Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün münbit şərait mövcuddur

 

"Səs" qəzeti "Parlament seçkiləri: reallıqlar və perspektivlər" mövzusunda növbəti dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

Ənənəvi olaraq, "SƏS" qəzetinin redaksiyasında keçirilən və ölkəmizin ictimai-siyasi həyatında mühüm prosesləri əhatə edən dəyirmi masalar böyük ictimai marağa səbəb olmuşdur. Məhz bu dəyirmi masalarda ictimai müzakirəyə çıxarılan məsələlər və bunun ətrafında aparılan diskussiyalarda iştirak edən Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrini təmsil edən şəxslər prosesləri daha aydın və başa düşülən formada geniş oxucu auditoriyasına  çatdırılmasını təmin etmişlər. Bu baxımdan da, artıq üç ilə yaxındır ki, qəzetin redaksiyasında keçirilən dəyirmi masalarda hökumət və dövlət nümayəndələri, millət vəkilləri, cəmiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən şəxslər müzakirəyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr qurmuşlar. Budəfəki dəyirmi masanın mövzusu da "Parlament seçkiləri: reallıqlar və perspektivlər" məsələsi ətrafında təşkil edilmişdir.

"Parlament seçkiləri: reallıqlar və perspektivlər" mövzusunda keçirilən dəyirmi masada Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu ("Soros" fondu) idarə heyətinin sədri Mehman Əliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, "AVCİYA" seçki qərargahının rəhbəri Sadiq Rzayev, ATƏT-in Bakı ofisinin nümayəndəsi Elgün Tağıyev, SİA-nın icraçı direktoru Vəli Vəliyev iştirak edirdi.       

Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev ənənəvi olaraq keçirilən bu cür dəyirmi masaların cəmiyyət tərəfindən böyük maraqla qarşılandığını bildirdi. Qeyd etdi ki, ölkəmizin ictimai-siyasi həyatında baş verən ən mühüm və aktual məsələlərlə bağlı "Səs" qəzetinin redaksiyasında artıq üç ilə yaxındır ki, ictimaiyyət nümayəndələrinin, dövlət və hökumət rəsmilərinin, ayrı-ayrı vətəndaş cəmiyyətlərini təmsil edən şəxslərin bu dəyirmi masalarda müzakirə olunan mövzulara münasibətləri geniş oxucu auditoriyasına təqdim edilib. Bugünkü dəyirmi masanın məhz ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən parlament seçkisi ərəfəsində təşkil olunması cəmiyyətin bu prosesə olan diqqətinin daha da gücləndirilməsinə xidmət göstərir deyən baş redaktor burada müzakirə olunacaq məsələlərin daha effektli bir nəticəyə nail olmaq üçün önəmindən bəhs etdi. B.Quliyev istənilən bir prosesin cəmiyyət və ölkə həyatında əhəmiyyətinin olduqca böyük olduğunu, bu istiqamətdə müxtəlif fikirlərin, illüziyaların da ortaya çıxmasının təbii qarşılandığını qeyd etdi. Həmçinin, ölkəmizdə aparılan hərtərəfli uğurlu siyasətin bariz nümunəsi olaraq, hər bir sahədə olduğu kimi, siyasi proseslərdə də yüksəlişin əldə olunduğunu qeyd edən baş redaktor Azərbaycanın özünəməxsus inkişaf tendensiyasının kökündə dayanan amillərdən də bəhs etdi. Bildirdi ki, bu gün cəmiyyətimiz onu əhatə edən istənilən prosesə heç bir halda biganə yanaşmır. "Bunun bariz nümunəsi kimi payızda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı və ümumiyyətlə, bu proses haqqında bilgi əldə etmək istiqamətində cəmiyyətimizin aktivliyi nəzərəçarpacaq səviyyədədir. Bu isə ölkəmizdə azad və ədalətli formada keçirilən seçki prosesinə vətəndaşın inamından qaynaqlanır. Çünki artıq hər bir Azərbaycan vətəndaşı öz seçimini daha düzgün və düşünülmüş istiqamət xətti üzrə qura bilir. Ona görə də, bu gün ölkə həyatında baş verən hər bir hadisəyə daha obyektiv və lazımi qiymət verilir" deyən B.Quliyev burada da cəmiyyət üçün və ümumiyyətlə, ölkəmizin ictimai-siyasi mənzərəsinə özündə əks etdirən proseslərin müzakirəsi baxımından maraqlı müzakirələrin aparılacağına inamını ifadə etdi. B.Quliyev dəyirmi masa iştirakçılarının diqqətinə "Parlament seçkiləri uğurlar və perspektivlər" mövzusu ətrafında qarşılıqlı müzakirələr aparıb, münasibətlərin bildirilməsinin vacibliyini bildirdi.

