Parlamentin fəaliyyətinin əsas
istiqamətləri təməli ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş hüquqi, demokratik və
dünyəvi dövlətin yaradılması prosesini davam
etdirməkdən ibarət olmuşdur
- Oqtay müəllim, artıq
üçüncü çağırış Azərbaycan
Respublikası Milli Məclisinin beşillik fəaliyyəti sona
çatmaqdadır. Parlamentin spikeri kimi ötən beş ili
necə xarakterizə edərdiniz?
- Məlum həqiqətdir ki, ölkəmizin əldə etdiyi uğurların qazanılmasında milli dövlətçilik sistemində özünəməxsus yeri olan Azərbaycan parlamentinin də mühüm rolu var. Milli Məclis dünyadakı mütərəqqi inkişaf meyillərinin Azərbaycanda öz əksini tapmasında dövlət başçısına səlahiyyətləri çərçivəsində dəstək verir.
Müstəqilliyimizin memarı, ulu öndər Heydər Əliyevin uzaqgörən ideyalarının reallığa çevrilməsi, bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğunlaşdırılması, qısa zaman kəsiyində ölkəmizdə milli-mənəvi dəyərlərə əsaslanan sivil cəmiyyət qurmağa imkan verdi. Bu nailiyyətin əldə edilməsi üçün ölkə parlamenti, o cümlədən, üçüncü çağırış Milli Məclisi var qüvvəsi ilə çalışmışdır. Ulu öndərin ölməz ideyalarına sadiq qalaraq Avropa dəyərlərindən bəhrələnən qanunverici orqan ölkənin müasir inkişaf strategiyasının yaradılmasında özünəməxsus rol oynamışdır.
Bu baxımdan Prezident İlham Əliyev mütərəqqi prinsiplərə söykənən müasir cəmiyyət quruculuğunda, ölkənin rifahı naminə həyata keçirilən islahatların hüquqi bazasının yaradılmasında Milli Məclisin rolunu yüksək qiymətləndirmişdir.
Parlamentin ötən dövrdəki fəaliyyəti barədə danışarkən, qeyd etmək lazımdır ki, demokratik əsaslarla seçilmiş üçüncü çağırış Milli Məclis ölkə qanunvericiliyinin inkişafı sahəsində yeni mərhələnin başlanğıcını qoymuşdur. Çoxpartiyalı sistem əsasında fəaliyyət göstərən Milli Məclis öz fəaliyyətini qüvvədə olan qanunvericiliyə uyğun surətdə həyata keçirmişdir. Parlamentin fəaliyyətinin əsas istiqamətləri təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi, demokratik və dünyəvi dövlətin yaradılması prosesini davam etdirməkdən ibarət olmuşdur. Bu gün inamla deyə bilərik ki, hazırda müstəqil Azərbaycanın bütün sahələr üzrə qanunvericilik bazası mövcuddur. Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar və sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir.
Parlament həyatında ötən dövrün ən mühüm hadisələrindən biri 2009-cu il sentyabrın 25-də Milli Məclisin yeni korpusunun istifadəyə verilməsi oldu. Yeni korpusun açılışında Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva iştirak etdilər. Heç şübhəsiz, parlamentdə aparılan dünya standartlarına uyğun quruculuq və bərpa işləri müstəqil Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir.
Bu gün Milli
Məclisin siması tamamilə yenilənmişdir. Parlamentin
binası və maddi-texniki bazası yenidən qurulmuşdur.
Milli Məclisə gələn xarici qonaqlar
burada millət vəkilləri üçün
yaradılmış şəraitə heyran
qaldıqlarını dəfələrlə
vurğulamışlar. Burada müasir iclas
zalı, ümummilli lider Heydər Əliyevə həsr olunmuş
xatirə zalı, zəngin kitabxana vardır.
Bir sözlə, Milli Məclisin
ötən beş ildəki fəaliyyətinə
nəzər saldıqda, görürük ki, parlament ölkədə
uğurla həyata keçirilən islahatların və
demokratiyanın daha da inkişaf etdirilməsinə, qanunvericlik
fəaliyyətində dünyanın aparıcı ölkələrinin
təcrübəsinin tətbiqinə öz layiqli töhfələrini
vermişdir.
