Azərbaycan Tibb Universitetinin 80 illik yubileyi
təntənə ilə qeyd olunub
Dünən Azərbaycan Tibb Universitetinin (ATU) 80 illik
yubileyinə həsr olunmuş təntənəli mərasim
keçirilmişdir. Mərasimdə nazirlər, komitə
sədrləri, Milli Məclisin deputatları, diplomatik korpusun
nümayəndələri, ali təhsil
müəssisələrinin rektorları, universitetin
professor-müəllim və tələbə heyətinin
üzvləri iştirak etmişlər.
Əvvəlcə
mərasim iştirakçıları foyedə ümummilli
lider Heydər Əliyevin büstü önünə gül
dəstələri düzmüş, ulu öndərin xatirəsini
ehtiramla yad etmişlər.
ATU-nun akt
zalında davam edən mərasimdə səhiyyə naziri Oqtay
Şirəliyev yubiley münasibətilə universitetin
müəllim-tələbə kollektivini təbrik etmişdir. Bildirmişdir
ki, son illər Azərbaycanda səhiyyənin inkişafı
ilə bağlı həyata keçirilən dövlət
proqramları, layihələr, inşa olunan tibb müəssisələri,
onların ən müasir avadanlıqla təchiz olunması
dövlətimizin başçısının bu
sahəyə göstərdiyi böyük diqqət və qayğının
bariz nümunəsidir. Nazir buna görə
bütün səhiyyə işçiləri adından
Prezident İlham Əliyevə minnətdarlığını
bildirmişdir.
ATU-nun yubileyinin
Azərbaycanın bütün həkimlər ordusu
üçün bayram olduğunu vurğulayan nazir, son
illər ölkəmizin səhiyyə sistemində olduğu
kimi, universitetdə də böyük yenidənqurma və
abadlıq işlərinin aparıldığını, yeni
tədris korpuslarının inşa olunduğunu vurğulamış,
burada təhsilin müasir tələblər
səviyyəsinə qaldırılması, bu ali
məktəbin qarşısında duran vəzifələrin
həyata keçirilməsi üçün faydalı
işlər görüldüyünü qeyd etmişdir.
Mərasimdə
Prezident İlham Əliyevin Azərbaycan Tibb Universitetinin 80
əməkdaşının yüksək dövlət
mükafatları ilə təltif edilməsi haqqında
sərəncamları oxunmuş, həmin mükafatlar
sahiblərinə təqdim edilmişdir. Universitetin bir
qrup əməkdaşının Səhiyyə Nazirliyinin
Fəxri fərmanlarına layiq görüldüyünü
qeyd edən nazir Oqtay Şirəliyev bu mükafatları da
sahiblərinə təqdim etmişdir.
ATU-nun rektoru,
akademik Əhliman Əmiraslanov universitetin
əməkdaşlarının əməyinin yüksək
dövlət mükafatlarına layiq görülməsinə
görə dövlətimizin başçısına
kollektivin dərin minnətdarlığını
çatdırmışdır. Universitetin tarixinə ekskurs edən
rektor ölkəmizin yeganə ali tibb
təhsili müəssisəsi olan Azərbaycan Tibb
Universitetinin Azərbaycan Xalq Komissarları Sovetinin 1930-cu il
mayın 9-da verdiyi qərara əsasən təşkil
edildiyini bildirmişdir. Buna qədər isə ölkəmizdə
ali tibb təhsili 1919-cu ildə
yaradılmış Bakı Dövlət Universitetinin tibb
fakültəsində tədris olunmuşdur.
Bildirilmişdir
ki, 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb
fakültəsinə 490 nəfər qəbul edilmişdir. Həmin
fakültənin ilk buraxılışı 1922-ci ildə
olmuş, 30 nəfər məzuna həkim diplomu verilmişdir.
Onların arasında cəmi 3 nəfər
azərbaycanlı olduğu qeyd edilmişdir. Onlardan Ceyran
Sultanova səhiyyə sahəsində fəaliyyət
göstərərək respublikanın tanınmış
həkimlərindən biri, Adilə Şahtaxtinskaya isə respublikamızda
qadınlar arasında ilk elmlər doktoru elmi
dərəcəsi alan mama-ginekoloq
olmuşdur. Fakültənin BDU-nun
nəzdində fəaliyyət göstərdiyi
müddətdə buranı 1500 həkimin bitirdiyi
bildirilmişdir.
On bir il
ərzində Bakı Dövlət Universitetinə digər sahələri
təmsil edən alimlərlə yanaşı,
həkimlərin də rəhbərlik etdiyi
vurğulanmışdır.