 

 

YAP-IN QARŞIDAN GƏLƏN PARLAMENT SEÇKİLƏRİNDƏ DƏ QƏLƏBƏSİ ŞƏKSİZDİR

 

Hikmət Babaoğlu:

 

- Bu seçkilər Azərbaycanın müstəqilliyi tarixində yeni bir eranın əsasını qoyacaq. Çünki iqtidar həmişə olduğu kimi, bu seçkilərə də çox məsuliyyətlə və ciddi hazırlaşır. Böyük seçki təcrübəsinə malik olan YAP-ın bütün seçki kampaniyasında olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də yaxından iştirak etməklə uğur qazanmasına, layiqli namizədlərimizin Azərbaycanın ali qanunverici orqanında təmsil olunmasına səy göstərəcəyik. Qarşımıza çox vacib, çətin, mürəkkəb, eyni zamanda, şərəfli bir vəzifəni qoymuşuq. Partiyanın bütün resursları, üzvləri belə bir şərəfli vəzifənin yerinə yetirilməsinə səfərbər edilib. Malik olduğumuz resurslar, Azərbaycan iqtidarının həyata keçirdiyi siyasət, ölkə Prezidentinin xalqımız tərəfindən qətiyyətlə dəstəklənməsi və s. qarşıdan gələn parlament seçkilərində daha ciddi uğurlar qazanmağımıza əsaslar yaradır. Seçki taktikamız ona yönəlib ki, parlament seçkilərində partiyamız əvvəlki parlament seçkilərində əldə etdiyindən daha əhəmiyyətli və yüksək seçki qələbəsi qazansın. Belə bir vəzifəni qarşıya qoymağımız, təbii ki, bir sıra səbəblərlə bütün seçkilərdən uğurla çıxan YAP-ın qarşıdan gələn parlament seçkilərində də qələbəsi şəksizdir. Bu əminliyi yaradan isə həyata keçirilən uğurlu siyasət, qazanılan uğurlar, xalqın bu partiyaya böyük inam və etimadıdır.

 

Sərdar Cəlaloğlu:

 

- Siz hansı partiyanı təmsil edirsiniz?

 

Musa Quliyev:

 

- Mən Yeni Azərbaycan Partiyasını təmsil edirəm. Heç olmasa, arada bir televizora bax.

 

- Sərdar Cəlaloğlu:

 

- Mən televizora ancaq meyxana olanda baxıram.

 

 

CƏMİYYƏT YENİ AZƏRBAYCAN PARTİYASININ RESURSLARINI, GÜCÜNÜ, UĞURLARINI YAXŞI BİLİR

 

Musa Quliyev:

 

- Sən meyxananı xoşlayırsan, amma mən meyxana oxuya bilmirəm. Heç olmasa, keçirilən bu dəyirmi masalar zamanı bir-birinizə hörmət etməyi öyrənin. Amma sizin bu göstərdiyiniz "baza" ilə heç bir addım da irəli gedə bilməyəcəksiniz, necə ki, gedə bilmirsiniz. Siz dediniz ki, seçkini keçirmək üçün müəyyən resurslar lazımdır. Bu resursların ən əsası insan vaxt resursudur. Tamamilə doğrudur. Əvvala, resurs deyəndə 200 manatla heç bir şey etmək olmur. 200 manatı qazana bilməyən namizəddən seçici gözləyə bilər? Dünyanın heç bir ölkəsində seçkiyə dövlət pul ayırmır. Hansı partiyanın maliyyə vəsaiti var, o partiya seçkilərə qatılır. Vaxt resursuna qalanda, iki ayla 4 ay heç bir şeyi həll etmir. Bu seçkidən növbəti seçkiyə qatılmaq üçün ən azı cəmiyyətin səni tanıması üçün 4-5 il lazımdır. Seçki zamanı təbliğat təşviqatın 4 ay aparılması nəticəsi olmayan bir yoldur. Ona görə , bu gün Azərbaycanda artıq çox ciddi partiyalaşma prosesi gedir. Cəmiyyət iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının resurslarını, gücünü, uğurlarını yaxşı bilir.

 

"Səs" qəzetinin əməkdaşı:

     

- Parlament seçkilərinə hazırlıq işinin birinci mərhələsi başa çatmaq üzrədir. ATƏT bu mərhələni necə qiymətləndirir?

 

 

QARŞIDAKI NÖVBƏTİ PARLAMENT SEÇKİLƏRİ İLƏ BAĞLI ATƏT-İN 16 NƏFƏRDƏN İBARƏT ƏSAS HEYƏTİ ARTIQ BAKIDADIR

 

Elgün Tağıyev:

 

- Bildiyiniz kimi, iyun ayının 24-27-si tarixlərində ATƏT-in seçkiqabağı vəziyyəti dəyərləndirmə missiyası olub bununla bağlı hesabat da hazırlanılıb. Qarşıdakı növbəti parlament seçkiləri ilə bağlı ATƏT-in 16 nəfərdən ibarət əsas heyəti artıq Bakıdadır. Eyni zamanda, seçkiləri bölgələrə səfər edəcək 22 nəfərdən ibarət  müşahidəçilər şəhərimizdədirlər. Artıq həmin müşahidəçilərin  regionlara səfərləri başlayıb. Seçkilərlə bağlı nəticə isə seçkilərdən bir gün sonra açıqlanacaq. 

