Azərbaycanda azad
və ədalətli seçkilərin keçirilməsi üçün münbit
şərait mövcuddur
"Səs" qəzeti "Parlament seçkiləri:
reallıqlar və perspektivlər" mövzusunda növbəti
dəyirmi masa keçirdi
(Əvvəli ötən
saylarımızda)
Ənənəvi olaraq,
"SƏS" qəzetinin redaksiyasında keçirilən və
ölkəmizin ictimai-siyasi həyatında mühüm prosesləri
əhatə edən dəyirmi masalar böyük ictimai
marağa səbəb olmuşdur. Bu dəyirmi masalarda ictimai
müzakirəyə çıxarılan məsələlər
və bunun ətrafında aparılan diskussiyalarda iştirak edən
Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrini
təmsil edən şəxslər prosesləri daha aydın və
başadüşülən formada geniş oxucu
auditoriyasına
çatdırılmasını təmin etmişlər.
Artıq üç ilə yaxındır ki, qəzetin
redaksiyasında keçirilən dəyirmi masalarda hökumət
və dövlət nümayəndələri, millət vəkilləri,
cəmiyyətin ayrı-ayrı təbəqələrini təmsil
edən şəxslər müzakirəyə
çıxarılan məsələlər ətrafında
geniş müzakirələr qurmuşlar. Budəfəki dəyirmi
masanın mövzusu da "Parlament seçkiləri:
reallıqlar və perspektivlər" mövzusu ətrafında
təşkil edilmişdi.
Dəyirmi masada Yeni Azərbaycan
Partiyasının Siyasi Şurasının üzvü, millət
vəkili Musa Quliyev, "Səs" qəzetinin baş
redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Babaoğlu, Böyük Quruluş
Partiyasının sədri, millət vəkili Fazil Mustafa,
"Bakı Xəbər" qəzetinin baş redaktoru
Aydın Quliyev, Açıq Cəmiyyət İnstitutu
Yardım Fondunun ("Soros" fondu) idarə heyətinin sədri
Mehman Əliyev, Azərbaycan Demokrat Partiyasının sədri
Sərdar Cəlaloğlu, "AVCİYA" seçki qərargahının
rəhbəri Sadiq Rzayev, ATƏT-in Bakı ofisinin nümayəndəsi
Elgün Tağıyev, SİA-nın icraçı direktoru Vəli
Vəliyev iştirak edirdi.
Dəyirmi masada giriş
sözü ilə çıxış edən "Səs"
qəzetinin baş redaktoru Bəhruz Quliyev ənənəvi olaraq
keçirilən bu cür dəyirmi masaların cəmiyyət
tərəfindən böyük maraqla
qarşılandığını bildirdi. Qeyd etdi ki, ölkəmizin
ictimai-siyasi həyatında baş verən ən mühüm
və aktual məsələlərlə bağlı "Səs"
qəzetinin redaksiyasında artıq üç ilə
yaxındır ki, ictimaiyyət nümayəndələrinin,
dövlət və hökumət rəsmilərinin,
ayrı-ayrı vətəndaş cəmiyyətlərini təmsil
edən şəxslərin bu dəyirmi masalarda müzakirə
olunan mövzulara münasibətləri geniş oxucu
auditoriyasına təqdim edilib. "Bugünkü dəyirmi
masanın məhz ölkəmizin həyatında mühüm əhəmiyyət
kəsb edən parlament seçkilərinə həsr
olunması cəmiyyətin bu prosesə olan diqqətinin daha da
gücləndirilməsinə xidmət göstərir" deyən
baş redaktor burada müzakirə olunacaq məsələlərin
daha effektli bir nəticəyə nail olmaq üçün
önəmindən bəhs etdi. B.Quliyev istənilən bir
prosesin cəmiyyət və ölkə həyatında əhəmiyyətinin
olduqca böyük olduğunu, bu istiqamətdə müxtəlif
fikirlərin, illüziyaların da ortaya
çıxmasının təbii
qarşılandığını qeyd etdi. Hər bir sahədə
olduğu kimi, siyasi proseslərdə də yüksəlişin
əldə olunduğunu qeyd edən baş redaktor Azərbaycanın
özünəməxsus inkişaf tendensiyasının
kökündə dayanan amillərdən də bəhs etdi.