- Azərbaycanın üçüncü
çağırış Milli Məclisi bir sıra vacib
qanunverici aktların hazırlanıb qəbul edilməsində
ciddi, genişmiqyaslı fəaliyyət göstərmişdir.
Bununla yanaşı, Azərbaycanın bir sıra mühüm
qanunverici aktları Avropa standartlarına
uyğunlaşdırıldı. Bu sahədə
Milli Məclisin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, Azərbaycanın
qanunvericilik sistemində mühüm istiqamətlərdən
biri demokratiyanın daha da dərinləşməsi, insan
hüquq və azadlıqlarının təmin
olunmasının hüquqi bazasının yaradılması və
onun təkmilləşdirilməsindən ibarətdir. Təsadüfi deyildir ki, ölkə
Konstitusiyasının müddəalarının üçdə
ikisi məhz bu məsələlərə həsr
olunmuşdur.
Diqqətinizə çatdırım
ki, üçüncü çağırış Milli Məclisin
fəaliyyəti dövründə parlamentin 155 iclası
keçirilmiş, 1058 qanun və qərar qəbul
olunmuşdur.
Ötən dövrdə
Milli Məclis ölkə qanunvericiliyinin, o cümlədən,
Seçki Məcəlləsinin təkmilləşdirilməsini
diqqət mərkəzində saxlamış, Seçki Məcəlləsinə
və "Sərbəst toplaşmaq azadlığı
haqqında" Qanuna zəruri dəyişikliklər və əlavələr
etmişdir. Bu dəyişikliklər vətəndaşların
əsas hüquqlarından biri olan seçmək, seçilmək
və siyasi azadlıqlardan istifadə etmək hüququnun daha
yüksək səviyyədə təmin olunması
baxımından əhəmiyyətlidir.
Milli Məclis ölkəmizdə
insan hüquqlarının qorunmasını, demokratik proseslərin
daha geniş vüsət almasını özündə ehtiva
edən bir sıra qanunları - "Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişikliklər
edilməsi barədə Konstitusiya Qanununu, "Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında", "Fərdi məlumatlar haqqında",
"Dini etiqad azadlığı haqqında" sənədlərə
əlavələr və dəyişikliklər edilməsi barədə
qanunları qəbul etmiş, Avropa Şurasının
"İnsan alverinə qarşı mübarizə
haqqında" Konvensiyasını təsdiqləmişdir. Bu
sahədə qəbul edilmiş "Gender (kişi və
qadınların) bərabərliyinin təminatları
haqqında" və "Məişət
zorakılığının qarşısının
alınması haqqında" qanunlar da mühüm sənədlərdəndir.
Ötən dövrdə
parlament söz və mətbuat azadlığını da diqqətdən
kənarda qoymamış, "Kütləvi informasiya vasitələri
haqqında", "Televiziya və radio yayımı
haqqında", "İctimai televiziya və radio yayımı
haqqında", "Məlumat azadlığı
haqqında", "İnformasiya əldə etmək
haqqında" sənədlərə əlavələr və
dəyişikliklər etmişdir.
Milli Məclis
hüquq-mühafizə orqanlarının işinin təkmilləşdirilməsi,
cəmiyyətdaxili proseslərin nizama salınmasının
hüquqi tənzimlənməsi, milli təhlükəsizliyin
təmin olunması kimi məsələləri də daim diqqətdə
saxlamışdır. Milli Məclisdə bu sahədə
atılmış mühüm addımlardan biri
insanlığa qarşı cinayətləri müəyyən
edən qanunun qüvvəsinin geriyə şamil olunması məsələsinin
öz hüquqi həllini tapması olmuşdur. Siyasi və hüquqi əhəmiyyətə malik
olan bu məsələ "Beynəlxalq cinayətlərə
görə məsuliyyət müəyyən edən Qanunun
qüvvəsinin geriyə şamil olunması haqqında"
Konstitusiya Qanununda təsbit olunmuşdur.
