2 Oktyabr Beynəlxalq Memarlıq
Günüdür
Azərbaycan şəhərsalma və
memarlığın inkişafında keyfiyyətcə yeni
dövr Heydər Əliyevin adı ilə bağlıdır
Bəşər svilizasiyasının ilkin meydana
gəlmiş ərazilərindən biri də
Azərbaycandır. İlk növbədə, bu insanların
yaşaması üçün mülayim və münasib
təbii şəraitin olması ilə izah olunur.
Ərazidə aparılmış arxeoloji
qazıntıların nəticələri göstərib ki,
Azərbaycanda yaşamış qədim insanlar tarix boyu
şərəfli yaradıcılıq yolu
keçərək, çoxsaylı mədəniyyət
əsərləri yaratmış və onlardan biri də
memarlıqdır. Memarlıq tarixdir - insanlıq tarixi. Bu
tarixin başlanğıcı ibtidai insanların
yaşadığı təbii mağaralardan başlayır.
Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur.
Ötən əsr Azərbaycan
memarlığının ilk mərhələsi Bakı
ətrafında fəhlə qəsəbələrinin
salınması ilə bağlıdır. Abşeronda
fəhlə qəsəbələrinin tikilməsi həmin
dövrdə gənc sovet memarlığının ilk
nümunələri idi. İlk yaşayış
massivlərindən olan Məmmədyarov qəsəbəsinin
salınması ümumittifaq əhəmiyyətli
tədbirlərdən biri idi. 1929-cu ildə Azərbaycan
Politexnik İnstitutunun inşaat fakültəsinin ilk
buraxılışı oldu. Fəal
yaradıcılıq fəaliyyətinə başlayan gənc memarlar
qısa müddət ərzində bir çox binaların
layihəsini hazırladılar və onların
tikilməsinə nail oldular. 20-ci illərin
başlanğıcından Bakıda yaşıllaşdırma
və bağ-park memarlığı sahəsində
mühüm işlər görülməyə
başlandı. Bu layihələr üçün milli
memarlıq ənənələri ilə yanaşı, klassik
formaların tətbiqi xarakterikdir. Bu dövrdə Azərbaycan
memarlarının yaradıcılıq axtarışları
yeni memarlığın milli ənənələrlə
uyğunlaşdırılması meyilləri ilə
səciyyələnir.
Dünyada
ilk dəfə açıq dənizdə, polad dirəklər
üzərində salınmış şəhərcik olan
Neft Daşlarının layihələndirilməsi və
tikintisi müharibədən sonrakı dövr
memarlığında özəl yer tutur. Neft Daşları
1949-cu ildə Xəzərdə zəngin neft
yatağının tapılması ilə bağlı
yaranmışdır. Bu qeyri-adi şəhərciyin
bədii-memarlıq simasını "adi"
yaşayış evləri, mədəni-məişət
müəssisəsi korpusları, orijinal
küçə-estakada sistemi və s.
müəyyənləşdirir.
1960-cı
illərdə Azərbaycan şəhərsalma və
memarlığının inkişafında keyfiyyətcə
yeni dövr başlayır. Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhəri məhz bu illərdə
paytaxt tipli böyük şəhərə
çevrilmişdir.
Bakının
ən görkəmli yerlərində gözəl memarlıq
ansamblları yaradılmış, şəhərin
simasını müəyyən edən müasir binalar
ucadılmışdır. Bunların tam əksəriyyəti
ümummilli liderimiz o zaman Azərbaycanın
rəhbərliyinə gəlmiş Heydər Əliyevin
şəxsi təşəbbüsü ilə və fəal
nəzarəti altında layihələndirilib tikilmişdir.
Təkcə
onu qeyd edək ki, nəzərdən keçirdiyimiz
dövrdə Bakının təsdiq edilmiş baş
planının hazırlanmasında Heydər Əliyevin
xidməti əvəzsizdir. O, həqiqətən,
paytaxtımızın çağdaş şəhərsalma
tələblərinə cavab vermək baxımından
gələcək taleyini böyük uzaqgörənliklə
həll etmişdir. Bakıda və onun
yaxınlığında tikilmiş bir sıra sənaye
müəssisələri, bu dövrdə yaradılmış
infrastruktur və nəqliyyat sistemi Azərbaycanın
bugünkü müstəqilliyi və iqtisadi
yüksəlişi üçün əsaslı zəmin
yaratmışdır.