Bildirdi ki, bu gün cəmiyyətimiz onu əhatə edən
istənilən prosesə heç bir halda biganə
yanaşmır. "Payızda keçiriləcək parlament
seçkilərinə hazırlıqla bağlı və
ümumiyyətlə, bu proses haqqında bilgi əldə etmək
istiqamətində cəmiyyətimizin aktivliyi nəzərəçarpacaq
səviyyədədir. Bu isə ölkəmizdə azad və ədalətli
formada keçirilən seçki prosesinə vətəndaşın
inamından qaynaqlanır. Çünki artıq hər bir Azərbaycan
vətəndaşı öz seçimini daha düzgün və
düşünülmüş istiqamət xətti üzrə
qura bilir. "Ona görə də, bu gün ölkə həyatında
baş verən hər bir hadisəyə daha obyektiv və
lazımi qiymət verilir" deyən B.Quliyev burada da cəmiyyət
üçün və ümumiyyətlə, ölkəmizin
ictimai-siyasi mənzərəsini özündə əks etdirən
proseslərin müzakirəsi baxımından maraqlı
müzakirələrin aparılacağına inamını
ifadə etdi. B.Quliyev dəyirmi masa
iştirakçılarının diqqətinə "Parlament
seçkiləri: reallıqlar və perspektivlər"
mövzusu ətrafında qarşılıqlı müzakirələr
aparıb, münasibətlərin bildirilməsinin vacibliyini
bildirdi.
AZƏRBAYCANDA SEÇKİLƏRİN
KEÇİRİLMƏSİ ÜÇÜN DEMOKRATİK
ŞƏRAİT VAR
Aydın Quliyev:
- Qeyd etmək lazımdır ki, demokratik seçki mühitinin formalaşmasında mətbuatın rolu böyükdür. Bu baxımdan da, bütün seçkilərdə olduğu kimi, noyabrın 7-də keçiriləcək parlament seçkilərində də mətbuat çalışır ki, həm Mərkəzi Seçki Komissiyasının qərarlarını dərc etsin, həm də digər ayrı-ayrı namizədlərin təbliğatını qursun. Sözsüz ki, bu da müqavilə əsasında olmalıdır. Ona görə də, hesab edirəm ki, təkcə parlament seçkilərində yox, ümumiyyətlə, bütün seçkilərdə mətbuatın rolu artır. Bu rolun artması da aydın surətdə göstərir ki, mətbuat və qəzetlər təbliğat vasitəsidir. Ümumiyyətlə, bütün seçkilər ərəfəsi medianın canlanma dövrü hesab olunur. Hesab edirəm ki, Azərbaycan mediasında parlament seçkilərinin işıqlandırılmasına kifayət qədər yer ayrılıbdır. Bildiyiniz kimi, oktyabr ayının 15-dən təbliğata start verilir. Yəni, bu təbliğata start veriləndən sonra həm qəzetlərin tirajlarının qalxması, həm də oxucu auditoriyasının genişlənməsi gözləniləndir. O baxımdan ki, artıq seçki prosesinə qatılan namizədlər bu dövrdə birbaşa öz təbliğatları ilə məşğul olur. Hesab edirəm ki, Azərbaycanda mətbuatın seçki praktikası mövcuddur, namizədlərin təbliğat aparması üçün seçim imkanları genişdir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda seçkilərin keçirilməsi üçün demokratik şərait var. Bunu heç kəs dana bilməz.
"Səs" qəzetinin müxbiri:
- Bu seçkiləri də digər yerli və xarici təşkilatlarla yanaşı "AVCİYA" da yaxından izləyir və müşahidələr aparır. Bilmək istərdik ki, hazırkı mərhələdə "AVCİYA" seçici əhval-ruhiyyəsini və seçki hazırlığını necə qiymətləndirir?