Bu dövrdə Mülki Məcəlləyə,
Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə,
Mülki Prosessual Məcəlləyə, İnzibati Xətalar
Məcəlləsinə, "Konstitusiya Məhkəməsi
haqqında", "Məhkəmələr və hakimlər
haqqında", "Məhkəmə hüquq Şurası
haqqında", "Polis haqqında", "Prokurorluq
haqqında", "Notariat haqqında", "Yol hərəkəti
haqqında" qanunlara əlavə və dəyişikliklər
edilmişdir.
Parlament bələdiyyələrin
fəaliyyətini təkmilləşdirmək məqsədi ilə
də bir sıra qanun və qərarlar qəbul etmiş, bu sahədəki
qanunvericiliyi dövrün tələblərinə
uyğunlaşdırmışdır.
Üçüncü
çağırış Milli Məclis ordu quruculuğu və
hərbçilərimizin antiterror əməliyyatlarda
iştirakını da diqqət mərkəzində
saxlamışdır. Belə ki, ilk dəfə olaraq, müstəqil
Azərbaycanın Hərbi Doktrinası geniş müzakirələrdən
sonra təsdiq olunmuşdur. Ötən
dövrdə deputatlar fövqəladə hallar orqanlarında
xidmət keçən şəxslərin hüquqi vəziyyətini
əks etdirən mühüm sənəd kimi "Fövqəladə
hallar orqanlarında xidmət keçmə haqqında"
Qanun layihəsini də müzakirə edərək qəbul
etmişlər.
Milli Məclis iqtisadi sahəyə
də xüsusi diqqət ayıraraq, sahibkarlığın
inkişafı, iqtisadi sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi
üçün "Sahibkarlıq fəaliyyəti subyektlərinin
dövlət qeydiyyatının "bir pəncərə"
prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi barədə" Qanun qəbul
etmişdir.
Parlamentdə qəbul
edilmiş "Xüsusi iqtisadi zonalar haqqında", "Əmanətlərin
sığortalanması haqqında" qanunlar dünyada
baş verən proseslər fonunda mühüm əhəmiyyətə
malikdir.
"Sığorta fəaliyyəti haqqında", "Bank
olmayan kredit təşkilatları haqqında" qanunlar,
"Xarici investisiyaların qorunması haqqında",
"Gömrük tarifi haqqında" sənədlərə
edilmiş dəyişiklik və əlavələr ölkə
iqtisadiyyatının gücləndirilməsinə xidmət
edir.
Qloballaşan
dünyamızda ölkənin ərzaq təhlükəsizliyi
ilə bağlı Dövlət Proqramının həyata
keçirilməsində hüquqi bazanın
yaradılmasını, nəqliyyat sisteminin
inkişafının əhəmiyyətini nəzərə
alaraq, parlament bu sahələrdə də bir sıra vacib
qanunların qəbuluna nail olmuşdur.
Əhalinin
sosial müdafiəsinin gücləndirilməsi də həmişə
Milli Məclisin diqqət mərkəzində olmuşdur. Ölkəmizdə
aparılan pensiya islahatları çərçivəsində
qəbul edilən "Əmək pensiyaları
haqqında" və "Sosial müavinətlər
haqqında" qanunlar əhalinin sosial təminatının
daha da gücləndirilməsinə, sığorta-pensiya
sistemində mütərəqqi dünya təcrübəsinə
uyğun mexanizmlərin qurulmasına şərait
yaratmışdır.
Sosial sahədə qəbul
olunmuş "Onkoloji yardım haqqında", "Dərman
vasitələri haqqında", "İnsanın immun
çatışmazlığı virusunun törətdiyi xəstəliklə
mübarizə haqqında" qanunlar, "Özəl tibb fəaliyyəti
haqqında" sənədə edilən dəyişikliklər
də əhalinin sağlamlığının qorunması və
tibb sahəsinin günün tələbləri səviyyəsində
inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir.
Parlament cəmiyyətimizin
azyaşlı üzvlərini də diqqətdən kənarda
qoymamış, onların sosial müdafiəsini gücləndirmək
məqsədilə "Əlilliyin və uşaqların
sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında",
"Gənclər siyasəti haqqında", "Uşaq
hüquqları haqqında", "Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında" qanunlara əlavə
və dəyişikliklər etmişdir.
