Politexnik İnstitutunun dağ-mədən fakültəsinə daxil olur və oranı 1932-ci ildə müvəffəqiyyətlə başa vurur. Süleyman Vəzirov yüksək ixtisaslı bir mühəndis kimi Pirallahı, Lökbatan, Qaraçuxur kimi neft-qaz yataqlarının işlənilməsində çalışmaqla yetişibdir. Bir neçə il ərzində, o, ixtisasının bütün pillələrini keçərək mühəndis, böyük mühəndis, trestin baş mühəndisi vəzifələrində çalışıb, kamil mütəxəssisə çevrilibdir.
Süleyman Vəzirov 1935-1937-ci illərdə "Molotovneft" trestində indiki Əmirov adına Neftqazçıxarma idarəsi mədən müdirinin müavini, 1937-1940-cı illərdə "Kaqanoviçneft" trestinin - indiki Suraxanı Neftqazçıxarma idarəsi baş mühəndisi vəzifələrində çalışmışdır. Özünə və tabeliyində olanlara qarşı tələbkarlıq, əməksevərlik, insanlarla iş görmək qabiliyyəti onun 1940-cı ildə o vaxt bütün geoloji kəşfiyyat işlərini, qazma, neftçıxarma və emal, habelə, iri tikinti təşkilatlarını özündə birləşdirən ''Azneftkombinat''a baş mühəndis vəzifəsinə irəli çəkilməsinə səbəb olmuşdur. Süleyman Vəzirovun tutduğu vəzifənin məsuliyyətini və o zamankı siyasi-ictimai vəziyyəti nəzərə alsaq, onun hansı şəraitdə işlədiyini və ondan tələb olunan fədakarlığı başa düşərik.
Otuz yaşlı Süleyman Vəzirovun tutduğu vəzifənin məsuliyyətini başa düşmək üçün, "Azneftkombinatın" yerinə yetirdiyi işləri bilmək lazımdır: Burada geologiya, quyuların qazılması, neft hasilatı, emal, neft maşınqayırması, neft iqtisadiyyatı, yəni indi bir neçə nazirliyin həyata keçirdiyi işlər həyata keçirilirdi. "Azneftkombinat", nəinki Azərbaycanın neft-qaz sənayesin- də aparıcı rolunu oynayırdı, eləcə də Sovet İttifaqında neft sənayesində həyata keçirilən işlərin 75% bu struktur ilə əlaqədar idi. O illərdə neftçilər çox çətin bir şəraitdə işləyirdilər. İstehsalatdakı istənilən səhv, mütəxəssisin həyatı bahasına başa gələ bilərdi. Amma S.A.Vəzirov özünü layiqincə göstərə bildi: 1941-ci ildə Azərbaycan maksimum, yəni 23,5 mln.t neft hasil etdi və kombinatın baş mühəndisi kimi S.A.Vəzirov Lenin ordeni ilə təltif olundu.
Çətin 1942-ci ildə S.A.Vəzirov "Azneftkombinat"a rəhbər təyin edildi. Süleyman Vəzirov "Azneftkombinat"ın ilk azərbaycanlı rəhbəri idi. Bu isə çox şey demək idi. Müharibənin ağır illərində dahi neftçi və təşkilatçı olmaq lazım idi ki, qarşıya çıxan və eləcə də, çıxa biləcək çətinliklərin öhdəsindən gələ biləsən. Bu çətin dövrdə cəbhənin və arxanın yanacağa və sürtgü yağlarına olan ehtiyacının ödənilməsi, arxa cəbhədə zavod və fabriklərin istehsal profilinin dəyişdirildiyi səbəbindən vəziyyətdən çıxmaq üçün yeni sahələrin yaradılması, lazım gəldikdə isə kadrların qorunması kimi müxtəlif məsələlərin həll edilməsi lazım gəlirdi.
Müharibənin alovları içində yanan ölkədə Bakı neftinin cəbhəyə çatdırılması lazım idi. Yanacaq və neft məhsullarının daşındığı yollar düşmənin əlində idi. Neft və neft məhsullarının daşınması üçün yalnız bir yol qalırdı, o da Bakıdan Xəzər dənizi ilə Krasnovodska - indiki Türkmənbaşıya. Lakin Krasnovodskda neftin saxlanılması üçün çənlər yox idi. Süleyman Vəzirov Bakıda mövcud neft çənlərini, dənizlə tankerlərin yedəklərində Krasnovodska aparılması təklifi ilə bu məsələni çox sadə bir yolla həll etdi.