SEÇKİLƏRİ MÜŞAHİDƏ ETMƏK
İSTƏYƏNLƏR ARASINDA GƏNCLƏRİMİZ
ÇOXLUQ TƏŞKİL EDİRLƏR
Sadiq Rzayev:
- Bildiyiniz kimi, "AVCİYA" bir neçə seçkidə böyük fəaliyyət göstərməklə, artıq böyük təcrübə əldə etmişdir. Seçki təcrübəsinə malik olan təşkilatımız bu seçkilərdə də öz işini davam etdirəcək. Xüsusilə də, seçki məntəqələrində və Dairə Seçki Komissiyalarında seçkini müşahidə etməklə məşğul olacaq. Qeyd edim ki, respublikamızın bütün regionlarında olan seçki məntəqələrində müşahidələr aparacağıq. Bakı şəhərində vətəndaş fəallığı yüksək olduğu bütün məntəqələrdə nümayəndələrimiz olacaq. Bir məsələyə də aydınlıq gətirim ki, seçkiləri müşahidə etmək istəyənlər arasında gənclərimiz çoxluq təşkil edirlər. Hal-hazırda 400 nəfərdən çox müşahidəçi qeydə alınıb. Artıq seçki prosesinin birinci mərhələsi başa çatmaq üzrədir. Qaldı ki, bizim müşahidələrimizin nəticəsinə, bu seçki bitdikdən sonra bəlli olacaq.
"Səs" qəzetinin müxbiri:
- Müxalifət partiyalarının seçkilərə münasibətdə mövqeləri üst-üstə düşmür. Bunu partiya funksionerlərinin müstəqil olmaması ilə əlaqələndirmək olar?
BİR-İKİ MÜXALİFƏTÇİNİN
NARAZILIĞI HEÇ DƏ ÜMUMİ FİKRİ İFADƏ
ETMİR
Fazil Mustafa:
- Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hakim iqtidar partiya vahid bir komanda ilə, müxalifət isə müstəqil halda çıxış edir. Lakin bu gün bir-iki müxalifətçinin nədənsə narazı olması heç də ümumi fikri ifadə etmir. Görünür, özlərini müxalifətçi adlandıranlar müxalifətçiliyin mənasını nə dərk edir, nə də anlayırlar. Müxalifətçilik bir fikir, bir dünyagörüşdür və bu dünyagörüş ayrı-ayrı taktiki addımlarla müşahidə oluna bilər. Ancaq bundan hansısa məqsədlər naminə istifadə etmək olmaz. Müxalifətçiliklə fəxr etmək olmaz. Müxalifətçiliyin əsas məqsədi sivil yolla hakimiyyətə gəlməkdir. Hakimiyyətə gəlmək üçün də düzgün ağılla və saf başla hərəkət etmək lazımdır. Bugünkü müxalifətçilər hansı əməlləri ilə fəxr edir? 20-30 il müxalifətdə olmaqları ilə? Sivil yolla hakimiyyətə gəlməyin özü həmin ölkədə müstəqilliyin olması deyilmi? Bizim müxalifət elə zənn edir ki, dövlətin bütün strukturları yerlərini tərk etməli və deməlidirlər ki, gəlin oturun bizim yerimizdə. Bu, nə qədər gülünc düşüncədir. Ona görə də, istərdim ki, Azərbaycan müxalifəti mövcud imkanlarına daha keyfiyyətli və məntiqli yanaşmalıdır ki, cəmiyyətdəki narazılıqlar rəğbətlə əvəzlənsin. Bunu həyata keçirə bilmədikləri üçün hər şeyi iqtidarın üzərinə atmaq və ağızdolusu "demokratiya boğulur" demək, ancaq böhtan və yanlışdan başqa bir şey deyildir. Çünki 20-30 il müxalifətdə olmaqları ilə fəxr edən müxalifətçilərin seçdiyi yol onlara heç vaxt uğur gətirməyəcək.