Qəbul
olunmuş qanunlar sırasında "Təhsil haqqında"
Qanunun qəbulunu üçüncü
çağırış Milli Məclisin ən böyük
uğurlarından biri hesab etmək olar. Uzun illərdən
bəri geniş ictimaiyyətin böyük marağına səbəb
olan bu sənəd təhsil sistemi üzrə digər
qanunların qəbul edilməsində baza rolunu oynayacaqdır.
- Milli Məclisin beynəlxalq müstəvidə
fəaliyyəti haqqında nə deyə bilərsiniz? Xüsusilə, Azərbaycan parlamentinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində
atdığı addımlar nədən ibarət olmuşdur?
- Hər kəsə məlumdur
ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata
keçirdiyi uğurlu xarici siyasət ölkəmizin beynəlxalq
arenada və regionda nüfuzunu yüksəltmiş, onun
mövqelərini möhkəmləndirmişdir. Parlamentlərarası əlaqələr də
dövlətimizin beynəlxalq əməkdaşlığının
mühüm istiqamətlərindən biri kimi fəaliyyət
göstərmiş, Azərbaycanın milli maraqlarının təmin
olunmasına yönəldilmişdir.
Milli Məclisin
nümayəndə heyətlərinin beynəlxalq qurumlarda iştirakı,
xarici ölkələrin parlament rəhbərliyi və beynəlxalq
təşkilatların təmsilçiləri ilə
keçirilən görüşlər ölkənin xarici
siyasətinin tərkib hissəsi olmaqla dövlətimizin, o
cümlədən, parlamentin əlaqələrinin genişləndirilməsində
əhəmiyyətli rol oynayır. Bu görüşlər zamanı
aparılan danışıqlarda Azərbaycanın ən
ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı məsələ əsas
mövzu kimi qabardılmış, bizi narahat edən məsələlərin
dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq
qurumların nəzərinin bu məsələyə cəlb
edilməsi diqqət mərkəzində olmuşdur.
Parlamentlərarası
əlaqələrin inkişafında xarici ölkələrin
qanunvericilik orqanları ilə dostluq qrupları mühüm
rol oynayır.
Bu gün parlamentdə 70-dən çox ölkənin
qanunvericilik orqanı ilə parlamentlərarası əlaqələr
üzrə işçi qrupları fəaliyyət göstərir.
Bu qruplar qanun yaradıcılığı sahəsində
təcrübə və informasiya mübadiləsinə,
parlamentlər səviyyəsində əməkdaşlığın
genişləndirilməsinə misilsiz töhfələr verirlər.
Bundan başqa,
parlament regionda və dünya miqyasında Azərbaycanın
milli maraqları ilə bağlı hadisələrə də
münasibət bildirmişdir. Azərbaycan parlamenti Fransa Milli Məclisində
"erməni soyqırımı"nın
inkar edilməsinə görə cəza müəyyən edən
qanun layihəsinin qəbulu ilə əlaqədar 2006-cı il
oktyabrın 13-də bu ədalətsiz aktın qəbul
olunmasına öz qəti etirazını bildirmişdi. 2007-ci
ilin fevralın 27-də Xocalı faciəsinin 15-ci
ildönümü münasibəti ilə parlament bəyanat
verərək, Xocalı soyqırımını bütün
insanlığa qarşı ən ağır cinayət kimi dəyərləndirmiş,
20-ci əsrin Xatın, Lidise, Babiy Yar kimi faciələri ilə
bir sırada dayandığını
vurğulamışdı. Milli Məclis özünün
2009-ci il 15 dekabr tarixli müraciətində
ABŞ Konqresi tərəfindən 2010-cu maliyyə ili
üçün Dağlıq Qarabağa maliyyə vəsaiti
ayrılmasına öz etirazını bildirmişdir.
Yadınızdadırsa,
2010-cu ilin əvvəlində ABŞ Konqresi Nümayəndələr
Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma
"erməni soyqırımı"na dair qəbul etdiyi qərar
Azərbaycan ictimaiyyətində dərin narahatlıq
doğurmuşdu. Bunu nəzərə alan
Milli Məclis 2010-cu il martın 5-də ABŞ Konqresinə
müraciət edərək, erməni lobbisinin maraqlarına
xidmət edən bu addımı Cənubi Qafqazda yeni problemlərə
yol aça biləcək qərar kimi dəyərləndirmişdir.