"Azneftkombinat"ın rəisi gecə və gündüz səfərlərdə idi: onu gah neft mədənlərində, gah maşınqayırma zavodlarında, gah da Türkmənistanın Krasnovodsk limanı ilə əsas nəqliyyat dəhlizi olan limanda tapmaq olardı. Amma bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan neftçiləri 1941-1945-ci illərdə 75 mln. t neft, 22 mln. t benzin və digər neft məhsulları istehsal edərək, plan tapşırığını xeyli üstələmişdilər.
Bu rəqəmlər
indi sadə deyilir. Lakin bu göstəricilərin mütəxəssislərin
çatışmadığı, lazımi
avadanlığın olmadığı, üstəlik də, Stalin -
Bağırov rejiminin hökm sürdüyü bir vaxtda əldə
edildiyini bildikdə, onların mənası dəyişir. Bunun öhdəsində
yalnız böyük
bilik və təşkilatçılıq
bacarığı olan, lazım gəldikdə sərt,
lazım gəldikdə isə,
mülayim olaraq insanların rəğbətini qazanan,
mürəkkəb və ekstremal şəraitdə
düzgün qərar vermək
qabiliyyəti olan şəxs
gələ bilərdi ki,
bu keyfiyyətlərin hamısı Süleyman Vəzirovda
toplanmışdır. Bütün bu keyfiyyətlərin
olması onun dəfələrlə Bağırovdan "Vəzirov,
sən ömrünü qazamatda başa vuracaqsan" ifadəsini eşitməsinə
mane olmurdu.
Çətin müharibə
şəraitində neft sənayesinin inkişafı sahəsində
göstərdiyi xüsusi xidmətlərinə görə,
SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 yanvar 1944 tarixli Sərəncamı
ilə S.A.Vəzirov Sosialist Əməyi Qəhrəmanı,
Lenin ordeni və Qızıl "Oraq-Çəkic"
medalı ilə təltif olunmuşdu.
S.A.Vəzirov
1945-ci ildə "Azneft" Birliyinin rəisi vəzifəsində
çalışmışdı. Sülh
dövrünün başlanması bir sıra yeni zəngin
neft yataqlarının işlənilməsinə imkan
yaratdı ki, bunlardan biri də Vəzirovun aktiv əməyi ilə
işlənilməyə daxil edilən Buzovna-Maştağa
yatağı idi. Lakin Bağırov - Vəzirov münasibətləri
mürəkkəbləşməyə
başlamışdır. Bağırov heç bir səbəb
göstərmədən onu vəzifədən azad edir və
sonda "mən öz düşmənlərimə
Bakını tərk etməyə 48 saat verirəm, kimə ki,
sənin kimi simpatiyam var, ona 24
saat verirəm" məcazi ifadəsini işlətmişdi. Onu Bakıdan Moskvaya yola salmağa, demək olar ki,
bütün neftçilər gəlmişdi.
1946-cı ildə
Süleyman Vəzirov SSRİ Nazirlər Sovetinin təsdiqi ilə
"Ölkənin cənub və qərb rayonlarında neft
hasilatı üzrə baş idarənin" rəisi vəzifəsinə
təyin edilir.
Bu təyinatdan sonra SSRİ-nin neft yataqlarının
yarısı - Qroznı, Kuban, Ukrayna - onun fəaliyyət
sferasına daxil oldu. SSRİ-nin neft sənayesinin, məhz bu hissəsi
müharibə zamanı tam dağıdılmışdı.
S.A.Vəzirovun başçılığı və bilavasitə
iştirakı ilə
çox qısa müddətdə mədənlər
bir-birinin ardınca bərpa edilərək, yataqların
işlənilməsi davam etdirilməyə başladı.
Keçən əsrin
40-cı illərində geoloqlar Türkmənistanda Qumdağ
yatağını kəşf etmişdilər. Neft sahəsinə nəzarət
edən Beriya Nikolay Konstantinoviç Baybakova yeni yatağın
işlənilməyə daxil edilməsini tapşırmışdı və
çox ciddi nəzarətdə saxlayırdı.