MÜXALİFƏTİN TƏFƏKKÜRÜ
FORMALAŞMALIDIR
Hikmət Babaoğlu:
- Bu gün cəmiyyətdə siyasi inkişaf olmalıdır. Niyə müxalifət cəmiyyətdə baş verən dinamik prosesləri dərk etmək və öz siyasi təfəkkürlərində bir dəyişiklik etmək istəmir? Çünki bugünkü müxalifət o müxalifətdir ki, o zaman təsadüf nəticəsində inqilabi yolla hakimiyyətə gəldilər və bu gün də həmin düşüncə ilə, elə zənn edirlər ki, yenə də nəyəsə nail ola bilərlər. Ancaq bu həqiqəti anlamırlar ki, nə dövran o dövrandır, nə hakimiyyət o hakimiyyətdir, nə də xalqın düşüncəsi o düşüncədir. Ona görə də, bu gün müxalifətin təfəkkürü formalaşmalıdır. Bu gün həmin müxalifətin içərisində müasir siyasi prosesləri, müasir dünyagörüşü və demokratiyanı mənimsəməyi bacaran bir qrup müxalifətçi yavaş-yavaş bunların ətrafından çəkildilər. Lakin əvvəlki inqilabi düşüncənin buxovundan xilas ola bilməyənlər bu gün də istəklərini həyata keçirmək üçün inqilab yolunu çıxış yolu hesab edirlər.
AZƏRBAYCAN DÜNYANIN ƏN
SÜRƏTLİ İNKİŞAF EDƏN ÖLKƏLƏRİ
SIRASINDADIR
Musa Quliyev:
- Bugünkü düşüncəyə malik olan müxalifətin düşüncəsinin dəyişməsi mümkünsüzdür. Çünki onlar yaxşı bilirlər ki, bugünkü müstəqil Azərbaycanda hakimiyyəti devirmək, inqilab etmək və hakimiyyətə gəlmək mümkünsüzdür. Çünki Azərbaycan dünyanın ən sürətli inkişaf edən ölkələri sırasında olmaqla yanaşı, regionda lider dövlətdir. Bu gün Azərbaycan iqtisadi sferada uğurlarla zəngin bir yolda irəliləyir və özünəməxsus cəhətləri olan inkişaf modelinin əsasını qoyub. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, son bir neçə ildə Azərbaycan ümumi daxili məhsulun artım dinamikasına görə dünya dövlətlərinin lideri statusunu daşıyır. Bunun önəmli səbəblərindən biri də Azərbaycan iqtisadiyyatının inkişafının təkcə enerji sektoru üzərində köklənməyərək, digər mühüm sferaları da əhatə etməsidir.
SEÇKİLƏRİN
İŞIQLANDIRILMASINDA MƏTBUATIN ROLU VƏ İŞİ
BÖYÜKDÜR
Vəli Vəliyev:
- Bu gün müzakirə olunan məsələ, həqiqətən də, aktual məsələdir. Çünki parlament seçkilərinin işıqlandırılmasında mətbuatın rolu və işi böyükdür. Onu da qeyd etmək istərdim ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi proseslərdə dinamika artıb. Deputatlığa namizədlərin irəli sürülməsi prosesi başlansa da, ölkədə yaranmış ab-hava və seçkilərin demokratik və şəffaf keçirilməsi üçün dövlət tərəfindən yaradılmış şərait seçki prosesinin kifayət qədər canlı və demokratik keçəcəyinə əsas verir. Bununla belə, yenə də müxalifət düşərgəsini təmsil edən siyasi partiyaların təmsilçiləri seçki prosesinin üzərinə gölgə salınması, bəzi beynəlxalq təşkilatlarda antiazərbaycan mövqeyinin bir az da dərinləşdirilməsi istiqamətində səylər göstərirlər.
Tapdıq QURBANLI,
Rəfiqə KAMALQIZI
Səs.- 2010.- 6 oktyabr.- S. 8-9.