60-cı
illərin sonu - 80-ci illərdə Bakıda bir sıra iri
ictimai bina və qurğular tikilmişdir. Bunlardan
Dövlət Sirki, Respublika Sarayı, "Bakı",
"Qarabağ", "Azərbaycan", "Moskva",
"Abşeron" mehmanxanaları, Baş Poçtamtın
yeni binası, Respublika Statistika İdarəsinin binası,
Bakı Dəmir Yolu Vağzalı, Nərimanov rayon icra hakimiyyətinin
binası, Dövlət Siyasi Partiyalar və İctimai
Hərəkatlar arxivinin binası, "Nikah sarayı",
"Gülüstan" şadlıq sarayı kompleksi,
"Şərq bazarı" ticarət mərkəzinin 1-ci
növbəsi, Yüngül Atletika Maneji, Bakı
şəhəri Nizami rayon icra hakimiyyətinin binası,
Azərbaycan Respublikası Prezident Aparatının
binası və s. binalar
şəhərin memarlıq görkəmini daha da
gözəlləşdirmişdir.
Bu dövrdə yaradılmış Bakının
gözəl guşələrinin birində yerləşən
xarici ölkələrin dövlət
başçıları üçün tikilmiş
iqamətgahın müəllifi memar Rasim Əliyev
xatırlayır ki, burada aparılan işlər zamanı
Heydər Əliyev tikintiyə azı həftədə iki
dəfə gəlib, tikintinin problem və
çətinlikləri ilə şəxsən tanış
olurdu. Hələ işin layihə mərhələsində,
o, binanın memarlıq planında otaqların beynəlxalq
diplomatik fəaliyyətin tələblərinə uyğun
olaraq yerləşdirilməsi məqsədilə memarlara
əsaslı göstərişlər verirdi. Bina
üçün zəruri olan müxtəlif tikinti
materialarının Bakıya xarici ölkələrdən
yollanması yalnız Heydər Əliyevin qayğıları
və təşkilatçılıq qabiliyyəti
sayəsində mümkün olmuşdur. Binanın
ətrafında salınmış park zonası
üçün Heydər Əliyev, hətta ağac
növlərini özü seçmişdir. Bir sözlə,
iqamətgahın yaradılmasında Heydər Əliyevin
memarlıq istedadı və beynəlxalq siyasi
təcrübəsi üzvi sintez halında təzahür
etmişdir.
1976-cı il dekabrın 31-də "Nizami"
stansiyasının açılması ilə Bakı
Metropoliteninin 1-ci növbəsinin (12 st.) çəkilişi
başa çatdı. 1985 ildə metropolitenin 4
stansiyasından ibarət 2-ci növbəsi, 1989 ildə isə
2 stansiyadan ibarət 3-cü növbəsi işə
düşdü. Bakı Metropoliteni yüksək
memarlıq-bədii səviyyəsilə, inşaat
keyfiyyətilə, memarlıq və təsviri sənət
sintezindən uğurlu istifadə edilməsi ilə maraq
doğurur.
1976-cı
ildə 850 illik yubileyi təntənə ilə
keçirilmiş Əcəmi Naxçıvaninin
yaratdığı nadir sənət inciləri - Yusif ibn
Küseyr və Mömünə Xatın türbələri,
demək olar ki, dağılmaqdan xilas edilərək, bərpa
olunmuşdur. Respublikanın başqa
yerlərindəki abidələrdə də yenidənqurma
işləri aparılmış, Bərdə türbəsi,
Mərəzədəki Diribaba türbəsi, Həzrə
və Kələxana türbələri ilkin
görkəminə qaytarılmışdır. Şuşa,
Şəki, Şamaxı, Ordubad, Bakı və s.
şəhərlərin memarlıq abidələrinin
bərpası üzrə intensiv və planlı iş
aparılır. Bu baxımdan, Bakıdakı orta əsr
Azərbaycan daş memarlığının incisi sayılan
Şirvanşahlar sarayı ansamblının bərpası
özəllikcə gözədəyəndir. Son
illərdə Gəncədəki qədim ictimai və dini tikililərin
bərpası və onlardan səmərəli istifadə
edilməsi memarlıq tədqiqatçılarının
gərgin əməyi və səyi nəticəsidir.