Nikolay Konstantinoviç
Baybakov təşkilatçılıq bacarığına və
neft sənayesindəki təcrübəsinə bələd olduğu Süleyman
Vəzirova Qumdağ yatağının mənimsənilməsini tapşırır. 1949-cu ilin mart
ayında şəxsən Stalinin imzaladığı əmrə
əsasən Süleyman Vəzirov "Türkmənneft"
Birliyinin müdiri təyin
edilir.
Qumdağ sahəsi qum barxanları arasında yerləşmişdir
və yatağın işlənilməsi üçün
burada nə infrastruktur, nə də yol var idi. Vəzirov birinci
növbədə Qumdağa Nebitdağdan yolun çəkilməsindən
başlayaraq, su və elektrik təchizatını təmin etməklə
işçilər üçün yaşayış məntəqəsinin
tikintisini həyata keçirdi. İnanmaq
çətindir, lakin 1949-cu ilin sonuna Qumdağ sahəsində
qazma işlərinə başlandı. Onu da qeyd edim ki, burada
qazma işləri müharibə vaxtı
köçürülmüş "Əzizbəyovneft"
qazma kontorunun işçiləri tərəfindən
aparılırdı.
Onun insani keyfiyyətləri
işin ağırlığından, yaşayış şəraitindən
və eləcə də, idarəetmə sistemindən
asılı olmayaraq, həmişə özünü ən yüksək şəkildə
göstərirdi. Vəzirov
Türkmənistana təyin olduğu ilk günlərdə
eşidir ki, Nebitdağ
dairələrində azərbaycanlı
keçmiş neftçi-siyasi dustaqlar saxlanılır. O, ixtisaslı kadrların
çatışmazlığını səbəb gətirərək,
onların azad olunmasına başlayır. Nəhayət,
onların ailələri ilə birlikdə Nebitdağda
yaşamasına icazə alır. O vaxtlar "xalq
düşməni" damğası vurulan adamların
müdafiəsinə qalxmağın nə qədər təhlükəli
olmasını bilən adamlar Vəzirovun bu hərəkətinə
qiymət verə bilərlər.
Söz yox ki,
qazılan birinci quyunu hamı intizarla gözləyirdi,
xüsusilə də, Nikolay Konstatinoviç Baybakov. Növbəti zənglərdən
birində Türkmənistanda quyunun böyük hasilatla fontan
vurduğu xəbəri gəldi.
Nebitdağ
şəhəri uzun müddət "Türkmənneft"
birliyinin balansında olduğundan Süleyman Vəzirov bu şəhərin
meri sayılırdı və onun yaradıcısı hesab
edilməyə tam haqqı var.
Qumdağ yatağının
kəşf edilməsinə və mənimsənilməsinə
görə
Süleyman Vəzirov SSRİ Dövlət
mükafatına layiq görüldü. Bu dövr ərzində
- onun işlədiyi
dörd il yarımda
"Türkmənneft" Birliyinin neft hasilatı iki dəfə
artdı.
1953-cü ilin
yayında Beriya-Bağırov epoxası sona yetdi. Artıq bu zaman Türkmənistandan
geri qayıtmış S.Vəzirova baş idarədə iş
təklif edilsə də, o, Neft
Akademiyasında oxumağa üstünlük verir. Həmin illərdə neft sənayesi
Mərkəzi-Şərqi Sibirə yönəlmişdi və S.Vəzirov
da ora işləməyə getməyi
planlaşdırırdı. Lakin tale ona yenidən doğma vətəninə
qayıtmaq kimi gözəl bir imkan hazırlamışdı.
Respublika hökumətinin zəmanəti
ilə SSRİ Nazirlər Soveti 1954-cü ildə Azərbaycan SSR
Neft Sənayesi Nazirliyini yaratdı. Azərbaycan KP MK-nın
birinci katibi İmam Daşdəmir oğlu Mustafayev onu yenidən
respublikaya dəvət etdi və 1954-cü ildə Azərbaycanın birinci neft sənayesi naziri
Süleyman Vəzirov oldu.