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Mətbuatda yazılan cəmiyyətdə yayılan məlumatlara görə, Açıq Cəmiyyət İnstitutu  Yardım Fodunun Bakı nümayəndəliyi  müxalifət liderləri ilə qapalı görüşlər keçirir onlara maliyə yardımları ayırmaqla seçkiöncəsi ictimai-siyasi sabitliyin pozulmasında vasitə kimi istifadə etməyə çalışır. Bu məlumatlara Mehman bəy necə aydınlıq gətirərdiz?

 

Mehman Əliyev:

 

- Açıq Cəmiyyət İnstitutu Yardım Fondu olaraq seçki ərəfəsi bu günə kimi heç bir məxfi görüşlər olmayıb. Ümumiyyətlə, müxalifət liderləri ilə fondun nümayəndələri arasında danışıqlar, məsləhətləşmələr keçirilməyib. Müxalifət mətbuatında deyilənlər yazılanlar böhtandır.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Məlum olduğu kimi, seçki prosesinin ikinci mərhələsi olan təşviqat-təbliğat prosesində ən çox yük mətbuatın üzərinə düşür. Bu prosesdə mətbuat hansı formada fəaliyyət göstərəcək?     

 

 

SEÇKİ MƏRHƏLƏSİ HƏR BİR CƏMİYYƏTİN İNKİŞAFINI ÜZƏ ÇIXARAN PROSESDİR

 

Hikmət Babaoğlu:

 

- Seçki mərhələsi hər bir cəmiyyətin inkişafını üzə çıxaran prosesdir. Elə bunun nəticəsidir ki, bu seçkiərəfəsi müxalifət mətbuatında "qara piar"ın qarşısının alınması ilə bağlı müəyyən addımlar atıldı. Ancaq cəmiyyətin aparıcı institutları, Mətbuat Şurası, ictimai-siyasi proseslərə nəzarət edən Prezident Administrasiyasının müvafiq şöbəsi bu məsələlərlə bağlı müəyyən tədbirlər həyata keçirdi.

- Lakin bəzi qəzetlərin redaktorları namizədliklərini versələr , hələ , Seçki Məcəlləsinin qanunlarına əməl etməyərək, hələ "qara piar" kampaniyasını davam etdirirlər.

- "Yeni Azərbaycan" qəzeti rəsmən Yeni Azərbaycan Partiyasının orqanı olduğu üçün ancaq partiyanın irəli sürdüyü namizədlərin təbliğat təşviqatını aparacaq. Onu da deyim ki, əgər partiyamıza qarşı hər hansı antitəbliğat olarsa, o zaman biz öz münasibətimizi dərhal bildirəcəyik.

 

 

AZƏRBAYCANDA SEÇKİLƏRİN KEÇİRİLMƏSİ ÜÇÜN MÜƏYYƏN DEMOKRATİK ŞƏRAİT VAR

 

Aydın Quliyev:

 

- İlk öncə, "Səs" qəzetinin keçirdiyi bütün dəyirmi masaları yüksək qiymətləndirirəm. Seçkilərdə mətbuatın fəaliyyətinə gəldikdə isə, mətbuatın ölkənin bütün siyasi proseslərində üzrinə daha çox yük düşür. O cümlədən , qarşıdakı parlament seçkilərində mətbuatın yükü daha çox olacaq.  Ümumiyyətlə, parlament seçkilərində mətbuat obyektivliyə informasiyaları vaxtında çatdırmağı bacarmalıdır. Çünki mətbuat informasiyaları cəmiyyətə çatdırmaqla çox böyük məsuliyyət daşıyır. Həm mətbuatın seçki prosesində hüquqları məsələsi öndə dayanır. Bu da ayrı-ayrı namizədlərin təbliğat təşviqatı ilə bağlı materialların verilməsi məsələsidir. O ki qaldı ayrı-ayrı namizədlərin reklamına, onu da mətbuat qanuna uyğun şəkildə aparmalıdır.

- Bir faktı da qeyd edim ki, burada müzakirələr zamanı bəzi adamların mövzudan kənara çıxması heç düzgün yol deyil. Əgər keçirilən dəyirmi masanın mövzusu "Parlament seçkiləri: reallıqlar perspektivlər"dirsə, bu mövzu ilə bağlı fikirlər söyləmək lazımdır. Hesab edirik ki, uğursuzluqlarını qabaqcadan görənlər yalan informasiyalar verməklə  əyri yollarla gedirlər. Çünki seçkinin keçirilməsi üçün müəyyən demokratik şərait var.

  

 

 (Ardı var)

 

Tapdıq QURBANLI, Rəfiqə KAMALQIZI

 

Səs.- 2010.- 5 oktyabr.- S. 8-9.