Məlum olduğu kimi, sonrakı mərhələdə bu
proses dayandırıldı.
Qeyd etmək
lazımdır ki, ölkəmizin nüfuzlu beynəlxalq
qurumlardakı nümayəndəlikləri ilə birlikdə
deputatlarımız da Azərbaycanın beynəlxalq arenada
siyasi imicinin yüksəlməsi naminə səmərəli fəaliyyət
göstərirlər. Parlamentlərarası əməkdaşlıq
müstəvisində aparılan bu siyasət artıq öz nəticələrini
verməkdədir. Bu gün BMT, Avropa
Şurası, ATƏT və digər qurumlarda ölkəmizlə,
regionla bağlı qəbul edilən sənədlərdə
Azərbaycanın milli maraqları öz əksini
tapmaqdadır. Heç də təsadüfi
deyildir ki, İtaliya və Almaniya kimi nüfuzlu dövlətlərin
qanunvericilik orqanları Cənubi Qafqazla əlaqədar qəbul
etdikləri qətnamələrdə Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar Azərbaycanın
haqlı mövqeyini dəstəkləmişlər. Bütün bunlar Azərbaycan parlament
diplomatiyasının uğurlarından xəbər verir.
Hazırda Milli Məclis
Parlamentlərarası İttifaqın, Avropa Şurası
Parlament Assambleyasının, MDB Parlament Assambleyasının,
ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Məclisinin, GUAM Parlament
Assambleyasının, İslam Konfransı Təşkilatı
Parlament Məclisinin tam hüquqlu, NATO Parlament
Assambleyasının isə assosiativ üzvüdür. Milli Məclis
Avropa Parlamenti, Avropa Birliyinin "Şərq Tərəfdaşlığı"
proqramı çərçivəsində
yaradılmış Avronest parlament təşkilatı və
digər mötəbər beynəlxalq qurumlarla da sıx əməkdaşlıq
edir. Millət vəkilləri bu təşkilatlarda
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə həqiqətləri
dünya ictimaiyyətinə çatdırırlar.
Bu gün Milli
Məclis yeni regional qurumların yaradılmasında da fəal
iştirak edir.
Belə ki, 2009-cu il sentyabrın 29-da Milli Məclisdə
Türkdilli Ölkələrin Parlament Assambleyasının -
TürkPA-nın birinci plenar iclasının keçirilməsi
bütün türk dünyası üçün
mühüm əhəmiyyətli hadisə oldu. Belə
bir tədbirin Bakıda keçirilməsi isə həqiqətən
qürurvericidir. Bundan başqa, təşkilatın
katibliyinin 4 il müddətinə Bakıda
fəaliyyət göstərməsi qərara
alınmışdır.
Ötən
dövrdə Milli Məclis rəhbərliyinin xarici ölkələrə
səfərləri, beynəlxalq qurumların tədbirlərində
iştirakı parlament diplomatiyamızın inkişafına
öz müsbət təsirini göstərmişdir. Milli Məclis Sədrinin
başçılığı ilə nümayəndə heyəti
Türkiyədə, Rusiyada, İranda, Polşada, Fransada,
İtaliyada, Cənubi Koreyada, Yunanıstanda, Rumıniyada,
Bolqarıstanda və digər ölkələrdə rəsmi
səfərlərdə olmuş, MDB PA-nın, AŞPA-nın,
QDİƏT PM-in tədbirlərində, Parlament Sədrlərinin
Avropa Toplantısında və bir sıra ölkə parlamentlərinin
yubiley tədbirlərində iştirak etmişdir.
Ötən dövrdə
Türkiyə, Ukrayna, Gürcüstan, Polşa, Slovakiya, Koreya
Respublikası, Türkmənistan, İsveçrə
Konfederasiyası, Serbiya, Xorvatiya, Litva prezidentləri, bir
sıra ölkələrin və beynəlxalq təşkilatların
nümayəndə heyətləri parlamentdə olmuş, Milli
Məclisin Sədri ilə parlamentlərarası əməkdaşlığın
inkişafı barədə fikir mübadiləsi
aparmışlar.