Şəhərdəki Bala Bəhmənli,
Qızılıhacılı, Ozan, Zərrabı
məscidləri, Karvansara və s. abidələr
əsaslı surətdə bərpa edilmişdir. Bununla
belə, son yüz ildə Azərbaycanın memarlıq irsi
böyük itkilərə uğramışdır. Bu
azmış kimi, 1990-cı ildən Ermənistanın
Azərbaycana qarşı başladığı Qarabağ
müharibəsi nəticəsində ümumi Qarabağ və
ətraf rayonlar - Laçın, Kəlbəcər,
Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam
işğal olundu. Bu ərazilərdə qalan çoxsaylı
Azərbaycan abidələri məhv edildi.
Müstəqillik dövründə tarixən
formalaşan Azərbaycan şəhərlərinin və
bütöv şəhərsalma sistemlərinin qorunması
problemləri ilə bağlı müxtəlif qərar və
tədbirlər həyata keçirildi. Şəki,
Bakının İçərişəhər hissəsi,
Şuşa və Ordubad şəhərləri, Lahıc
qəsəbəsi Nardaran kəndi, Dəvəçi rayonu
Şabran şəhəri, Qax rayonu İlisu kəndi, Ordubad
rayonu Arpaçay vadisi, Hacıqabul rayonu Pir Hüseyn
xanəgahı Azərbaycan memarlığı tarixi qoruğu
elan edildi.
Hazırda respublikanın Naxçıvan,
Gəncə, Şamaxı kimi tarixən formalaşmış
şəhərlərində qorunan zonaların təşkili
sahəsində də geniş iş aparılır.
Şəhərlərdə və başqa yaşayış
məntəqələrində tarixi baxımdan dəyəri
olan mədəni irsin qorunması problemlərinin işlənməsi həm də respublikanın Quba, Qazax, Lənkaran,
Lahıc, Bərdə, Zaqatala və b.
şəhərlərin, eləcə də, Abşerondakı
Nardaran, Qala, Mərdəkan, Zaqatala rayonlarındakı Tala kimi
yaşayış məntəqələrinin
planlaşdırılması və tikintisində əldə
edilmiş təcrübənin geniş yayılması
məqsədi daşıyır.
Bakının baş planında hazırda sənaye
zonası ilə ayrılan
tikinti rayonlarının memarlıq-planlaşdırma
və tutum-məkan cəhətdən
birləşdirilməsi, ərazi
çatışmazlığını nəzərə
alaraq, istifadədən qalmış və nefti
tükənmiş mədənlərdən, eləcə
də, bir sıra sənaye müəssisələrinin
köçürülməsi nəticəsində boşalan
sahələrdən tikinti üçün istifadə
edilməsi nəzərdə tutulur. Həmin baş planda
göstərilir ki, Bakının sərhədlərinin
genişlənməsi, böyük ərazidə
yaşayış massivlərinin salınması
şəhərin coğrafi görkəmini və
miqyasını dəyişdirəcək.
Memarlıq sənəti ilə bağlı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Gəncə şəhərinin
tarixi və mədəniyyət abidələrinin qorunub
saxlanılması, onların bərpa olunması və
gələcək nəsillərə
çatdırılması barədə verdiyi tövsiyə
və tapşırıqlara uyğun olaraq Gəncə
şəhərində bu sahədə geniş işlər
görülməyə başlanmışdır. Azərbaycan mədəniyyətinə və
incəsənətinə xüsusi hörmət və ehtiram
göstərən Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi
və yaxından köməkliyi sayəsində Comərdi Qəssabın
məzarı və ona aid olan abidənin tarixi yeri
aşkar olunaraq, Naxçıvan şəhərindən
gətirilmiş qədim dövrün kərpicləri ilə
köhnə layihələrə bərpa olunub. Türbənin
bərpa olunması böyük minnətdarlıq hissi ilə
qarşılanıb.
Bu gün
Azərbaycan memarlıq sənəti özünün yeni bir
inkişaf dövrünü yaşayır. Azərbaycanın,
xüsusilə də, Bakının memarlıq
baxımından əhəmiyyətli binaları bərpa
və təmir etdirilir.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2010.- 2 oktyabr.- S. 11.