Dünən Beynəlxalq
Ahıllar Günü idi
Ahıllar dövlət qayğısı ilə əhatə
olunur
Hər il oktyabrın 1-i
ölkəmizdə Beynəlxalq Ahıllar Günü kimi qeyd
edilir. Dövlət Sosial Müdafiə Fondunun "Səs"ə verdiyi məlumatında
bildirilir ki, hazırda Azərbaycanda 70 yaşından yuxarı
365467 nəfər əmək pensiyası alır. Onu da qeyd edək
ki, "Ahıllara sosial xidmət haqqında" Qanuna əsasən,
70 yaşına çatmış Azərbaycan vətəndaşları,
eləcə də, ölkədə daimi yaşayan əcnəbilər
ahıl hesab edilir.
Dövlət Sosial Müdafiə
Fondunun verdiyi məlumata görə, digər
pensiyaçılar kimi ahıllar da təqaüdlərini
plastik kartlarla ala bilirlər. "2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sistminin inkişafına
dair Dövlət Proqramı"na uyğun olaraq
ahılların pensiya ilə təminatı təkmilləşdiriləcək.
Milli Məclisin Sosial
Siyasət Daimi Komitəsinin sədri Hadi Rəcəbli BMT-nin
Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi
ilə bağlı qətnamənin qəbul edildiyini dedi. Qeyd
etdi ki, həmin qətnamənin prinsiplərinə uyğun
olaraq, hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar
Günü kimi qeyd edilmiş, həmçinin, 1999-cu il Beynəlxalq
Ahıllar ili elan olunmuşdur: "Bu məsələyə
respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyunun 22-də
"Ahıllara sosial xidmət haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən,
ölkədə 70 yaşına çatmış Azərbaycan
Respublikası vətəndaşları, habelə, Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı
olmayan şəxslər ahıl sayılır. 1993-cü ildən
başlayaraq, hər il oktyabr ayının 1-i respublikamızda
"Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Həmin
günün keçirilməsində məqsəd ahıl vətəndaşların
sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını
müəyyənləşdirərək imkanlı müəssisələr,
təşkilatlar və qeyri-hökumət təşkilatları
ilə birlikdə əməli tədbirlər görməkdən
ibarətdir. Beynəlxalq Ahıllar Günü ərəfəsində,
bütün dünyada olduğu kimi, respublikamızın şəhər
və rayonlarında icra hakimiyyətləri, əmək
kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət
təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların
ehtiyaclarını öyrənərək, onlar
üçün bayram süfrələri, ərzaq
bağlamaları təşkil edir, müxtəlif xeyriyyə,
şəfqət və mədəni-kütləvi tədbirlər
həyata keçirirlər. Həmin tədbirlərdə
respublika üzrə 10 minlərlə ahıl və əlil vətəndaş
bayram süfrələrinə dəvət olunur, onlara ərzaq
paylanır, maddi yardım göstərilir".
H.Rəcəbli ölkədə
ahılların sosial vəziyyətinin
yaxşılaşdırılmasıyla bağlı hər il
təqaüdlərin artırıldığını da
vurğuladı. Millət vəkilinin sözlərinə
görə, əvvəlki illərdə
olduğu kimi, 2011-cu ilin dövlət büdcəsi də
sosialyönümlü olacaq. Amma komitə sədri təqaüdlərin
nə qədər artırılacağı ilə
bağlı bir söz deməyib.
H.Rəcəbli onu da
bildirib ki, bu gün ölkəmiz uğurlu iqtisadi inkişaf
yolundadır. Bu baxımdan da istər gənclər, orta nəslin
nümayəndələri, istərsə də ahıllar cəmiyyətdə
gedən inkişaf proseslərində iştirak etməlidirlər.
Yaşlıların həyat təcrübəsindən, bilik və
bacarıqlarından bəhrələnmək isə nəsillər
arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa
etmək baxımından çox zəruridir.
Komitə sədri
Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata
görə, keçən il dünyada 60-dan yuxarı
yaşı olanların sayı 650 milyon idisə, 2025-ci ilə
kimi bu rəqəmin iki dəfə artacağını
bildirilir.
Millət vəkili
ölkəmizdə də də ahıllara diqqət və
qayğının göstərildiyini
bildirdi. Qeyd etdi ki, bu gün adı-sanı, nəcib əməlləri
ilə tanınan, bəlkə də heç tanınmayan,
lakin ləyaqətlə yaşayan, həyat təcrübəsi
ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən,
hörmətə layiqdirlər. İnsanın qocalıq
dövründə heç nəyə qadir
olmadığını söyləmək səhv olardı.
Lap qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli,
müdrik adamlar hesab olunurlar. Onlara cavanlar da, böyüklər
də hörmətlə yanaşır, fikirləri ilə
hesablaşırlar. Qocaların sərvəti onların həyat
təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl
etməklə bu sərvətə sahib olmaq
mümkündür.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 2 oktyabr.- S. 10.