Bildirilmişdir ki, 1930-cu
ildən müstəqil ali təhsil
ocağı kimi fəaliyyətə başlayan Azərbaycan
Tibb Universiteti ölkədə tibb elminin və ali təhsilli
tibb kadrları hazırlığının yeganə
mərkəzidir. Azərbaycanda
mütəşəkkil səhiyyə sisteminin yaranması,
inkişafı və ixtisaslı kadrlarla təmin edilməsi
bütünlüklə ATU-nun fəaliyyəti ilə bağlıdır.
Tibb Universitetinin və Azərbaycan tibb elminin inkişafında
mühüm rol oynamış bu ali təhsil
ocağının ilk rektorlarını dərin
hörmətlə xatırlayan akademik Ə.Əmiraslanov
onların sırasında görkəmli dövlət və
elm xadimi Əziz Əliyevin xidmətlərini xüsusi
vurğulamışdır. Bildirilmişdir ki,
məhz Əziz Əliyevin universitetə rəhbərlik etdiyi
illərdə yüksək inkişaf göstəriciləri
qeydə alınmış, onun maddi-texniki bazası xeyli
möhkəmlənmişdir.
Bildirilmişdir ki,
əsasının qoyulmasının 90 və müstəqil
fəaliyyətə keçməsinin 80 illiyini qeyd edən ATU
Azərbaycan tibb elminə böyük şöhrət gətirmiş
M.Mirqasımov, M.Topçubaşov, C.Abdullayev, Z.Əliyeva,
A.Qarayev, Z.Məmmədov, Ə.Qarayev, C.Hüseynov,
F.Əfəndiyev, Ü.Musabəyli, Ə.Həsənov,
K.Balakişiyev və başqaları kimi görkəmli tibb
alimlərinin adı ilə qürur duyur, onların
xatirəsini dərin hörmətlə yad edir.
Yarandığı vaxtdan bu
günədək xalqımız üçün çox
gərəkli olan bir missiyanın kollektiv tərəfindən
şərəflə həyata keçirildiyini vurğulayan
rektor, bütün Azərbaycan səhiyyəsi kimi, Tibb
Universitetinin də ən böyük uğurlarının ulu
öndər Heydər Əliyevin respublikamızın
rəhbəri olduğu illərə təsadüf etdiyini
bildirmişdir. Qeyd edilmişdir ki, ümummilli lider Heydər
Əliyevin ölkəmizin dövlət müstəqilliyi
bərpa edildikdən sonra 1998-ci və 2000-ci illərdə
universitetdə olması, gələcək həkimlərə
dəyərli məsləhətlər verməsi bu ali təhsil ocağının yeni tarixində
mühüm mərhələlərdən birinə
çevrilmişdir. Ulu öndərin səyi
nəticəsində 1998-ci ildə ATU-nun on bir
mərtəbəli tədris binası tikilib istifadəyə
verilmişdir. Yeni tədris binasında 10
nəzəri kafedra, tibbi kitabxana, "Təbib"
nəşriyyatı yerləşir. Binada
500 yerlik geniş akt zalı vardır. Kafedraların
bazaları genişləndirilməklə tədris otaqları
və laboratoriyalar müasir tələblərə cavab
verən avdanlıqla təchiz edilmişdir.
Fərəhli
haldır ki, son illərdə ATU-nun maddi-texniki bazası daha da
möhkəmləndirilmiş, aparılan islahatlar tibb
təhsilinin keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində
əsaslı dönüş yaratmış, universitetin öz
klinikaları fəaliyyət göstərməyə
başlamışdır.
Belə ki,
2002-ci ildə ümummilli lider Heydər Əliyevin
qayğısı sayəsində ATU-nun ilk klinikası olan
stomatoloji klinika fəaliyyətə başlamışdır. 2007-ci ildə
isə Prezident İlham Əliyevin yaxından köməyi
nəticəsində möhtəşəm onkoloji klinika
təşkil olunmuşdur. Qeyd edilmişdir
ki, hər iki klinika ən müasir avadanlıqla təchiz
edilərək dünya standartlarına uyğun
səviyyədə əhaliyə tibbi xidmət
göstərir. Bu klinikaların
nəzdində ATU-nun müvafiq kafedralarının
professor-müəllim heyəti, əməkdaşları
tədris-metodik, elmi, müalicə-diaqnostika işləri
ilə məşğul olur, yüksəkixtisaslı tibb
kadrlarının hazırlanmasında fəal iştirak
edirlər.
Dövlətimizin
başçısının sərəncamları ilə
2007-ci və 2008-ci illərdə müvafiq olaraq
çoxprofilli terapevtik, eləcə də cərrahiyyə
klinikalarının yerləşəcəyi binaların
təməli qoyulmuşdur. On dörd
mərtəbəli terapevtik klinikanın tikintisi uğurla
başa çatdırılmış və bu
günlərdə Prezident İlham Əliyevin
şəxsən iştirakı ilə istifadəyə verilmişdir.