Vətənə geri
qayıdan S.Vəzirov işinə Azərbaycanda kəşfiyyat işlərinin
genişləndirilməsindən başladı. O, həm
quruda, həm də dənizdə kəşfiyyat işlərinin
həcmini artırdı. Çox qısa bir zamanda quruda
Qaradağ, Kürovdağ, Mişovdağ, Zirə, Qalmaz və
dənizdə
Birinci dəfə Azərbaycanda
dərinliyi 4000 m. olan quyu layihə edildi. Bu, o zaman
üçün fantastik bir dərinlik idi. 1 yanvar 1955-ci
ildə 78 nömrəli quyu 350 atm təzyiqlə, 1 milyon kubmetr qaz hasilatı ilə fontan vurdu və Qaradağ qaz yatağı
mənimsəməyə daxil edildi. Süleyman Vəzirov
prinsip etibarı ilə yeni olan qapalı neft-qaz
yığım sistemini işləyib
hazırlamışdı ki, bu sistem demək olar ki , sovetlər ölkəsinin bütün mədənlərində
tətbiq edilir.
O, ilk dəfə quyu və
yatağa birlikdə,
kompleks sistem şəkildə yanaşmanı sənayedə
tətbiq etmişdir. Bu quyunun indi və gələcəkdə
özünü neçə göstərəcəyini, onun
digər quyularla və eləcə də, bütövlükdə,
neft-qazlı laylarla
əlaqəsini, yəni ümumi mənzərəni
görməyə imkan verirdi.
Süleyman Vəzirov 1958-ci
ildə Azərbaycan
SSR Nazirlər Sovetinin sədr müavini vəzifəsinə
irəli çəkilir, 1959-cu ildə isə Azərbaycan SSR Xalq Təsərrüfatı
Şurasının sədri təyin
edilir. Bu vəzifədə
o, bir çox problemlərlə, ən əsası isə kimya sənayesinin
yaradılması problemi ilə qarşılaşır.
Sumqayıt şəhərinin
salınması, burada zavod və fabriklərin tikintisi, orada
çalışan əhalinin yaşayış və məişət
tələblərinin təmin edilməsi və bu kimi müxtəlif məsələlərin
vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
lazım gəlirdi.
Kimya məhsullarının istehsalına plan və
müddət qoyulmuşdur, Moskva isə bunu dəyişdirmək istəmirdi. Nə qədər zəhmət və
əzab tələb etsə də, bir çox qurbanlar verilsə
də, Superfosfat
zavodu vaxtında təhvil verildi.
Tutduğu vəzifə ilə
əlaqədar Süleyman Vəzirov respublikada həyata keçirilən
bütün işlərlə məşğul
olmasına baxmayaraq, o, heç bir zaman özünün neftçi
olduğunu və neftçiləri unutmurdu. Neft
sənayesi ilə bağlı işlərdə, problem məsələlərin
həllində bilavasitə iştirak edirdi. Burada 1961-ci
ildə
20 noyabr 1961-ci il.
140 nömrəli quyunun qazılması
qurtarmışdı. Gecə dəhşətli səs
eşidildi, qazma qurğusunun döşəməsinin
altından su, qaz və gil
qarışığı fontan vurdu. Yanğın
yerinə ilk gələnlərdən biri də S.Vəzirov
idi. Yanğının söndürülməsi
üçün qərargah yaradıldı və Süleyman Vəzirov
qərargaha başçılıq etməyə
başladı.
Dənizdə alov
sütununun hündürlüyü 50 metrə, temperatur isə
1300-1400 dərəcəyə qədər
çatdığı zaman belə yaradılmış qərargahda
S.Vəzirov özünü itirmir, hər bir mütəxəssisin
fikrini dinləyir, onu həqiqi şəraitlə müqayisə
edərək, qərar qəbul edirdi. Nəhayət,
56 gündən sonra yanğın ram edildi.
Belə
ekstremal hadisələr S.Vəzirovun həyatında çox
olmuşdur. Süleyman Vəzirov 1965-ci ildə - yenidən Azərbaycan
SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin
olunmuşdu. 1969-cu ilin yayında Ümummilli Liderimiz Heydər
Əliyev Azərbaycan
SSR Kommunist
Partiyası Mərkəzi Komitəsinin
birinci Katibi seçilir. Bu zaman
Süleyman Vəzirov
xəstəxanada idi və onların birinci
görüşü orada oldu. Heydər Əliyev ona baş çəkməyə
gəlmişdi.
Sonrakı görüş
zamanı Heydər Əliyev onun xəstəliyini nəzərə
alaraq ona Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti sədrinin
müavini vəzifəsinə təyin etdi və S.Vəzirov
1970-ci ildən ta ömrünün sonuna-1973-cü ilə qədər bu vəzifədə
çalışdı.