Göründüyü
kimi, parlament diplomatiyası ölkənin beynəlxalq aləmdə
milli maraqlarının təmin olunması baxımından
çox önəmlidir. Milli Məclis dünyanın mötəbər
beynəlxalq təşkilatları və parlamentləri ilə
uğurlu əməkdaşlığı davam etdirərək,
dövlətimizin və xalqımızın haqq işinin beynəlxalq
aləmdə dəstəklənməsi naminə öz səlahiyyətləri
çərçivəsində bütün imkanlardan istifadə
edir.
- Bu gün ölkəmiz iqtisadi, sosial inkişafına
görə dünyanın aparıcı dövlətlərindən
birinə çevrilmişdir. Əlbəttə ki, bu uğurların
kökündə əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş və bu gün Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən
siyasi kurs dayanır. Xalqımız Azərbaycanın firavan gələcəyini,
inkişafını müəyyənləşdirən Heydər
Əliyev siyasi kursunu birmənalı şəkildə dəstəkləyir.
Bu baxımdan, xalq-hakimiyyət vəhdətinin
qarşıdan gələn parlament seçkilərinin nəticələrinə
təsiri haqqında fikirlərinizi bilmək istərdik. Ümumiyyətlə,
ölkəmizdə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz?
- Son illərdə ölkənin
ictimai-siyasi həyatında baş vermiş mühüm əhəmiyyətli
hadisələrdən biri də 2008-ci ilin 15 oktyabrında
keçirilmiş prezident seçkiləri oldu. Bu seçkilərdə
Azərbaycan vətəndaşları ölkənin növbəti
beş ilə idarə olunmasını milli tariximizdə
görkəmli yer tutan ulu öndər Heydər Əliyevin
siyasi varisi İlham Əliyevə həvalə etdilər.
Xalqımızın bu seçimi ölkədə ötən
dövrdə görülən işlərin və aparılan
islahatların dəstəklənməsi anlamına gəlir.
YAP olaraq biz dəfələrlə bəyan etmişik ki, qarşıdan gələn parlament seçkilərində bizim uğurlarımızın əsasında dayanan ən böyük amil Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin seçicilər tərəfindən yüksək qiymətləndirilməsidir. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, bu inkişafın əsasında digər sahələrdə əldə olunan əhəmiyyətli irəliləyişlər, insanların rifahının, yaşayışının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə və regionda mövqelərinin güclənməsi - bütün bunların hamısı, onu deməyə əsas verir ki, xalq-hakimiyyət vəhdəti qarşıdan gələn parlament seçkilərinin nəticələrinə birbaşa təsir edəcəkdir. Çünki YAP-ın indiyədək həyata keçirdiyi siyasətin əsasını insanlara xidmət amili təşkil etmişdir.
Bu gün Azərbaycandakı seçkiqabağı mühitə gəlincə isə, onu deyə bilərəm ki, mən ölkədəki seçkiqabağı mühiti normal hesab edirəm. Bu gün həm ölkəmizdəki siyasi şərait, həm də lazımi seçki qanunvericiliyinin mövcudluğu demokratik, ədalətli seçki keçirməyə münbit zəmin yaradır.
Ölkənin
aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyası da seçkiqabağı mühitə uyğun fəaliyyətini
davam etdirir. Artıq YAP müxtəlif dairələrdən
öz namizədlərini müəyyən etmiş və cəmiyyətə
açıqlamışdır. Bu gün Azərbaycanda
seçkinin azad, demokratik və şəffaf keçirilməsi
üçün dövlət tərəfindən edilməli
olan bütün işlər həyata keçirilmişdir. Ona
görə də əminəm ki, qarşıdan gələn
parlament seçkiləri də tam demokratik, şəffaf və
beynəlxalq standartlara uyğun formada keçiriləcək,
Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldəcəkdir.
Oqtay Əsədov
Səs.- 2010.- 2 oktyabr.- S. 5-6.