XALQIN XİLASKARI

 

Ümummilli liderimiz Heydər Əliyevin 3 oktyabr 1993-cu ildə Prezident seçilməsi xalqın arzularının təntənəsi günü oldu

 

17 il öncə, oktyabr ayının 3-də ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1998-ci il oktyabrın 11-də isə keçirilmiş seçkilərdə ulu öndər Heydər Əliyev yenidən xalqın etimadını qazandı.

Əgər 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi idisə, 1998-ci il seçkiləri artıq formalaşan dövlətimizin imtahanı sayılırdı. Bu seçimi əsaslandırmaq üçün xalqın yüzlərlə, minlərlə arqumenti, məntiqə əsaslanan dəlil-sübutu var idi. Çünki həyata keçirilən islahatlar nəticəsində "Xalq-Heydər, Heydər-Xalq" ifadəsi Prezident xalq birliyinin möhtəşəm formuluna çevrilmişdi. Beynəlxalq aləm əmin idi ki, 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas edən ümummilli liderimiz Heydər Əliyev növbəti dəfə Prezident seçiləcək. Həmin dövrdə bəzi qüvvələr müdrik siyasətçinin əleyhinə təbliğat aparırdı. Müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ancaq növbəti seçkidə Azərbaycan xalqı ayıq olmalı idi. 1988-1993-cü illərin faciə gərginliklərini yaşamış hər bir kəs taleyüklü seçim məqamında qətiyyət siyasi iradə nümayiş etdirdi. Azərbaycan xalqı, 1993-cü ildə olduğu kimi, 1998-ci ildə düzgün seçim etdi. Əslində, xalqın başqa seçimi ola da bilməzdi. Çünki 1993-cü ilin yayına - Milli Qurtuluşa qədər ölkədə baş verənlər heç kəsin yadından çıxmamışdı. Elə Qurtuluşdan sonra baş verənlər hamının gözü qabağında idi. Ən başlıcası, ölkədə daxili sabitlik yaranmış, çörək qıtlığı, ərzaq çatışmazlığı aradan qaldırılmış, insanların bir-birinə dövlətə olan inamı bərpa edilmişdi. Daha sonra isə ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandıran qanunların qəbul edilməsinə, köklü islahatlara start verilmişdi. Nəticədə, Heydər Əliyevin Birinci Prezidentliyi dövründə Azərbaycana 10 milyardlarla dollar gəlir gətirəcək "Əsrin müqaviləsi" imzalanmış, bütün beynəlxalq təşkilatlara inteqrasiyamız təmin edilmiş, dünyanın aparıcı dövlətləri ilə münasibətlərimiz isə tərəfdaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırılmışdı. Müstəqillik dövründə ilk dəfə iqtisadi dirçəlişə nail olmağımız da məhz Heydər Əliyevin Birinci Prezidentliyi dövrünə - 1996-cı ilə təsadüf edirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həllinin zəruriliyi beynəlxalq təşkilatlar səviyyəsində ilk dəfə 1996-cı ildə etiraf edilmişdi.

Ölkədə hüquqi islahatlara da həmin dövrdən başlanmış, 1995-ci ildə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi, yeni parlament seçildi. Ümumiyyətlə, 1993-cü ilin oktyabrından 1998-ci ilin oktyabrına qədər Azərbaycanda həyata keçirilən tədbirlər belə deməyə əsas verirdi ki, oktyabrın 11-də ulu öndər Heydər Əliyevin qələbəsi şəksizdir. Proqnozlar özünü doğrultdu ümummilli liderimiz Heydər Əliyev 76,1 faiz səs toplayaraq, yenidən Azərbaycanın Prezidenti seçildi.

Ulu öndərin İkinci Prezidentlik dövründə qazanılmış iqtisadi nailiyyətlər xüsusilə diqqəti cəlb edir. Belə ki, 1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdı. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru - emal sənayesi inkişaf edirdi. Göstərilən müddətdə emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən, yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdı. Sənayenin inkişafı ilə yanaşı, ümummilli lider respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi onların əsasında aparılan islahatların yekunu olaraq, 872 min kəndli ailəsinə 1372,8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın traktor, 4 min qaramal tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar verildi, ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı yarandı. 1997-2002-ci illərdə istehsal edilən kənd təsərrüfatı məhsullarının 99,01 faizi məhz onların payına düşürdü. Bu məhsulların satışında qiymətlər tam sabitləşmiş, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı.

O, böyük siyasi dövlət xadimi, xalqın şəksiz lideri olaraq, hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə ümummilli liderimiz Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə dünya mətbuatında geniş işıqlandırılmışdır.

Azərbaycanın son otuz beş ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ümummilli liderimiz Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Ümummilli liderimiz Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır sərt sınaqlarından çıxarmışdır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 5 oktyabr.- S. 4.