Süleyman Vəzirov 7 fevral
1973-cü il tarixində uzun sürən xəstəlikdən sonra
dünyasını dəyişdi. Harada
işləməsindən asılı olmayaraq Süleyman Vəzirov
daima neft və neftçilər haqqında fikirləşmiş,
həmişəlik neftçi olaraq qalmışdır. Süleyman Vəzirov partiyanın və cəmiyyətin
həyatında aktiv iştirak edib. O, dəfələrlə
Azərbaycan və Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin
üzvü, Azərbaycan SSR və SSRİ Ali Sovetinin
deputatı seçilmişdi.
Vətən
qarşısındakı xidmətlərinə görə
Süleyman Azad oğlu Vəzirov 4 Lenin ordeni, 6
Qırmızı Bayraq Ordeni, medal və fəxri adlarla təltif
olunmuşdu.Sosialist Əməyi Qəhrəmanı (1944),
Dövlət mükafatı laureatıdır (1953). Mən bir qədər də Süleyman Vəzirovla
bağlı öz təəssüratlarımı
bölüşmək istərdim. Süleyman
Vəzirov Azərbaycan SSR neft naziri işləyərkən mən
Neft Daşlarında çalışırdım. Neft
Daşlarında işləyərkən Süleyman Vəzirovun laylara
konturarxası su vurulması prosesinin, kompressor-dərinlik
nasoslarının istismarında yeni texnologiyaların tətbiq
edilməsi, mədənlərdə qapalı neft-qaz
yığım sisteminin tətbiq edilməsi kimi təkliflərinin
həyata keçirilməsində yaxından iştirak
etmişəm. Onunla yaxından tanışlığım isə,
onun Azərbaycan
Xalq Təsərrüfatı
Şurasının sədri işlədiyi vaxta təsadüf
edir. O vaxt mən "Başdənizneft"
idarəsində çalışırdım və bir
neçə dəfə mən Süleyman Vəzirovla Moskvada
ezamiyyətdə olmuşam.
Moskvada haraya, hansı komitəyə
getməyimizdən asılı olmayaraq, onu böyük hörmətlə
qarşılayırdılar və bizim məsələni
çox tez həll edirdilər. O vaxtlar Respublikanın üzərinə
qoyulan planlar çox böyük olurdu və bu planların yerinə yetirilməsi
üçün ayrılan təchizat
isə çox az. Bu ezamiyyətlər
zamanı onun respublikanın üzərinə qoyulan planın
aşağı salınması üçün plan komitəsində və
təchizatın artırılması üçün isə
təchizat komitəsində əlindən gələni
etdiyinin şahidi olmuşam.
Süleyman Vəzirov
neft sənayesinin ayrı-ayrı sahələrini- geologiya,
qazma, neft yataqlarının işlənilməsi və ya neft
işinin digər sahələrini həmin sahələrin
mütəxəssislərindən daha yaxşı bilirdi. Nikolay
Baybakovun sözləri ilə desək, keçmiş Sovet
İttifaqında Vəzirov bir nömrəli neftçi idi.
SSRİ-nin neft sənayesində onu tanımayan
yox idi. O, SSRİ-nin neft sənayesi
naziri olanda həmişə təkrar edərdi ki, bura
Süleyman Vəzirovun yeridir.
Süleyman müəllim barəsində sözümü mən jurnalist Nadejda İsmayılovanın bu görkəmli neftçiyə və unudulmaz insana həsr olunmuş "Suleyman Vezirov. Portret na fone veka" ("Süleyman Vəzirov. Əsrin fonunda portret") kitabında demişəm və indi də bir daha qeyd etmək istəyirəm ki, istər Azərbaycanda, istərsə Türkmənistanda və Moskvada işləyərkən, o, özünün fenomenal qabiliyyətinə və çox səmərəli fəaliyyətinə görə həmişə birincilər sırasında olmuş, başçılıq etdiyi kollektivin mənafeyini qorumuş, işçilərə atalıq və müəllimlik etmişdir.
Süleyman Vəzirovun
əziz xatirəsi onu tanıyanların ürəyində həmişə
əziz olaraq qalacaq, keçdiyi şərəfli əmək
yolu isə gələcək nəsillərə örnək
olacaqdır.
Xoşbəxt Yusifzadə
Səs.- 2010.- 24 noyabr.- S. 10-11.