Cərrahiyyə klinikasının da tikintisinin
yaxın vaxtlarda başa çatdırılacağı qeyd
edilmişdir. Vurğulanmışdır
ki, müasir tələblərə cavab verən belə
klinikaların inşası nəticəsində
tələbələr şəhərin müxtəlif
yerlərində fəaliyyət göstərən
xəstəxanalara getmək məcburiyyətində
qalmayacaqlar.
Böyük tarixi
ənənələrə malik olan Azərbaycan Tibb
Universitetinin bu gün də məhsuldar dövrünü
yaşadığını vurğulayan rektor bildirmişdir
ki, ötən müddətdə səhiyyəmizə 65
mindən çox həkim və əczaçı kadr bəxş
edən universitet xeyli böyümüşdür. İndi bu
ali təhsil ocağına 7 fakültə, 3 klinika, 9
dekanlıq, 14 şöbə, 74 kafedra, 11 kurs, 6 tədris
korpusu və digər elmi tədqiqat və tədris
mərkəzləri daxildir.
Qeyd
edilmişdir ki, bu klinika və laboratoriyalarda
xəstəliklərin diaqnostikası və müalicəsinin
yeni üsulları işlənib hazırlanır və
tədqiq olunur.
ATU-nun geniş
beynəlxalq əlaqələri haqqında ətraflı
məlumat verən rektor bildirmişdir ki, universitet
Türkiyənin, İranın, Rusiyanın və başqa
ölkələrin tibb müəssisələri ilə
sıx əməkdaşlıq edir. Beynəlxalq razılaşma,
müqavilə və sazişlər əsasında bu
ölkələrin ali təhsil
müəssisələri ilə tələbə mübadiləsi
aparır. Universitetin məzunlarının
hazırda dünyanın 28 ölkəsində fəaliyyət
göstərdiyini diqqətə çatdıran rektor
əməkdaşların TASİS, TEMPUS və DAAD kimi
beynəlxalq qrant layihələrində də uğurla
iştirak etdiyini bildirmişdir.
Mərasimdə
çıxış edən AMEA-nın prezidenti Mahmud
Kərimov zəngin pedaqoji və elmi
ənənələrə malik ali
təhsil ocağının kollektivinə gələcək
fəaliyyətlərində uğurlar arzulamışdır.
Təntənəli yubiley
münasibətilə ATU-nun kollektivini təbrik edən
təhsil naziri Misir Mərdanov hər bir Azərbaycan
vətəndaşının sağlamlığının
mühafizəsində bu ali təhsil
ocağının məzunlarının əvəzsiz rol
oynadığını vurğulamış, universitet
əməkdaşlarının əməyinə verilən
yüksək qiymətə görə Prezident İlham
Əliyevə minnətdarlığını bildirmişdir. Ötən
əsrin 90-cı illərinin əvvəllərində
ölkədə yaranmış ağır, acınacaqlı
vəziyyəti xatırladan təhsil naziri məhz ulu
öndər Heydər Əliyevin müdrik rəhbərliyi,
uzaqgörən siyasəti və Prezident İlham Əliyevin
gərgin əməyi, yorulmaz fəaliyyəti
nəticəsində bu gün Azərbaycanın bütün
sahələrdə, eyni zamanda, səhiyyə sahəsində
böyük nailiyyətlərə imza atdığını
vurğulamışdır. Bütün bu
uğurlara görə ümummilli lider Heydər Əliyevin
ruhu qarşısında baş əydiyini deyən təhsil
naziri sürətlə inkişaf edən Azərbaycanda tibbi
xidmətin də müasir standartlar səviyyəsinə
qaldırılması işində ATU-nun kollektivinə
uğurlar diləmişdir.
Mərasimdə
çıxış edən Səhiyyə
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri Emin Əfəndiyev, Almaniyanın Axen
Universitetinin Himayədarlar Şurasının sədri, Psixiatriya
Assosiasiyasının prezidenti Frank Şnayder, Azərbaycan Neft
Akademiyasının rektoru, akademik Siyavuş Qarayev, Milli
Məclisin elm və təhsil komitəsinin sədri,
Azərbaycan İqtisad Universitetinin rektoru, professor
Şəmsəddin Hacıyev və Azərbaycan Pedaqoji
Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor
Yusif Məmmədov universitetin kollektivini yubiley
münasibətilə təbrik etmiş, onlara
ölkədə tibb elminin və səhiyyənin
inkişafı, əhalinin sağlamlığının
mühafizəsi istiqamətində gələcək
fəaliyyətlərində müvəffəqiyyətlər
arzulamışlar.
MƏTLƏB
Səs.- 2010.- 6 oktyabr.- S. 7.